Aqşin Evrənin 18+ şeiri - TƏHLİL

Aqşin Evrənin 18+ şeiri - <span style="color:red;">TƏHLİL
21 dekabr 2016
# 08:30

Poeziyanın liderlik etdiyi çağdaş Azərbaycan ədəbiyyatında Aqşin Evrən imzası son zamanlar diqqətləri üzərində toplamağı bacarıb. Sevgi yüklü şeirlərin məğzində dayanan sosial, bəşəri problemlərin bədii əksi, yenilikçi şairin maraqlı manevrləri oxucuların fərqlilik axtarışlarına dərman olub.

Aqşin Evrənin “Dünya yaşıl olanda” şeirində diqqət çəkilən məqamlara nəzər yetirdikdə görürük ki, dünyanı maraqlandıran, qlobal problemlər ələ alınıb. Qeyd edim ki, burada bədii sözün qüdrəti ilə rəsm edilən reallıqlar insanı ürkütmür. Qafiyələrdə yaradılan realizmin romantik ifadəsi insanı düşünməyə məcbur edir:

Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava

Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində

Ozon dəliyini örtürlər çərpələnglə - kimi misraları dərk etmək üçün fikrimcə, oxucuların elmi və intellektual biliyi orta səviyyədə olmalıdır. Şeir böyüklər üzərində himnvari təsir buraxır. Bu şeiri yaxşı mənada 18+ adlandırmaq mümkündür.

Sosial problemlərin axıcı şəkildə qabardılması həqiqətən də bildiyimiz, bəlkə də hər gün eşidib dərk etmək istəmədiyimiz reallıqları elan edir və bizi papağımızı qarşımıza qoyub düşünməyə vadar edir. “Dünya bizimdir, bunu qorumalıyıq, dünyamıza sahib çıxmalıyıq” devizi altında romantik hisslər ekzotik bir ab-havaya bürüyür misraları.

Gündəlik həyatımız içində bir obyektin həqiqi formasını görmədən, onunla minlərlə dəfə qarşılaşırıq. Ancaq bizdən onun formasını və quruluşunu təsvir etməmiz istəndiyində çaşıb qalırıq. Şeir bu cür boşluqları doldurur. Dünya ilə insan arasındakı yadlaşmanı yox edərək, onları bir-birinə yaxınlaşdırır. Gündəlik həyatında həqiqətin daxili siması ilə müəyyən məsafədə əlaqədə olan insanlar, şeir yoluyla, həqiqətlə orqanik bir şəkildə əlaqəyə girirlər. Sənətin həqiqətlə əlaqəsinə əks etdirmə prinsipi baxımından digər ədəbiyyat sənətlərindən fərqli olaraq, şeir həqiqətlə birbaşa əlaqədədir.

Bütün dinlərin surələri eynidir: “Əxlaq” - deyən şairin kosmopolitizm ideyasından çıxışı maraqlıdır. Etik və mədəni bir tutum olaraq kosmopolitizm insanlığın birliyini, fərqliliklərin xoş görülməsini, bütün insanların eyni əxlaq birliyinin parçası olduğunu, fərdi şəxsiyyətin formalaşmasına fərqli mədəniyyətlərin mənbə olmasını və insanların birlikdə həyata meylini əhatə edir.

Şairin şeirini yazdığı dövrdə hakim olan düşüncə sisteminə zehniyyət deyilir. Hər şair az-çox zamanındakı zehini quruluşdan təsirlənir və bunu əsərlərində əks etdirir. Bu baxımdan şeirin yazıldığı dövrdəki, mədəniyyətin, insanlar arasındakı əlaqələrin, ictimai və siyasi hadisələrin, inanc sisteminin, davam etdirilən həyat tərzinin, dövrün sənət zövqünün, ənənənin və s. şeir üzərində təsiri vardır. Bu səbəblə hər dövrün şeiri öz içində bu kimi xüsusiyyətləri daşıyır. Çünki yazılan şeirlər dövründə hakim olan əxlaq və estetik dəyərlərlə eyni xətdə yazılır, dövrün sənət zövqünə xitab edir. Yazılan şeirlərdəki dil və qrammatika qaydaları da dövründən izlər daşıyır.

Bu şeirdə də ictimai reallıqların qabardıldığı misralarda “sənət cəmiyyət üçündür” anlayışı yer alıb. Hər yaradıcı insan, şüurunu və yaradılışına səbəbiyyət verən çağına qarşı ictimai bir məsuliyyətə malikdir. Yaradıcı insan ictimai bərabərsizlikləri və istismarı görərək, öz şüurunda estetizm edir və bunu bədii bir yaradıcılıq formasında cəmiyyətə təqdim edir.

Qeyd edim ki, mən Aqşin Evrəni həmin bu haqqında danışdığımız şeirindən sonra ciddiyə aldım. Yəni içimdə dedim ki, bu gənc istedadlıdır. Şeirdə qabardılan qlobal problemlər, faciə və reallıqlar şeirin ilk və son misralarındakı romantikanı qətiyyən pozmayıb. Əksinə, bu misralarda düşünən insan, düşünən gənclik modeli ön plandadır. Bu isə bizim və ədəbiyyatın qazancıdır. Bəzən sosial mövzu və problemlər şeirin təməlini zəiflədə də bilir, ancaq bu şeirdə bu cür neqativliklər nəzərə çarpmır.

Bir dəfə Aqşin Evrəndən “Dünya yaşıl olanda” şeirini hansı təəssüratlarla yazdığını soruşmuşdum. Şair bu cavabı vermişdi: “Soyuqdur. Məncə, o şeir haqqından çoxlu-çoxlu susmaq olar. O şeir sırf gənclik vaxtlarımda yazılıb. Həqiqətən, onda gözəl bir dünya görmək arzusunda idim, buna inanırdım. Həmin ərəfələr Somalidə aclıq məsələləri gündəmdə idi. Gözəl dünya görmək arzumuz var idi”.

Bəşərilik ideyası ilə yazılan bu şeir gənc şairin aşırı emosional hislərinin elanı kimi son dərəcə əhəmiyyətlidir.

Aqşin Evrən də bu şeirdə dünyadakı problemləri romantik aura başlığı altında toplamaqla yanaşı, sanki dünyanı necə görmək istəyərdim? -sualını da cavablandırır.

Nərgiz İsmayılova

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

15:15 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər