Səyavuş Sərxanlını necə öldürdülər? - ARAŞDIRMA

Səyavuş Sərxanlını necə öldürdülər? - ARAŞDIRMA
10 dekabr 2013
# 13:00

O, 70-80-ci illərin ən güclü publisistlərindən idi. Tanış dalğalar ara-sıra onun həm də unudulmayan misralarını yaddaşımın ləpədöyəninə gətirib çıxarır. Vəfasız dünyanın özü kimi vəfasız olan dostlara yazdığı şeirin misraları həmişə içimdə nisgilli, göynərtili duyğular oyadır:

Hələ kefiniz kök,

Halınız xoşdur,

Hərəniz bir ciyər parası kimi;

Haçan qayıtsanız,

Yeriniz boşdur

Sinəmdə bir güllə yarası kimi!..

(“Dostlara rekviyem” şeirindən)

İndi onun yazıları çap olunmur, şeirlərinə rast gəlmirik... Amma xatirəsi dipdiridi. O, sözün nazını doğma balası kimi çəkən şair idi. Təpədən-dırnağa ovqat adamı idi. Sakit görünüşü fırtına qabağı dənizin mülayimliyinə bənzəyirdi.

Onunla ömrünün son illərində tanış oldum və çox tez bir zamanda isti münasibətimiz yarandı, hətta bir masa arxasında oturub badə toqquşdurmaq ərkini də qazandım.

İki mininci illərin əvvəlləriydi. Yazıçılar Birliyinə tez-tez yolum düşürdü. Səyavuş Sərxanlı “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri işləyirdi. Bir dəfə Siyavuş Məmmədzadə dördüncü mərtəbədəki yeməkxananın qarşısında həmişəki yerində oturub kiminləsə şahmat oynayırdı. Mən də başlarının üstündə dayanıb oyunu müşahidə edirdim. Bu vaxt dəhlizin o başından Səyavuş Sərxanlının ləngərli addımlarla yaxınlaşdığını gördüm. Qonşu masada əyləşdi və təbii ki, mənə əhəmiyyət vermədən

Siyavuş müəllimlə zarafatlaşmağa başladı. Siyavuş müəllim başını qaldırıb məni ona təqdim elədi:

- Gənc şairdi. Yaxşı oğlandı. – Sonra da üzünü mənə çevirib dedi: - Səyavuş Sərxanlını tanıyırsan da, ona şeir bəyəndirmək çətin məsələdi ha.

Səyavuş müəllim də gülüb dedi:

- Qırımından şairə oxşayır, istedadsızlar yaman həyasız olurlar.

Bizim tanışlığımız belə başlandı. Elə həmin gün Səyavuş müəllim otağında mənə dedi ki, bir şeir oxu görək. “Çətini qış gəlincədi” şeirini oxudum. O şeirdə “yollar ölçüsüz başmağım” misrası vardı və bu misranı Səyavuş müəllim əlləri arxasında otaqda o baş-bu başa gedə-gedə bir neçə dəfə təkrarladı və birdən qarşımda dayanıb dedi:

- Ə, bu nə gözəl ifadədi? Yaman tutdu məni. Sən sıxılma eee, istedadlı adamlar abırlı olurlar, bu qədər utancaq olmaq lazım deyil. Səni tez məhv edərlər.

Səyavuş müəllimlə beləcə dostlaşdıq. Arada Yazıçılar Birliyinə yolum düşəndə rastlaşırdıq və deyirdi ki, gəl bir başımızı açaq.

Onun Əhməd Cavad haqqında yazdığı “Gedən bulud, getmə, dinlə...” adlı geniş bir yazısı vardı. 90-cı illərin əvvəllərində Taleh Həmidin rəhbərlik etdiyi “Yeni fikir” qəzetində dərc edilmişdi. Həmin yazıda Süleyman Rüstəmin Əhməd Cavadla bağlı səmimi etirafları vardı və digər acı həqiqətlər ilk dəfəydi ki, mətbuatda işıq üzü görürdü. Səyavuş Sərxanlı publisistika janrının ən kamil nümunələrini yaradıb. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli qələm dostu haqqındakı “Şeh içində nur” adlı yazısında belə yazır:

“Milli jurnalistikamızın və milli ədəbiyyatımızın publisistika janrının qüdrətli dühaları, əzəmətli sənətkarları olub. Həmin möhtərəm dərgahda Səyavuşun öz yeri, öz kürsüsü, öz söz xəzinəsi var. Çünki Səyavuş Sərxanlı publisistikaya bədii yeniliklər gətirdi.

Hansılardır bu bədii yeniliklər?

Məhz Səyavuş Sərxanlı publisistikaya bədii ahəng hopdurdu. Bu lirizmin içində həzin və kövrək səmimiyyət dağ çayı kimi çağlayır”.

Mənim kitabxanamda onun 1979-cu ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Yormaz bu yollar məni” adlı publisistik kitabı var. Həmin kitabı vərəqləyirəm, müşahidə zənginliyi, fəlsəfi-publisistik təhlil, özünəməxsus obrazlı, poetik dil oxucunu sehrləyir. Elə yazarlar var ki, onların publisistikası suyu qurumuş çaya bənzəyir, bu yazılarda sanki dil nəfəs almır, boğulur. Səyavuş müəllimin “Sibir nağılı”, “Sabahın xeyir, Litva”, “Baykal – Amur poeması”, “Minbir şəhər nağılı və ya Donbas aydınlığında” adlı yol qeydləri elə adıyla oxucunu cəlb edir. Bu yazılarda nə qədər yaddaqalan obrazlar, insan taleləri var, bu ünvanları, taleləri yenidən kəşf edirsən, müəllif sözün əsl mənasında oxucuya bələdçilik edir. “Sibir nağılı”nı oxuyan professor Qulu Xəlilov müəllifə zəng edərək deyibmiş ki, bu, oçerk yox, povestdir.

“Dünya – ulu, yollar – uzun, biz də yolçu: fikri, əməli qanadlı, şad günü, qayğısı atlı, əli çıraqlı. Bəzən böyük bir nur ocağının varlığını yalnız o keçəndən sonra hiss edirik. Sənin də qəlbində nur seli var. Kiliddə saxlama onu. Aç gözünü, səpələ ellərə, payla insanlara.

Yollara çıx...”

Bu sözləri Səyavuş Sərxanlı adını çəkdiyim kitabının ön sözündə yazıb. Bu ön söz sanki şeir kimi yazılıb və kitab sona qədər bu ahənglə davam etdirilir. Şair gördüyü insanları, ölkələri şirin bir nağıl kimi təsvir edir, bu yazıların ruhuna dastan poetikası hopub.

O, ədəbiyyata 60-cı illərin ortalarında gəlib. Səyavuş Sərxanlıya “Uğurlu yol”u xalq şairi Nəbi Xəzri yazıb. Yazıçı Hidayət yazır ki, bu, o dövr üçün sensasion bir hadisə idi və eyni zamanda Səyavuş Sərxanlının yaradıcılığına verilən yüksək qiymət idi.

Deyilənə görə, “Ağ dünya” adlı bir roman da yazıb. Gürcü yazıçısı Nodar Dumbadzenin “Əbədiyyət qanunu” romanını və dünya poeziyasının bir çox nümunələrini dilimizə çevirib.

Mərhum yazıçımız İsi Məlikzadə “İki günün qonağı” povestində Səyavuş Sərxanlının bədii obrazını yaradıb. Qələm dostu Ağacəfər Həsənli onu “bədii publisistikanın ustadı” adlandırır. Onun şairlə bağlı bir xatirəsini bu yazıma əlavə edirəm:

“Bir gün Lənkəran avtovağzalında maşın gözləyirdim. Gözləmədiyim halda işıqlı bir sima qənşərimdə peyda oldu: O idi, Səyavuş Sərxanlı. Qucaqlaşıb-öpüşdük.

-Ey dost, sən hara, bura hara? – deyə şəstlə əlini kürəyimə vurdu. “Ata-anama dəyməyə Lerikə getmişdim, Bakıya qayıdıram, - söylədim. Özünəməxsus ləhcəylə: “Ə, Allahsız, sən Lerikdənsən?” – təəccüblə dilləndi. Mən başımı tərpətməklə fikrini təsdiqlədim... “Ə, bəs burada işləyən qardaşım heç mənə deməyib, sən də bu haqda danışmamısan, sən Allah, bir gün məni dağlara apar, deyirlər Lerikin Kömürgöy zirvəsindən Ərdəbil əl içi kimi görünür, tamaşa edərik, sonra bulaq başında kabab çəkərik, mən vəhşi təbiətin ölüsüyəm”, - söylədi”.

Səyavuş Sərxanlının həyat yoldaşı Elmira xanımın xatirələrində (Səyavuş Sərxanlı, “Vətən, səslə oğlunu”, “Şərq-Qərb” nəşriyyatı, 2010, səh. 123, 124, 125) bir sıra məqamlar var ki, diqqəti həmin məqamlara yönəltmək istəyirəm. Elmira xanım yazır ki, Səyavuşun hər yazısı ədəbi mühitdə bomba kimi partlayırdı. Amma kim bilərdi ki, onun publisistikaya gətirdiyi bu yeni nəfəs kimlərinsə içində yaranmış rəqabət hissini qıcıqlandıracaq, közərən hisslərinin üstünə bir az da neft töküb alovlandıraraq, onları haldan çıxaracaq və bu kimsələr sonralar onun qətlinə fərman imzalayacaqlar.

Elmira xanım “qətlinə fərman” deyərkən izah edir ki, qətlin müxtəlif formaları var, bu formalardan biri də şairin gözü görə-görə onu hər yerdə danmaqdır. Səyavuş Sərxanlını məhz bu üsulla məhv etmək istəyirmişlər və bu da şairə güclü mənəvi zərbə idi.

70-ci illərin əvvəllərində Yazıçılar İttifaqının iclaslarından birində Əli Vəliyev ayağa qalxıb üzünü sədrlik edən Rəsul Rzaya tutur və deyir:

“Yoldaşlar, demirəm cavan jurnalistlər, hətta biz qocaman yazıçılar da ölmüş, quru bir sahəni (publisistikanı) dirildən, ona can, yeni nəfəs verən bu oğlandan (Səyavuş Sərxanlıdan) publisistik yazıları yazmağı öyrənməliyik!”

Yazıçıların IV qurultayında nə şairlərin, nə yazıçıların, nə də publisistlərin siyahısında Səyavuşun adı çəkildi. O, möhkəm sarsıntı keçirir və yuxarıda misal çəkdiyim “Dostlara rekviyem” şeirini də məhz həmin gecə yazır.

Elmira xanım deyir ki, ürəkparası sandığı dostlarından biri ona verilmiş evini, ocağını əlindən almışdı. “Dostu” şəhərdən kənarda yerləşən üç otağını kiməsə verib, mərkəzdə Səyavuşa verilən üçotaqlı mənzilə köçmüşdü. Bu da növbəti zərbə!

Onun 1986-cı ildə “Yazıçı” nəşriyyatına təqdim olunmuş şeirlər kitabı 15 il nəşriyyatda yatıb qalmışdı. Bir gün sakitcə gedib qovluğunu nəşriyyatdan götürərək evə gəlmişdi.

“Son zərbə çox ağır və ağrılı oldu. Bir gün dərdlərini ovudub, ağrıların əlindən özünü birtəhər yuxuya verib yatırdı şair. Qəfil bir zəng oldu. Danışan rəhbər işçilərdən biri idi. Mənə dedi ki, Səyavuşa çatdır ki, axşam televizora baxsın. Bu gün ona “Əməkdar İncəsənət Xadimi” adı verilməsi haqqında sərəncam oxunacaq. Səyavuş bu haqda mənə demişdi, amma əlavə etmişdi ki, “əgər qoysalar!..”

Çox tərəddüddən sonra gedib onu qaldırdım və dedim ki, bəs belə bir söhbət var, əgər qalxa bilərsənsə, qalx, birlikdə qulaq asaq.

“Uşaqlara da xəbər elə” - dedi və durub ağır-ağır o biri otağa keçdi. Veriliş başladı. O, isə həyəcanını boğmağa çalışırdı. Adlar bir-bir oxunurdu. Nəhayət Səyavuş adını eşidəndə dik ayağa qalxdı. “Ura” demək istədi, amma Sərxanlı yerinə Məmmədzadə oxunanda yerə çökdü. Bu, sonuncu zərbə idi”.

Elmira xanımın xatirələri ağrıyla doludu. Elə həmin gecə Səyavuş Sərxanlı iflic keçirir...

Bir müddət sonra başında xərçəng xəstəliyi aşkar olunur. Yazımı Əli Kərimin misralarıyla bitirirəm:

“Daha heç nə demirəm,

nöqtə, nöqtə və nöqtə...”

# 6619 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #