Qismətə qədər məndən böyük şair yoxuydu

Qismətə qədər məndən böyük şair yoxuydu
18 oktyabr 2013
# 14:23

Kulis.Az gənc yazıçı Nahidin ““Meqapolis hüznləri” və ya solmuş xatirələr” məqaləsini təqdim edir.

Özümü kövrək hiss edirəm. Barmaqlarım klaviaturanın əlifbasını sığallayaraq döyəcləyir. Bir az da fikirliyəm. Mən kövrək və fikirli olanda, çox mətləblərin üstünü açır, özümü anlamayacaq dərəcədə səmimi oluram. Yox, səhv salmayın, bu yazı “Paranoikin gündəliyindən” deyil. Yox. Bir zamanlar çoxlarının ürəyində razılaşdığı həqiqətlərimlə ədəbiyyat camisində yer alsam da, indi elə deyil. Köşədəyəm. Cəzalı şagird kimi susqunam, əslində, qabaqlar hər kəs və hər şey məni düşündürürdüsə, indi “vecə almamaq” kimi bir hisslə dolaşıram. Nə yalan deyim, bu halla çok mutluyam.

Ədəbiyyat cameəsində ümidli-ümidsiz, istedadsız-istedadlı, pullu-pulsuz fırlanan, məkanı ucuz kafelər olan, pafoslu sözlər sevən, yalanlarla özünü aldadan insanları çox görmüşəm. Bu mənim uşaqlıqdan bəri xəyal etdiyim ədəbiyyat və mühit deyildi. Bu adamı qaranlıq quyusuna dartan bir uçurumuydu. Uçanlara içimdən türkcə “İyi uçuşlar” demək keçir.

Qismətin şeir kitabını vərəqlədikcə, hər vərəqin arasından qurumuş xatirələr düşür. “Vay be, ne günlerdi” deyirəm. Qisməti görənə qədər Azərbaycan ədəbiyyatında məndən güclü şair yox idi. Uşaqlıq və gənclik düşüncəsi, qınamayın. Yazdığım şeirləri dəfələrlə oxuyub, xəyalımda ağlamalı kliplər çəkirdim. Sevinirdim. Şair kimi tarixdə, ədəbiyyat kitabının hanısısa səhifəsində yer alacağımı düşünürdüm. Ölümsüz olacağıma inanırdım və bu, mənim üçün dünyada hər şeydən önəmliydi. “Şir”lər özündən razıdır deyirlər. Nə yalan deyim, əslində, belə xüsusiyyətim var. Məndən yaxşı şair yoxuydu axı... Qisməti görənə qədər. Onun yazdığı şeirlərə, öz yazdığım şeirlərdən daha çox doğmalıq hiss etdikcə, ömrümdə birinci dəfə kiməsə uduzacağıma hazırlaşırdım. Kadir İnanır kimi “Nayır, olamaz” deyib gündə on beş şeir yazırdım. Elə mövzular, elə sözlər tapıb çıxartmaq istəyirdim ki, Qismətin ağlına gəlməsin.

Çox vaxt mənə “Necə nasir oldun?” deyirlər. “Oldum da” deyib çoxunu yola verirəm. Ancaq niyə nasir olmaq, hekayə yazmaq istədiyimi yaxşı bilirdim. Çünki məğlubiyyət canımı acıdırdı. Özünə təsəlli vermək üçün dediyim “Müqəddəs yalanlar” belə acımı dindirmirdi. Qismətə məğlub olmağım məni intiqam hissiylə nəsrə itələdi. O zamanlar gənclik düşüncəmlə nəsr də heç kimə məğlub olmayacağıma söz verib şeir yazmağı atdım. “Çok hüzünlüydü be. Nice yazılacaq şiirlerim vardı”. Bağışlayın, ancaq mən kövrək olanda, türkcə ən can yandıran sözləri seçirəm. Gecə-gündüz nəsr kitablarında itib-batdıqca daha yaxşı, lap yaxşı yazmaq üçün beynimi olmazın dərəcəsində yorurdum. Bu da, indi hamının şikayətləndiyi yaddaşsızlığa gətirdi.

Artıq nasir olmuşdum. Daha doğrusu məni tanıdanda “gənc nasir” deyirdilər. Hekayə yazmaq bacarığımla fəxr edirdim, özümü sevirdim. Adi günlərin birində Qismət, hekayə yazdığını dedi. Ürəyim sakitiydi. Bu eynəkli “vampirin” indi də nəsrin qanını içəcəyindən çəkinmədim. Çünki hiss edirdim, ondan çox addım öndəydim. Qismət hekayə yazana qədər mən öz içimdə “Məndən yaxşı hekayə yazan olmaz” deyə bir mif yaratmışdım.. Elə bir mif ki, onu yazmaq Homerin də ağlına gəlməmişdi. Mifin adı da MYHYO idi. Qismətin yazdığı hekayə “zəif”di düşüncəmi əsaslandırdıqdan sonra, onun mənə çata bilmədiyinə sevindim.

Qismətin şeir kitabını vərəqlədikcə, hər bir şeirində mənim üzərimdə çaldığı zəfər şarkısını eşidirəm. Gülürəm. Gənclik davama, içimdəki masumiyyətə “Eyvallah arkadaş” deyirəm. Eyvallah. Yazıq Qismət, mənim mifimdən bixəbər. Bəzi məkanlarda mənim şeirlərimdən söhbət açılanda ədalət xətrinə ilk olaraq Qismətdən başlayırdım. Çünki mən ona məğlubuydum. “Kahretsin... Şiirleri güzeldi”

Qismətlə dostluq hissinə hər zaman qarşılıqsız yanaşırdım. Münasibətimizdə mənə görə, mən ondan daha yaxşı dost, o, məndən daha yaxşı yoldaş idi.

İndi böyümüşəm. Üzüm bildirməsə də, içimdə hər şeyin əsalı dolaşdığını hiss edirəm. Heç nəyə, heç bir hərəkətimə heyifsilənmirəm, ancaq o ateş var ya... O nəsrimin odlu hayqırışı indi sükut içindədi. Mifimin qəhrəmanını Prometey kimi “21 hekayə” kitabının vərəqlərinə bağlayıb unudulmağa qurban verdim. Quzğunlar yesin. Nə Axilles qurtarmağa çalışsın, nə də başqa biri.

Nə üçün bu yazını yazdığmı bilmirəm. Demişdim axı, mən kövrək və fikirli olanda özümü anlamayacaq qədər səmimi oluram. Saytlara, ədəbiyyat cameəsinə baxıram, sükutdu. Hər kəs gic-gic davalar peşində. “Meqopolis hüznləri” başlığı görsənmir. Qismətin şairliyindən danışılmalı, həvəsə gətirəcək sözlər yazılmalı. Nazim Hikməti, Markesi bir kənara qoymalı, Qismət deyilməli. “Meqopolis hüznləri”ndən yazılmalı. Yazılmalı, təbliğ edilməli ki, Fransada, Rusiyada da ədəbiyyat davasında Qismət deyilsin, ona oxşamağa çalışsınlar. Çünki o, bunu “hak etdi”. Başqa “Heç nə, heç nə”.

# 2530 dəfə oxunub

Oxşar xəbərlər

Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

09:02 10 may 2024
Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
# # #