Sənubər İsgəndərli: “Gecələr kitabla yatırdım”

Sənubər İsgəndərli: “Gecələr kitabla yatırdım”
21 yanvar 2016
# 08:30

Kulisin kitabla bağlı suallarını aktrisa Sənubər İsgəndərli cavablandırır.

- Uşaqlıqdan və indi oxuduğunuz kitablar hansılar olub? Nələr qalıb yadınızda?

- Mark Tvenin "Şahzadə və dilənci", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan”, Sabirin "Hophopnamə"si ilə demək olar ki, yatırdım. Bidstrup adlı karikaturaçının bir neçə cilddə kitabı vardı, saatlarla onu vərəqləməkdən doymurdum.

- Sizcə aktyor ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Ümumiyyətlə mütaliə insanın şəxsiyyət kimi formalaşmasında böyük önəm daşıyır. Hər oxunan kitab, həyat müşkülünün min-bir düyünündən birini açır. O ki qaldı məhz aktyorların mütaliəsinə... teatrda tamaşaya qoyulan hər bir əsəri oxumamışdan əvvəl, müəllifin bütün və ya heç olmasa, qismən, əsərləri ilə tanış oluruq. Mütaliə, hər bir aktyor üçün vacibdir, mütləqdir.

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aktrisalar, aparıcılar sözü vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

- Son dövrlər savadsızlıq kütləvi hal alıb. Texnika inkişaf etdikcə, insanlar geri gedir, cahilləşir... Sadəcə sosial şəbəkələrdə yazılan statusları, kommentləri oxumaq kifayətdir. Balaca bir cümlədə üç-dörd kobud səhv olur. Televiziyalar reytinq qurbanı olalı, tamaşaçılar da onların qurbanı oldu. Hər bir şey zəncirvaridir. Dəhşətlisi isə, hər kəsin öz savadsızlığına, cahilliyinə haqq qazandırmasıdır.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Müqayisə yaxşıdır, ən azından sağlam rəqabətə yol açır... Amma bəzən də subyektivdir... Ölkə, mentalitet, nüfuz fərqi var...

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Sovet dövrünü bu gün tənqid etmək, dəb halını alıb, amma bu günümüzün fəxr etdiyimiz bir çox ziyalı insanları o dövrün yetirmələridir... Hər bir orta səviyyəli ailənin kiçik də olsa kitabxanası, evində pianinosu və ya başqa musiqi aləti vardı. Bizim sinifdə 30 şagird vardı, onlarda 20-si musiqi məktəblərində də oxuyurdu... Bu gün belə hallara az rast gəlinir. Gəlinlərin cehizinin ən önəmlisi pianino, kitablar idi. Mən özüm makulatura yığırdım qonşulardan, kitab almaq üçün. Bəzən heç vermirdilər də... (gülür)

- Yeni mahnıların sözləri sizi qane edirmi?

- Musiqi də teatr kimi kollektiv sənətdir, yəni şair, bəstəkar, aranjimançı, ansabl və nəhayət müğənni... Bu gün bu işi çox vaxt bir nəfər görür. “Moskva göz yaşlarına inanmır” filmində deyildiyi kimi “On je Qoqa, on je Qoşa, on je Jora” (gülür). Ən əsası isə müğənnilərin böyük qismini mahnının ritmi və toy bazarı maraqlandırır.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Yox yazmıram. Heç vaxt da fikrim olmayıb. İstedad elə bir şeydir ki, mənim fikrim olmasaydı belə, hər necə olur-olsun özünü büruzə verəcəkdi. Məcbur mümkün olan şey deyil. Mən indi baxıram nəvəmə, uşaq əlinə nə keçdi, lap balaca bir kağız parçası, evin divarı, stolun üstündəki salfetka qırığı, bu uşaq hər yerdə şəkil çəkir. Bu artıq istedaddır. Yəni özü də bilmədən bizi yönləndirdi ki, ona bir müəllim tutaq.

- Şeir əzbərləyirsiniz heç?

- Şeir əzbərləməyi heç vaxt sevməmişəm, heç yadımda da qalmır. Təbii ki, işimdən dolayı, lazım olub, əzbərləmişəm. Amma indi heç birini belə yadıma sala bilmərəm. Dəftər-dəftər rol əzbərləyim, heç bir çətinliyim olmaz, di gəl bir misra şeir yadımda qalmır (gülür).

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Əsərlərini, şeirlərini sevə-sevə oxuduqlarım çoxdur. Hüseyn Cavid, Vaqif Səmədoğlu, Ramiz Rövşən və s.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Kulisdə çap olunanlardan bəzilərini ara-sıra oxuyuram. Müasir yazarlarımızdan, özümün aldığım, mənə bağışlanan kitablar var, oxuyuram. Əslinə qalsa, mən xarici yazarları, dünya klassikasından daha çox oxumuşam. Gərək səhvimi düzəldəm (gülür).

- Svetalan Aleksieviçi tanıyırsız?

- Svetlala Aleksieviçin yaradıcılığına bələd deyiləm, yalnız keçən ilin Nobel mükafatçıları sırasında olduğunu bilirəm.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Səmavi kitablardan yalnız Quranı oxumuşam... Amma, deyəsən təkrar oxuyacam.

- Son olaraq oxuculara nə deyırdiniz?

- Baxmaq, görmək demək deyil. Mütaliə edin ki, "görə" biləsiz. Bu qədər.

# 851 dəfə oxunub

Oxşar xəbərlər

Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

11:57 21 iyul 2024
Çox da dərinə getmə! - Vaqif Poeziya Günlərindən qeydlər

Çox da dərinə getmə! - Vaqif Poeziya Günlərindən qeydlər

11:30 20 iyul 2024
"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

"Əkinçi"nin layiqli davamçısı - Şahnaz Şahin

16:56 19 iyul 2024
Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

17:30 18 iyul 2024
Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

12:00 18 iyul 2024
Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

18:20 17 iyul 2024
#
#
# # #