“Çeşmək” – Ən yaxşı hekayəmiz

“Çeşmək” – <span style="color:red;">Ən yaxşı hekayəmiz
13 avqust 2017
# 11:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Əbdürrəhim bəy Haqverdiyevin Çeşmək” hekayəsini təqdim edirik.

Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi.

Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi

Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki-üç saat dünyada qeydini yadından çıxarardı.

Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı.

Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.

Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.

Hər vaxt gəlsə idin, masasının üstünü qəzetlərlə dolu görərdin.

Dost, aşnalar çox vaxt onun yanına xüsusən qəzet oxumağa gedərdilər.

Mahmud bəyin əziz dostlarından Mirzə Əhməd, bir gün əyləşib, gözündə Mahmud bəyin çeşməyi, bir-iki saat qəzet oxuyandan sonra durub xudahafiz edib gedir.

Əhməd bəy gedəndən sonra, Mahmud bəy çeşməyi masanın üstündə görməyib, güman edir ki, Əhməd bəy çeşməyi səhvən özü ilə aparmış ola. O saat nökəri, Əhməd bəyin dalınca çeşməyi gətirmək üçün qaçırdır.

Lakin nökər gedəndən sonra, Mahmud bəy qəzetləri aralayıb çeşməyi qəzetlərin altından tapır.

Nökər gəlib Əhməd bəyin qapısını döyür, Əhməd bəy çıxır:

- Qapı döyən, kimsən?

- Mənəm, Abbasqulu. Mahmud bəyin nökəri.

- Nə var, Abbasqulu! Xeyirdirmi?

- Xeyir olmamış nə var. Bəyin çeşməyini götürmüşsünüz. Ağam deyirdi versin.

- Get ağana deyilən: qabaqca bir masasının üstünü axtarsın, sonra səni göndərsin. Çıx get. Məndə çeşmək-filan yoxdur.

Nökər qayıdıb əhvalatı ağasına yetirir.

Mahmud bəy hərçənd çeşməyi tapmışdı, bununla belə, təfrih üçün dostu Əhməd bəyi bir növ dilxor etmək fikrinə düşür.

Pəncərənin qabağında durub küçəyə baxarkən, gördü Əhməd bəyin oğlu Mehdi gedir. O saat dayandırır:

- Mehdi, sən allah, evə çatan kimi atana deginən mənim çeşməyimi göndərsin.

Mehdinin dalınca Əhməd bəyin qonşusu tarzən Qulunu görür.

- Qulu, mən ölüm, Əhməd bəyin qapısından keçəndə onun darvazasını taqqıldat. Deginən mənim çeşməyimi səhvən aparıb. Onu göndərsin.

Xülasə, o gün üç-dörd adamdan və sabahı günü yenə də bir dörd-beş adamdan sifariş edib Əhməd bəydən çeşmək istəyir.

Üçüncü gün Əhməd bəy özü gəlir Mahmud bəyin evinə. Əvvəl bir az çırtıq çalıb oynayır, sonra deyir:

- Sabah gedirəm vağzala, oradan da o yana gedirəm. Hər nə bilirsən bundan sonra elə!

Bir-iki stəkan çay içəndən sonra Əhməd bəy durub gedir.

Mahmud bəy əyləşib, Əhməd bəy gedəsi yolda olan cəmi dost-aşnalarına məktublar yazıb, haman axşam yola düşən faytonlarla göndərir.

O biri gün Əhməd bəy bir fayton tutub şəhərdən çıxır. Birinci mənzilə çatan tək baqqal Kosa Baxşalı gəlir:

- Əhməd bəy, salaməleyküm.

- Əleykəssalam, kefin necədir?

- Niyə, sizin dövlətinizdən... Şəhərdən çıxanda Mahmud bəyi görmədiniz ki?

- Bir gün irəli görüşdük. Necə?

- Heç, elə budur, mənə bir kağız yazıbdır ki, guya siz onun çeşməyini aparıbsınız. Yazır ki, sənin dükanının qabağından ötəcək; əlbəttə, mənim çeşməyimi ondan alıb göndərəsən!

Əhməd bəy, ovqatı təlx olmuş, cavab verir ki, qardaş, Mahmud bəy mənimlə zarafat edir. Yazginən ki, çeşməyi masanın üstündə qoyub gəlmişəm.

Kosa Baxşalı inanar-inanmaz gedir.

Faytonçu atlara bir az arpadan, sudan verib qoşub yola düşür.

İki-üç saat yol getmiş, görür ki, bir atlı daldan sürətlə “dayan, dayan!” – qışqıra-qışqıra gəlir. Faytonçu dayanır, atlı yetişir.

- Faytonda Əhməd bəy deyilmi?

- Bəli!

- Salaməleyküm. Bağışlayın, Əhməd bəy! Sizi yoldan elədim. Sizdə Mahmud bəyin çeşməyi var.

Yazıbdır ki, kor kimi qalmışam. Nə kitab oxuya bilirəm, nə də yazı yaza bilirəm. Əhməd bəy yəqin sizin evin yanından ötəcək. Mənim çeşməyimi ondan alıb bir adam ilə göndərəsən.

Əhməd bəy and içib bunu da inandırır ki, bu, zarafatdır. Onda çeşmək yoxdur.

İkinci mənzildə Əhməd bəy faytondan düşüb bir nəfər aşnasını görmək üçün bazara gedir.

Nalbənd Paşa at ayağına mıx çaldıqda bunu görüb əlini saxlayır:

- Bağışlayın, siz Əhməd bəy deyilmisiniz?

- Mənəm, necə?

- Mahmud bəy kağız yazıb, onun səndə çeşməyi var, zəhmət olmasa, ver, gedən adam var, göndərim.

Əhməd bəy qeyzdən daha özünü saxlamayıb deyir:

- Mahmud bəy də qələt eləyir, sən də. Rəhmətlik uşağı, qoymazsınız yolumuzla gedək cəhənnəmə?

- Bəy, haraya gedəcəksən, get, sözüm yoxdur; daha mənim təqsirim nədir, üstümə qeyzlənirsən? Vermirsiniz, yazaram ki, vermədi.

- Yazgilən vermədi!

- Baş üstə!

Əhməd bəy nalbənd Paşadan ötüb aşnasının dükanına gəlir. Aşnası əvvəl bununla görüşdükdə Mahmud bəyin çeşməyini istəyir.

Əhməd bəy çatır vağzala. Karvansaranın qabağında dayanan tək, karvansaraçı Qurbanov gəlib salam verib “xoş gəldin” deyəndən sonra Mahmud bəyin çeşməyini istəyir. Əhməd bəy bunu da başa salır ki, bu, Mahmud bəy tərəfindən yoldaşlıqda bir zarafatdır.

Bir neçə gün Əhməd bəyi dindirən olmur. Bir gecə yatdığı zaman, görür qapını bərk çırpırlar. Qapını açıb görürlər açıqkəndli Səməd yüzbaşıdır.

- Səməd yüzbaşı, bu gecəyarısı xeyirdirmi?

- Əhməd bəy buraya düşüb?

- Bəli!

- Ona deyin ki, onda Mahmud bəyin çeşməyi var, versin. Sabah gərək buradan poçta salıb göndərim.

Əhməd bəy dəli kimi yerindən qalxır.

- A gədə, həpənd uşağı, mən çeşmək oğrusu idim?

Səməd yüzbaşı da hər adamdan söz saxlayan deyil. Cavabında deyir:

- Həpənd oğlu sən özünsən. Mahmud bəy kimi dağdan ağır kişi məgər yalan yazır; yainki mən uşağam ki, bu gecəyarısı iyirmi verst at sürdürəm? Çox danışmaq lazım deyil. Dinməz-söyləməz çeşməyi bu saat ver.

Yoxsa almamış yaxandan əl götürmərəm.

Bir qədər də köftgudan sonra, Səməd yüzbaşı çağırırlar evin içinə. Yorğan-döşək verirlər, yatır. Sübh Əhməd bəy deyir:

- Səməd yüzbaşı, məndə çeşmək-filan yoxdur. Bəlkə səhvən götürüb evdə qoymuş olam. Oğluma yazaram tapıb aparıb versin.

Beləliklə bir növ onu sakit edib yola salırlar. Xülasə, Əhməd bəy Tiflisə gedir, çeşmək istəyirlər, Gəncəyə gedir, həmçinin, Bakıya, həmçinin. Axır labüdd qalıb baş götürüb Türküstana qaçır. Burada iki il qalır.

Daha Türküstanda onu dindirən olmur. İki ildən sonra yenə qayıdır Qafqaza, şəhərə getməyib, Aclar kəndinə gedib Abbas bəyin evinə düşür.

Qış gecələrinin birində Əhməd bəy və Abbas bəy buxarı kənarında əyləşib turac kəbabı yedikləri halda, görürlər qapı açıldı. Bir nəfər başı, gözü sarıqlı girdi içəri. Bu adam başlığını başından açınca tanınmır. Sifəti açılanda görürlər ki, bu, sövdəgər Məşədi Dadaşın qardaşı Ələkbərdir.

Ələkbər hərçi istəyir salam versin, soyuqdan dili tutulduğundan bacarmır. Ev sahibi qalxıb tez onun qolundan tutub, gətirib buxarının qırağında əyləşdirir. Bir azdan sonra Ələkbərin dili açılır. Ev sahibi soruşur:

- Ay Ələkbər, bu qiyamətdə nə düşübdür sənə bir belə yol at sürüb gəlmisən? Xeyirdirmi?

Ələkbər dili güclə söz tutaraq, ancaq bu cavabı verə bilir:

- Çe... çe... çe... çeşmək!

Bu keyfiyyət Əhməd bəyi bilmərrə halətindən çıxardır. Qalxır, başlayır otaqda o baş-bu başa getməyə:

- Rəhmətlik oğlu! Zarafat bir gün olar, bir ay olar, bir il olar. Tiflisə qaçdım, olmadı, Türküstana qaçdım, olmadı... Mən başımı götürüb dünyadan da ki, qaça bilmərəm.

- Ələkbər, qadan alım, Mahmud bəyi tanıyırsan. Budur iki ildən artıqdır, mənimlə bir çeşmək zarafatını başlayıb, sabah bu soyuğa baxmayaraq birbaşa gedərəm şəhərə, özü ilə görüşüb bu məsələni qurtararam.

Ələkbər heç vədə inanmazdı ki, Mahmud bəy kimi bir möhtərəm adam, bu qışın qiyamət günündə ona on-on beş verst yol at çapdırsın; nədir, mənim Əhməd bəylə zarafatım var.

Yəqin etdi ki, həqiqət Əhməd bəy onun çeşməyini götürübdür və indi də ki, şəhərə gedir. Yəqin hesablaşar.

Səhər Əhməd bəy çay içib şəhərə rəvan oldu.

Mahmud bəy günorta, nahar etdiyi zaman bir də gördü ki, Əhməd bəy qapıdan girdi.

Onun qabağına gedib həmişəki kimi başladı çırtıq vurub, atılıb oynamağa, amma gördü ki, Əhməd bəy donmuş adam tək durub, bunun hərəkətinə cavab vermir. Birdən Əhməd bəyin gözündən yaş cari oldu və dedi:

- Ay canım, belə də zarafat olarmı? Bir-iki dəfə zarafat etdin, kifayətdir.

Bütün dünyanı mənim başıma dəng etmisən. Mən bədbəxtdən nə istəyirsən? Səni and verirəm balalarının canına, atanın goruna, bir yerdə yediyimiz duz-çörəyə. Daha məndən əl çək. Qoy rahat gora baş aparım.

Mahmud bəy söz verdi ki, bundan sonra onunla işi olmasın. Ancaq dedi:

- Sən buradan gedəndə dedin: nə bilirsən elə! Mən də bildiyimi elədim. Əlimin suyunu sənə göstərdim. Bundan sonra and olsun oğlumun canına, çeşmək sözünü dilimə də gətirmərəm. Gəl öpüşək, barışaq.

Mahmud bəy və Əhməd bəy qucaqlaşıb öpüşdülər və əyləşib bir yerdə nahar etdilər.

Əhməd bəy getdi.

Mahmud bəy, doğrudur, bu gündən ondan əl çəkdi, daha çeşmək sifarişini ona etmirdi. Amma bu əhvalat cəmi şəhərə yayılmışdı.

Dükanlarda, bazarda, yığıncaqlarda ancaq Mahmud bəy ilə Əhməd bəyin çeşmək əhvalatından başqa bir söhbət yox idi.

Əhməd bəy bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə evindən çıxmadı. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy xəbti-dimağ1 olub. Doğrudur, bunu öz ailəsindən sivay görən yox idi, amma hamı bunu doğru bilirdi.

Axır günlər, Əhməd bəy evinin üstündə çəkilən səlat, onun vəfat xəbərini şəhər əhlinə yetirdi.

Camaat hər yerdən dəstə-dəstə onun təşyii-cənazəsi üçün cəm oldular.

Əhməd bəyin nəşinin üstündə hamıdan çox ağlayan və “qardaş vay” – deyib başına döyən Mahmud bəy idi. Dostunun dəfni üçün hətta Mahmud bəy yüz manat da para verdi.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

# 1432 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #