Özgə arvadını qaçıranların acı taleyi

Özgə arvadını qaçıranların acı taleyi
1 avqust 2016
# 11:55

Kulis.Az Mirmehdi Ağaoğlunun “Dəli Kür” – ibrət kitabı” yazısını təqdim edir.

Neçə vaxtdır “Dəli Kür” romanı haqqında yazmaq istəsəm də sanki nəsə başqa bir səbəb axtarırdım. Düşünürdüm ki, əlamətdar bir gün olsun, onda yazım. Bəs birdən-birə “Dəli Kür” romanı haqqında yazmaq ehtiyacı hardan yarandı? Onu aşağıda izah edərəm, amma bir şeyi deyim ki, bu həftə, iyulun 26-da İsmayıl Şıxlının vəfatının 21-ci ili tamam oldu. Elə buna görə də çoxdankı fikrimi gerçəkləşdirmək qərarına gəldim.

“Dəli Kür”ü oxumaq bu dəfə mənim üçün tamamilə ayrı bir məna kəsb elədi. Əvvəlki oxunuşda və filmə baxanda bu təəssüratı yaşamamışdım. Bir qisim insanlar var ki, onlar bədii əsərlərdən estetik zövqdən çox əxlaqi məziyyətlər gözləyirlər. Onlar üçün “Bu əsər mənə nə verdi?” sualı çox önəmlidir. Məktəbdə oxuyanda ədəbiyyat müəllimlərimiz də bu sualı tez-tez təkrar edirdi: “Müəllif burda nə demək istəyir? Bu əsər sənə nə verdi?” Biz də tutuquşu kimi ötərdik. Müəllif deyir ki, əliəyri olma, oğru olma, yalan danışma...

Məktəb vaxtından aşılanan bu vərdiş nəticəsində biz oxucular hər bir əsərdən davranış qaydaları, dünyagörüşü öyrənməyə çalışırıq, bir qəhrəmanın həyatı bizə örnək olur, digər qəhrəmanın səhvlərini təkrarlamaq istəmirik. Əslində bütün əsərlərdən nəticə çıxarmağa çalışırıq. Sadəcə olaraq bəzi əsərlərdə bu əxlaqi mətləb ya dərin qatda gizlənib, ya da əsər təkcə bir əxlaqi qatdan ibarət olmur. Buna görə də bəzən o əxlaqi mesaji görmək bizə çətin olur.

“Dəli Kür”də isə dediyimiz əxlaqi qat çox aydın, bariz şəkildə verilib. Romanın əxlaqi mesajı nədir? Bu sualın cavabı elə Cahandar ağa obrazında gizlənib.

Cahandar ağa Göytəpə kəndinin mülkədarıdır. Onun bir sözünü iki edən yoxdur. Qorxmazdır, cəsarətlidir, sözünü üzə deyəndir. Həyatda kişi kimi yaşayanlardır. Amma bir gün o, elə bir addım atır ki, bununla da öz sonunu yazmış olur.

Cahandar Ağa Allahyarın arvadı Mələyi götürüb qaçmaqla özünün zadəgan adına ləkə yaxır. İsmayıl Şıxlı bunu əsərdə birbaşa şəkildə demir, heç qəhrəmanların dilindən də onun qınandığını görmürük. Hətta ilk baxışda müəllifin Allahyarı Cahandar Ağaya nisbətdə mənfi xüsusiyyətlərlə yükləməsi ilə ikincinin addımına haqq qazandırdığını da sezməmək olmur. Yalnız əsərin sonlarına yaxın, Cahandar Ağa Allahyarı öldürəndən sonra səhv etdiyini başa düşür. İlk dəfə bir insanı öldürəndə onu vahimə basır. Çünki bu dəfə öldürdüyü insan günahsız olur: “Cahandar Ağa evə qayıtdıqdan sonra heç kəsin üzünə baxmadı. Yer saldırıb yatdı. Titrəməli adamlar kimi, yorğanın altında əsdi. Nə qədər çalışdısa da, Allahyarın son anını, gözlərindəki axırıncı ifadəni unuda bilmədi. Cahandar Ağa düşmənini öldürdükdən sonra hər şeyi unudaraq bir neçə saniyə onun üzünə baxmışdı. Kişinin yazıq görkəmi qəlbini riqqətə gətirmişdi. Ani olaraq düşünmüşdü ki, bunun günahı nəydi? Mənə nə pislik etmişdi ki, öldürdüm? Hər nə eləmişdim də, mən eləmişdim. Əgər mən onun arvadını götürüb qaçmasaydım, heç məni tanımazdı da!”

Cahandar Ağa əsərin əvvəlindən, Mələyi qaçırdığı andan ölümə məhkumdur. Onun ölümünə səbəb nə bacısı Şahnigarın dərdi idi, nə oğlanları Şamxal-Əşrəflə yola getməməyi, nə qızı Salatının qaçırılması, nə Çar üsul-idarəsinə qarşı getməyi idi. Onun ölümü yaşadığı həyatın məntiqi sonu idi. Hər kim onun elədiyini eləsə xoşbəxt olmaz. Beləsinin sonu çox zaman elə ölüm olur.

Bəs Cahandar Ağanın günahı nə idi? Cahandar Ağa başqasının arvadını qaçırmışdı. Olsun ki, Cahandar Ağa Mələyi bəyəndiyi üçün bunu etmişdi, olsun ki, Mələk də öz ərini sevmirdi, Cahandar Ağaya meyl etmişdi, hətta qaçırılmağına sevinirdi, olsun ki, XIX əsrin mühafizəkar cəmiyyətində qadın haqları, onların istəkləri qəbul olunmurdu, Mələk ərini sevməsə belə, bunu dilə gətirə, öz iradəsini həyata keçirə bilməzdi, olsun ki, Allahyar da heç də yaxşı adam deyildi, sonsuz olduğu halda günahı qadınlarda görür, buna görə də corab kimi gündə bir arvad dəyişirdi. Bütün bunların heç biri Cahandar Ağaya haqq vermirdi ki, başqasının qadınını qaçırsın.

Cahandar Ağa nə adına, nə igidliyinə yaraşan bir iş eləmişdi. O, xalqın min illərdən bəri formalaşmış adətini tapdalayıb, öz iradəsini diktə etmişdi. Qolunun gücünə başqasının halal qadınını qaçırıb özününküləşdirmişdi. Kimsə deyə bilər ki, o dövrdə qadın qaçırmaq adi hal idi. Şamxal da Güləsəri qaçırmamışdımı? Amma Şamxalın qadın qaçırmağı Cahandar Ağanın qadın qaçırmağı ilə eyni deyildi. Biri subay qız qaçırmışdı, o biri isə başqasının arvadını.

Cahandar Ağanın elədiyi böyük qəbahət idi. Bu addımı heç bir əxlaqa sığmırdı. Cahandar ağa kimisi heç bir halda nümunə ola bilməzdi. Elə hər qolu zorlu Cahandar Ağa kimi etsəydi cəmiyyətin nizamı pozulardı ki. Buna görə də o bu günahın bədəlini ödəməli idi.

Bu cür də olur. Cahandar Ağanın Mələyi evinə gətirməyi ilə tifağının dağılmağı bir olur. Arvadı Zərnigar xanım oğulu atanın üstünə qaldırır. Şamxal atasından küsüb evdən ayrılır. Əşrəf də kəndə qayıdanda başına iş gəlir, kazaklarla atışır. Bacısı Şahnigar Molla Sadığın felinə uyub dərvişlərin məclisinə gedir, Cahandar Ağa öz əlilə bacısını öldürəsi olur. Qızı Salatını Allahyar oğurlayır. Cahandar ağanın ot tayalarına od vurulur, əhilləşdirdiyi maral güllələnir, Qəmərin yalını, quyruğunu qırxıb onu sevimli atını öldürməyə vadar edirlər.

Əsər boyu biz böyük bir ailənin necə məhv olduğunu, tar-mar olub dağıldığını görürük. Bunlar təsadüfdürmü? Sanmıram. Bu taleyin Cahandar Ağaya “hədiyyə”si idi. Onun kimi böyük günah etmiş bir adam tar-mar olmağa məhkum idi. Çünki o, min illər ərzində el qaydalarının, dinin formalaşdırdığı bir adətə əl uzatmışdı, cəmiyyətin nizamını pozmuşdu. Hələ İsmayıl Şıxlı onunla yumşaq davranır, sevimli qəhrəmanına mərd adamlara layiq ölüm nəsib edir. Çünki Cahandar Ağa başqa davranışlarında qoçaq, igid adamdır. Müəllif də igidi öldür, amma haqqını yemə atalar sözündə deyildiyi kimi Cahandar Ağa ilə haqla davranır. Misal üçün, Allahyar Salatını qaçırsa da Cahandar Ağadan namus qisası alıb qızı ləkləyə bilmir. Çünki Allahyar Cahandar Ağaya tay adam olmadığı üçün elə tale (və ya müəllif) də ondan eyni qisası almağa imkan vermir.

Əlbəttə, “Dəli Kür” romanı təkcə Cahandar Ağanın həyatından bəhs etmir. Romanda xalqın inqilaba qədərki taleyi də, ağır yaşayışı da, adətləri, həyat tərzi, cəhalət içində boğulması, elmin-maarifin doğma torpaqlarda intişar tapması da əks etdirilir və bəlkə də mənim nəzərdə tutduğum xüsusiyyət romanda ana xətt sayıla bilməz. Bununla belə mənə görə hər bir roman da həyat kimi müəyyən izaholunmaz qanunauyğunluğa tabedir. Necə ki, həyatda hər bir addımın bədəli var, bədii əsərin qəhrəmanları da bu “ilahi nizam”dan kənara çıxa bilmirlər. Bu yerdə yadıma Rasim Ocaqovun “Ölsəm bağışla” filmi düşür. Hardasa Cahandar Ağanı xatırladan Yusif müharibədən qayıdandan sonra sevdiyi qızın başqasına ərə getdiyini görür. Atasının günahsız həbs olunduğunu sübut edəndən sonra qızı vadar edir ki, ona qoşulub Bakıdan qaçsın. Əlbəttə Yusif kimi adam gərək belə etməyəydi, amma edir və beləliklə Cahandar Ağanın taleyini yaşayır.

Bəli, ilahi nizam, Femidanın tərəzisinin tarazlığı təkcə həyatda deyil, bədii əsərlərdə (bəzən lap müəllifin iradəsindən asılı olmadan) baş verir. Onun üçün cəmiyyətin yaratdığı dəyərləri dağıtmağa çalışan Cahandar Ağa bunun cəzasını özü və ailəsinin həyatı ilə ödəyir.

Əlbəttə görə bilənlər üçün burda ibrət var.

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #