Güneyli solçunu içki düşkününə kim çevirdi?

Güneyli solçunu içki düşkününə kim çevirdi?
8 sentyabr 2012
# 08:00

Bu günlərdə bir məclisdə söhbət İrandan düşdü. Məclis iştirakçılarından biri, gənc xanım atasının güneyli olduğundan danışdı. Dostlarımızdan biri xanımdan atasının hansı axında gəldiyini soruşdu. Məlum oldu ki 80-ci illərin sonunda.

Demək bu güneyli soydaşımız solçu imiş. Doğrudur o vaxtlar daha çox millətçilər gəlirdi, çünki burada millətçi ideyaların inkişafı üçün münbit şərait vardı – necə deyərlər “dəmir pərdə” qalxırdı, əhali arasında istiqlalla bağlı ideyalar populyar idi və s. Amma İrandan SSRİ-yə gələnlər arasında düşüncəsinə sol romantika hakim kəsilən gənclər də vardı. Bizim bu məclisdəki xanımın atası da onlardan biri imiş.

Təsəvvür edin – güneyli (səhv etmirəmsə ərdəbilli), solçu bir gənc sosializmin hakim olduğu, amma artıq çökməkdə olan imperiyaya gəlir.

Doğrudur, o burada hələ ki xarabalıqla qarşılaşmır, amma bir neçə il sonra tarixə qovuşacaq bir ölkədə həyatın asan, insanların gələcəyə ümidlə baxaraq yaşaması inandırıcı deyil.

Burada bir haşiyə çıxaq ki sol ideyalar İran, xüsusilə də Güney Azərbaycan üçün o qədər də yad deyil. 20-ci əsrin əvvəllərindən başlayaraq Heydər Əmioğlu, Seyid Cəfər Pişəvəri, İrəc İsgəndəri kimi liderlərin başçılığı altında onlar İran siyasi səhnəsinin aparıcı fiqurlarından olublar.

Güneyli solçulardan 90-cı illərin sonuna qalanlarla görüşmək qismət olduğundan, onların bura nə ümidlərlə, arzularla gəldiyindən təxminən xəbərim vardı. Bu romantik gənclərin çoxu burada əsl sosialist ölkədə yaşayacaqlarını, sosialist quruculuğuna töhfə verəcəklərini düşünürdülər.

Onlar yanlışlıqları da görürdülər, amma yanlışlıqlar barədə danışacaq, problemlərin aradan qaldırılması üçün əllərindən gələni əsirgəməyəcəkdilər.

Onların arzularında kommunizm uğrunda lazım gələrsə romantik partizan-gerilla savaşına çıxmaq da vardı. Bir də təbii ki özləri kimi romantik solçu sevgili arzusunda idilər. Millət fərqi etməzdi – rus olsun, türk olsun, ya erməni...

Xalqlar dost olmalı idilər. Onların ideologiyası beynəlxalq idi - ətrafında bütün millətlərin nümayəndələrini birləşdirirdi.

Elə bizim söhbətimizin qəhrəmanı – güneyli solçu gənc də burada bir azərbaycanlı qızla tanış olur, sevir, evlənir. Evlilikdən sonra onun azərbaycanlıların cəmiyyətinə inteqrasiyası başlayır.

Qohumlar... toylar... yaslar... pul yazdırmaq... qohumlara qonaq gedib - gəlmək... ev sahibi olmaq... onun kommunal problemlərini həll etmək... iş tapmaq... sonra itirmək... sonra yenidən tapmaq...

İnteqrasiya get-gedə elə hey sürətlənir, sürətlənir...

Azərbaycanlıların mentaliteti, məişət problemləri və onun həlli yolları bizim romantik güneyli solçumuzu qara dəlik kimi öz içinə çəkir. Yəqin elə bu səbəblərdəndi ki son illərdə “Azərbaycanın ideologiya qəbiristanlığı olması” fikri çox populyarlıq qazanıb.

Uşaq olur, onu böyüt, məktəbə qoy, süpürgə pulu ver.

Dörd tərəfin qızıldişlilər, dörd tərəfin yaltaqlıq, əlqərəz biabırçılıq...

Mənə çox maraqlı gəldi bu gənc, çılğın, güneyli solçunun indiki halı. Görəsən indi nə edir? Keçmişinə baxanda nə düşünür?

Bu suallarımı əhvalatı danışan xanımdan soruşdum.

- Balaca bir obyekti var, xırda sahibkarlıqla məşğuldur.

- Hmm...

- Hə, bir də çoxlu içir...

# 2739 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #