Yazıçılar Birliyinin qabağında ölən şair

Yazıçılar Birliyinin qabağında ölən şair
21 may 2013
# 10:25

Akif Səmədin ölümü mənim gözümün qabağında olmuşdu...

Bir neçə dəqiqə əvvəl Yazıçılar Birliyinin Natəvan klubunda şair Rəfail İncəyurdun kitabının təqdimatında çıxış edirdi. Səhv etmirəmsə, tədbirin aparıcısıydı. Ondan əvvəl pilləkənlərdə rastlaşdıq, hal-əhval tutduq. Dedi, qalxım redaksiyaya, uşaqlara təzə kitabımı gətirmişəm. Birlikdə “Ulduz” jurnalının redaksiyasına qalxdıq, Qulu Ağsəsə və mənə kitablarını bağışladı, avtoqraf da yazdı. Xeyli söhbətləşdik, zarafatlaşdıq. Şirin Qazax ləhcəsində bir məzəli əhvalat da danışdı. Sonra...

Sonra başımız söhbətə qarışdı, Akif Səməd səssizcə çəkilib getdi. Uşaqlarla sağollaşıb aşağı düşəndə Natəvan klubunun qapısından içəri boylandım. Akif Səməd səhnədə ayaq üstə dayanmışdı, danışırdı. Samir Sədaqətoğli ilə aşağı düşdük. Bir az parkda gəzişdik. Və... Bilmirəm nə qədər müddət keçdi. Yazıçılar Birliyinin qarşısına xeyli adamın yığıldığını gördük və tez yaxınlaşdıq ki, görək nə baş verir.

Ölüm Akif Səmədə yolu keçməyə imkan verməmişdi... Yerdə uzanmışdı və xırıldayırdı. Bir az əvvəl Qulu Ağsəsin ona verdiyi “Ulduz” jurnalının son sayını kimsə başının altına qoymuşdu. O jurnalı oxuya bilmədi... Akif Səməd beləcə bir göz qırpımında canını tapşırdı. Az sonra Nizami Cəfərov da gəlib çıxdı. Əlisəmid Kür və bir neçə nəfərlə birlikdə Akif Səmədi maşına qoyduq. Yadımdadır, İlham Qəhrəman bir küncə çəkilib hönkürürdü...

Akif Səməd (Məmmədov Akif Səməd oğlu) 1959-cu ildə Qazax rayonunun Astanbəyli kəndində doğulmuşdu. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif qəzetlərdə, Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. “Qiblə yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”, “Özümə yol” kitabları nəşr olunub. 2004-cü ilin 4 iyulunda dünyasını dəyişib.

İki dəfə infarkt keçirmişdi. İranda ürəyində cərrahiyyə əməliyyatı etmişdilər. Amma Akif Səməd ürəyini qorumadı... İnfarktdan sonra da içməyindən qalmırdı.

Yadımdadır, 2004-cü ilin mayında Musiqili Komediya Teatrında Yazıçılar Birliyinin qurultayı keçirilirdi. Qurultayda sədr seçilməsi məqamında heç kimin gözləmədiyi bir hadisə baş verdi. Arxa cərgələrdən birində əyləşmiş Akif Səməd ayağa qalxıb öz namizədliyini irəli sürdü. Qırmızı köynək, qara, miləmil kostyum geymişdi. Hamı arxaya çevrildi. Rəyasət Heyətində əyləşənlər də bir anlıq çaşqın vəziyyətə düşdülər. Akif Səmədə səhv etmirəmsə, bir nəfər səs verdi...

Akif Səməd xalq çeşməsindən su içmiş şair idi. Onun ən məşhur şeirlərindən biri də “Adəmdən” şeiridi.

Anam məni daş doğmadı,

Gözlərində yaş doğmadı.

Ağac yaxın, daş doğmadı,

Adəmdən Akif Səmədə.

Şairin yaxın dostlarından olan şair Məmməd Dəmirçioğlu maraqlı bir əhvalat nəql edir:

“Həkimlər xeyli müalicədən sonra ona içməyi qadağan edir. Bir neçə ay həkimlərin məsləhətinə əməl edən şair, günlərin birində İncəliyə səfər edir. Dostlar, qohumlar, Akif sevərlər onu ziyarətə gəlirlər. Xəstəhal olduğu üçün müvəqqəti olaraq içmədiyini bilən dostlar, mümkün qədər içki məclislərindən uzaq saxlayırlar Akif Səmədi. Bir gün əmisi İmir, Akifgilə ismarıc göndərir ki, şeytanın ayağını sındırıb onlara da qonaq gəlsin. Akif də eləmə tənbəllik, axşamtərəfi əmisigilə təşrif buyurur. Həyət-bacaya göz gəzdirən şair, "Maşallah İmir əmi, həyət-bacan toyuq-cücəylə doluymuş"- deyib dodaqaltı pıçıldayır. Qardaşoğlunu mehribanlıqla qarşılayan İmir əmi xoş-beşdən, kef-əhvaldan sonra qonağı içəri dəvət edir:

- Ağrın alem, Akif, ayə, eşitdim arada bir az xəstələnibsən. De görüm indi nətərisən, ağrın, ajın qalmayıb ki?

- Sağ ol, ay İmir əmi, ürəkdi dana, arada şuluqluq eyləyir, sözümə baxmer.

- Ayə, a qardaşoğlu, bu köpöğlunun ürəyi nağayrsın. Ayə, ona o qədərmi zulum ellersən. Ağrın alem, o zivildən az hörtdətsən. İndi həkimlər nə der? Eşitdiyimə görə içgini qadağan ediblər.

Akifin fikri nazlı-nazlı cövlan eyləyən çil xoruzun yanında idi. Üzünü İmir əmisinə tutaraq bığaltı gülümsədi:

- İmir əmi, maşallah yaxşı toyuq-cücələrin var. O çil xoruz da dərisinə sığmır. Gör bir nağayrersən, yaman içməyim tutub, istəyirəm səninlə əlli-əlli ataq, nə dersən?

- Ayə, ay şair! Ayə öy-eşik sənə qurbandı, bu nə sözdü, keç içəri.

Nolajax, qonum-qonşuya hay düşür ki, Akif Səməd gəlib. Qonşudan da bir-iki nəfər gəlir. Məclis düzənlənir, fətir, pendir, göy-göyərti gəlir, çil xoruzun bişməsini gözləyirlər. Az keçməmiş üstü qurutdu xəngəl siniləri buğlana-buğlana süfrəyə gəlir. "Yəqin xoruz xəngəldən sonra gələcək" deyə fikirləşən şair xəngəli qırcınlayıb sinini bir tərəfə itələyir. Bir xeyli fasilədən sonra süfrə yığılır, çay dəsgahı başlayır. Akif könülsüz-könülsüz çaydan bir qurtum alıb öz-özünə: " Demək belə, çıl xoruzu kəsməyə əlin gəlmədi. Bu mənə borc olsun"- deyə pıçıldayaraq cibindən qələmini çıxarıb salfet kağızına nəsə qeyd edir...

Bu məsələdən heç üç gün keçməmiş İmir əmiyə xəbər çatır ki, evin yıxılmasın, Akif sənin çil xoruzuna bir müxəmməs bağlayıb, aşıq Dilman da dastan edib bütün məclislərdə oxuyur.

"Pahoo, yəqin məni biabır edib"- deyə düşünən İmir kişi ondan- bundan eşidir ki, xəsis İmir əmi kimi dillərdə dastan olub. Çox götür-qoydan sonra fikirləşir ki, Akiflə Dilmanı bir də evinə qonaq çağırsın. Çil xoruzu kəsib dil-ağız etsin ki, indi də səxavətini qələmə alsın. Elə də edir. Kəndə gəlmiş şairlə aşığı evinə dəvət edir. Gözlərinin qabağında çil xoruzu kəsir. Məclis qurulur, İmir əmi üzünü aşıq Dilmana tutaraq:

- Ayə, ağrınalem, o nə müxəmməsdi elə oxuduğun? Bir oxu görüm, şair bizim xoruza nə qoşub?- deyərək stəkanlara başı xamırlıdan süzməyə başlayır.

Aşıq Dilman sazı köynəyindən çıxararaq zili-zil, bəmi-bəm edib, alır görək nə deyir:

İmir əmi, göz dəyməsin,
Nə yaraşer xal xoruza.

Xəsis olma, keç pulundan,

Göz muncuğu al xoruza

Fikir vermə bahasına,

Qurban olsun pul xoruza.

Yaman nazlı-nazlı gəzer,

Darmı gəler yol xoruza?

Səsi sanki, bülbül səsi,

Bağçaya, bağa yaraşer.

Lələkləri durna teli,

Arana, dağa yaraşer.

Yağın yaman qıt vaxtıdı,

Qaymağa, yağa yaraşer.

Gücümmü var dastan

qoşam,
Gözləri qumral xoruza.

Biri iki yüz manatdı,

Gözündən qoyma qırağa.

Fərhadın iştahı iti,

Çoxları düşüb marağa.

Gördün ki, qaraltı gəler,
Əl at silaha, yarağa.

Bir him eylə poçt Məmmədə,
Xəbər çatsın düz Qazağa.

Yerli-dibli qurban olsun,

Dər, təpə, yal xoruza.

Qulağında qızıl tənə,

Boynunda var boyunbağı.

Geşdə çıxıb seyr edəndə,
Bağlayın yolu-yolağı.

Səhər-səhər quymaq verin,
Axşam-axşam qayğanağı.

Beçə- meçə, fərə- mərə,
Baş əysinlər çil xoruza.

Namazın ağzı sulaner,

Qapıdan gələndə səsi,

Xoruz ilə yüz vurmağa,
Akifin də var həvəsi.

Neçə gündü fəğan eylər,

Saz əlində aşıq Məsi.

Qonşu Musa boyun olub,

Al-qumaşdan çul xoruza.


Sən demə, müxəmməsdə adları çəkilən qonşular da məclisdəylərmiş. Hamı şaqqanaq çəkib guluşür. Özünü nə qədər sərt göstərməyə çalışsa da, İmir kişi də dodaq altı qımışır.

-Akif, canınçün onda çox balacaydı, əlim gəlməmişdi. Ayə bir xoruz nə olan şeydi ki, məni biyabır edibsən el oba yanında? Bax xoruzu kəsmişəm, sən canın bu dəfə elə yaz ki, el-oba mənim səxavətimdən danışsın.

-İmir əmi, sən xoruzun qızartmasını bəri elə, qalanıyla işin olmasın - deyib əlindəki zəri ovcunda fırladaraq, şaqqıltı ilə nərdin içinə tulladı. Bir tas, iki tas, üç tas, xoruzun əti gəlmədi ki, gəlmədi. Pıç-pıç, xısın-xısın düşür məclisə. Xəbər gəlir ki, xoruzun əti hələ bişməyib. Yenidən nərdə, dominoya başlayır məclis üzvləri. Gecə keçir, xoruz bişmir ki, bişmir. Məclis əhlinə aydın olur ki, xoruz beş illik xoruz imiş. Nəhayət iştahlar pozulandan sonra xoruzun əti gəlir süfrəyə. Akif budun birini dişinə çəkib, xeyli dartışdırır, bir tikə qopara bilmir. Üzünü İmir əmisinə tutub deyir:

- İmir əmi, canın üçün bunun üzürü günahından betər oldu- deyib yenə əlini cibinə uzadır. Salfetqanın birini açıb yenə nə isə qeyd etməyə başlayır...

Həə, mənim əzizlərim. Bu məsələ uzanır, yenidən bir həcv qoşma meydana gəlir. O zamanlar üçün böyük populyarlıq qazanır bu xoruz əhvalatı. Hansı evdə qonaqlıq düzənlənər, orada xoruz müxəmməsi sifariş olunar, hansı qapıda başıpapaqlı xoruz görsəydi kəsdirərdi, arkadaşımız Akif Səməd. Beləcə-beləcə qohum-əqrəbaların toyuqları xoruzsuz qalmışdı.

Günlərin birində iş elə gətirdi ki, mən, Nəvai, aşıq Dilman Akif Səmədgilə qonaq gedəsi olduq. Akif otaqdan çıxana qədər xanımı Maisə xanım bizi qarşılayıb "xoşgəldin" elədi. Gözümüz həyət-bacada lovğa-lovğa fırlanan çil xoruza sataşdı. Üç dost bir-birimizə baxdıq. Sən demə, qapı ağzına çıxmış Akif bizim hərəkətlərimizə göz qoyurmuş:

- Nə müştəri gözünnən baxersiniz, arkadaşlar? Olmuya ağzınız sulandı?- deyib lopa bığlarını sığallayaraq gülümsundü.

- Ayə, qardaş, sən camaatda xoruz, beçə qoymadın qala. Az qalıb ki, adları qızıl kitaba düşsün - deyib Nəvai çil xoruza işarə etdi.

- Kəsilməlidi!

Mən dərhal qərar çıxardım. Dilman da mənim fikrimlə razılaşdı.

- Akif, qərar qətidi, özümüzdə acımızdan ölürük, kəsməyi məndən.- deyib Nəvayi əlini əlinə sürtdü.

Haxvəkili Maisə xanım Akifdən tez dilləndi:

- Ay qardaşlar, belə o çil xoruz da, toyuqlar da sizə qurbandı, təki sizi kimi dostlara qismət olsun -deyib, xoruzu tutmaq istədi.

- Elə şey ola bilməz - deyib Akif Maisə xanımı dayandırdı.

- Başınız haqqı bir müxəmməs yazılmasa, bu məsələ baş tutan deyil. Duxunuz çatır üçünüzə bir müxəmməs yazın, xoruz qurbandı sizə - dedi.

Məsələ qəlizləşdi, beləliklə xoruzun canı bu ölüm fərmanından qurtardı.

Uzun çəkmədi. Günlərin birində Dilmana, Nəvaiyə xəbər göndərdim ki, müxəmməs hazırdı. Xəbər Akif Səmədə çatır ki, bəs nə durmusan, xoruzun müxəmməsi hazırdı.

- Ola bilməz, - deyib cığallıq edir ki, gətirin oxuyun, xoşuma gəlsə xoruz istədiyiniz vaxt kəsiləcəkdi.

Beləliklə Dilmangilə yığışıb xudmani bir məclis qurduq. Keflərin durulan vaxtı Akif dilləndi:

- Ayə bə hanı müxəmməsiniz, oxuyun görək nə yazıbsınız?

Elə bu ara Dilman sazı sinəsinə basıb aldı görək nə dedi:


Akif Səməd, insafa gəl,

Nəzər sal öz xoruzuna.

Bir müştəri gözüylə bax,

Çətindi, döz, xoruzuna.

Manatla yox, dollar ilə,

Verərik yüz xoruzuna,

Görən kimi qatarlandı,

Sinəmdə söz xoruzuna.

Sağ ol, yaxşı saxlayıbsan,

Beş kilo gələr azınnan.

Xatının Maisə xanım,

Çox oynayıbdı nazınnan.

Alxan coşar, meydan sular,

Dəmirçoğlunun sazınnan.

Yaman dilə-dişə düşüb,

Dəyəcək göz xoruzuna.

Bir him eylə, biz hazırıq,

Rəssam Qafar, Nəvai var.

İncəlidən Nazim gələr,

Sumqayıtdan Məmməd İlqar.

Bir az dil-ağız eyləsək,

Dilman da bülleten alar.

Kababçı özüm olacam,

Düşəndə köz, xoruzuna.

Xəsis olsan İmir kimi,

İncəliyə hay salacam.

Aşıq Sadığa söyləyib,

Şöhrətə məktub yazacam.

İlham, Dilman oxumasa,

Mən aşıq Məmməd olacam,

Biz yeməsək, kəfənliyə,

Alacam bez xoruzuna.

Söz tamama yetir, Akif ayağa qalxıb:

- Xoruz halalınızdı, istədiyiniz vaxt gəlin. - deyib xoruzun halallığını verdi”.

Akif Səməd duzlu-məzəli adam idi. Onunla bağlı xatirələr bir yazıya sığası deyil. Bu yazıyla onu bir daha yad etdik. Ruhu şad olsun!

# 3034 dəfə oxunub

Oxşar xəbərlər

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #