Varlı içər kefli, kasıb içər sərxoş olar

Varlı içər kefli, kasıb içər sərxoş olar
5 iyul 2013
# 12:48

Varlı da içir, kasıb da Kulis.Az Svetlana Turanın tərcüməsində məşhur çex yazıçısı Yaroslav Qaşekin (1883-1923) hekayəsini təqdim edir.

Sosial bərabərsizlik

Darğa Nikles və anbardar Passer yoldaşlıq edirdilər. Onlar hər gecə “Tisk” pivəxanasında olurdular və onları elə ayrılmaz dost hesab edirdilər ki, kənddə baş verən bütün hoqqabazlıqları həmişə darğa Nikles və anbardar Passerin ayağına yazırdılar. Darğa Nikles anbardar Passerin xətrini çox istəyirdi, amma bəzən onların da arasından qara pişik keçirdi. Belə vaxtlarda darğa Niklesin üzündə qəmgin ifadə olardı və o nəyisə öz-özlüyündə çək-çevir edərdi.

Onlar ikisi də “Tisk” pivəxanasında oturur, birlikdə içir, sonra isə məzəli zafaratlara əl atır, dağa doğrusu, adətən, kəndin qarovulçusunu gecə vaxtı tutub arxa atırdılar. Amma bu hadisə baş verdikdən sonra kənddə hər dəfə deyirdilər: “Dünən darğa Nikles donuz kimi içmişdi, amma anbardar Passer kefli idi”.

Əslində isə onların hər ikisi eyni miqdarda pivə içirdilər, içdikləri də hər ikisinin beyninə eyni dərəcədə təsir göstərirdi. Lakin xalqın səsi dəyişməz idi: “Darğa Nikles donuz kimi içmişdi, amma anbardar Passer kefli idi”.

Darğa Nikles bu haqsızlıqdan narazı idi və hətta bir dəfə o sərxoş olmamağa çalışdı. Anbardar Passer üç parç pivə içən vaxt o yalnız birini içirdi və gecənin sonuna anbardar otuz parç pivə içmişdisə, Niklesin içdiyi parçların sayı cəmi on idi. Nikles həmin gecə hoqqabazlıq etməyə razılıq vermədi.

Sakit və fikirli Nikles cənab anbardarın qolundan yapışıb özünü çox mədəni aparırdı. Anbardar isə var gücü ilə çığırır və pivəxananın sahibi pan Tiskə söyüşlər yağdırırdı. Lakin bütün bunlara baxmayaraq, ertəsi gün Nikles eşitdi ki, camaatın keçən gecə bu iki nəfərin özünü necə aparması ilə bağlı verdiyi suala Tisk belə cavab verib:

- Bilirsiniz də, darğa Nikles yenə də donuz kimi içmişdi, amma anbardar Passer kefli idi.

Nikles başa düşürdü ki, bütün bunlara səbəb sosial bərabərsizlikdir və o heç cür cənab anbardarla ayaq-ayağa gələ bilməz. O, dəhşətli dərəcədə arzulayırdı ki, heç olmasa, bircə dəfə də desinlər:

“Hə, darğa bir az kefli idi, amma anbardar donuz kimi içmişdi”.

Ancaq onun arzusu yerinə yetmədi. Kənddə anbardarın xətrinə yenə də eyni fikri deməyə davam edirdilər. Nikles çox az içirdi, amma anbara qayıtdıqda anbardardan yenə də qəlbinə toxunan sözləri eşidirdi:

- Görürsən də, bu gün yenə kefliyəm.

Darğa Nikles başa düşdü ki, onun öz nəfsini saxlaması nahaq yerədir. O özünü içməkdən nə qədər saxlasa da, nəticədə yenə də donuz kimi içmiş, anbardar isə, sadəcə, kefli olacaqdır. Anbardarın ayaq üstə güclə yeriməsinə və darğanın onun yanında qətiyyət və əminliklə addımlamasına baxmayaraq, birinci yenə “bir az kefli”, ikinci isə “donuz kimi içmiş” idi.

Günlərin bir günü anbardarla darğa özlərini unudanacan içdilər. Darğa bununla heç nə itirməyəcəyi fikri ilə içir, anbardar isə həmişəki vecsizliklə – ona olunan hörmətə arxalanıb içirdi. Sonra isə onlar kəndin küçələrinə çıxıb forma geyinmiş tanımadıqları bir nəfəri tutdular və gölə atdılar. Bu onların həmişəki hoqqabazlığı idi və etdiklərinin əvəzi olaraq anbardar kənd qarovulçusunu hər gün pivə və siqaretə qonaq edirdi.

Deyirlər ki, heç kəs öz taleyindən qaça bilməz. Elə onlar da taledən qaça bilmədilər. Demə bu, kənd qarovulçusu deyil, öz sahəsini baxışdan keçirən, Qanunun 81-ci maddəsi ilə qorunan jandarm imiş. Rəsmi nümayəndəyə toxunan istənilən adamı isə cəza gözləyirdi.

Tezliklə hər iki zorbanı Yiçin şəhərinin dairə məhkəməsinə çağırdılar. Hər ikisi özlərinin sərxoş olduqlarını deyir və şahid qismində pivəxananın sahibini, kənd ağsaqqalını və onların hərəsinə otuz parç pivə içdiklərini görən üç kəndlini göstərirdilər.

Hamıdan əvvəl pivəxananın sahibi pan Tiski sorğu-suala tutdular:

- Yaxşı, cənab şahid, – məhkəmə sədri ona sual verdi, – Nikles sizin restoranınızı tərk etdikdə hansı vəziyyətdə idi?

- Onu deyə bilərəm ki, cənab hakim, – Tisk cavab verdi, – Nikles donuz kimi içmişdi.

- Bəs anbardar Passer?

Tisk Passerə tərəf hörmətlə baxıb dedi:

- Cənab, pan anbardar bu dəfə kefli idi.

Bütün bunlar protokollaşdırıldı. Sonra isə digər şahidlərin növbəsi çatdı və onlar da eyni şeyi söylədilər: “Darğa Nikles donuz kimi içmişdi, amma anbardar Passer kefli idi”.

Hakimlərə hər şey aydın idi və onlar aşağıdakı qərarı çıxardılar. Anbardar, sadəcə, “kefli” olduğu üçün bir aylıq həbs cəzası aldı, amma “sərxoş donuz Nikles” isə azadlığa buraxıldı, çünki onun ağlı başında deyildi və o öz hərəkətlərinə cavabdeh ola bilməzdi.

Qərar elan olunduqdan sonra darğa Nikles daha bir məmnunluq keçirdi. Qərarı eşidən anbardar qışqırdı: “Müqəddəs İsa ilə Məryəm haqqı, panlar, axı mən də donuz kimi içmişdim!”

Bu etiraf artıq verilmiş məhkəmə qərarını dəyişə bilməzdi.

# 1919 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #