Məni sevərsənmi sən, qız, toyundan sonra da?

Məni sevərsənmi sən, qız, toyundan sonra da?
20 avqust 2013
# 10:02

Kulis.Az şair Mətləb Ağanın şeirlərini təqdim edir.

***

Sənə bir söz deyəcəm;

bir az keçsin aradan...

bir qış gəlsin, üşüyək,

bir yaz keçsin aradan...

bir payız da darıxaq,

tərləyək bir yayı da...

onsuz da çoxdan keçib

ömrümüzün hayı da...

bircə vayımız qalıb

oturub ağlamağa;

bir gün “salam-əleyküm,

buyur öl, Mətləb Ağa...”

bilsən, bir kənara yaz,

bu həyat nəyin nəsi?

daha nəyinə lazım

o qızın xatirəsi...

budur, bu da illərin

qırışları üzündə...

hər güzgüyə baxanda

yorulursan özündən...

...sənə bir söz deyərdim,

bir baxdım, unutmuşam...

mən o sözü sən demə,

nə vaxtdı unutmuşam...

2013

***

Biri var bu şəhərdə;

desəm, sən tanıyarsan...

üzündən, nəfəsindən,

səsindən tanıyarsan...

səhər-axşam nə etsən,

onun üçün edərsən...

hara getsən hər dəfə,

o get deyər, gedərsən...

onun üçün sevmisən,

onun üçün nifrətin...

onun dediyi olur,

yalanın, həqiqətin...

gizlədərsən özündən,

onu tanıdığını;

ona yedirtsən belə

gözlərinin yağını...

...bir gecələr yatanda

tək arzuna çatarsan;

keçib güzgü önündə

ona baxıb yatarsan...

2013

***

Hər şey bir yol oluncadı,

sonra öyrəşəcəksən...

qapıdan qovsalar, çıxıb

bacadan düşəcəksən...

ürəyin də öyrənəcək,

bu dünyanın dilini...

yuvasından çıxaracaq

ağıllını, dəlini...

olsaydı, bir görünərdi,

Allah nəyinə lazım...

onun yerdə bir işi yox,

o öz göyünə lazım...

...sonra durub güzgüyə bax,

baxsan, əlbət gülərsən;

qulaqların əvəzinə

qoşa buynuz görərsən...

2001

***

Səni atdım, bağışla,

budur gələn əlimdən...

ölərdim, qorxmasaydım,

bu yaşımda ölümdən...

Eh, neyləyə bilərdik

axı bu sevgimizlə...

təzəsini istəyim

Tanrıdan hansı üzlə?..

Öz əlimdi, öz yaxam,

yaxşıdı hər şey demək...

tamam unutdum səni,

indi qalır ölməmək...

1997

***

Bircə görəydim səni,

on il bundan sonra da...

məni sevərsənmi sən,

qız, toyundan sonra da?..

Xatırlayarsanmı heç,

sevgimizi gün kimi?..

öpərsənmi şəkilimi,

bir ləçəklik gül kimi?..

Ancaq yollara baxma,

gəlmək fikrindən daşın...

qarğış da elə, qorxma;

tutacaq uzaqbaşı...

Beşik yırğalayarsan,

eh, toyundan sonra da...

məni sevərsənmi sən,

qadın, ondan sonra da?..

1997

# 3699 dəfə oxunub

Oxşar xəbərlər

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər