Qızarmış qadın boynudur Qırmızı meydan

Qızarmış qadın boynudur Qırmızı meydan
13 noyabr 2013
# 11:07

Moskva gülləri

Səsi ciyərindən üzülmüş adam kimi,

xırıldayır Moskva sübhü,

naməlumluğa yollanan gəmi,

mənim nəyim var ki,

sənin arxanca yelləmək istədiyim əllərimdən başqa?

O da bir qadın ovcunda külə basdırlmış kartof kimidi...

İndi...

***

Gəmi, sən üzüb uzaqlaşdıqca,

geridə qalan suları Tanrı arxanca atır, – uğur olsun.

Burda yağışlar küçələri qab-qacaq kimi yuyur – büllurlandırır.

Öpüşlər soyuqla əlbirdi – bədənləri allandırır.

ilk öpüşdən qızarmış qadın boynudur Qırmızı meydan.

Özümü Yer Kürəsi hesab edirəm,

yanımdakı gözəlsə sinəmə Ay kimi doğub.

***

Təşbehsiz gözəllikləri sevirəm –

Allahın adları kimi...

İçimdəki şeiri ağzımdan çıxan buxar oxuyur havaya

Bu vaxt bir incə səs

öz zərifliyinə sadiq qalaraq soruşur: “nə düşünürsən?”

Mənsə doğulan gündən bu sualın cavabını

hazırammış kimi dərhal “Səni” deyirəm.

Çiynimə bir baş enir, uçur göyərçin ağrılar.

***

Kor qocayam, hər səhər yollanıram

günəşin doğuluşunu seyr etməyə.

Gözlərimi itirsəm də, itaətdə əvəzsizəm,

Və görmədiklərimi də sevirəm Sahibinə görə.

Allaha şükür etməyə o qədər səbəblər var ki,

bir-bir sayası olsaq, çox şeyi unutmaq şərtiylə qocalarıq.

İndi mən “səni sevirəm” söyləsəm

qarşılığında “mən də səni” deyən yox,

mənim dualarıma “Amin” deyəsi birini arzulayıram.

***

Dünya – bu qədim qəbiristanlıq, gülür bizə.

Bizim bu dünyagirliyimizə, “ölümsüzlüyümüzə”.

İnsanları gerçəklər yox, xəyallar yaşadır,

Odur ki, ilk insan ölümünü ustufca unutmuşuq.

***

Müəllim kimdir? – Suallara cavabı olan.

Deməli, həyat müəllim deyil,

o sual verməyi öyrədir.

Bir də var, sualsız yaşamaq – buyrulduğu kimi –

Onda da məntiq çözülür: deməli,

suallar həm də düzgün yaşamayanda doğulur.

***

Moskva, gəmisi suyuna yaraşan şəhər,

Üşütməyə soyuğun, isitməyə çayın var.

Qədəhlərin dolu, şüşələrin boş,

Nar gilələri – səpələnib küçələrə adamlar.

***

Hərdən elə bilirəm kiminsə yuxusudur ömrüm,

Həmin kəs oyanacaq və ömrüm bitəcək.

Qəribədir, olur ki, doğrudan da, inanıram bunlara.

Onda rənglər divarlardan axır,

sular solur,

Pəncərələr örtülür –

çəkilirəm taleyimin mənzərəsi önündən.

***

Olur ki, bəxt siqaret də verir, alışqan da –

Hətta odlayır – canına cəfa basıb.

Sən bu qulluqdan xoşhal olmaya bilmirəm

Fəqət anlayanda ki, bütün bunlar sənin ziyanınadı

Hətta gözəl günlər də ömründən çıxılır,

Onda ya susursan,

Ya da ustadın kitabındakı sözləri xatırlayırsan:

“Kökünüz kəsilsin ikiayaqlılar”.

***

İnsan qəfil qocalsaydı,

bəlkə də həyatın qədrini daha yaxşı bilərdi.

Ömürsə şəkildəki kimidi –

tərpənmir – köhnəlir sakitcə.

***

…Mənsə öz həyatımla özümü yormuşam.

Nə pisdi oyun olduğunun bilə-bilə oynamaq.

Nə deyim, – onsuz da doğrusun O bilir.

Mənsə bildiklərimlə həyata yalan qatmaq istəmirəm – susuram.

***

Həyatı “həya at” sözüylə səhv saldız:

Soyunduz – soğan tək soyulduz.

Amma vicdanınız göynəmədi.

İsmətsiz qadınlar rahathulqumdu.

Yeyilir – doydurmur kişini.

Nə də ki, doldurmur kiminsə yerini.

***

Ürəksə qoy olsun doktorun –

Mənimki bir qırıq könüldü.

Sevdalı, daha çox hislərə nabələd.

Tanrı bilir – bir insan bəs edir bir insan.

Odur ki, qolumuz, qoynumuz bir yerlik.

Bax indi, Moskva, siqaret yandırım

Acısı canıma –

Tüstüsü də sənə, üzərlik.

# 3987 dəfə oxunub

Oxşar xəbərlər

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

12:00 11 noyabr 2025
İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər