“Xahiş edirəm natiqlər iki-iki danışsınlar”

“Xahiş edirəm natiqlər iki-iki danışsınlar”
21 may 2013
# 11:06

Kulis.Az Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabından maraqlı hissələri təqdim edir.

Qəzəbli Bağırov

Buzovna kəndində neft tapılanda yerli ağsaqqallar Mircəfər Bağırovun yanına şikayətə gəlirlər ki, bəs bu torpaqlarda ata-babalarımızın qəbri var, neftə görə gərək kəndimizi atıb gedək. Bəlkə Buzovnada neft quyuları qazılmasın?

M. Bağırov onlara deyir: “Moskvadan desələr ki, sənin başının içində neft var, başımda da buruq qurdurub quyu qazdıraram. Az-çox üzümüzə baxırlarsa, neftin xatirinədir”.

***

Mircəfər Bağırov oğlu ilə Filarmoniyanın yanında yerləşən mülkünün, vaxtilə neft milyonçusunun evi olmuş, indiki İncəsənət muzeyinin binasının balkonundan şəhəri seyr edirmiş. Birdən oğlu uşaq marağı ilə ondan soruşur:

- Ata, bu mülk, bu şəhər, bu dəniz... hamısı bizimdir?

M. Bağırov başını bulayıb cavab verir:

- Yox, bala, bu mülk, bu şəhər, bu dəniz bizim deyil, zəmanə bizimdir.

***

Yetmişinci illərin axırlarında Azərbaycanın dövlət rəhbəri Heydər Əliyev o zaman Azərbaycan Yazıçılar İttifaqının birinci katibi işləyən İmran Qasımovun başçılığı ilə bir neçə yazıçını qəbul edirmiş. Həmin görüşdə iştirak edənlərdən biri mənə danışırdı ki, Heydər Əliyev yazıçılara bir-bir söz verirmiş və onlar ədəbiyyatımızın problemlərini açıqlayırmışlar. Növbə şair Nəriman Həsənzadəyə çatanda o, yumşaq-yumşaq deyir:

- Yoldaş Əliyev! Mən bura, Sizin yanınıza gələndə məktəbli qızım mənə dedi ki, ata, məndən Heydər babaya salam apar! Ata, sənin Heydər babanın yanına gedəcəyini bilib mən bu gün dərslərimdən “beş” almışam. O “beş”ləri Heydər babaya sovqat göndərirəm...

Ertəsi günü İmran Qasımov Nəriman Həsənzadəyə zəng vurub deyir:

- Nəriman, bu yoxlatdırar ha... Birdən dünən qızın dərslərindən “beş” almaz, biabır olarıq.

Mandat

İsa Qəmbər Ali Sovetin sədri olan vaxtlarda bir dəfə iclasda deputat, AMİP-in sədri Etibar Məmmədov onun partiyasının üzvü Şadman Hüseynovun mandatından istifadə edir. Sədr İsa Qəmbər onun bu hərəkətinə etirazını bildirəndə Etibar Məmmədov deyir:

- İsa bəy, bu mandatdan beş-altısını verin, hər pencəyimizin cibinə birini qoyaq də!

Haram

Eşitdiyimə görə Rus Pravoslav kilsəsinin patriarxı GG Aleksinin qonağı olarkən Qafqaz müsəlmanları idarəsinin şeyxülislamı Hacı Allahşükür Paşazadə ilə aralarında maraqlı bir dialoq olub.

II Aleksi süfrə başında müsəlmana içki haram olduğunu bilsə də, qonağına araq təklif edir. Şeyxulislam Pravoslav qanunlarında patriarxın evlənməsinin mümkünsüz olduğuna işarə edərək, cavab verir:

- İnşallah, sizin toyunuzda içəcəyəm.

Tarakanlar

AXC hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynov bir məclisdə deyib: Bayıl türməsinə salınanda gördüm ki, içərini tarakan basıb. Yoldaşlarımdan soruşdum: Niyə bu tarakanları qırmırsınız? Cavab verdilər: Bəy, tarakanlarla işin olmasın, onlar bitlərin qənimidir.

Vahid

Şair Əliağa Vahid mağazada ət növbəsində dayanıbmış. Birdən Təbriz radiosunun səsi eşidilir: “Əziz eşidənlər, İran müğənnisi Mustafa Payan Ağayi-Vahidin qəzəllərini oxuyacaq”.

Vahid deyir:

- Eh, kül o ağanın başına ki, ət növbəsində dayanıb.

Əsl şair

Şair Süleyman Rüstəm musiqişünas Firudin Şuşinskiyə rast gəlib deyir:

- Firudin, mənə gözaydınlığı ver, məni “Lenin” ordenilə təltif ediblər.

F. Şuşinski cavab verir:

- Süleyman müəllim, əsl şairi soyarlar, asarlar, ona “Lenin” ordeni verməzlər.

Hüseyn Arif

İsmayıl Şıxlı Yazıçılar İttifaqının I katibi seçiləndə şair Hüseyn Arif ona deyir:

- Fikir eləmə, a kafir, iş tapana qədər bu işdə işlə!

***

Şair Hüseyn Arif iclasın uzandığını görüb sədrdən söz alıb deyir:

- Mənim bir təklifim var. Belə getsə, iclasımız çox uzanacaq. Xahiş edirəm natiqlər iki-iki danışsınlar.

# 5575 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər