Quran öz ideyaları ilə dünyanı xilas edə bilərmi?

Quran öz ideyaları ilə dünyanı xilas edə bilərmi?
24 iyul 2013
# 11:00

Görkəmli Azərbaycan yazıçısı və mütəfəkkiri Çingiz Hüseynovun Rusiyanın məşhur “Literaturnaya qazeta” həftəliyində (26.VII.2012) dərc edilən, daha çox rus intellektual mühitindəki mükalimə və mübahisələrə reaksiya kimi yazılmış (hələ ötən il oxuyanda kəsib saxladığım bu yazı daha böyük kontekstdə də qiymətini özündə saxlayır), “dinlərin eyniyyəti” haqqında olan “Eticeskoe yadro” (Etik nüvə) məqaləsini Müqəddəs Ramazan günlərində bizim oxucular üçün də çevirib təqdim etməyimin bir çox səbəbləri var. Əvvəla, bu bir böyük yazıçının, düşünərin “dini məsələyə” savadlı, sayğılı yanaşması kimi gözəl nümunədir; xüsusən də son vaxtlar din və inanc məsələrinə yumşaq desəm, savadsız və bəsit münasibət sərgiləyənlər, xüsusən də ədəbiyyat adamları üçün yaxşı örnəkdir; qoy, hər mənada böyük həmkarlarından öyrənsinlər. İkincisi, bu yazı mövzu ətrafında həm teoloqların, həm də dünyamızın taleyini düşünən bütün “sıravi” adamların mükalimə haqqına hörmətlə yanaşmaqla, gələcəkdə də bu vacib problemin elə bu cürə təmkin və ağılla düşünülməsi, dartışılması üçün zəmin yaradır. İnanıram ki, hörmətli Çingiz müəllim, yazını ondan izn almadan çevirdiyimə görə məni çox da qınamayacaq.

Səlim Babullaoğlu

“Din dünyanı izah edə bilərmi” diskussiyasını diqqətlə izləyirəm. Adi marağa görə deyil (indi litseylərdə insan mənşəyi ilə bağlı bütün- ilahi, darvinist, hətta kosmik nəzəriyyələr belə tədris olunur) , dünyamız hər şeyin və bütünlüklə məhvi qarşında dərin mənəvi böhran keçirir, ondandır.

Amma bir şeyi dəqiqləşdirərdim, din deyərkən, mən inamı nəzərdə tuturam, yeri gəlmişkən, elə ateistik inamı da, amma indiki halda, imanı, İlahiyə inamı: din, lap düzü isə dinlər, siyasətə əlavə kimi çıxış etsələr də, real olaraq, təcrübədə mahiyyətcə əslində yəhudilər, xristianlar, müsəlmanlar, hətta buddistlər (bu dində də O var!) üçün də eyni olan Tək Allahı məlum ayırıcı düsturunun gizli təntənəsi ilə bölüşürlər: Sizin öz Allahınız var, bizimsə öz Allahımız.

Özü də hər bir dini müəssisə, digərini formal olaraq qəbul etsə də, həmişə bir iyerarxiya müəyyənləşdirməyə cəhd edir, sübut eləməyə çalışır ki, məhz onun dini daha kamil və daha yaxşıdır, bu isə son nəticədə həmişə qarşıdurmaya aparıb çıxarır. Hər bir dinin bir qayda olaraq öz aralarında nəinki mükalimə edən, hətta düşmənçilik edən, bir-birindən dəqiq, sərt sərhədlərlə ayrılmış qollara bölünməsi səbəbindən ( məsələn, islamda sünnilik və şiəlik kimi) bu qarşıdurma dəfə-dəfə dərinləşir, amansızlaşır. Odur ki, dinin dünyanı xilas edəcəyindən danışmağa lüzum qalmır.

Amma, əgər biz hər şeyi üstələyən rituallar səviyyəsində əsaslı fərqləriylə yanaşı bütün dinlərin əsasında mənəviyyatın, əxlaqın, konseptual olaraq etik nüvə və ya qadağaların, saqındırmaların (metaforik, yaxud da şərti olaraq onların sayı ondur; rəqəm (lər) isə çoxluğun rəmzidir) dayandığını nəzərdə tutarıqsa, məhz bu mənada dinlər üst-üstə düşür ki, onda iman (müəllif azərbaycanca qarşılığı “inam” olan “vera” kəlməsini işlətsə də, mən tərcümədə məhz “iman” sözünü yazmağı doğru saydım.- S.B.)- əbəttə dünyanı xilas edə bilər.

Diqqətimi, diskussiya nöqteyi-nəzərindən Bibliyanın məğzi və davamı kimi, onunla varislik əlaqəsində olan Quran üzərində tezislərlə cəmləmək istərdim. Daha aydın desəm, Quran Bibliyanın üzvü hissəsi kimi çıxış edir.

Bu yanaşmanın təsdiqi kimi sitatlara baxın: “Biz sənə özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik...Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq... De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz (heç nə əldə etməyəcəkisiniz)”...” (“Quran”,5/ 48,68)

Bu mənada, Kilsə adından yəhudilərdən üzr istəmiş, tövbə və etiraf etmiş mərhum Papa II İohann Pavelin mövqeyi diqqətəlayiqdir. Onun comərdliyi və azadlığı burda ən yüksək səviyyədə təzahür edir. Qeyd etməyi lazım bilirəm: bu hər iki dinin zəminində yarandığı aşkar olan islam ideoloqları və rəhbərləri, bütün bu söylənələrin xüsusunda özlərini xristianların kiçik qardaşı olduqlarını və bununla yəhudilərlə də qohumluqlarını dilə gətirə bilərlərmi, görəsən?

İndi isə sual edirəm: Quran öz ideyaları ilə dünyanı xilas edə bilərmi? Həmən cavab verim: hə; amma ciddi bir təshihlə: əgər mətnə qərəzsiz yanaşıb, onu Bibliya kontekstində oxuyacaqlarsa. Və elə həmən bunu da deyim: Quranın mətnini təhrif edib, onu təkcə Bibliyaya deyil, bütün “imansız” bəşəriyyətə qarşı qoyan interpretasiyaya yol verəcəklərsə, yox, əlbəttə.

Bəllidir ki, indiki terrorçuluğun böyük hissəsi islam adından edilir, hərçənd bütün baş verənlər Qurana həm hərfən, həm də ruhən yaddır. Bu səbəbdən bir cinayətkar nadanlıq az təhlükəli olmayan başqasını törədir, hətta Quranı yandıran keşişlər, ruhanilər də tapılır. “Şəhid” və “cihad” sözləri, guya Allah üçün edilən bu intiharlar dillərdən düşmür, halbuki hərbi dəstələrin nəzəriyyəçiləri, rəhbər icraçıları tərəfindən aldadılmış qatillərin, kamikadzelərin cinayətindən başqa bir şey deyil bütün bunlar.

Bəli, islamda cihad, yaxud ərəbcədən tərcümədə qarşılığı cəhd olub bütün işlərə aid ola bilən bir anlayış var, amma o səhvən imansızlara, kafirlərə, yəni qeyri-müsəlmanlara qarşı müharibə kimi yozulur. Halbuki cihadın həqiqi ümumbəşəri mahiyyəti ya şüurlu olaraq, ya da anlamazlıqdan həm müsəlmanlar, həm də etiraf eləmək lazımdır ki, islam düşmənləri tərəfindən gözardı edilir.

Cihadın üç növü var. Birincisi kiçik cihaddır, hücum yox, müdafiə xarakterlidir, özünü qorumaqçündür! Üzərinə gələndə, evindən çıxarılanda gərəklidir! Burda müharibə qaçılmazdır, hamı təcavüzkarla canından keçərək vuruşur, amma şəhidlər o kəslərdir ki, təcavüzkardan qorunmaqçün döyüş meydanında həlak olur, amma təcavüzkarla, dinc əhaliylə yox! Bu müharibənin kodeksidir, nümunə isə bir dünyadır.

“Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən Allah həddi aşanları sevmir. Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə qətldən daha pisdir.” (“Quran”, 2/190)

Haqq-ədalət hissi, adamın comərdliyi, kişiliyi, heç kimdən və heç nədən çəkinməyərək qərarında qətiliyi ilə bağlı olan ikinci, “ortancıl” cihad, onun necə adlandırılmasından asılı olmayaraq hökmdara həqiqəti deməkdir ki, bu nə yuxarılara, nə də kütləyə sərf eləmir. Bir də Quranda əsas olan böyük cihad da var- bütün inanclarda bəyan edilən, bir dəqiqə belə ara verməyən böyük müharibə ki, insanın içində, şeytani və ilahi başlanğıclar arasında gedir.

İndiki halda yəhudiliyə nifrət, xristianlıqdan xoşlanmamaq Quran ideyalarıyla kökündən ziddiyyət təşkil edir, ona yaddır. Çoxlarının unutduğu, amma imanla bağlı böyük bir söz var ərəb dilində- niyyət. İlk olan budur: sənin niyyətin nədir? Anlaşmamı istəyirsən, söyüşmü? Sülhmü, müharibəmi? İslamdan başqa qalanlarını yalan, səhv, lazımsız, kafirlərin dini hesab etdiyin dinlərlə, hətta Allahın icazəsiylə var olan buddizmlə də, onları bir kənara ataraq qarşıdurmamı istəyirsən yoxsa? Bəlkə qərəzsiz, Quran mətnin əsas götürərək onun etik dərinliyini və çəkisini, əhəmiyyətini, üslubunun, metafora və obrazlarının estetik gözəlliyini anladaraq bütün dünyaya həqiqi Quranın qapılarınımı açmaq istəyirsən?

Hənif dinlər (müəllif burda rusca “avraamiçeskie verı” ifadəsini işlədir ki, tərcüməsi “İbrahimi inanclar” və ya “...dinlər”, yaxud “Təkallahlı inanclar” kimi də ola bilərdi, amma biz Quranı (3/65-67) əsas götürərək, mənası “batildən haqqa tapınan, haqqa yönəlmiş” olan “hənif” kəlməsini işlətməyi doğru saydıq- S.B.) arasında əməkdaşlıq üçün maneə, kardinal fikirayrılığı üçün başlıca əsas – İsa (A.S.), İisus obrazına münasibətdir: Quranda bu məsələ nə cürdür və Bibliya yozumlarıyla, deyişləriylə uyğunluq necədir? Quranda çox vaxt İsa ibn Məryəm, yəni, Mariyanın oğlu İisus kimi xatırlanan İsanın doğuluşunun qeyri-adiliyi qəbul edilir. Yəni, qadın adı ata adı kimi vurğulanır ki, bu da heç bir İlahi rəmzi səciyyə daşımazsa, həm Şərq, həm də elə istənilən başqa ənənə üçün qeyri-məntiqi, qəribə sayılardı.

Qadın adının ata adı kimi işlənməsinin mövcud məlum, sən demə, islamda qadına böyük hörmətkar münasibət varmış kimi yozumu- sualın belə cavabı, ən azı sadəlövhdür.

Diqqəti belə bir sitata yönəltmək istərdim: “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı...” (“Quran”, 3/59). Bu İsanın (A.S.) ilahi mənşəyinin qəti inkarı, birmənalı təkzibi kimi yozulur: sanki o atasız və anasız yaradılmış Adəm kimi yalnız Allahın “Ol!” əmri ilə doğulub.Yəni, İsa (A.S.) da növbəti dəfə elə beləcə xəlq edilib. Amma, İsanın (Quranda adı çəkilən peyğəmbərlərdən bir tək onun) Adəmə bənzədilməsi, görünür onların hər ikisinin bütün başqa adamlardan fərqli doğuluşunu ehtimal edir: “birinci Adəmə” Onun ruhu üfürülüb (yaxud Ondan olan Onun bildiyi bir şey üfürülüb-S.B.), “ikinci Adəm” isə Onun tərəfindən Ruh vasitəsilə doğulub. “Həqiqətən Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur...”( “Quran”,4/171). Bununla Allah bizi daha əvvəl göndərilmiş və İsanın “ikinci Adəm” adlandırıldığı Əhdi-Cədidə (“İncil”ə) yönəltmirmi?

...Düşünürəm ki, yuxarıda söylənənlərin kontekstində anlaşılan, bütün dinlərin konseptual etik birliyi, eyniyyəti məsələsi şübhə doğurmur. Və bizə dialoq şəraitində, mükalimə mühitində dünyanı izah etmək, dəyişmək və xilas etmək üçün yardımçı ola bilər. Bütün digər yanaşmalar isə...- yaxşısı budur əvvəldən oxuyun!

Yazının orijinalını burdan oxuya bilərsiniz:

# 3603 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #