Çəpəri sən yandırmısan? - HEKAYƏ

Çəpəri sən yandırmısan?  - <span style="color:red;">HEKAYƏ
7 noyabr 2015
# 13:30

Kulis Qorxmaz Şıxalıoğlunun “Köz” hekayəsini təqdim edir.

Axşam düşürdü. Günəş Şıxdərə kəlləsinin üstündə idi. Onun qırmızı şəfəqləri sürünün qabağında gedən keçilərin kürəyində bərq vururdu. Yorulmuşdu, dikdiraşağı, üzü kəndə düşən sürünün dalınca ayaqlarını zorla sürütləyirdi. Ancaq fikirləşəndə ki, qoyun nobatını bu gün üstündən eləyib və bir də qırx iki gündən sonra əlinə çomaq götürəcək, onda, elə bil, yüngülləşdi. Ağ kəndir bağını boynuna çəpəki keçirdiyi kürəyindəki meşin çantadan kəklikotu qoxusu gəlirdi. Onu Uyuğun yamacından yığmışdı. Bakıda yaşayan qardaşı hər kəndə gələndə mütləq kəklikotu istəyərdi. Həmişə də bəh-bəhlə deyərdi ki, bunun əvəzi yoxdur. Düzü, qardaşının kəklikotu ilə bağlı dedikləri heç cür beyninə batmırdı: axı kəklikotu nə olan şeydi ki, belə? Arada bir-iki dəfə bunu qardaşına demək istəsə də, cürət eləməmişdi, daha doğrusu, bunu dilə gətirməyə utanmışdı.

Qardaşı Bakıdan dünən gəlmişdi. Sabah qayıdasıydı. Axşamdan tapşırmışdı ki, kəklikotu yadından çıxmasın, özü də qoyunları Uyux tərəfə apararsan, oranın kəklikotusu tünd olur.

Kəndin girəcəyində yağışın əmələ gətirdiyi böyük nohur yayın ortasına quruyardı. Mal-qaraya, qoyun-quzuya bulaqdan qabçaq, bidon, vedrə ilə su daşıyıb verərdilər. Nohurun ortasında hər yanı çat-çat olan ev içi boyda bir gölməçə ağarırdı. Gölməçədəki də su yox, bir sürü qurbağanın atılb-düşdüyü yamyaşıl lehmə idi. O lehməni su bilən kəndin camışları beş-altı dəfə nohurda batmışdı. Adamlar da heyvanların qanmazlığından danışa-danışa örkən, kəndirlə onları palçıqdan dartıb çıxarmışdılar. Su dərdilə bağlı anası giley-güzar edəndə, beş ildi kirədə qalan böyük qardaşı gözlərini tavana zilləyib deyərdi ki, kəndimiz də, onun adamları da geri qalıb. Çünki burda adamlar səhərə qədər bulaq başında su üçün bir-birini qırır, hansı ki, şəhərdə evinin içində krantı açan kimi fışıltı ilə ağappaq su gəlir. «Ağappaq» sözünü qardaşı xüsusi vurğu ilə deyirdi. Bu söz, elə bil, onların su dərdini bir az da artırırdı.

Sudan ötrü yanan sürü kəndə tez çatmağa can atırdı. Torpaq yolu ayaqlayan sürünün arxasınca toz-duman sürünürdü. Özünün də elə susuzluqdan nəfəsi qaralmışdı. Günorta, öynədən sonraya şampan şüşəsində doldurub götürdüyü və dikdirin başına çatçataçda ilıqlanan suyu tez qurtarmasın deyə, qurtum-qurtum içsə də, axşama bir damcı da qalmamışdı. Çantası kəklikotu ilə dolu olduğu üçün şüşəni əlinə götürmüşdü. Onu ata bilməzdi, çünki şampan şüşəsi hələm-hələm tapılan deyildi.

Həyətə girəndə ilk gözünün aldığı ocaq başındakı anası və ətrafdakı qab-qacaq çoxluğu oldu. Bilirdi ki, adi günlərdən fərqli olaraq, bu axşam anası nəsə bişirməlidir, hər halda çörəyi şornan yeməyəcək. Qoyun nobatından gələndə, o bu haqqı qazanırdı. Aralığın balaca taxta qapısını açıb ocağa yaxınlaşdı.

- Sənə qurban olum, yəqin acımısan, əllərini yu, keç otur, hələ çolpanın suyunu tökməmişəm, - ocağın üstündəki qalaylı mis qazanın qapağını qaldıran anası canyananlıqla dilləndi. Qızardılmış yağlı soğanın ləzzətli qoxusu ətrafa yayıldı, - hələ bundan bir az verim, ye, suyu tökəndən sonra yenə verərəm. – Anasının balaca salat boşqabına xörək adına çəkdiyi bir-iki loxmalıq qızardılmış soğan və çolpanın əyri boynu idi.

Yox, bu təmtəraq ona görə deyildi. Ocağın qırağında tüstüləyən samovarı, dəqiq bilirdi ki, ona görə qaynatmırlar. Yəqin, atasının rayondan qonaqları gələcək. Nədənsə, ürəyi sıxıldı. Ona gəldi ki, burda nəsə xoşagəlməz bir iş var. Ürəyində sirli bir narahatlıq baş qaldırmışdı. Elə bu hisslərlə də dalanın altındakı üstünə yumru fanerka qoyulmuş su vedrəsinə tərəf addımladı. Mis birəllini doldurub başına çəkdi.

- Mən çörək istəmirəm, - dedi, - axşam sizinlə yeyərəm.

- Niyə, ay bala, acsan axı.

Anasına cavab vermədi, yuyunmaq üçün əlüzyuyana doğru getdi. Ürəyi acından üzülürdü, ancaq ocaq başındakı qab-qacaq sıxlığını, anasının cani-dildən, həvəslə işə girişdiyini görən andan, elə-bil iştahası qaçmışdı. Hansı ki, Təzə il, yaxud Novruz bayramı axşamı anası aş bişirəndə sevincinin həddi-hüdudu olmazdı.

On beş il əvvəl çiy kərpicdən tikdikləri ikimərtəbəli evin yalnız üst-üstə olan iki otağının ağız-burnunu yığa bilmişdilər, qalan ikisini düzəltməyə imkanları olmamışdı.

Üst eyvana qalxdı. İçəri keçdi. Dəmir çarpayıda yuxulayan böyük qardaşı ətrəngi şalvarını və ağ köynəyini yanındakı stulun başından asmışdı.

- Kəklikotu gətirdin? – qardaşı, deyəsən, qapının səsinə oyanmışdı.

- Gətirdim.

Qardaşı yerində gərnəşdi. Sonra pəncərəyə tərəf baxaraq, - qaranlıq düşüb ki, - dedi və tələsik geyinməyə başladı.

- Kənddə yatmağın ləzzəti başqadı.

Onun sözünü eşitməməzliyə vurdu. Qardaşının geyinməyi ilə həyətə düşməyi bir oldu. Atasının düzəltdirdiyi taxta kitab rəfindən Əli Kərimin yaşıl cildli kitabını götürdü. Bu kitabı atası keçən ay rayondan alıb gətirmişdi. Bəlkə üş-dörd dəfə onu təkrar-təkrar oxumuşdu. Ancaq yuxarı evə qalxanda yenə əli bu kitaba uzanardı.

Həyətdən özündən dörd yaş balaca, üçüncü sinifdə oxuyan bacısı Nərgizin cır səsi eşidildi.

- Ana, Hüseyn hardadı?

- Deyəsən, yuxarı qalxdı.

Taxta pilləkəndə Nərgizin ayaq tappıltıları eşidildi. İldırım surəti ilə qapını açan Nərgiz içəri girən kimi də dilləndi:

- Hüseyn, bilirsən nə var? İndi Səidəyə elçi gələcəklər. Ana aşağı eyvanda təzə palazlar sərib.

Ürəyinin içində, elə bil, nəsə qırıldı. Nərgiz tavandan asılmış lampanın altında durmuşdu. Sağ gözünün üstünə sallanmış iki buruq-buruq sarı teli lampanın işığında parıldayırdı. Nərgiz göy gözlərini ona zilləmişdi. Nədənsə, qızardılmış soğan iyi gəldi burnuna. Az qala ürəyi ağzından çıxsın.

Səidə onun böyük bacısı idi, iki il əvvəl onuncunu qurtarmışdı. Balaca vaxtları – onda evlərinin cəmi bir otağı hazır idi - yer və yorğan-döşək çatışmadığından tez-tez Səidə ilə bir yerdə yatardılar.

Nərgiz qorxa-qorxa soruşdu:

- Sənə nə olub, Hüseyn? – cavab gəlmədiyini görüb sözləri dalbadal üyüdüb tökməyə başladı:

- Yəqin qoyunlar yorub səni, o qədər ora-bura qaçmısan ki. Dur kitabı qoy yerinə, düşək aşağı. Ata təzəcə qarpız da gətirdi.

- Get burdan! – bacısının üstünə qışqırdı.

Nərgiz büzüşdü, - Hüseyn, - sözünün dalını gətirə bilmədi. Qapıya tərəf iki addım atıb dayandı. Çevrilib ona tərəf baxdı. Hiss elədi ki, Nərgizin gözləri yaşarıb. Arxasınca qapını bağlayar-bağlamaz Nərgizin içini çəkdiyini və tez də səsini boğduğunu duydu. Elə həmin an da yan otağın qapısının cırıltısı eşidildi. Bildi ki, Nərgiz ağlamağını gizlətmək üçün döşəmə yerinə köhnə qapı və taxta düzülmüş o biri otağa keçdi. Yəqin ağlayıb qurtarandan sonra üst eyvanda qonaqlar üçün vurulmuş yaşıl əlüzyuyanda üz-gözünü yuyub aşağı düşəcəkdi.

Kəndin yuxarı tərəfində «Nərgizli dərə» deyilən bir yer vardı. Martın əvvəllərində o dərə başdan-başa sapsarı rəngə boyanardı. Uşaqlarla nərgiz yığmağa adətən səhər-səhər gedərdilər. Elə uzaqdan nərgizin xoş ətri adamı vurardı. Tezdən üstünə şeh düşən nərgizlər büzüşmüş halda olardı. Gün çıxandan bir-iki saat sonra isə şeh quruyar, ləçəkləri açılan nərgizlər parlaqlaşar, sarısı az qala adamın gözünü aparardı. Qapı ağzında çönüb baxan bacısının gözləri də, indi ona, üstünə şeh düşmüş nərgizi xatırlatdı.

Artıq çöldəki işıqları yandırmışdılar. Odunluq tərəfdən hürən Mumahın səsi eşidildi.

- Ay Qabil, bir aşağı darvazaya çıx, - deyə anası onun Nərgizdən böyük qardaşını hayladı. Qabil uzaqdan Mumahın üstünə acıqlandı:

- Kəs səsini!

İt bir ağız da hürüb dayandı. Sonra aşağı eyvana yaxınlaşan elçilərin və anasının səsi gəldi. Hal-əhvaldan sonra aynabəndli eyvana keçdilər; bunu onların yavaşıyan səslərindən bildi.

Səidə nə vaxt böyüyüb? Necə yəni ona elçi gəlirlər? Bu suallar az qala mismar kimi ürəyini deşirdi. Axı niyə onun bacısı var? Hələ Nərgiz, ondan balaca Lalə… Demək, nə vaxtsa onlara da elçi gələcəklər. Onunla bir sinifdə oxuyan Yalçın yadına düşdü. Dörd qardaş olan Yalçıngilin bacıları yox idi. Ürəyində onlara qibtə elədi. Qulaqlarında Nərgizin səsi cingildədi: «Ana aşağı eyvana təzə palazlar sərib». Demək, anası sevinir. Gözündə anasının üz çizgiləri yavaş-yavaş əyilməyə başladı, onun sifəti əcaib bir şəkil aldı. İlk dəfə idi ki, anası uzaq, yad bir adam kimi göründü ona. Fikirləşdi ki, onuncunu qurtarsaydı, çıxıb gedərdi bu xarabadan, sonra da qayıtmazdı bura. Qoy anası ürəyi istəyən kimi elçiləri qarşılasın. Təki o, bütün bunların heç birini görməsin.

- Ay Hüseyn, aşağı düş! – pilləkənin ağzından anasının səsi gəldi.

Heç qımıldanmadı da. Düşündü ki, bəlkə aşağı düşüb «Durun, rədd olun gedin!» - desin elçilərə. Ancaq tez də fikrindən daşındı. Bildi ki, bunu eləməyəcək, çünki atası onu döyər. Sonra öz-özünü sakitləşdirmək istədi: qıza elçi gələrlər də, burda pis nə var ki? Bacısı ömürlük evdə qalası deyil ki? Yox, bunlar yalançı təsəllidir. Sanki qollarındakı damarları partlayırdı. Fikirləşdi ki, nə vaxtsa evlənsə və qızı olsa, onu mütləq öldürəcək… Yox, yox!.. Gərək anası heç olmasa, eyvana təzə palazlar salmayaydı. Hiss elədi ki, gücsüzdü, əlindən heç nə gəlmir. Nəfəsi darıxırdı. Onun ürəyini partladan daha çox bu gücsüzlüyü idi.

Qapını ehmalca açıb çölə çıxdı. Səs salmasın deyə, pəncələri üstündə yavaş-yavaş taxta pilləkənlə aşağı düşməyə başladı. Məclis aynabəndin o başındaydı. Pilləkənin ayağındakı cırıq qaloşları ayağına keçirib, evin arxasına yönəldi.

Göy üzü dolu ulduz idi. Ay işığında hər yan aydın görünürdü. Çəpərlərin dibindən gecə böcəklərinin səsi gəlirdi. Ona elə gəldi ki, bu səsə ay işığı qarışdığından o belə həzin və qəmlidir. Evin arxasındakı daşın üstündə çöməlib oturdu. Üç adamın güclə qaldıra biləcəyi bu daşı gözünü açandan burda görmüşdü. Atası deyirdi ki, o da bu daşın bu həyətə nə vaxt gətirildiyini bilmir, ancaq babası mərcə, bu daşı tək qaldırıbmış.

Ayaq səsi eşitdi. Başını qaldırıb baxanda qorxa-qorxa ona tərəf gələn Nərgizi gördü. Dinmədi. Bayaq Nərgizin üstünə acıqlanmağından, elə bil, bir az peşman olmuşdu.

- Anam elə bilir ki, sən yuxarı evdəsən, - Nərgiz günahkarcasına sözə başladı. Arıq əlini ona tərəf uzatdı. Ovcunda qızılı kağızlı konfet vardı.

- Götür, - dedi, - Nərgizin balaca ovcundakı konfet ay işığında parıldayırdı - amma kağızını atma, mənə ver, yığıram.

Nərgizin əli uzalı qalmışdı. Bildi ki, kənddəki dükanda belə konfet olmur. Əgər dünən böyük qardaşı Bakıdan gətirmiş olsaydı, yəqin ona da verərdilər. Deməli, «onlar» gətirib. Nərgiz yalvarırmış kimi dilləndi:

- Götür də.

O, qızın əlindəki konfeti götürüb çəpərin üstündən küçəyə tərəf tulladı. Nərgiz udqundu.

- O bizə gələn arvad verdi mənə.

- Nahaq götürmüsən!

- Götürmürdüm, üzümdən öpdü, mən də neyləyim? – Nərgiz bir az susub, sonra o biri əlini qardaşına tərəf uzatdı. Ovcunda görünən həmin qızılı konfet idi.

- İki dənə vermişdi, birini özümə saxladım, birini də sənə gətirdim, götür, bunu da at. Mən də istəmirəm.

Ürəyində «mənim gözəl bacım» deyib Nərgizi qucaqlayıb öpmək istədi. Lakin utandı. Adam bacısını necə öpər? Ağlına sığışdırmırdı bunu. Dinməzcə konfeti götürüb yenə küçəyə tulladı.

- Onlar çörək yeyib qurtarıblar, indi qarpız kəsirdilər. - Nərgizin səsindəki günahkarlıq havası çəkilmişdi, - ana deyir ki, Hüseyn gəlib çörəyini yesin. Yuxarı evdə səni tapmadım, birdən ağlıma gəldi ki, burda olarsan.

- Dedin ki, qarpız kəsirdilər? – Hüseyn qeyzləndi, - çay bəs eləmir onlara?

- Yenə Nərgizin cır səsinə kədər çökdü:

- Nə bilim?

- Sən get, denən bir azdan gələcəyəm.

Nərgiz ayaqlarını guclə sürüyə-sürüyə getdi.

Öz-özünə danışmağa başladı:

- Bəs mən neyləyim? – dişləri ilə alt dodağını sıxdı. Qəribə bir acıq, hirs onu içəridən didib-parçalayırdı. Bəlkə özünü öldürsün? Necə öldürsün? Yox, heç nəyə gücü çatmırdı. Əlinin üstünə düşən damcını görəndə əvvəlcə çaşdı. Bu nədi? O ağlayır? Ürəyində özünə «sənə nə olub?» desə də, sel kimi axan göz yaşını saxlaya bilmirdi. Öz-özünə: mən dəliyəm? – dedi. Aynabənddən arabir danışıq səsləri eşidilirdi. – Yox, mən ağlamayacağam, - yenə öz-özünə dilləndi. Xeyri yox idi, göz yaşı kəsilmirdi. Hirsindən sifətini sillələməyə başladı. Birdən sanki ayılan kimi oldu. Ayağa durub ocağa tərəf üz tutdu. Həyətdə heç kim yox idi. Saqqız ağacının çırpısı ilə ocaqdakı külü eşələdi. Altda köz işarırdı. Ocağın şirəli, balaca kərpic divarına söykənmiş sınıq, dəmir xakəndazı götürüb çırpı ilə iki xırda közü onun üstünə yumurlatdı. Sonra tövlənin arxasındakı çəpərə doğru irəlilədi. Gündüzün bürküsü, toz və çürüntü iyi verən çəpərin canından hələ çıxmamışdı. Neçə il idi ki, atası bu çəpəri sökmək istəyirdi, çünki dibi tamam çürümüşdü. Bu payız quzeydən qaratikan kolu qırıb gətirib onu təzələyəcəkdilər. Xakəndazdakı işığı sozalan közü yanmaqdan ötrü ölən çəpərin dibindəki quru çürüntünün içinə atdı. Sonra surətli addımlarla pilləkənə yaxınlaşdı. Yavaş-yavaş üst eyvana qalxdı, qapını açıb astaca otağa keçdi. Kitab götürdü. Dəmir çarpayıda uzanıb çölü dinşəməyə başladı. Öz-özünə: indi qarpız yeyərsiniz, – dedi. Xeyli sakitləşmişdi. Sonra dözmədi, yavaşca durub pəncərədən tövlənin arxasındakı çəpərə tərəf baxdı. Tüstü-zad yox idi, yəni közün ikisi də sönər? Tez də özünə ürək-dirək verdi: Yox, saqqız ağacının közü güclü olur, samovarı yerindən oynadır, ola bilməz ki, sönsün. Qayıdıb yerində uzandı. Bir az keçməmiş qonşu Səlim kişinin qışqırtısı eşidildi:

- Ay Məmməd, ay Məmməd, - atasını haylayırdı, - çəpərin yanır!

Aşağı eyvanda hay-küy qopdu. O da tələsik həyətə düşdü. Hamı tövlə tərəfdəki çəpərə doğru yüyürürdü. Qonşu həyətlərdən itlər hürməyə başladı. Alov göyə qalxmışdı. Yanan çəpərin çırtıltısı pilləkənin ağzında eşidilirdi. Hamı vedrə, ləyəndə su daşıyırdı.

Yuxarı küçəyə açılan balaca, taxta qapının üstündən tullanan Ömər dayı qışqırdı:

- Ə Məmməd, qızıllarıvı aparacaqlar, qapını belə bağlamısan?

Ömər dayı alov qalxan yerdən təxminən iki metr yuxarı tərəfdən əlindəki yabayla çəpəri sökməyə başladı. Çünki alov o tərəfə güc eləyirdi. Səlim kişi də ona qoşuldu. Canlı-cüssəli Ömər dayı zarafatından da qalmırdı:

- Ə Səlim, əl-ayağıma dolaşma!

Aşağı darvazadan anbar gözətçisi Məhəmməd kişi gəldi. Bir azdan əllərində sudolu vedrələr qonşu qız-qadınlar da göründü. Hamı tövləyə od düşməsindən qorxurdu. O da adamlara qoşulub yalandan əl-ayaq eləmək istəsə də, bacarmadı. Çünki bu ona, elədiyi hərəkəti danmaq, boynundan atmaq kimi göründü. Kimsə «su yoxdu» dedi. Ömər dayının amiranə səsi eşidildi:

- Heç nə olmaz, bir-iki dənə də lapatka gətirin, torpaq atın.

Birdən yanında Nərgizin dayandığını gördü. Nərgiz ani olaraq ətrafa boylandı və pıçıltı ilə soruşdu:

- Çəpəri sən yandırmısan?

- Bəli.

- Ancaq mən heç kimə deməyəcəyəm.

- Bilirəm.

Nərgizin iki buruq-buruq sarı teli yenə həmişəki kimi sağ gözünün üstündə qərar tutmuşdu. Onun göy gözləri məhəbbətlə dolu idi. Birdən o, heyrətləndi: İlahi, Nərgiz nə qədər böyük bacısı Səidəyə oxşayırmış! O, necə indiyə qədər bunu görməyib?

Alov sönmüşdü.

23.05.2009

# 1361 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #