“Məğlub əsgərin ayağında qurban kəsməzlər”

“Məğlub əsgərin ayağında qurban kəsməzlər”
2 aprel 2014
# 08:00

Kvartet

hekayə

Pəncərədən həyətə baxırdıq. Quşbaşı qar yağırdı, hər yan ağappaqdı. Külək-zad da əsib eləmirdi. Əsl gəzməli hava idi, amma xasiyyətcə gərək bir az romantik, dədə-baba dilində söyləsəm, başdan xarab olaydın...

Qonşumun körpəsi ağladı, bir anda sükutun buzu çilikləndi, səs-küy mənzilimə yayıldı.

Valeh siqaret yandırıb qonşu ilə aramızdakı mıxlanmış qapıya işarə elədi.

- Uşaq bağçasıdı ki, bura? Neçə uşağı var?

- Deyəsən, beş qızı var, bu gün-sabah altıncısı olacaq, - dedim - Min manat (indiki pulla iyirmi qəpik – M.C.) nəzir eləmişəm ki, yenə qızı olsun... - səsimi yavaşıtdım.

Valeh gülümsünüb pəncərənin qabağından çəkildi və kresloya yayxanıb siqaretin külünü jurnal stolunun üstündəki külqabına boşaltdı.

- Nə pis adamsan...

Divara söykənib ona baxdım:

- Pisəm, yaxşıyam, dəxli yoxdu, məzələnirəm özümçün...

- Aranız sərindi?

- Yox, münasibətimiz normaldı. Mənim qonşuya gediş-gəlişdən zəndeyi-zəhləm gedir. Salam, əleykəssalam, qurtardı...

- Ən qədim adətlərdəndi qurban kəsmək, nəzir-niyaz paylamaq. Rəvayətə görə, Pifaqor məşhur teoreminin isbatı şərəfinə yüz öküz qurban kəsib. Bəzi mənbələrdə Pifaqor teoremini yüz öküz teoremi də adlandırırlar...

- Onda qonşumun uşağına min manatlıq çağa deyəcəklər...

- Sənin nəzirin qəbul olunmayacaq.

- Niyə?

- Min manata bu boyda işi aşırmaq ağlasığmazdı, - o, külqabını masanın üstündə sürüşdürdü. - Evin yaman istidi...

- Qurbanı elə demək lazımdı ki, ödənc vaxtı yetişəndə ürəkağrısına düşməyəsən...

- Necə ki?

- Bizim tərəflərdə birisi oğlunu əsgərliyə yola salanda bir qoyun qurban deyir ki, ilahi, oğlum sağ-salamat qayıtsın, bu qoyunu onun ayağının altında kəsib ətindən bir tikə də saxlamaram...

- Oğlu qayıdanda qoyunu kəsmədi, hə? - Valeh özündənrazılıqla soruşdu. Yəni sənin söhbətinin sonluğu mənim üçün bir stəkan sudu...

- Yox, oğlu gələndə kişi odnan-suyun arasında qalmışdı. O qoyundan erkəkli-toğlulu qarışıq altısı da törəmişdi. Kənd yerində də hamı bir-birinə gözdü. Ələlxüsus haqq-hesabın gözəgörünməzlə ola, day qaçacaq yer tapmazsan - qəsdən söhbəti kəsib soruşdum - Çay içirsən, ya kofe?

Tələsik dedi:

- Çay...

Mən mətbəxə gedib çay gətirdim. Bilirdim ki, belə əhvalatlara xüsusi marağı var. Siqareti külqabına basıb xəbər aldı:

- Noldu bəs o kişinin işi?

- Hansı kişinin? – divanda oturub dediklərimi unutmuş təki çiyinlərimi çəkdim.

- Oğlunun gəlişinə qoyun qurban deyənin...

- Heç nə. Həmin qoyunu kəsib yarısını apardı molla Əhmədə. Düşdü mollanın ayaqlarına ki, qurban olum, dərdimə əlac elə. Güzaran ağırlaşıb, altı heyvanı göz qırpımında kəsməyi nə Allah mənə bağışlayar, nə də arvad-uşaq. Elə elə ki, həm elin töhmətindən qurtulum, həm Tanrının qəzəbindən. Yaxşı ki, oğlum başıbatmış bir-iki il də gec qayıtmayıb...

Molla Əhməd arif adamdı, kənddə hörmət-izzət sahibiydi – kişiyə acıqlanıb ki, balana qarğış eləmə, Allaha acıq gedər. O ki qaldı qurban məsələsinə, elə bu qoyunu da nahaq kəsmisən. Məğlub əsgərin ayağının altında qurban kəsməzlər. Beləcə kişi o biri qoyunlarına amnistiya verildiyini eşidib, nağıl diliylə desək, şad-xürrəm çıxıb gedib.

- Sənin molla Əhmədin kəlləli adammış, - Valeh çaydan bir qurtum alıb stəkanı nəlbəkiyə qoydu .– Bu variant heç mənim ağlıma gəlmirdi.

- Sən özündən ağıllılara kəlləli adam deyirsən. Yaxşı nümunədi, - deyib soruşdum. – Sən haçansa qurban-zad demisən?

- Nə bilim e, - gözlərini ovuşdurub tənbəl-tənbəl əsnədi. – Tələbə vaxtı əhd eləmişdim ki, sevdiyim qızla evlənsəm, hər gecə yerimdən durub sübhəcən ona tamaşa eləyəcəm. Duyuq düşüb qəsdən özünü yuxuluğa vuran gecəyəcən beləcə açacaqdım səhəri...

Gülməyimi güclə saxlayıb soruşdum:

- Neçə gecə oyaq qaldın?

Vecsiz-vecsiz əlini yellədi:

- Heç neçə... Aramız yaxşı idi. Demə, dostumda gözü olduğuna görə mənnən cici-bacıymış. Onlar evləndi. Mən də qızın acığına onun rəfiqəsini aldım. Amma gərək mən evlənməyəydim. Subaylıq sultanlıqdı...

Araya sükut çökdü. Divarın o tərəfindən də səs gəlmirdi.

Valeh yerində qurcalandı:

- Çıxaq gəzişək bəlkə?

- Yox, - dedim, - soyuqdu...

Ayağa qalxdı:

- Onda mən getdim...

- Bəs çay? – mən də durdum.

- İçmirəm, - dedi və sağollaşıb getdi.

...Üç aydan sonra qonşumun əkizləri dünyaya gəldi. Bir oğlu oldu, bir qızı...

1998

# 2825 dəfə oxunub

Oxşar xəbərlər

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər