“Donu qırmızı”dakı uşaqlar müharibə dövründə qaldı

“Donu qırmızı”dakı uşaqlar müharibə dövründə qaldı
22 avqust 2017
# 11:46

Səmayə Bayramova

Uzun zaman idi heç bir kitab haqqında yazmırdım. İndi oxuyub bitirdiyim Sevinc Elsevərin balaca dostlar üçün yazdığı “Donu qırmızı” kitabı barədə yazmağı vacib bilirəm. Bunun üç səbəbi var. Birincisi ona görə ki, bu kitab, barəsində yazılmağa dəyər kitabdır. İkincisi, uşaqlar üçün yazanlar azdır. Üçüncüsü isə uşaqlar üçün yazanlar barədə yazanlar da azdır.

Əvvəlcə kitab haqqında ümumi olaraq demək istəyirəm. Kitabın adı “Donu qırmızı” olsa da əslində kitabda iki böyük uşaq povesti, bir uşaq hekayəsi və bir uşaq tamaşası var. Hamıya məlumdur ki, uşaqlar üçün yazmaq asan deyil. Birinci povestdə (“Nuhun gəmisində kosmosa səyahət”) müəllif bəşəri mövzuya toxunub. Bəşəri mövzunu uşağa yedizdirmək müşküldür. Uşaqların heyvanlara acımayacağı təqdirdə, gələcəkdə heyvanların tamamilə məhv olması mesajını verən müəllifi uşaq yazarı kimi (gözəl şair kimi bələd olduğum dostumu) kəşf etdim desəm yanılmaram. Həssas ruha sahib yazar heyvanların bəşəriyyətə lazımlılıq dərəcəsini uşaqlara aşılamağa çalışıb. Bundan əlavə mətndə xeyli sayda informasiyanın olması uşaqları doğru məlumatları öyrənməyə yönəldir.

Mətndən müəllifin intellektual olması, öz işinə “titiz” yanaşması aydın sezilir. Əminəm ki, məlumatları bir yerə cəmləmək üçün müəllif xeyli sayda kitab oxuyub. İstər Armstrong, istər planetlər, ulduzlar, istər DNT yetərincə ciddi araşdırma tələb edən mövzulardır. Təbii bir də bunları uşaqlara çatdırmaq var. Sevinc şair olduğu üçün nəsri olduqca uğurlu alındırıb. Düşünürəm ki, kitabın axıcı olması buna söykənir.

Bir pedaqoq, ibtidai sinif müəllimi kimi deyə bilərəm ki, “Xeyirxah siçan” hekayəsi 4-5 yaşlı uşaqlar üçün yazılmış mükəmməl hekayədir. Digər mətnləri daha böyük yaşlı uşaqlar oxuyub dərk edə bilər. “Lokomotiv və vaqonları” pyesi isə tamaşaya qoyulsa böyük marağa səbəb olar. Bu sahədə bu qədər qıtlıq olduğu halda niyə bu tamaşanı görüb səhnələşdirən yoxdur axı?!

Gələk əsas məsələyə - “Donu qırmızı”ya. Sevincin özünü anlatdığı bu gözəl mətn uşaqlığını qoruyub saxlamış yazıçının məhsuludur. Sevinc indi necə həssasdısa uşaqlığında da elə olub. Səmimi mətn idi. Bir uşağın mələkliyi ilə bərabər şeytanlığı da qələmə alınıb. Özü də böyüyüb yazıçı olmuş həmin uşağın özü tərəfindən. Qırmızı donla bağlı kitabın arxasına yazılmış balaca hissəni mətnin ikinci ən uğurlu hissəsi hesab edirəm. Mənə ən çox xoş gələn, ən uğurlu hesab etdiyim hissə, Sevincin müharibə mövzusunu şişirtməməsi, pafoslu sözlərdən istifadə etmədən istedadlı yazması oldu. Xüsusən qandan qorxan balaca uşaq qəlbini “ermənilərin əl işi”nin necə vahiməyə salmasını istedadlı və pafosdan uzaq təsvir edib. Bir yazıçıda ən nifrət etdiyim şey müharibə Qarabağ mövzusunu boğazdan yuxarı pafoslu cümlələrlə bəzəməsidir ki, Sevinc bunu etməyib. Sağ olsun!

Yalnız... Mənə çox maraqlı gələn bir məqam var, Qırmızı donlu ağıllı, məntiqi güclü, səmimi və ən inanılmazı belə həssas uşaq varmı yenə? İndiki uşaqlar daha güclü beynə, məntiqə malikdirlər, amma “Donu qırmızı”dakı həssas uşaqlar müharibə dövründə qaldı deyə düşünürəm...

# 1366 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #