Ramiz Rövşənin fikirləri narazılıq yaratdı

Ramiz Rövşənin fikirləri narazılıq yaratdı
8 iyun 2015
# 16:59

Bu günlərdə Bakıda nüfuzlu bir şəxsin toy məclisində tanınmış şair Ramiz Rövşən poeziyanın son durumundan gileylənərək belə bir ifadə işlətdi: “Son 30 ildə nəinki Azərbaycan, hətta dünya ədəbiyyatında şair yetişməyib”.

Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdən olan Ramiz Rövşənin bu fikri cəmiyyətdə müzakirələrə səbəb olub. Bəziləri şairin fikri ilə razılaşaraq hazırda Azərbaycan poeziyasının öz böhran vəziyyətini yaşadığını, bəziləri isə bu gün də istedadlı gənc şairlərin yetişdiyini bildiriblər.

Tənqidçi Əsəd Cahangir bu barədə “Yeni Müsavat”a danışaraq Ramiz Rövşənin fikrində həqiqət olduğunu deyib:

“1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinin qurultayında görkəmli yazıçımız Kamal Abdulla məruzə edərək son fikirlərini bu sözlərlə bitirdi: “Bu gün tənqid haqqında sonuncu məruzə gedir. Tənqid artıq yoxdur...” Gördüyünüz kimi, tənqid və eləcə də ədəbiyyatımız bu gün də inkişaf edir. Hazırda ədəbiyyatımız öz inkişafının yeni mərhələsinə daxil olur.

Bu mənada Ramiz müəllimin fikrində bəzi həqiqətlər var. Belə ki, poeziyanın müəyyən bir mərhələsi artıq bitmək üzrədir. Ramiz Rövşənin görmək istədiyi, sevdiyi poeziya, şair artıq yoxdur. Amma bu ümumiyyətlə şeirin, poeziyanın yox olduğuna dəlalət etmir. Bunun fəssəfi əsasında bir məqam var: “Dünyanın başlanğıcında nə yaranıbsa o əbədiyyətə qədər davam edəcək. Yaradılan heç nə itmir, yox olmur. Yalnız bir haldan başqa hala çevrilir”. Eləcə də poeziya itib-bata bilməz.

Poeziya bu gün başqa halına çevrilib və Ramiz Rövşən sadəcə bunu qəbul edə bilmir. Onun da bu mövqeyinə təbii yanaşmaq lazımdır.

Lakin unutmaq olmaz ki, poeziyanın heç vaxt “təkəri” yerində dayanmır, o daima fırlanır. Bizim də bircə əlacımız qalıb ki, hər dəfə dəyişən formaları dərk edək”.

Tənqidçi poeziyanın öz böhran dövrünü yaşadığını da qeyd etdi:

“Təkcə Azərbaycan deyil, dünya ədəbiyyatında da poeziya öz böhran vəziyyətini yaşayır. Çünki poeziya daha çox romantik duyğularla bağlıdır. Lakin müasir dünya daha çox texnikidir, duyğusallıqdan uzaqdır. Diqqət etsəz görəsiz ki, dünya ədəbiyyatında da aparıcı janr poeziya deyil. Artıq aparıcı janr roman, nəsrdir.

Müasir gənc şairlərimizin çoxu yaradıcılığa şeirlə başlasalar da sonradan onlar kütləvi şəkildə romana keçməyə başladılar. Yaza bilən də, bilməyən də bu gün roman yazır. Çünki şeir janrının əvvəlki kimi oxucusu çox deyil, hətta deyərdim, həddindən ziyadə azdır.

Müasir poeziya yaşamaq üçün özünü nəsrə uyğunlaşdırmaq zorundadır. Məsələn, sərbəst şeir daha çox oxunur, çünki nəsrə daha yaxındır”.

Əsəd Cahangir poeziyaya gətirilən vulqar sözlərdən də danışıb:

“Gənclər şeirə açıq-saçıq, vulqar sözlər gətirirlər. Hazırda poeziya göylərdən yerə enib...”

Şair, tərcüməçi Səlim Babulloğlu Ramiz Rövşənin fikrini əsassız sayıb: “Azərbaycanda son 10 ildə dünya çapında hadisə sayıla biləcək şeirlər yazılıb. Olur ki, yazıçılar uzun müddət şeir və əsələr yazır, lakin zamanında oxucular tərəfindən qəbil edilə bilmir. Ancaq vaxt keçdikcə həmin yazıçının əsərlərinin dəyəri bilinməyə başlayır. Ədəbiyyatda belə faktlar çoxdur.

Dünya ədəbiyyatında da çox görkəmli şair və yazıçılar var. Bu yeniliklərə tanış olub sonra fikir demək lazımdır. Müstəqillik dönəmindən sonra son 25 ildə fəaliyyət göstərən ədəbiyyat dövrünü XX əsr ədəbiyyat kontekstində ən uğurlu, effektli dövrü hesab edirəm. Bu dövr çox uğurlu məhsuldar dövrdür. Əgər kimsə bunun əksini fikirləşirsə yanılır.

Bütövlükdə bu illərdə elə əsərlər yaradılıb ki, onlar XX əsrin əvvəllərindən bu günəcən yazılan ən gözəl əsərlərlə bir sıradadır”.

Şair Şəhriyar Del Gerani də məsələyə münasibət bildirib. O, Ramiz Rövşənin yanlış fikirdə olduğunu deyib: “Ən azı Ramiz Rövşən qədər dünya və Azərbaycan ədəbiyyatını tanıyan yazıçı da bu fikrin yanlış olduğunu təsdiqləyər. Şəxsən mənim kitablarım, yazılarım kifayət qədər oxunur. Ramiz müəllimə tövsiyəm budur ki, şeirlərimlə yaxından tanış olub sonra öz açıqlamasını bildirsin.

Azərbaycan poeziyasının son durumu mənim yaradıcılığımla bağlıdır”.

Yazıçı Qan Turalı poeziyamızın hazırkı vəziyyətindən danışıb: “Yazıçı olsam da poeziyamızın nəsrimizə görə daha çox inkişaf etdiyini düşünürəm. Deməzdim ki, son 30 ildə şair yetişməyib. Fikrimcə, Aqşin Yenisey, Qismət, Rasim Qaraca, Murad Köhnəqala, Salam Sarvan çox parlaq şairlərdir”.

Şair Aqşin Evrən Ramiz Rövşənin açıqlamasının narahatlıqdan irəli gəldiyini deyərək onun fikrinə tənqidlə yanaşıb. Onun sözlərinə görə, yaradıcı insan öz qələminin gücünə inanarsa, müasirlərini və özündən sonrakıları inkar etməz:

“Gəlin etiraf edək ki, Ramiz Rövşən poeziyasını dünyaya çıxarsaq, bizə istehza ilə yanaşarlar. Tamamilə qurma, düstur xarakterli, oxucuya zərbə effekti üçün hesablanmış ağrısız mətnlər indi dünyada bayağı hesab olunur. Mən dünya poeziyasını da oxuyuram. Adamlar bəşəri şeirlər yazırlar. Sevgi və ana mövzularında ilişib qalmayıblar.

Ramiz Rövşən dövrünün şairi idi, ötən əsr üçün çox gözəl şeirləri var. Amma ötən əsrin paltarını indi geyinsən, sənə gülərlər. Bilirsiniz, bəla özümüzdədir. Sağ olsun, Mədəniyyət Nazirliyi son vaxtlar xaricdə bizim şeirlərimizin yayımına şərait yaradır, gözəl işlər görürlər.

Amma bəzən xaricdə qoşma, gəraylı, nə bilim, bayatı, holavar-filanlarımız da nəşr olunur. Sizcə, XXI əsrin ingilis oxucusuna qoşma, gəraylı oxutsaq, bizim poeziyamız haqda nə düşünər?!

Hesab edirəm ki, Ramiz müəllimin bu açıqlaması narahatlıqdan doğur. Yaradıcı adam öz qələminin gücünə inanırsa, müasirlərini və özündən sonrakıları inkar etməz. Hazırda ən güclü poeziyalardan biri də bizim ölkəmizdə yaranır.”

# 1890 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #