Yaxşı ki varsınız - hava kimi, su kimi...

Yaxşı ki varsınız -  hava kimi, su kimi...
1 may 2013
# 10:05

Nüşabə Hüseynli

Həyatımızdan nə qədər insan keçir... Başqalarını deyə bilmərəm, mənim həyatımdan keçən insanların sayını ifadə etmək üçün “onlarla” kəlməsi darlıq edir, “yüzlərlə” sözünü işlətməliyəm. Mən bilmirəm onların yüzlərlə olmağı yaxşıdır, ya pisdir. Bu barədə vaxt eləyib fikirləşməmişəm, amma intuitiv hiss edirəm ki, burda yaxşının payı daha çoxdur. Hərçənd, o yüzlərin arasında yaxşısı da olub, pisi də. Yolu yolumdan keçənlərin hər biri yadımdadır, hər birinin öz yeri var, hər birinə ayrıca münasibətim var. Aktiv jurnalistika ilə məşğul olduğum illərin ən maraqsız müsahibi də, illər bundan əvvəl dərs dediyim ən boz tələbə də yadımdadır. Öz aramızdır, hərdən onlar mənə ağırlıq edir.

Amma elə insanlar var ki, onlarla ildə-ayda bir dəfə görüşsən də, səsini eşitməsən də heç vaxt arxivləşdirə bilmirsən. Onları yada salmağa, xatırlamağa, belə deyək, gündəminə gətirməyə heç ehtiyac da olmur – çün onlar hər zaman sənin yanındadır, fikrində, xəyalındadır. Və həmin adam bəlkə də özü də hiss etmədən bu həyatı səninlə şərik yaşayır.

17 ildir tanıyıram onu. Qəmbər müəllim onu bizə təqdim edəndə, daha doğrusu, bizi ona, dedi ki, bu adam hər şeyi bilir, dünyanın bütün elmlərindən xəbərdardır, onu sıxın, əldən buraxmayın, nəyi varsa öyrənin ondan.

Mən bilmirəm biz buna nə dərəcədə əməl etdik, amma öyrəndiyimiz çox şey oldu. O, bizə özü də bilmədən bu həyatda çox şeyin formulunu verdi. Mənimçün ən başlıcası: meyarları göstərdi. Yaşamağın nəzəriyyəsini də ondan öyrəndim. Hərçənd, praktikada bu nəzəriyyədən kənarda gördüyüm məqamlar da oldu. Amma həmin vəziyyətdə belə özümü sadəcə, pis şagird olmaqda suçladım...

Həyatımın hansı səhifəsini çevirirəmsə, o ordadır. Hər zaman tək və yenə də tək özümün sandığım və heç bir halda kimsənin müdaxiləsinə yol vermədən yaşadığım həyatın hər səhifəsində ondan nəsə var. Hər insanın həyatında beləsi ya bir olar, ya iki.

Onun barəsində bir neçə dəfə yazmaq istəmişəm, amma alınmayıb. İndi də yazdıqca görürəm ki, yazmaq istədiklərimlə yazdığım arasında dənizlə damla qədər fərq var. İndi bilmirəm bunun günahını sizdə axtarım, yoxsa özümdə, Məsiağa müəllim...

Yaxşı ki varsınız - hava kimi, su kimi...

# 5195 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər