Seymurun arxaik mühazirələri və Cəfər əmisi

Seymurun arxaik mühazirələri və Cəfər əmisi
23 fevral 2016
# 13:15

Seymur Baycanın “Sevda Sultanova və Nitsşe” məqaləsi çapa gedəndən sonra məni yaxından tanımayan adamlar vaxtaşırı aşağıdakı sualı ünvanlayır: “Yazılanlar doğrudurmu?”

Mətndə nəyin həqiqət, nəyin müəllif uydurması olduğunu izah eləməklə sevgili Seymurun adıçəkilən yazısına kölgə salmaq istəmirəm. Bir şeyi mütləq deyim ki, əgər Nitsşe-Seymur (əminəm ki, Seymur burda Nitsşeni öz alter eqosu kimi nəzərdə tutub) və Şaxta Baba seçimi qarşısında qalsaydım, tərəddüd eləmədən sonuncunu seçərdim. Çünki Seymurun pedant və darıxdırıcı maarifçi söhbətləri, “Qadın necə olmalıdır?” tipli arxaik mühazirələri ilə çərləməkdənsə, iddiasız Şaxta Babanın bəsit nağılları ilə ömür çürütmək ürəyimcə olardı.

Bununla belə bir sıra məsələlərdə Seymurun yanındayam. Məsələn, onun Bəxtiyar Vahabzadə ilə bağlı ictimai müzakirələrə səbəb verən mövqeyini bölüşürəm. Və ümumiyyətlə, istənilən adamdan, hətta o dahidirsə belə, büt, toxunulmaz insan düzəltməyin əleyhinəyəm.

Yazımın əsas məqsədi isə Seymurun bir neçə hekayəsindən danışmaqdır.

Təzəlikcə Seymurun “Evdən siçovul çıxaran” hekayəsini oxudum. Hekayə haqda bir tənqidçi fikrinə belə rastlamadım. Təəccübləndim ki, niyə bu maraqlı, nəsrimiz üçün ənənəvi olmayan hekayə diqqətdən kənarda qalıb.

Seymurun digər bədii mətnlərində olduğu kimi hekayənin dili lakonikdir, sadədir, cümlələr qısa, konkretdir, mövzuya giriş birbaşadır. Qeyd elədiyim cəhətlərin heç biri hekayəsinin bədii dəyərini, bədii enerjisini aşağı salmır, onu publisistikləşdirmir.

Müəllif artıq əvvəldə “Hər dəfə 22:00-dan tez evə gedəndə xoşagəlməz mənzərəylə rastlaşıram, nəsə axmaq bir hadisə baş verir” müqəddiməsi ilə əhvalatın gedişatında nəsə irrasional vəziyyətin baş tutacağına eyham vursa da mənə elə gəldi ki, adi, reallığı olduğu kimi təsvir edən hekayə oxuyacam.

Beləcə müəllif adi, gündəlik əhvalatın nəqlinə başlayır. Və ənənəvi, realist hekayənin finalına yaxın iki “şirvana” siçovul çıxaran qadının peyda olması ilə əhvalat janrını dəyişməyə doğru yönəlir.

Siçovulun gəmirici statusundan çıxaraq vizual yox, formaca yox, məzmunca adamlaşması, dil açıb danışması hekayənin ən dramatik vəziyyəti, ədəbi realizmin sınma nöqtəsidir. Məhz burda müəllif siçovulu alçalmış, miskin ziyalı obrazına çevirməklə realizmdən fantasmaqoriyaya keçir. Fantamaqorik janra keçid qəfil baş vermir, əksinə, dramaturji strukturda tamamilə orqanikləşir.

Ümumiyyətlə, Seymur bizə müxtəlif bədii əsərlərində anormallıqları, həyatın normallığı, zərurəti kimi təqdim edir. Məsələn, “Ana ürəyi” romanında qəhrəmanın anasının ürəyini yeməsini də, “Akademiklə professorun davası” hekayəsində professorun pencəyinin cibindən elektrik çayniki çıxarıb akademikin başına çırpmasını da gündəlik davranış səviyyəsində təqdim edir. Bəlkə də başqa müəllifin qələmində bu, mətndən qopuq təəssüratı buraxardı.

Bəs Seymur buna necə nail olur? Məncə, məsələ, hər şeydən əvvəl Seymurun təmkinli, soyuqqanlı nəqlçiliyində və bu detalların onun beynində, təsəvvüründə qurama, düşünülmüş yox, daha çox təbii şəkildə, assosiativ canlanmasında, reallıqdan absurd vəziyyətə, fantasmaqorik mühitə yumşaq şəkildə keçməsində, mətn boyu “başqa cür ola da bilməz” alt mesajlarını təlqin eləməsindədir.

Siçovul-ziyalı metamorfozasında müəllifin zərrə qədər də ironiyası, nifrəti yoxdur. Əksinə o personajına mərhəmətlə yanaşır.

Qan qusan, əşya, xalça gəmirən, yazıq, aciz siçovul bizim ziyalı obrazının, onun sosial funksiyasının sıfırda olmasının uğurlu bədii həllidir. Situasiyanın faciəviliyini göstərmək üçün Seymura çox söz yox, məhz bir effektiv vəziyyət kifayət edir. Elə bir effektiv bədii vəziyyət ki, publisistikadan əziyyət çəkən ədəbiyyatımıza o, hava-su kimi lazımdır.

Seymurun digər “Cəfər müəllim” hekayəsi özündə Əkrəm Əylislinin “Güllü paltar mövsümü” ilə Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ının pafosunu daşıyır.

Cəfər müəllim prinsipiallığı, mövqeyi, xarakteri, davranışı ilə Canəli müəllimin şinelindən çıxıb.

Qan Turalı “Seymurun iki ciddi problemi” məqaləsində hekayə ilə bağlı yazır: “Hekayə Cəfər müəllimin saatının dayanması ilə başlayır. Lakin bu kiçik hekayə davam etdikcə saat yoxa çıxır və sona qədər də saat unudulur. Axı belə də olmaz. Nəsrin qaydası var. O saatı hekayədəki funksiyası nədən ibarətdir?”

M.Antonioni “ Peşəsi reportyordur” filmi haqda deyir: “Kamera ilk dəfə idi ki, tez-tez personajı kadr arxasında saxlayır, onu tərk edir, personajların hardan getməsi və ya harda peyda olmalı olduğu yerləri göstərirdi. Qəhrəmanı əhatə edən peyzajı, mühiti çəkmək vacibdir. Arabir film üçün qəhrəmanı göstərməkdən bu daha mühümdür. Ona görə də mən bəzən özümə izn verirəm ki, o insanları “unudum” və reallığı qəhrəmanlara göründüyü kimi fiksə etməyə cəhd edim”.

Bu mənada Seymurun saatı “unutmasını” bilərəkdən, hətta ola bilsin, bilməyərəkdən qaydaların pozulması kimi də qəbul etmək olar.

Əvvəldə hekayənin mərkəzində dayanan saat obrazı tədricən funksionallığını itirir, sadəcə qəhrəmanın fikirlərinin, narahatlıqlarının ifadəsində vasitəyə çevrilir. Saatın ardınca, “alabaşın” da Cəfər müəllimin həyatından “yoxa” çıxmasının məqsədi aydın izah olunur:

“Onun keçmişinə, uşaqlığına , yeniyetməliyinə, gəncliyinə mənsub maşınlar, əşyalar, məkanlar belə, bir-bir yoxa çıxırdılar. Bu əşyalar, məkanlar, maşınlar yoxa çıxdıqca keçmişi xatırlamaq da çətinləşirdi”.

Sitat gətirdiyim abzas, qəhrəmanın digər daha vacib əndişələrini ortaya çıxarır. Və bu, Cəfər müəllimin, müəllifin saatı unutmasını, hekayədən itməsini zəruri edir. Sonrakı vəziyyət marketdəki əhvalat, satıcının imkansız qadını oğurluqda ittihamı - onun Cəfər müəllimə təsiri, cəmiyyətin əxlaqi problemlərini hekayənin əsas motivinə çevirir, üstəlik, “saat” obrazının funksiyası əhvalatı da elə bu motivə gətirmək kimi görünür.

“Cəfər müəllim bütün günü marketdə baş vermiş hadisə haqqında düşündü. Niyə adamlar belə qəddarlaşdılar? Bəlkə onlar əvvəllər də belə idilər. Cəfər müəllim əvvəlki vaxtlarla indiki vaxtları müqayisə edir, adamları, müxtəlif cür hadisələri xatırlayır və bu suala cavab tapmağa çalışırdı. Adamlar doğrudan dəyişiblər, yoxsa onlar həmişə belə olublar?” Seymurun yozumunda Cəfər müəllimin gündəlik qayğısından (məsələn, saatın itməsindən) qlobal qayğılarla yüklənməsi təbii baş verir, onun sualları ritorik görünmür, əksinə, mütəəssir edir.

Finalda Cəfər müəllimin övladlarına ibrətamiz hekayə danışması ilə əhvalat S.S.Axundovun “Qorxulu nağıları”nın (burda Hacı Səməd övladlarını başına yığıb ibrətamiz əhvalat danışma intonasiyası Cəfər müəllimin intonasiyası ilə eynidir) pafosuna keçir.

Seymurun publisistik-maarifçi yazılarının daimi oxucusu olmasam da, onu bir qisim adam yazıçı kimi qəbul eləməsə də (və mən bu fikirlə qətiyyən razı deyiləm), bu hekayələri ilə bir daha təsdiq elədi ki, ondan sürprizlər gözləmək lazımdır.

# 2084 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #