Sırğalarının səsi adamı ibadətə çağıran bir qız...

Sırğalarının səsi adamı ibadətə çağıran bir qız...
14 oktyabr 2013
# 15:01

Kulis.Az Qismətin yeni şeirlərini təqdim edir.

Sərçələr

Eyvanda oturmuşam. Əlimdəki fotoda 96-cı ildi.

Gözləri qıyıq, balaca oğlan mənəm.

Onda, o günlərdə, pəncərəsinin qolları, qapısının ürəyi

küçələrə açılan evdə, başdaşları adam idi.

Qəribə bir axşam idi – Yeni il axşamı.

İndi baxıram ki, elə bil hamı

Şuşanın işğalından bir gün sonra kimidi.

Niyə? Xatırlamıram.

Eyvanda oturmuşam. Dil çıxardır uzunsov qəbzlər:

İşıq pulu, qaz pulu, su pulu.

Nə yaxşı borcumuz var,

yoxsa hardan bilərdik,

işığımız olub – yandırmışıq,

qazımız yanıb – qızınmışıq,

suyumuz gəlib – paklanmışıq.

Yaşamışıq.

Eyvanda oturmuşam. Adamlar tələsir. Tıxacdı.

Maşınların səs-küyünə qulağını şəkləmiş pişik acdı

amma o tanımaz-bilməz,

ağ xalatlı həkimləri, bərbərləri.

Dil çıxartmaz üzünə hər ay

dövlətin uzunsov qəbzləri.

Nə fotoya çevrilir, nə də başdaşına

yaxınları, əzizləri.

Eyvanda oturmuşam.

Laubalıdı qəbzlər,

məsuddu pişiklər,

köhnə fotolar qüssəlidi.

Qəribədi, iş vaxtı bitəndə, elə bil

maşınlar sahibindən yekədi, cüssəlidi.

Eyvanda oturmuşdum.

Axşamüstü zivəyə sərçələr qondu qəfil,

oynaşıb, civildəşib fikrimi dağıtdılar.

Futuristika

Qorxmayıb topuğu qanadan daşlardan,

sağ çıxıb gündəlik savaşlardan,

ilişib qalmadan axmaq təsadüflərə,

təəssüflərə əbədi baxmayanlar,

adam içinə çıxanda, adamlıqdan çıxmayanlar

quracaqlar gələcəyi.

Öz dərdimizi

dərdlərin ən böyüyü saymamağı öyrənəndə,

sevəcəyik məmləkətin ahılını da, uşağını da.

Göyqurşağına da göz vura biləcəyik.

Gəlsin, yaxına gəlsin,

ölkənin ən ürəkdən güləni, ən gözü sulusu,

ən sısqası, ən bazburutlusu,

görək kim bilir, kimin qazanında nə bişir -

Ətmi, dərdmi ?

Bilirəm, göydələnlər daxmalara,

ciplər sedanlara yuxarıdan aşağı baxır;

bilirəm, bəzən hara qaçırsan qaç,

bütün küçələr eyni yerə çıxır,

amma səbrin kölgəsinə sığınıb

öz işini görənlər olmasa,

İnanın, inanmazdım...

Füzuli meydanı

Hava küləklidir. Pişiklər skamyanın altında büzüşüblər.

Əlləri ciblərində bir kişi gəzişir, gün batacaq bir azdan.

Tələsən sürücülərin əsəbləri siqnal səsiylə yayılır küçəyə.

Bahar gediş biletini alıb, kafelərin köçü başlayıb çöldən içə.

Keçidlə üzbəüz köşkdən siqaret istəyirəm, satıcı çərənləyir:

“penal yox idi, “sudya”nı alıb, oyunu satıblar...”

Siqaretim gecikir.

“Beş qazan”ın qabağında bir qız büdrəyib yıxılır, tarappp!

Bir oğlan əyilib qolundan tutur,

qız ağlamsınan kimi olur,

siqaretim gəlib çıxır. Bir tüstü... başım hərlənir.

Qız üst-başını çırpır, başını yelləyir,

oğlan hələ oralardadı.

Yaxşı olar.

Pişiklərin sığındığı skamyada otururam.

Sellofan bir torba uçuşur göydə, qaş qaralır.

Yaddaşımın təsbehini çevirirəm : boşluq oğlu boşluq.

Gözlərinin yağmura qohumluğu çatan bir qız əyləşir yanımda,

sırğalarının səsi adamı ibadətə çağıran bir qız.

Yağış başlaya kaş, çətir olardım. Belə-belə işlər...

Adqoydu

Hər adamın bir ümidi olmalı

əl-ayaq çəkilən kimi içinə düşən,

gözlərini parıldadan bir ümidi.

Üzümüzü güzgülərə borc verəndə

utanmadığımız günlər naminə...

Hər günün bir adı olmalı

rəhmətlik Dünəndən də,

can üstəki İndidən də başqa bir ad.

Dünəni özünüz bilərsiniz,

Sabahın adı Yaşamaq olsunmu ?

Kayfarikin şeiri

Adamlar ölürlər, vallah ölürlər.

Sən də başlamısan bağ belə, bostan belə...

Maşınlar küləkləri ötə bilmirsə, Axilles tısbağanı,

sən ha denən ki, milli-mənəvi dəyərlərimiz uğrunda

gecə-gündüz çalışmalıyıq, nə bilim

bitməlidi dünyanın bizə qarşı qurduğu oyun.

Başımı ütüləmə, işığı söndür, soyun !

FM

Səhər avtobus sürücülərinin,

axşam dinləyicilərin xahişiylə

səslənən mahnıların

sədası altında dən düşür saçımıza.

Gözlərimiz həvəskar çəkilişlərdə

bir-iki babat kadr tutursa, ömürdü də...

Dəqiqəbaşı ətəyini dartıb aşağı çəkməsə,

kimsənin eyninə olmayacaq bir qadın

hər dayanacaqda bir-iki “of” eləyir.

Heç kim incimir,

amma elə bil öz mövcudluğu özünün xətrinə dəyir.

Narahatdı. Narahatıq. Narahatdılar.

İstidir, hamı tərlidi.

Ən çox baxışları bir-birinə sataşanlar tərləyiblər.

Gözlərimiz yolları əzbərləyiblər...

Bir qız minir avtobusa, dalınca bir oğlan.

Yox, oğlan minmir, dürtülür.

Par-par yanan ayaqqabısı qapıya sürtülür,

əyilir dəsmal çıxarır, başlayır, nə başlayır...

Qız göy köynək geyinib, açıq mavi cins.

Çantası qəhvəyidi, çəkmələri də.

Balaca məmələrini böyük göstərmək üçün

yekə büstqalter taxıb.

Saçları qabaqdan səliqəlidi,

arxadan dağınıq, yəqin tələsib, darıxıb...

Oğlan ayaqqabısını təmizləyib qurtarır,

telefonunu çıxarır.

Üzü tüklüdü, görünür

göy köynək qızın məmələri kimi böyümək arzusu var.

Fikrimin kulisində almandilli filmlər çəkirəm.

Dinləyicilərin xahişi ilə bir mahnı başlayır:

“Sən yoluna, mən yoluma...”

Düşməliyəm, işə gecikirəm.

# 4032 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #