Kulisin seçdiyi hekayələr – #bumənimhekayəm

Kulisin seçdiyi hekayələr – #bumənimhekayəm
29 dekabr 2016
# 16:30

Kulis.azın keçiridyi #bumənimhekayəm müsabiqəsinin qalbləri bu gün açıqlandı. Bildiyiniz kimi, Facebook istifadəçiləri arasında elan olunan müsabiqə elə bu sosial şəbəkənin istifadəçilərinin səsverməsi əsasında keçirildi. Bu hekayələri isə Kulis özü seçib və iki hissəylə diqqətinizə təqdim edəcək.

1. Lalə Niftəliyeva: Ədalətli kişi

Görüntünün olası içeriği: 1 kişi, ayakta, araba ve açık hava

Siqaret uzun, incə barmaqlarının arasında közərirdi. Bir qadının dodağına toxuna biləcəyi incəliklə içinə çəkdi tüstünü. "Yenə də öz işindədi"- deyə düşündüm. Biz daha çox susuruq. O danışmağı sevir, elə mən də. Lakin susuruq. Mən sevgidən, o sevgisizlikdən. Mən seyr edirəm, o isə işinə davam edir.

Əks cins kimi ilk atamla tanış oldum. Kişilərin ədalətli, dürüst, qürurlu, zəhmətkeş olduğunu öyrəndim. Və ilk səmimiyyəti də o göstərdi mənə. Bir dəfə güclü sarsıntı keçirən atam Tanrını söydü. Həmin vaxt mənə Tanrıdan qorxmaq təlqin olunduğu yaşdaydım. Atamın elə həmin an öləcəyindən o qədər qorxdum ki, onun yerinə Tanrıdan üzr istəməyə başladım. O, 18 il yaşadı. Mənim tək qalmağıma əmin olandan sonra tərk etdi məni. Ədalətli kişi idi.

2. Vüsal Oğuz: Yaxşı ki

Görüntünün olası içeriği: 1 kişi, ayakta, okyanus, çocuk, açık hava ve su

Məktəbdə işləsəm də müəllim maaşı ilə heç cür dolana bilmirdim. Güzəranımı düzəltmək məqsədi ilə üç il əvvəl kredit götürüb yanı balalı inək aldım. Düşərli heyvan oldu. Bir il sonra ikinci balanı da doğdu. Kreditin ödənişini gecikdirdiyim üçün yazağzı birinci balanı satmalı oldum. Şükür edirdim ki, yenə bir inək bir bala qalmışdı. Adamın ki gətirməyəndə gətirmir də. Bir ay bundan inəyimi canavar yedi. Hirs vurdu başıma. Atamdan qalma qoşalüləni götürüb getdim meşəyə. Nə qədər axtarsam da canavarı tapa bilmədim. Meşədən qayıdanda necə oldusa post patrul gördü. Elə ordaca basdılar məni maşına. Əli tüfəngli düz rəisin qabağına gətirdilər. Nə qədər yalvarsam da xeyri olmadı. İki gecə də şöbədə saxladılar. Tüfəngimi də əlimdən aldılar. Hələ bu harasıdır. Beş yüz manat da pul istədi rəis. Əlacım nə idi. Yoxsa cinayət işi açacaqdılar mənə.

Dünən həftə bazarında satdım dananı da. Elə indi rəisin yanından gəlirəm. Əmanəti çatdırdım. Lənətə gələsən səni canavar. İnək də getdi, dana da, hələ üstəlik atamdan qalan yadigar tüfəng də. Bayaq şöbədən çıxanda yaman əsəbi idim. İndi fikirləşirəm ki, buna da şükür. Yaxşı ki, güllələnmə vermədilər.

3. Azər Qismət: Köhnə telefon

29 azərbaycanlı “mavidən” 20-si kişi çıxdı —  Avropada yaşamağa min oyun

Anasının atılmasından sonra atasına qarşı uşaqlıqdan formalaşdırılan nifrət hissi uzaq Kamçatkada qəbrini ziyarət edəndə də azalmadı, əksinə artdı. Qocanın özü də ölümə yaxınlaşdığından bunu sonuncu borcu bilmişdi. Atasının şəkillərini Vətənə aparmaq alınmayacaqdı: maral fermasında çəkdirdiyi şəkildən savayı heç nə tapılmadı. Uzaqlaşmaq istəyəndə sahibə rus dilində çağırıb bükülü nəsə verdi. Bu, atasının köhnə telefonu idi. Atası onu heç kimə verməz, balışının altına qoyub yatarmış. Hətta bir dəfə qonşu uşaq əlindən salıb sındıranda ağlayıb. 60 il əvvəl yazılan bir mesaj gördü: “Qurban olum, sənə xəyanət etdiyimi uşaqlara demə”. “Bağışla bizi, ata” - deyə qoca için-için ağladı.

4. Səbuhi Bayramoğlu: Yağışla doğulan

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, doğa ve açık hava

Demişdilər ki, o dünyaya gələndə yağış bir həftə dayanmadan yağıb. Elə yağıb ki, evləri sel yuyub aparıb, yaxınlarından heç kim onun dünyaya gəlməsinə əməlli-başlı sevinə bilməyib.

Bir dəfə yağışlı bir gündə mağazalardan birinin şüşə vitrininin önündə ayaq saxladı. Şüşədə uzun-uzadı özünə baxıb: “Niyə mənə bu şəhər və insanları yad gəlir?” - dedi. Və elə o andaca vitrindəki əksi yoxa çıxdı, nə qədər boylandısa əksini tapa bilmədi.

...Yağışla gəlmişdi, yağışla da getdi. Heç kiminnə gəlişindən xəbəri oldu, nə də gedişindən.

5. Rüfət Əhmədzadə: Hekayəsi olmayan adam

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Mənim hekayəm yoxdur. Gözlərimi bir kapitanın ailəsində açmışam. Mayorun ailəsindən məktəbə getmişəm, polkovnik oğlu kimi məktəbi, general oğlu kimi də universiteti bitirmişəm. Sonra isə...

Əşşi, sonrası daha maraqsızdır. Məzuniyyət gecəsi dalaşıb bölməyə düşəndə atamın adını vermişəm, əsgərlikdə həmçinin... Yeni iş yerimdə də, hər kəsi mənim yox, atamın hekayəsi maraqlandırıb.

Zarafat deyil, o boyda generalın oğluyam mən... Həm də, başqa bir generalın kürəkəniyəm! Niyə? Gülməli sualdır... Belə lazım idi.

Hər şeyim var, hətta təzəlikcə parlamağa başlayan bir “ulduz” məşuqəm də... amma hekayəm yoxdur.

Kim məndən hekayə soruşsa, atamın hekayəsini danışaram.

Atam öz atasına qarşı çıxaraq, uzaq şəhərdə oxumağa getmişdi... Dörd ildə yaşadıqlarını 40 ildə danışıb qurtarmayıb. Hər günü bir hekayə... Ağlım kəsəndən hekayə eşidirəm, amma yazmıram, sadəcə yaşayıram. Arada məşuqəmlə xaricə, “ezamiyyət”ə gedirəm.

Hərdən kövrəlirəm də. Məşuqəmin beyninə yeni kliplər çəkdirmək düşəndə. Amma neynək, dözürəm...

6. Fərid Məmmədov: Beşik

Görüntünün olası içeriği: 1 kişi, çizgiler ve açık hava

Qadın beşiyi yırğalaya-yırğalaya deyirdi:

- Mənim gözəl balam, əziz balam, yat.

Sonra əyilib körpənin üzündən öpmək istəyərkən dodaqları döşəyin soyuq üzünə dəydi. Alnını nəyisə yadına salırmış kimi qırışdırdı, başını ağır-ağır qaldırdı və qəfil hıçqıraraq möhkəm səslə ağladı. Beşik boş idi.

7. Təranə Vahid: Prometey - 2

Görüntünün olası içeriği: 1 kişi, çizgiler, yakın çekim ve iç mekan

Məhlədə hamı onu “Prometey” çağırırdı. Kimin işığı sönsə, Simurq quşu kimi özünü yetirib yandırırdı...

Bir gün sahə müvəkkili başının dəstəsi ilə gəlib Promoteyi apardı, sorğu-sual olundu, bəşəri oğurluqda günahlandırıldı və sonda belə bir hökm oxundu:

Bizim eradan əvvəl od oğurladığına görə yeddi il azadlıqdan məhrum edilsin!

O gedəndən məhlədə işıq yanmır, hamı əliçıraqlı Prometeyi axtarır...

8. İslam Qasım: Ağappaq köynək

Görüntünün olası içeriği: 1 kişi, sakal

- Yadındadır, son zəng günü uşaqlara imkan vermirdin köynəyinə arzularını yazsınlar. Elə qaçırdın ki... Qışqırırdın "yox yazmayın, eləməyin".

- Yadımdadır. Heç kim yaza bilmədi.

Elə ondakı kimi, indi də utandım deyim ki, köynək mənim deyildi. Onu 1 günlük, Fuaddan almışdım. O Fuad ki, artıq 10 ildir sənin ərindir, Xəyalə.

- Amma mən yazmışdım.

-Yalan demə, köynək ağappaq qalmışdı.

- Eh, çox diqqətsiz idin onda... Sənin arxana keçib özümü köynəyinin yaxasını düzəldirmiş kimi göstərdim. Yaxasını qaldırıb yazdım, sonra yazının üstünə qatladım.

- Nə? Nə yazmışdın ki ?

- Adımızın baş hərflərini, T üstəgəl X bərabərdir ürək...

9. Gültəkin Mustafayeva: Neftçi atam

Görüntünün olası içeriği: 1 kişi, selfie, yakın çekim ve iç mekan

Mənim atam neftçidir. On-on beş gündən evə gəlir. Neft iyi gəlir. Paltarlarından, hətta nəfəsindən də. Uzaqdan neft iyi duyduğum zaman atamı düşünürdüm. Görəsən soyuqdurmu, üşümür? Dekabrın soyuq qış günü atam son dəfə gəldi evimizə. Neft qoxan atamı iyləyə-iyləyə qalmışdım. Elə istəyirdim ki, o öyrəşdiyim həmişəki qoxunu alım burnuma, çəkim ciyərlərimə... Yox ki yox. Dəniz neçə gündə "yumuşdu" atamın paltarlarını..."

10. Çinarə Ömray: Burnumu qaytar

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

Qaçqın gələndə heç nəyimiz yox idi. Yığışdığımız evin bütün əşyalarını da şəhərdə yaşayan əmim, bibimgil vermişdilər.

O zamanlar uşaq idik, mənim 6 bacımın isə 3 yaşı var idi. Bizə əşyalar verən əmimin oğlu da məndən bir neçə yaş böyük idi.

Hər bizə gələndə deyirdi:

- Bu kravat bizimdi, bu stol bizimdi, bu qab bizimdi. Bunları biz vermişik sizə.

Qorxumuzdan onla heç vaxt dalaşmırdıq ki, birdən alıb aparar. Çünki bizim olan heç nə yox idi. Yalnız yardım adyallarından başqa.

Bir gün də Rauf gəlib bacıma demişdi:

- Sənin burnun, qulağın da bizimdi. Biz vermişik onu da. Tez ol qaytar. Bacım düz 3 gün buna görə ağlamışdı. Elə inanmışdı ki. Elə mən də...

11. Hacıağa Əliyev: Minaya düşən ayaqlar

Görüntünün olası içeriği: 1 kişi, sakal ve yakın çekim

1994-cü ilin yanvar ayı idi, səhərə qədər yatmayıb minaya düşmüş Yusifovun hər iki ayağını dizdən kəsmişdim və hospitalın pəncərəsini gecə sayıqlayan əsgər qırmışdı deyə pəncərəyə kulyonka çəkirdim. Tibb bacısı Zoya səsləndi ki, Doktor əsgər Yusifov sizi çağırır. Reanimasiyaya girdim:

Hə eşidirəm Yusifov nə olub?

- “Həkim, medsestradan utanıram, qadın xeylağıdır. Bəs mənim ayaq baş barmağım qaşınır, mümkünsə qaşıyardınız.”

12. Sevil İşıq: Müharibənin uşaq sevinci...

Görüntünün olası içeriği: 1 kişi, ayakta, güneş gözlüğü ve açık hava

Müharibənin qızğın vaxtlarında dünyaya gəlmişəm. Qaçaqaç zamanı kimi sənəd deyə bir-iki kağız parçası, kimisi yeyəcək, kimisi də məni götürüb...

Nənəm deyir, qonşumuz Zahid kişi məni yük bağlaması hesab edib.

O vaxt danışırdılar ki, Zərifə xala heç nə götürə bilməyib, hətta bir ayağı qaloşsuz qaçıb. Qardaşım isə kəndin içindən keçən tankları öz gözləriylə görəcək yaşdaydı. “Siz uşaqsınız, bilməzsiniz" deyib qürrələnirdi. Ömrümdə birinci dəfəydi ki, müharibəyə sevinən görürdüm.

13. Hikmət Orhun: Mən, o və it...

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

Məktəbi bitirən il bir qızı yaman sevirdim. Adı Nübardı. Kəndimizin ən gözəl qızı, mənim ilkim idi. O məktəbin qapısında göründümü əlim-ayağım kəsilirdi. Dərslərdən də soyumuşdum. O isə nə yazdığım məktublara cavab verir, nə halımı soruşurdu.

Bir gün yaxın dostum dedi, gəl, sən onun arxasınca get, sözünü üzbəüz de. Yaxşı fikir idi, ağlıma batdı. Növbəti dərs bədən tərbiyəsi olduğundan icazə alıb evə gedəcəkdi. Siniflərindəki əlaltılarım xəbər vermişdi. Hə, o məni görməsə də, mən onun sinifdə oturduğu partaya qədər kök atmışdım.

Zəng vurulan kimi yola düzəldim. Dabanbasaraq gedirdik. Mən yaxınlaşmaq istəyəndə sürətini artırırdı. Qəfil qaçmağa başladı, mən də qaçdım. Ayaq səslərimi eşidib dayandı. Mən də yavaşıdım. Kol-kosun içindən bir it çıxıb düz mənə sarı cumdu. “Asta qaçan namərddir” - deyib qaçdım və qızı keçdim. İt məni düz evimizə qədər qovaladı.

Səhər məktəbə gələndə gördüm, dünənki söhbət uşağın-böyüyün ağzına söz olub. Nübarın gözünə baxa bilmirdim. Sinif yoldaşlarım ələ salırdı. Axırda dedim, qızı qorumaq üçün qaçdım ki, it ona dəyməsin. Bilmirəm, inandılar, ya yox, o gündən sonra səsləri kəsildi.

14. Oğuz Ayvaz: Plana düşmüş sevgili

Görüntünün olası içeriği: 1 kişi, gözlük

Payız aylarının bir günündə pəncərədən boylanırdı, mənim də gözlərim ona tuşlandı, içimdə böyük-böyük sevinclər əmələ gəlir, ürəyim tez-tez döyünürdü. Dərsdən gələn kimi pəncərələrinin qabağında gözləyirdim. Qız çıxırdı, səssiz-səmirsiz, qımışa-qımışa baxışırdıq. Anladım ki, qıza bir könüldən-min könülə vurulmuşam. 15 yaşım vardı. Saçıma “jele" vurmağa başladım. Məktub yazmağa girişdim, bacım da rəngarəng çiçəklər çəkirdi ki, qızın xoşuna gəlsin. Dərsdən çıxan gün yağışlı günlərdə, əynim-başım su içində onu gözləyirdim. “Jele” də əriyib üzümə yayılırdı, gözlərimi yandırırdı. Qızla xeyli məktublaşırdıq. Məndən xoşu gəlirdi, amma bir dəfə də olsun üz-üzə danışa bilmədik. O gün evlərinin yanından keçdim. Birdən başımı qaldıranda sevdiyim qızın binasının yox olduğunu gördüm. Böyük bir boşluq uzanıb gedirdi.

15. Nurlan Cəfəri: Ağlama, qaqaş

Görüntünün olası içeriği: 1 kişi, stadyum

- Firudin qardaşını gizlət!

- Ata, ağlayır axı erməni qapının ağzındadı, eşidəcək nə edək axı...

- Ağzını tut, sal kravatın alına gizlət orda nə bilim nəsə elə sakitləşdir onu. Mən bacıngili o tərəfdə gizlədirəm Nurlan sənə əmanət....

- ...bura evin ən təhlükəsiz yeridi qaqaş çıxma qravatın altından. Bax qaqaş, bu bir ildə oynamamışam səninlə qardaş qardaşa. Amma bax söz verirəm böyüyənə qədər oynayacam səninlə yetər ki, bu gün ağlama. Qoy qapıdakılar uzaqlaşsın doyunca oynayarıq. Ağlama qurban olum, ağlama, evə atırlar ağlama qaqaş ağlama...

P.S. Düz 26 il öncə yanvarın 25-i erməni və rus qoşunları Neftçalanı güllə baran edəndə, ermənilər qapımızı gülləyə tutanda həyatımın ən yaddaqalan hadisəsini eşitmişdim atamın dilindən...

Davamı olacaq...

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #