Zərdüşt Şəfi: “Mən ölümə gedən adamam”

Zərdüşt Şəfi: “Mən ölümə gedən adamam”
19 noyabr 2013
# 13:39

Bu gün gənc yaşda vəfat etmiş şair Zərdüşt Şəfinin doğum günüdür. O öz ölümü ilə təkcə qələm dostlarını deyil, onu şəxsən tanımayan ədəbiyyatsevərləri də üzdü. Ədəbiyyatımız daha bir istedadlı şairindən məhrum oldu. Yaşasaydı 27 yaşı tamam olacaqdı.

Kulis.Az Zərdüşt Şəfinin şeirlərini təqdim edir. .

***

Bəlkə də səmadan düşən ulduzlar

Yerə göndərilən məhəbbətlərdir...

Bəlkə də dünyaya göz açan qızlar

Dünyanı dağıdan həqiqətlərdir...

Bəlkə də Allah da heç sevmir bizi,

Küçəyə atılmış uşaq kimiyik...

Duamız yad dildə, sözlərimiz boş,

Özünə yellənən beşik kimiyik...

Bəlkə də məktubuq, insan deyilik-

Yerinə çatmamış oxunduqmu biz?

Başdaşı üstündə min cürə adla

Eyni bir ünvana yazıldıqmı biz?

Sevdikmi doğrudan bir- birimizi,

Sevdiksə, sevməyi kimdən öyrəndik?

Biz bir nağıl kimi uydurularaq-

Dünya uşaqdımı ona söyləndik?

***

İçimdə sükutu elə boğmuşam

Səsinə qonşular haya gəlibdi...

Göydən ulduzları gül tək yığmışam-

Allah yer üzünə toya gəlibdi....

Burda bir şəhərin işıqları tək

Ümidlər tökülüb yollar uzunu...

Gecələr o işıq sətirləriylə-

Şəhərə yazıblar alın yazını...

Səni qaytarmağa gücüm yoxsa da

Hələki sevməyə gücüm qalıbdı...

Nə vaxtsa göylərdə xoşbəxt olmuşam-

Mənə nə olubsa burda olubdu....

Belə sevgi olmaz, belə ayrılıq-

Göydə mələklər də fikrə dalıbdı..

Bu yer kürəsində gördüyün dağlar-

Sənin əməlindi, səndən qalıbdı...

Şairin ölümü

Eynən qatarların vəziyyətindəyəm.

Onlarçın qandal relslərdən çölə,

azadlığa çıxmağın bircə yolu var – QƏZA!

SALAM SARVAN

Kim unudub məni yol ayrıcında-

gəlsin qucaqlasın,

gəlsin aparsın...

Bu ömrü yolundan çıxarar qəza-

gəlsin qabaqlasın,

gəlsin saxlasın...

Mən ölümə gedən adamam, adam-

yadlara doğmayam,

doğmaya yadam...

Bir göyərçin gəlib, əlimə qonub

Əlimdə bir yuva salıb göyərçin,

Uçub getməyəcək, mənim olacaq,

Sevinib, əlimdə qalıb göyərçin,

yellədə bilmərəm əlimi daha-

əllərim göyərçin yuvalarıdı-

qatarlar aparsa əzizlərimi...

Üzündə əl izim qalıbsa, gülnar,

məndə əl qalmayıb,

sil izlərimi...

Bağışla ömrümü,

uzun gecədi-

Bir say ulduzları, bax gör neçədi?

Bildir Günəşimə, səs sal Ayıma,

Bir gecə qısqanıb məni dənizə

ölüm at ömrümə-

zəhər çayıma...

Mən o gün biləcəm-

O gəlib bizə...

Mən o gün dönəcəm düz kəndimizə...

Brodskiyə...

məni unudan kəslərin

şəhərini kim tikibdi?

kim o şəhər qapısına

şerimdən cığır çəkibdi?

mələk kimi qadınların

qanadları niyə yoxu?

şeirim başdan-başa zərdi

bəs bunları kim tökübdü?

o şəhərin işğalına

bircə saatım yetər, Allah

sənsiz qalan adamların

müdafiəsi çökübdü...

# 5731 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər