Mollanın cadulanmış gəlini sağaltması

Mollanın cadulanmış gəlini sağaltması
10 iyul 2014
# 14:26

Mahmud Makal 1930-cu ildə anadan olub. Türkiyədə “kənd ədəbiyyatı” nəsrinin aparıcılarından hesab olunur. Kulis.Az Mahmud Makalın “Cadu” hekayəsini təqdim edir.

Əminə öləndə gördüyüm üzü gözümün qabağından necə getsin axı! Allahın onu bu qədər gözəl yaratdığına görə, gözlərinin ala, yanaqlarının qırmızı olmasından şikayətlənərək; dodaqları titrəyə-titrəyə can verdi.

Bu gözəlliyin sonradan işləyəcəyi bir günah kimi ona verildiyini də söyləyirlər. Allahın əli yoxdur ki, soxsun gözünü çıxartsın. Hər işin bir səbəbi var. Allah qulunun sonradan işləyəcəyi günahı bilməzmi? Buna bu gözəlliyi verib ki, sonda başını yesin. Onsuz gözəlliyinin onu ölümə aparacağını deməyən kimsə qalmamışdı. Bəzi hadisələr gözəlliyinin həqiqətən başına bəla gətirəcəyini əvvəlcədən təsdiq etmişdi...

Dalınca düşənlərin sayı-hesabı bilinmirdi... Ərə gedəndən sonra da ondan gözünü çəkməyənlər az deyildi.

Günlərin bir günü gəlin yatağa düşdü. Budaqdan qopmuş yarpaq kimi qurumağa başladı. Yemir, içmirdi. Artıq heç bir şey kömək eləmirdi.

Evdəkilər də qızdırmalı kimi olmuşdu. Ver əlini, Molla Hort, aç kitabı, Dəli İmam. Eşşəyin belindən palan düşmürdü. Biri gələn kimi o biri minib başqa mollaya gedirdi.

Axırda Molla Hortla Molla Məmmədin kitablarının göstərdiyi üst-üstə düşdü:

“Ayrı-ayrı kişilərin ayrı-ayrı mollalara yazdırdıqları iyirmi iki dua evin müxtəlif yerlərində basdırılıb. Bu duaların tapılıb çıxarılması isə mümkünsüzdür. Əgər biri yatdığı otağın divarındadırsa, o birisi kandarın altında da ola bilər. Ən yaxşısı xəstəni onu qurudub öldürmək üçün yazılmış duaların ətrafından uzaqlaşdırıb başqa yerdə yatızdırmaq lazımdır. Amma hər gecə heç kəsə göstərmədən yerini dəyişdirmək şərti ilə. Birdən düşmənləri harda yatdığını bilər. Oralara da dua basdırmaq o qədər də çətin deyil...”

Həvəslə maraqlanırıq, görəsən Əminə bu gecə harda yatır, dünən gecə harda yatıb? Cinangilin böyük otağındamı, Çakırgilin axurundamı, yoxsa Çöməzgilin evində?... Bircə şeyi bilirik: gecədən-gecəyə bəzən kiminsə belində, bəzən qucaqda, öz evlərindən xeyli aparılır.

O gəzməyində olsun...

Bizimkilər gedib gələ-gələ Molla Hortu yola gətiriblər: “Sən bircə gəlini caduların əlindən qurtar; bu tilsimi aç, qalanı ilə işin olmasın. Var-dövlətimizi yolunda xərcləyəcəyik...”

Gəlinin candan-cəsəddən düşdüyü günlər birində bizimkilərin inadına tab gətirməyən Molla Hort qabağındakı kitabı bağlayıb milçək ağlı ilə demişdi:

“Çarə tapmaq yaman çətindir. Belə çətin iş qarşıma çox az çıxıb. Əvvəla saç telləri kişilərin cibində gəzir. Əgər yandırmayıblarsa iş asandır. Amma aralarında yandıranlar da ola bilər. Bu hissə kitabda yaxşı görünmür. Qarışıq görünür. Digər tərəfdən də o qədər dua. Başqa yerdə yatmaqla bunu həll eləmək olmaz. Görünür duanın təsiri onu buraxmır deyə heç cür sağalmır. Ağlıma bir şey gəlir, amma sizin üçün də, mənim üçün də onu etmək günahdır. Cadu edilməsinə göz yuman Cənabul Vacibül Vücud Həzrətləri cadunu pozmağın da çarəsini göstərib. Amma bunu xırda pul kimi hər dəqiqə xərcləməməyi də əmr edib. Sizin gəlinin günahı ona ata-anasından keçib. Yoxsa günahkar olmayana yazılan cadunu təsirsiz etməyi bilərdi O...”

Qabağına yığılmış dünya malı gözlərini tutmuşdu deyə molla günah elədiyini unutmuşdu. Bir az ürəklənmişdi: “Siz mənim üçün dua oxutdurmusuz, ya nədi? Bayaqdan məlaikələr qulağıma fısıldayırlar ki, gizlətmə de. Nə isə, qoy deyim. Bu gəlinin taleyi açıqdır. Allahı sevir onu. Ancaq atasının-anasının günahını çəkir yazıq qız. Atası necə adam idi?”

- Mori adlı bir arvad vardı. Çeliyin oğluyla ona oynaşlıq edirdilər. Arvad doğanda da hələ özünə gəlməmiş, qanlı-qanlı ona yaxınlaşıbmışlar.

- Bax, gördünüzmü?

- Ay molla, yenə baxın, görün...

- Əlbəttə, narahat olmayın. Kəndinizdə palıd ağacı varmı?

- Var.

- Yüksək qaya və ya dam necə?

- Var.

- Leyləklər orda yuva qururlarmı?

- Qururlar.

- Leylək zılı tapa bilərsizmi?

- Taparıq.

- Onda vaxt itirməyin. Gedən kimi bir qab götürüb qırx dəfə suya çəkin. Üç ovuc leylək zılını qırx dəfə ələkdən keçirin. Sonra həmin qaba tökün. Üstünə su doldurub qaynadın. Həmin sudan əvvəlcə bir fincan gəlinə içirdin. Qalanını isə təpəsindən aşağı tökün. Bədənində su dəyməyən yer qalmasın. İnşallah, anadan doğulmuşa dönəcək...

Yayın əvvəlləri idi. Günəş gah görünür, gah da buludların arxasında yox olurdu. Güc-bəla yaya çıxmış bədənlərimiz hələ isinməmişdi. Yay axşamlarının qəribə üşütməsi olur. Belə axşamların birində Əminəni soyundurdular. “Bu fincandakını iç; sonra da bu daşın üstündə otur!” dedilər. Suyu başından aşağı tökdülər.

Həqiqətən də su xəstəni xilas elədi. Amma anadan olmuşa döndərmədi. Su ilə isladıldığı gecə heç doğmamış kimi oldu.

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #