Yeni dövrün insanını ədəbiyyata kim gətirib?

Yeni dövrün insanını ədəbiyyata kim gətirib?
18 oktyabr 2016
# 12:28

Kulis.az İradə Musayevanın “Şərif Ağayarın bizə doğma adamları...” adlı məqaləsini təqdim edir.

(Ş.Ağayarın “Cəfər əmimin yolları” hekayəsi haqqında)

Çağdaş Azərbaycan nəsrində bizə doğma dərdlər, bizə doğma adamlar azdır. Hətta azdan da azdır... Dərd çoxdur, adam da həmçinin. Amma içində biz yoxuq...

Şərif Ağayarın romanları haqqında yazdığım məqalələrdə də bu fikri demişəm: Şərif başqa yazarlardan daha çox ona görə fərqlənir ki, yeni dövrün yeni insanını ədəbiyyata gətirib. O insan kimdir? Qarabağ müharibəsinin qaçqınıdır. Və Qarabağla bağlı başqa əsərlərdəki kimi yazıqlığın, erməniyə nifrət gücünü artırmağın göstəricisitək verilmiş status daşıyıcısı deyil təkcə. Yeni insan tipidir. Yeni sosial, ictimai-siyasi, psixoloji doğuşun simvoludur. Müharibə qəhrəmanı yox, müharibə qurbanıdır, didərgindir. Nəyi vardısa o tayda qalıb. Üst-başını axtarsan insanlıqdan başqa bəlkə bir şey tapmazsan. Həmin İnsan isə bu “insanlıq” adlı sonuncu zinətini bərk-bərk sinəsinə sıxıb qoruyur. Və Şərif adətən itkilərin zəlil etdiyi, öldükcə ölən, itirdikcə itirən birinin çadırlarda, vaqonlarda, pəyələrdə, daxmalarda get-gedə əlindən alınan həmin “İnsanlıq” adlı itkinin rəssamıdır...

“Cəfər əmimin yolları” hekayəsini həyəcanla oxudum. Hər abzasda kimsə, nəsə əriyir, sanki sürüşüb düşürdü boşluğa... Qeyri-ixtiyari əldən gedənlər, itib-batan, yoxa çıxan nə vardısa məni təsirləndirirdi. Cəfər əmi, Ziyad dədə, Mədinə bibi, Alpənah dayı, Fəridə... Bunların hamısını iki adam kimi görməyə başlamışdım. Çünki müəllif hər kəsi ikili planda canlandırırdı. Üzdə görünən və astarı, əsli, mahiyyəti... Ziyad dədə və Cəfər əmi qardaşlığındakı sevgi, mərdlik, canıyananlıq və torpaq üstə, mal-mülk yolunda bir-biri ilə küsülü olan “düşmənçilik”... Dilində Cəfəri də, Ziyadı da söyüb qarğayan “qaraqışqırıq” Mədinə və onların hər ikisinə daxilində böyük ehtiram bəsləyən, onları özünə doğmadan-doğma, əzizdən-əziz bilən və yenə ürəyiyumşaq, zavallı Mədinə... Qaçqınlığın ilk ayları idi. Cəfər əmi mal-heyvana görə kənddə qalmışdı, arvad-uşağı çıxardıb qarğu-qamış daxmada, vaqonda yerləşdirmişdi. Amma oğrular (bu dəfə ermənilər yox, yəqin ki öz oğrularımız) onları silahsız görüb bütün mal-qarasını əllərindən alır. Cəfər əmi dünyanın ən əlacsız adamına çevrilir bu hadisə nəticəsində. İki dəfə talan olunan bu insan ailə başçısıdır, bir bölük uşağı var, ölkənin “başlı başını saxlasın” adlı ictimai-iqtisadi formasiya zamanında dərdini kiməsə danışmağın belə mənası olmayacaqdı.. Cəfər əmi kanalda boğulub ölür... Yəqin ki, intihar edir. Çünki, arvadı da Ziyada əsəbiləşib çığıranda “A sənin evin yıxılsın, Cəfo uşaq-zaddı arxa düşüb boğula?!” demişdi. Adamlarda da yeni xasiyyətlər yaranır bu gözlənilməz vəziyyətlərlə üzləşdikcə... Bu adamların əsil sifətini, xasiyyətini və xarakterini balaca təhkiyəçi oğlan bilir...

O, acı-acı xatirələri ilə böyüyən balaca oğlan gözəl bilir və bizə izah etməyə çalışır ki, Cəfər əmigilin oğrular qabağını kəsib mal-qarasını əlindən alandan sonra güclü, iradəli, zəhmətkeş, 6 uşaq atası necə zəlili-xar ola bilirmiş. Evdən hara getdiyini belə anlamayan Cəfərin qulağında Mədinənin “Heyvanlarsız geri dönmə!” tapşırığı ildırım kimi şaqqıldayır. Bu şaqqıltının harayındakı od onu elə yandırıb-yaxır ki, kanalda batıb ölür, amma nisgili sönmür ki, sönmür. Bu oğlanı yandırıb-yaxır Ziyad dədəsinin sözüylə gedib silahı Cəfər əmisindən geri alması. O vaxt silahı ondan almasaydılar oğrular mal-qaranı əllərindən alanda silah köməklərinə çatardı... O, bizi inandırır ki, Ziyad dədə qardaşının kanalda boğulması həqiqətini hekayənin sonunda niyə danır... Mədinənin qardaşı Alpənahın saxta “Qarabağ şəhidi” sənədini düzəldib Cəfərin yetimlərini aclıqdan xilas etməsinə biz də pis baxası olmuruq. Cəfər əminin, onun sevimli, balaca, xəstə qızı Fəridənin ölümü də, Ziyad Dədənin mənəvi-psixoloji təslimçiliyi də, yaşamaq və Cəfər əminin yetimlərini yaşatmaq uğrunda fərasətlilik göstərib dövlətdən, yardım cəmiyyətlərindən kömək alan bacı-qardaşın (Mədinə və Alpənahın) miskincəsinə mücadiləsini belə qəhrəmanlıq mübarizəsi kimi qəbul etməli oluruq.

İnsanlar elə əlacsız duruma salınır ki, dəryada üzməyi bacaranlar göldə boğulub ölürlər... Cəfər əmi, Ziyad dədə kimi... Hər şey və hər kəs yalanla üz-üzə dayanıb. Yalan əjdaha kimi hər şeyi udur gözümüz qarşısında. Amma qəribədir ki, heç kimə “yalançı” deməyə adamın dili gəlmir. Eynən hazırkı həyatımızda olduğu kimi. Yalanlara and içə-içə həqiqətdən danışırıq. Elə bir cəmiyyətdə və zamanda yaşayırıq ki, yalanın üzündən pərdəni qaldırmağa utanırıq. Bilirik ki, o pərdənin altından yenə özümüz çıxacağıq... Şərifin qəhrəmanlarının məişətini, maddi-sosial vəziyyətini, cəmiyyətdə yaşaya-yaşaya tənhalaşması prosesinin səbəblərini aydınlaşdıra-aydınlaşdıra gedib çıxırıq daha böyük dairələrə, cəmiyyətlərə, quruluş və quruplaşmalara... Və Şərifin yazıçı təfəkkürü, analitik yozumları, şərhləri, ümumiləşdirmələri bədii situasiyada mövcud ictimai-siyasi mənzərəni ustalıqla əks etdirə bilir. Bizim yazarların böyük əksəriyyəti adətən əsərlərində hazır “tənha insan”, hazır “kədər”, “nisgil”, “qorxaq” və s. obrazlarından istifadə edirlər. Yəni əsəri oxumağa başlayanda qarşımıza birbaşa ya mənfi, ya da müsbət qəhrəman çıxır. Şərif isə insanın xasiyyət, xislət və ovqatının, durumunun, insani mövqeyinin necə və niyə, hansı səbəblərdən dəyişilməsi prosesini səbir və dəqiqliklə çözür. Məsələn, hekayəni oxuyun və diqqətlə Cəfər əminin niyə kanalda boğulması, intihar etməsi həddinə qədər gəlib çıxmasının subyektiv yox, obyektiv səbəblərini biləcəksiniz...

Ziyad dədə iki ay qardaşının axtarışına çıxır. Onun kanalda boğulması həqiqətdir. Amma bunu hamı bilsə də bu ölüm “sərfəsiz” olduğu üçün (Fəridənin inamını öldürmək olmaz, ona demək lazımdır ki, ata qayıdacaq. Alpənahı İcranın yanında xəcalətli eləmək olmaz. O, deyib ki, yeznəsi qarabağ şəhididir və ona sənəd düzəldir ki, yetimlər qəpik-quruş alsın və s.) haray-həşirlə həmin bəd xəbəri “basdırırlar”, Ziyadı da susmağa və gətirdiyi acı xəbəri təkzib etməyə məcbur edirlər. Və maraqlıdır ki, ailəsi Cəfərin ölümünü təkzib edə-edə həm də ona ölüm kağızı düzəltməkdə davam edir.

Hekayədə qəribə, ziddiyyətli, kontrastlı hadisələr və psixologiyalar var. Dərd insanları çaşdırıb və ya çaşqınlıq insanları dərdlə qol-boyun edib. Kim kimə nə dediyinin belə fərqində deyil, sanki: “Səhər tezdən Mədinə bibim daxmamızın qabağını kəsdirib qışqıra-qışqıra danışmağa, bizə tərəf dəlilər kimi oynamağa başladı. Oynadı-oynadı, sonra əlini Ziyad dədəmə sarı qəribə şəkildə yellədərək dedi:

"A sənin evin yıxılsın, Cəfo uşaq-zaddı arxa düşüb boğula?! Ay binamus, bəlkə özün itəliyib salmısan kanala?! Kənddə yerini-yurdunu əlindən aldın, indi də fürsət düşdü canına qıydın!”

İlahi! Ziyad dədəm çıraq kimi söndü elə bil. Gözlərini divara zilləyib lam qaldı. Bəlkə bu an adam yox, it, pişik, siçan, hətta dozanqurdu olmağa razı idi, təki Mədinə bibimdən belə sözlər eşitməyəydi. Mən də neyləyəcəyimi bilmədim. Ürəyim qulaqlarımın içində döyünürdü, heç nə eşitmirəm.

Arvadlar tökülüşüb gəldilər. Heç kim Mədinə bibimi tuta bilmirdi. Ziyad dədəmi elə söyüb yamanlayırdı ki, elə bil bütün baş verənlərin baiskarı o idi.

Alpənah dayı əlində ağac özünü yetirib bacısının şirin ətinə bir-ikisini çəkdi, saçlarından tutub vaqona tərəf dartdı. Sonra özü gəldi daxmamızın qabağına. Dədəm elə bil sal daş idi. Heç nə eşitmir, heç nə görmür, heç nə hiss etmirdi. Anamsa bir küncdə oturub astadan ağlayırdı.

Alpənah dayı: "Ziyad, sənin də zayın çıxdı eee... deyirəm! A kişi, biz burda icra nümayəndəsinə yalvar-yaxar eləyirik ki, Cəfoya şəhidlik kağızı alaq, sən də gəlib deyirsən, budu burda, burnumuzun ucunda kanala yıxılıb. Sən allah utanmırsan heç?”

Amma hekayənin sonunda balaca Fəridə ölümlə çarpışanda Mədinənin köməyə səslədiyi ilk adam Ziyad olur...

Şərif Ağayarın mətnlərində təsvir, situasiya, hadisənin prosesi o qədər canlı və real, doğma, tanış cizgiləri ilə əks olunur ki, oxucu özünü həmin məkanda və həmin insanların arasında hiss edir. Məsələn, aşağıdakı sitata diqqət edin. Mədinənin əlindəki süpürgənin işarətləri dil olub dillənir. Əşyalar danışır onun mətnlərində çox zaman:

“İnəklərimi onun-bunun umuduna qoyub atdana-atdana nəyə gəlmisən, ədə?!” – Mədinə bibim əlində süpürgə qamış daxmanın qapısında müntəzir dayanmışdı – “Yelli gədiyin qaçaq-quldurunamı verdin mənim xınalı inəklərimi? Yoxsa satıb xərclədin? Altı uşaq aranın düzündə nə yeyib-içəcək?!” – süpürgənin ucuyla xırda uşaqlarını göstərdi... Aman hey! Mallarım getdi! Balalarım acından qırılacaq!” – Mədinə bibim dizlərinə necə çırpdısa üstündən toz qalxdı. Çırpdı və ağladı. Uşaqlar böyümüş gözlərlə böyüklərin sifətinə baxırdılar. Cəfər əmim keyimişdi. Bir yandan qızdırma, bir yandan yorğunluq, bir yandan yaşadığı qorxu və dəhşət, bir yandan da öz halal heyvanlarını oğrulara vermənin xəcaləti... Üstəlik Mədinə bibimin təlaş içindəki hayqırtıları... Tamam çaşmışdı. Əvvəlki şən-şux kişidən əsər-əlamət qalmamışdı. Rəngi avazımış, gözləri böyümüş, ovurdları batmışdı. Alpənah dayı yerində qurcuxub bacısına təpindi: "Sənin də bayquşluğun tutmasın!” - bir az ara verib səsinə həlimlik qatdı: "Cəfo, – Cəfər əmimi belə çağırırdılar – adam kimi denən görək noolub?”

"Silahsız idik, qorxduq” – başını aşağı saldı.”

Cəfər əmini insanlar, qohum qardaşının tənəsi öldürür, əslində. Mal-qaranı oğrulara təslim etdiyinə görə az qala “vətən xaini” elan etmişdilər onu. Mədinə-"Səni dişlərimlə didəcəm!” Alpənah–"Qeyrətsiz!” Ziyad kişi – "Məni eşidib vaxtında kənddən çıxsaydı belə olmazdı” – demişdi. Heç kəs onu anlamaq, özünü onun yerinə qoymaq istəməmişdi. Təkcə balaca təhkiyəçimiz -"Allah, Cəfər əmimə kömək elə” – deyə, Allaha yalvarmışdı ürəyində. Cəfər əminin ölümü hamını yandırır. Hamını düşündürür və peşman edir.

Hamı onun öldüyünü bilir, amma həsrətlə qayıdışını gözləyir: ”Təkcə mənə yox, Mədinə bibimə də, Fəridəyə də, o biri uşaqlara da, anama da, hətta yataqdakı başqa qohumlara da elə gəlirdi ki, Cəfər əmim qayıdıb gəlsə hər şey qaydasına düşəcək. Fəridə sağalacaq, istilər azalacaq, yoxsulluq bitəcək, işıqlar yanacaq, su bol olacaq, heyvanlarımız qızdırıb ölməyəcək”...

Cəfər əmini erməni öldürmədi kəndində, oğrular da öldürmədi mal-qarasını əlindən alanda, əzizləri, doğmaları öldürdü... Amma onlara daha çox yazığımız gəlir və onların aqressiyasına, qaraqışqırığına da haqq qazandırırıq bu situasiyada. Ailənin ölüm-qalım mübarizəsi günlərində yaşamaq üçün yeganə çıxış yolunu inək, qoyun sürüsünün varlığında görən ailə mənəvi–psixoloji yanaşma incəliklərini çözmək durumundan çox uzaq idi...

Bəli, amma fikir və mühakimə hüdudu Cəfər əminin ölümünün səbəblərini təkcə ailə çərçivəsində nöqtələmir, bu ölümün və ölümlərin kökü çox-çox dərinlərə gedir...

16.10.16

# 1191 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #