Göz yaşlarına qulaq asaq

Göz yaşlarına qulaq asaq
17 noyabr 2012
# 09:00

Sual

Qərib Vətən, Vətən deyirsə
Bəs onda qürbətdə ev tikməyi nədi?
Koroğlu Koroğludursa
Bəs qaçıb dəyirmana
girməyi nədi?
Şair cəlladı qamçılayırsa
Bəs sonra cəlladla
Yanaşı durmağı nədi?

Əslində…

Müharibədə məğlub olmaq
Qalib gəlmək deməkdi-
Əsgərlər ağlaya bilirsə əgər,
Göz yaşlarını yanaqlarına sərib
Zəfər nəğməsini oxuyurlarsa…

Əslində qalib gəlməyin özü
Bir aldanışdı.
Bir il, beş il adlayar
Bir də görərsən
Düz çökərlər öldürdüyünün
Qarşısında qaliblər...

İstehsal edilən silahlar
Silahsızın önündə
Ağlamaqdı.
Bunu bir dəfə də olsun
Anlamadı ölkələr…

Divan

Gecələr yatdığım taxtın
Cırıldayan ayağı
Həmişə mənə
Yaşamağımı xatırladır.
Hərdən əllərimi taxtın
Altına salıb
O ayaqdan yapışıram.
Yadıma düşür ki, onu
Kirayə qaldığım evdən
Çıxardanda sındırmışam.

O bir ayaqlar
Sağ-salamatdı deyə
Mənə yaddı.
Əgər dayansa cırıltı
Demək, həyat bitdi.

Deyirəm…

Anam yoxdur…
Atam tək qalıb nəvələrinin içində
Domino oynayırlar
Uşaqlar yan-yörəsinə
Zamanın parçaları kimi səpilib,
Əl çalırlar babalarının
Uduzmağına…
Deyirəm anam sağ olsaydı
Atam domino oynamazdı,
Oynasaydı da uduzmazdı.
Gəlinlər nahara çağırır atamı
Tələsir,
Anam sağ olsaydı…

Skamya

Bax, üstü qara qələmlə cızılmış,
döşünə Günay Aydın yazılmış
Skamya hər səhər insan oxuyur,
Oxuyur, özü də yaman oxuyur.
Bəlkə də Günayı
çoxdan unudub Aydın
Hələ də skamya özündə saxlayır
Günayın ağırlığını.
Bəlkə də skamya elə bilir
Günay hələ də onun üstündə
əyləşir.

Eynək<>

Evdə tez-tez itirdiyim şey
eynəyimdi
Eynəyi də tez tapıb
Gətirən qızımdı
İndi qızım nişanlanıb
həyat yoldaşım indi ən çox
Eynəyimin fikrini eləyir.

Axtarış

Balaca oğlum
Hər axşam yatanda
Corablarını hara tullayırsa
Səhər oyananda tapa bilmir.
Səs-küyünə qalxıb
Hamımız evdə corab axtarırıq.
Məncə, yaxşıdı
Səhərimiz hər gün
“axtarış”la başlayır.

Təqvim

İyul günlərinin üstündən
Qara xətt çəkilib.
Elə bil şallaqla bir sürü
Milçəyi qırıblar.
Tək öldürülməmiş iki gün qalıb
İki ağ kəpənək…
Eh uça bilsəydi o iki gün
Dayansaydı vaxt…

Göz yaşlarına qulaq asaq


Ey şəhidlərin dəfnində nitq söyləyənlər
Video çəkənlər
Susun.

Ey şəhidlərin anasını danışdıranlar
Xatirə söylədənlər,
Dayanın.

Ey şəhidlərin hüzrünə
Bir kisə qənd
Bir kisə düyü
Verənlər
Əlinizi saxlayın.

Ey şəhidlərə şeir qoşanlar
Kitab yazanlar
Hazır dayananlar
Gedin qələminizi sındırın.
Allah sizə heç bazaar verməsin.

İmkan verin
Göz yaşlarına qulaq asaq!

# 1857 dəfə oxunub

Oxşar xəbərlər

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

16:00 13 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər