Maşını toqquşanlar niyə qucaqlaşdı?

Maşını toqquşanlar niyə qucaqlaşdı?
12 mart 2014
# 13:00

Kulis.Az Samir Sarının “Günahın bədəli” hekayəsini təqdim edir.

Hadisə Həsən Əliyev (keçmiş İnqilab) küçəsində, Tbilisi prospektinə üç-dörd yüz metr qalmış, üçrəng işıq siqnalları qurğusundan beş-altı metr keçdikdən sonra baş verdi.

Küçənin bu yerində həmişə tıxac olur və burada yol kəsişməsi üstəgəl (+) kimi yox, X işarəsi kimidir. Ona görə də tez-tez qarışıqlıq düşür. Kim daha fərasətlidir, daha cəsarətlidir, üçrəngin işığına məhəl qoymadan basıb keçir.

Hər halda sözü gedən olay baş verən gün də beləydi, ondan bir il əvvəl də, hələ azı bir il də belə olacağı şübhəsizdir.

Hadisə saat 18.45-də baş verdi. Bunu ona görə dəqiq xatırlayıram ki, üçrəngin qırmızı işığında dayanmışdıq, taksinin elektron tablosunda saata baxırdım (gecikən yerim vardı), bu rəqəmləri gördüm və fikirləşdim ki, burdan prospektə beş dəqiqəyə çatsaq, əla olar. Beş saniyə keçincə yaşıl işıq yandı, daha beş saniyədən sonra danq-dunq və qıcırtı-cığıltı səsi gəldi. Bizdən öndəki ağ rəngli “Hunday” markalı maşınla yolu köndələninə və qırmızı işıqda keçmək istəyən qara rəngli “Mersedes” markalı maşın toqquşdu.

Toqquşan maşınlar yanpörtü duraraq yolu daraltdılar. Hər tərəfdən bir maşın zorla sivişib keçə bilərdi. Əvvəlcə iki, daha sonra üç-dörd maşının qapısı eyni anda açıldı və həm maşınları toqquşan sürücülər, həm də tamaşaçılar yerə töküldülər. Biz də düşdük. Sürücülər bir-birinə tərəf yeridilər. Bəzi gənclər bu cür vəziyyətlərdə həmişə olduğu kimi kameralı telefonlarını çıxarıb çəkilişə başladılar. Onlar indicə bir-birini şillələyən, təpikləyən, söyüşən sürücülərin davasını çəkəcək, sonra da saytlara yükləyəcək, paylaşacaqdılar.

Amma sürücülər belə durumda dünyada analoqu olmayan bir hərəkət etdilər. Bunu heç kəs gözləmirdi. Onlar söyüşə-söyüşə bir-birini xirtdəkləmək əvəzinə yaxınlaşan kimi qucaqlaşıb öpüşdülər və gülə-gülə dönüb əvvəlcə birinin, sonra da o birinin maşınına baxdılar. Camaat mat qaldı. İyirmi metr o tərəfdən danq-dunq səsinə hadisə yerinə gələn yol polisi əməkdaşı da məəttəl qaldı və maşını daha çox əzilmiş, günahsız, amma daha çox gülən sürücüdən soruşdu:

- Nə olub burda? – Amma o özü də nə olduğunu görüb sualının artıq olduğunu başa düşdü və sualını dəyişdi: - Günah kimdə oldu?

Bəziləri elə bildi ki, sürücü qəza şokundadır deyə gülür. Ancaq ortada şok-mok yox idi. Yaşı otuz beş civarında olan sürücü sakitcə, gülə-gülə cavab verdi:

- Bir şey deyil, rəis. Günah isə məndədir.

Dava düşmədiyinə görə müftə şou izləmək şansını əldən vermiş tamaşaçılar pərt-pərt yerbəyerdən soruşdular:

- Ta burda nə gülməli iş var ki? Nəyə gülürsən?

Sürücü öz maşınını göstərərək dedi:

- Gülməli odur ki, maşınımı on beş dəqiqə əvvəl ustada düzəltdirib gəlirdim, saatı tamam olmadı.

Dedilər: - Nə olsun ki?

Sürücü dedi: - O olsun ki, bir həftə əvvəl də mənim maşınımı vurmuşdular, özü də məhz bu oğlan vurmuşdu, həm elə indi vurduğu yerdən, həm də öz məhəlləmizdə - deyə əlini ərklə yanındakı sürücünün çiyninə qoydu.

Bu sözə gülənlər oldu, amma hamı hiss elədi ki, bu, hələ hamısı deyil.

- Amma yad da deyil ha, əmimoğludur.

Aydın oldu, demək, bunlar ona görə dalaşmadılar, öpüşüb-görüşdülər.

O biri sürücü utana-utana əmioğlusuna baxırdı. Sürücü əlavə etdi:

- Bu maşını Gürcüstandan özüm sürüb gətirmişəm bunun üçün. Mən bəyənmişdim, demişdim, əmoğlu, yerindən cəld tərpənən maşın yaxşıdır.

- Hə, insafən, yerindən yaxşı tərpəndi, intəhası... - taksi sürücüsü dilləndi, amma sözünün dalını gətirmədi.

Başqa bir nəfər dedi:

- Amma günah səndə olmadı axı.

Zərərçəkən əmioğlu onun replikasına cavab olaraq dedi:

- Günah ona görə məndədir ki, buna sürücülük vəsiqəsini də mən düzəltmişəm. Bu da hələlik mənə qənim kəsilib.

Sürücü bunu da deyəndən sonra gülə-gülə maşınının qapısı açdı və əmioğlusuna da “dalımca sür” dedi. Yol polisi etiraz etmədi, “xırda şeydir, şikayətçi yoxdursa, sürüb gedə bilərsiniz” dedi. Onun protokol yazmağa həvəsi yox idi və yolun tez açılmasını istəyirdi, çünki arxada yığılmış maşınlar siqnallayırdılar.

Sürücülərin hər ikisi buferləri əzilmiş avtomobillərini sürüb getdilər. Yol açıldı, biz də tərpəndik. Taksi sürücüsü gözünün biri ilə yola baxa-baxa mənə dedi:

- Mənim də bir dayıoğlum var, neçə vaxtdır, dirəşib, deyir, mənə prava düzəlt, sonra da gedək bir maşın alaq.

Mən deyəcəyim sözü ölçüb-biçənə qədər taksi sürücüsü nə fikirləşdisə öz yekun qərarını elan etdi:

- Amma qələt eləyir...

# 3227 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #