Tanınmış aktyor hekayəsini Kulis.Az-a göndərdi

Tanınmış aktyor hekayəsini Kulis.Az-a göndərdi
12 fevral 2013
# 18:35

İntiqam Soltan

Təsadüfən atdığım daş gedib pəncərənin şüşəsini qırmışdı.

Daşı pəncərəyə yox quşa atmışdım. Amma bu daş quşa yox pəncərəyə dəymişdi. Pəncərə özgəninki deyildi. Özümüzünkü idi. Nəinki özümüzünkü, özümün, öz yatdığım otağın.

Amma məsələ onda idi ki, daşı əllə atmamışdım. “Raqadka” ilə atmışdım (ona quşatan da deyirlər, daşatan da. Hətta böyüyünə sapand da deyirlər). “Raqadka”nı da özüm düzəltməmişdim. Vermişdilər... Və heç kəsin mənim bu “raqadka”mın mövcudluğu haqqında məlumatı yox idi. Hamı bilirdi ki, atam belə şeylərə (“raqatka” məsələsinə) pis baxır. Özü də çox pis!

Məsələnin başqa tərəfi də onda idi ki, əmimgilnən biz bir evdə yaşayırdıq. Xırda narazılıqlar olsa da yaşayırdıq. Ata ocağı idi axı. Əmim atamdan balaca idi... Əslində əmicanımla anam mehriban olsaydılar başqa heç bir problem olmazdı.

Bu narazılıqlara baxmayaraq atamın zəhminə tuş gəlməmək üçün hətta hərdən birlikdə yemək də yeyirdik.

Yeri gəlmişkən balaca vaxtı atamı bir dəfə kinoda görmüşdüm. “Dəli Kür” kinosunda. Orda adına “Cahandar ağa” deyirdilər. Böyüyəndə bildim ki, Cahandar ağa sadəcə atama oxşayırmış, vəssalam. Atamın heç xəncəri də yox idi ki, Cahandar ağa kimi. Amma anam onun iti baxışlarından qorxurdu. Elə hamımız...

Hələ bu hamısı deyil. Şüşəsi qırılan pəncərə mənim olsa da, amma bu pəncərə əmimgil tərəfdəydi. Yəni mən evimizin “əmimgil məhləsində” (anam belə deyirdi) “yaşayırdım” (atam belə deyirdi).

Və əmim arvadı hay saldı ki, guya mən bunu qəsdən eləmişəm ki, əmimgil ordan köçüb getsinlər. Baxmayaraq ki, sinif yoldaşım olan əmimoğlu ilə küsülü idik. Amma noolsun, ikimiz də bir otaqda qalırdıq və məsələni elə yoluna qoyurduq ki, (danışırdıq amma bir-birimizin adımızı cəkmirdik, uzun müddət bu belə oldu) heç kəs bunu bilmirdi (bizim küsülü olmağımızı).

Nə isə, “raqatqa”dan çıxan daş dəyib evimizin əmimgilin məhəlləsindəki öz yatdığım otağın pəncərəsinin şüşəsini qırmışdı...

Şüşənin qırılmağı ilə bütün dünyanın qaranlıqlaşması bir oldu. Gözlərimin önündə yalnız bir şey vardı. Atamın buzdan da soyuq, qırılmış şüşənin tilindən də iti, sərt baxışları... Amma əmicanımın səsi məni oyatdı...

Bu şüşənin sınmağına əmicanım necə qara-qışqırıq saldısa... anam məni elə bağrına basmaq məcburiyyətində qaldı ki, elə bildim düz eləmişəm. Əmim də arvadının səsinə səs verəndə anamın qohum-əqrəbası qarışdı müdafiə məsələsinə. Atam yox idi. Atamın yoxluğundan istifadə edən hər kəs burda alışan ocağa əlinə keçən çör-çöp atıb bir az da qızışdırdı.

Atam gələnə qədər...

Atam gəldi...

(bura yerləşdirməyə nə bir söz, nə də bir durğu işarəsi tapmadım. Ona görə də ağ buraxdım)

Atam gəldi... Bir an içində hamı susdu. Daha doğrusu səslərini kəsdilər. Deyəsən üşüyürdüm. Yoxsa niyə titrəyim ki?!

Atam mənə (camaatın yaratdığı meydançanın tən ortasına) çatana qədər (deyəsən artıq hər şeydən xəbəri vardı) ara-sıra atılan atmacalardan gəldiyi qənaətdənmi, ya birdəfəlik məsələni kökündən həll eləmək istəyindənmi, mənə elə bir sillə çəkdi ki, daha nə baş verdiyini anlaya bilmədim.

Gözümü açanda hər şey baş-ayaq idi. Daha doğrusu səhərdən məni müdafiə edənlər əksimə danışırdılar, qarğıyanlarsa qayğıma qalırdılar.

Başım əmimin qucağında idi. Əmicanımsa elə hey “mənə lazım olan” şeyləri daşıyırdı. Əlində bal dadı gələn şərbət, şirniyat və s. var idi.

Anamın... Anam bir tərəfdə əli qoynunda divara söykənib durmuşdu... səsi çıxmırdı. Atamsa bir milis (indi: polis) nəfəri ilə nəsə danışırdı. Atam nə deyirdisə, o da qeyd eliyirdi... Təzə tapşırıq alan şagird kimi...

Boylanıb yay tətilində bizim kənddə istirahət edən erməni dığalarından birinin iki gün qabaq gedəndə kəndimizin avtobusunun bir gün əvvəl elə özü qırdığı sınıq şüşəsindən mənə tulladığı “raqatqanı” axtardım. “Raqatqanı” da gülləsi (daşı) olmadığı üçün mənə tullamışdı...

...Amma yadımda deyil tapdım, ya yox.

Bircə onu bilirəm ki, tapmamış olsaydım belə onu kimsə tapacaqdı. Tapandan sonra göydə uçan hansısa azad bir quşa daş atacaqdı. O azad quşa atılan daş da gedib kiminsə evinin ən şəffaf (yəni bir tərəfindən baxanda o biri tərəfi görünən) hissəsini qıracaqdı.

Daşdı da, ürəyi yoxdu axı... Hara dəydi qırır, dağıdır...

Gərək atmayasan o daşı...

# 2364 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #