Həvvaxislət qız dən səpir göyərçinlərə - Yeni İmza

Həvvaxislət qız dən səpir göyərçinlərə - Yeni İmza
28 iyun 2019
# 13:32

Kulis.az "Yeni imza" layihəsindən Kazım Kazımoviçin şeirlərini təqdim edir.

Bir Zamanlar Payızda

I

Sənsiz pis yaşamıram

Hər şey qaydasındadı...

Evi yığışdırmışam, zibilləri atmışam,

Sən sevdiyin yağ ilə yumurta qızartmışam...

Sən öyrətdiyin kimi çayı qoymuşam dəmə,

Qadın məsləhətləri düz olurmuş sən demə...

Çayım: isti, mixəkli, ətirli, pürrəngidir,

Payız bizim şəhərdə hələ özün ləngidir...

Sənsiz pis yaşamıram

Hər şey qaydasındadı...

İcarəyə götürür ay günəşin yerini,

Külək tozunu silir küçə fənərlərinin...

İsti ev, soyuq payız, musiqi, ilıq çaxır,

Siqaret, tüstülü ev və sair və ilaxır...

Bu minvalla bu günlər dünənlərə çevrilir,

Hər gün kağız təqvimdən sənsiz bir gün devrilir...

Sənsiz pis yaşamıram

Hər şey qaydasındadı...

***

ll

PAYIZ - Xəzan Paltolu Madonna

vurulmuşam ona...

Qəfil Teyyül-ərz eləmişəm

ilk görüş parkına...

Heç varmadan bunun fərqinə

Buğda gözlü

nənəsi Həvvaxislət qız

Dən səpir göyərçinlərə...

Payızda ləngiyən quşların

sədası altında,

Adımızın baş hərifi yazılan

ağacın səması altında

Qırmızı Saçlı Qadın

kitab oxuyur...

Əsə-əsə gəlir külək...

Külək yəqin qızdan öncə

oxuyur deyə

Üfürüb çevirir səhifələri...

Baxıb gülümsəyirəm ona

Elə bil

Seyid Əzimin yarəsinə basıb zülfünü...

Bu parkda xatirələr itirib

köhnə hüznünü

İndi buralara gəlib-getmələrim:

"Zamanda keçmişə səyahət" uğrunda atılan uğursuz addımlardı...

Beş vaxtdan biri tamamdır

Getməliyəm

Azan verilir...

***

lll

Xatirələr işə yarayırmış sən demə

Səndən qalan cib dəsmalı

indi islaq burnumun uşaq bezidi...

İncimə;

Nə yanaqların dəniz vağzalı

Nə gözlərin məhəbbət dənizidi...

Gözlər: Ürəyin pərdə arxasıdı...

Hələ bu harasıdı

İndi kosmetika satışı ilə məşğulam sevgili

Artıq bilirəm al yanaqlarının sirrini...

Daha saçlarının qoxusundan

ötrü darıxmır burnum

Bir zamanlar saçlarını yuduğun "Elidor"dan almışam...

İndi ən gözəl qadınlara şeirlərdə rast gəlirəm

Çünki onlar şeirlərdə susurlar...

Baharın bir neçə anı

“Elşən Mehdinin doğum günü təbrikinə Ön Söz”

Bahardı..

Səhərdi...

Bir vaxtlar bu vaxtlar

Ciyərlərimə vurduğum güllələrin boş gilizləri kimi

Siqaret kötüklərini tullayardım

barmağımın tərsi ilə...

Qramafondakı mahnı

necə də uyğun gələrdi

Fikirlərimin rəqsinə...

Gürcü çaxırının qoxusu ilə

bərabər yaşardı

damağımın damı altında

Sözlər, Sükut Və Sairə...

İndi tərgitmişəm bütün bu vərdişləri

Yəni bitib şairin intihara cəhd sərgüzəştləri...

Siqaretsiz şair dodaqları:

Sanki öz Eyfelini itirmiş Parisə bənzər

Şərabsız boş qədəhi "Boğaz"ı qurumuş İstanbula...

Bahardı...

Səhərdi...

Otağımın nə qərbində

Nə şərqində yenilik yox

Başımda bir qəribəlik

Pəncərədən baxıram:

Dodaqlarım köhnə bir gülüşü təqlid edir;

Baxdıqca buludların

Hələ çəkimi tamamlanmamış

bir Salvador Dali

rəsminə bənzərliyinə;

Səma səhrasında dəvə buludlar

Uzaq səfərlər üçün

belində su daşıyır...

Bahardı...

Səhərdi...

Qaranquşlar soyuq

Günəş isti ölkələrdən

əliboş və yorğun qayıdıb...

Külək günəşlə birləşərək

havada fen effekti yaradır

Saçları qıvırcıq ağaclardan ötəri...

Arıların qibləsi güllər

Qarışqaların qibləsi qəndqabılar...

Bir addım önə atıb qapılar

açılıblar bahara

doxsan dərəcə

Başımda son dərəcə

şairanə bir sual gəzişir:

Bu BUQƏLƏMUN təbiət görəsən

nəyin qarşısından keçir belə

ətraf rəngin dəyişir???

Bahardı...

Səhərdi...

Bədənimin ən yaxın qonşusu ruhum mənim,

Səlim əminin şeirlərinin alt qatında dincəlir...

Yadıma gəlir

Səninlə tanış olanda

yüzlərlə ortaq dostlarımız var idi:

KİTABLAR

Onlar gecələr boylanırmı rəfdən?

Söyləyirmi ki, "Elşən, sən bizi oxumalısan!!!"

Sənə də elə gəlirmi ki,

Bu BUQƏLƏMUN təbiət

Yaşıl göz bir qızın gözlərinin qarşısından keçir...

Bilmirəm, inan bilmirəm

Tale insanı yoxsa insan taleyi seçir?

Hər iki halda

Yaxşı ki, səni tanımışam,

Yaxşı ki, sən varsan,

Yaxşı ki, bu fani dünyaya göz açmısan

Ağlayaraq...

Üzülmə şair üzülmə...

Şairin ilk ağlamağı da şeirdi

Bax ha gör neçə bahar bundan əvvəl ilk şeirini yazmısan...

Baharda...

Səhərdə...

***

Əslində bizə vəfalı imiş

ərzaq məhsulları və sairlər...

Nəinki qadınlar

Nəinki şairlər

Bunu reklam lövhələrinə

baxanda sezdim:

"Final Yağları Artıq 15-ildir ki, Sizinlə"

***

Azan səsi, kənd evi, somavar, sərin külək...

Ömrü bu nəqarətdə məncə bitirmək gərək.

Məndən olsa gedərdim bu saat cəhənnəmə,

Ona görə qalmışam ki, sən çay qoymusan dəmə...

# 3331 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #