Mayakovski kimə "Sən də özünü vuracaqsan" demişdi?

Mayakovski kimə "Sən də özünü vuracaqsan" demişdi?
20 may 2017
# 12:00

Memarlıq kurslarında oxuyan Liliya Brik heykəltəraşlıqla məşğul olmaqla yanaşı məqalələr, kitablar da yazırdı. Bununla belə o, tarixdə muza və Vladimir Mayakovsknin ən böyük sevgilisi kimi qalıb.

Vladimir Mayakovskinin sevimli qadını, ədəbiyyatşünas Liliya Brik 11 noyabr 1891-ci ildə anadan olub. Kimiləri onu çoxsaylı məhəbbət macəralarına görə qınayır, kimiləri də öyürdü (Çili şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Neruda onu rus avanqardının muzası adlandırırdı). Mayakovski “Vladimir İliç Lenin” poemasından başqa bütün əsərlərini muzası “Liliçka”ya həsr edib. Şair intihar edəndən sonra məhz Brik Stalinə məktub yazaraq sevgilisinin əsərlərinin çap edilməsi üçün çalışmışdı.

Onu Hötenin sevgilisinin şərəfinə Liliya adlandırmışdılar

Liliyanın Moskva məhkəmə palatasında vəkil işləyən atası Yuriy Aleksandroviç Kaqan İohann Volqanq fon Hötenin yaradıcılığına məftun idi. Buna görə də böyük qızına alman şairi və mütəfəkkirinin sevgilisi Liliya Şenemanın şərəfinə Liliya adını qoymuşdu. Şenemanla nişanlanan Höte altı ay sonra nişanı qaytarsa da ömrünün axırında deyirmiş ki, ən böyük məhəbbəti elə o qadın imiş. Hötenin keçmiş adaxlısı Stella və Dorotei kimi qəhrəmanının prototipi idi. Liliya Brik hardasa elə Şenemanın taleyini təkrarlamışdı: O da Mayakovsinin sevgilisi və muzası olsa da, heç vaxt nikaha girməmişdilər.

Liliya Briki Mayakovski ilə onun balaca bacısı Elza tanış eləmişdi. Elza şairlə sevgili idi.

Liliyadan beş yaş balaca olan Elza Kaqan 17 yaşından Mayakovski ilə görüşməyə başlamışdı. 1915-ci ilin yayında isə Elza şairi ailəsi ilə tanış etmək qərarına gəlir və onu Briklərin (Liliya onda artıq üç il idi evlənmişdi) mənzilinə gətirir.

Mayakovski həmən gecə Liliya Brikə aşiq olur. O, hələ çap olunmamış “Şalvarlı bulud” poemasını mənzil sahibəsinə oxuyur. Sonralar həmən görüşü “Ən sevimli günü” adlandıran şair Liliyaya aşiq olur. Alovlu sevgi macərası beləcə yaranır.

Mayakovski 1918-ci ildə Briklərin evinə köçür. Mayakovski, Liliya və onun əri birlikdə yaşamağa başlayırlar.

Brik üç dəfə ərdə olmuşdu

Liliya rəsmi şəkildə üç dəfə ərdə olmuşdu: Osip Briklə, Vitali Primakovla və Mayakoskinin naşiri Vasili Katanyanla. Ancaq Liliya Vladimir Mayakovskini də həyat yoldaşı hesab edirdi.

Bununla belə qadın arabir “kənarda” da eşq yaşayırdı: Misal üçün, 1922-ci ildə Liliya ilə dövlət xadimi Aleksandr Krasnoşekov arasında münasibət yarananda qanuni əri Osip Briklə birlikdə sevgilisi Mayakovski də müşahidəçi qismində idi. Düzdür, o vaxt şair az qalır muzası ilə ayrılsın, ancaq sevgisi güc gəlir və sevgiləri qaldığı yerdən davam edir.

Mayakovski öləndən sonra onu Liliyaya görə çap etdilər

Şair özünü öldürəndən sonra onun əsərləri olduqca kiçik tirajla çap olunur, şeirləri demək olar səhnədən oxunmurdu. Bu zaman Liliya İosif Stalinə uzun bir məktub yazaraq bildirir ki, Mayakovskini unutmaq olmaz. O, məktubu dostları vasitəsi ilə şəxsən Stalinə çatdırır.

Və məktuba laqeyd qalmayan xalqlar atası Nikolay Yejova belə yazır: “Brik məncə gileylənməyində haqlıdır. Tapşırdım ki, səhvimizi düzəltsinlər.” Liliya keçmiş sevgilisinin şeirlərinin yenidən çap olunmasına nail olur, onun xatirəsinə həsr olunmuş muzey yaradır.

Ombası sınan Liliya Brik intihar edir

1978-ci ildə ombası sınan Liliya yataq xəstəsi olur. Həyat yoldaşı Vasili Katanyana əlavə yük olmamaq üçün intihar etmək qərarına gəlir. Buna görə də ölümcül dozada yuxu dərmanı qəbul edir. Ölümündən bir neçə gün əvvəl yuxuda Mayakovskinin şeirlərini görübmüş. Onun gündəliyində hələ 1970-ci ildə yazılmış belə bir qeyd var: “Yuxuda gördüm ki, özünü vurduğuna görə Volodiyaya hirslənirəm. O, isə bapbalaca bir tapançanı nəvazişlə ovcuma qoyaraq deyir: “Onsuz sən də özünü vuracaqsan.””

Son nəticədə Mayakovskinin yuxuda dediyi kimi olur. Ölümündən sonra Liliyanın cəsədi yandırılır və vəsiyyətinə uyğun olaraq külü Zveniqorod ətrafına səpilir.

# 1895 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #