"Deyirsən, yəni bir qıza-zada ilişib?"

"Deyirsən, yəni bir qıza-zada ilişib?"
31 may 2013
# 07:30

"Oğul"

- Görəsən bu uşaq harada qaldı?

Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:

- Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?

Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi.

- Bilmirəm, kişi, bilmirəm.

- Bəs niyə xəbər almırsan?

- Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram.

Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq da yaymışdı. O, əllərini çarpayıya dayayıb qalxdı. Sol ayağını döşəmədə sürüyə-sürüyə pəncərəyə tərəf getdi. Alnını şüşəyə dirəyib boş, sakit küçəyə baxdı. «Naxoş olmasaydım, gedib Tahiri axtarardım, - deyə düşündü. – Axı, bu iflic məni haradan tapdı? Bəlkə mən xəstə olduğum üçün Tahir istədiyini eləyir, məni gücsüz görüb daha qorxmur, çəkinmir?..». O, özünü doğrudan da gərəksiz bir adam zənn etdi. Bu fikirdən Fərruxun qəlbində özünə qarşı acıq dolu bir narazılıq yarandı. O, bütün bəlaların səbəbini sürünən sol qıçında gördü və əsəbiləşdi. Həkimin sözlərini xatırladı. «Sizə əsəbiləşmək olmaz, qətiyyən olmaz». Fərrux ürəyini toxtatmağa çalışdı. «Tahir belə özbaşınalıq eləməzdi. Evə gec gəlməzdi. İcazəsiz bir yerə getməzdi. Bəs indi nə oldu? Bir aydır, evə vaxtlı-vaxtında qayıtmır. Bilmir ki, bəyəm, mən xəstəyəm, narahatam?..»

Fərrux pəncərədən aralandı. Gəlib çarpayının küncündə əyləşdi.

- Gör saat neçədir, - deyə yatağının içində fikrə getmiş arvadına yenidən müraciət etdi. Əminə durub işığı yandırdı. Ərinin stolun üstündəki qol saatına baxdı. Yuxusuzluqdan kallaşmış səslə dedi:

- İkidir, üçdən beş dəqiqə işləyib…

Fərrux qızarmış gözlərini oğlunun divardan asılmış şəklinə zillədi, dərindən köksünü ötürdü. Onun hüznlü baxışında, tutqun sifətində açıq-aydın bir sual oxunurdu, «Haradasan, Tahir? Axı, mən nigaranam, oğul!».

Fərrux güclə nəfəs alırdı. Əminə işığı söndürdü. Yorğanı götürüb ərinin çiyninə saldı. Kişi astadan, qırıq-qırıq danışdı.

- Əminə, mən ona söz deməyə utanıram. Yekə kişi olub, bığ saxlayır, üzünə ülgüc vurdurur. Daha uşaq deyil. Sən anasan, onunla açıq danış. Mənim adımdan de ki, belə olmaz, dərslərini oxusun. Hələ institutu qurtarmağına iki il var.

- Ay Fərrux, bəlkə elə Tahir doğrudan da dərs oxuyur. Səbirsizlik eləmə, indicə gələr.

- Elə bilirsən onun haralarda gəzməyindən xəbərim yoxdur? Başa düşürəm harda ləngiyir, amma deməyə dilim gəlmir… Əminə, qorxuram uşaq bir para cavanlara qoşulmuş ola.

- Tahir pis yola getməz, Fərrux.

- Nə bilirsən?

- Deyirsən, yəni bir qıza-zada ilişib?

- Qıza ilişsə yaxşıdı. Mən qorxuram bir yanıqoduqluya dadanmış ola, sonra düşə əngələ, dərsdən soyuya. Bu saat onun beyninin qan vaxtıdı. Heç nəyin ağına-bozuna baxmır.

Ağlım kəsmir, - deyə Əminə inamla dilləndi. Amma bir azdan Fərruxun narahatlığı ona da keçdi. – Deyirsən, yəni…

- Ayrı nə ola bilər? Bu qız məsələsi deyil. Ağlı başında olan qız bu vaxta qədər küçədə qalmaz. İmtahana hazırlaşmağı deyirsənsə, ona da inanmıram. İndiyəcən belə hazırlaşmaq görmüşdün?..

- Uşağın babalını yuma.

- Məni hövsələdən çıxarma, Əminə. Burda sən bilən şey yoxdur.

Oğlunun tənbehini ver, yoxsa...

- Bir səbrin olsun, a kişi…

- Necə səbr eləyim, rəhmətliyin qızı? Biz gözümüzü açınca nəf qudurub mayanı yeyəcək… Onun nə vaxtıdır ki, bildiyini edir?!

Atanı saymır, ananı vecinə almır.

Bayaq pəncərənin qabağında dayanarkən onun ürəyini bir tikəyə döndərən qəzəb yenidən coşdu. Fərrux yumruğunu düyünləyib sağ dizinə çırpdı. Elə bil quru ağac parçaları bir-birinə dəyib şaqqıldadı.

- Məni saymır… Mən ona göstərərəm! Onda bilər ki…

Qapının zəngi çalındı. Kişinin bədəni gərildi. Əminə cəld ayağa qalxdı. İşığı yandırdı. Qapını ehmalca açdı. Tahirin gülümsəyən sifəti göründü.

Fərruxun uzun, sümüklü sağ qolu havada qolaylanıb astanada oğlanın üzünə çırpıldı. Qəflətən aldığı zərbədən Tahirin gözləri böyüdü. Kişi müvazinətini saxlaya bilməyib səndələdi. Tahir qüvvətli əlləri ilə atasının belindən yapışıb onu yıxılmağa qoymadı.

Əminə özünü yetirdi.

- Fərrux, tifilin bağrını niyə yarırsan?

Kişi oğlunun qolları arasından çıxdı. Divardan tuta-tuta yataq otağına keçdi. Çarpayıya uzandı. Ürəyi az qalırdı yerindən çıxsın. Gicgah damarları hey atırdı. Sağ əlinin içində zoqqultu vardı. O, birdən-birə taqətdən düşdü. Elə bil canında olan-qalan güc oğluna vurduğu zərbə ilə qurtarmışdı. Yenə həkimin tövsiyəsini xatırladı. «Sizə əsəbiləşmək olmaz…»

Fərrux xəyalən cavab verdi: «Bu mümkün deyil, həkim.

«Görürsünüz ki, mümkün deyil…»

Mətbəxdə stəkan-nəlbəki cingildədi. Asta, həzin pıçıltılar eşidildi. Aradan xeyli keçmiş Əminə Fərruxun çarpayısına yaxınlaşdı.

- Onu niyə vurdun, Fərrux?

- …

- Necə qıydın? – Əminənin səsi titrədi. Fərrux hiss etdi ki, arvadı ağlayır. – O, işdən qayıdırmış, Fərrux, biz bilməmişik…

Fərrux qulaqlarına inanmadı.

- Necə? – deyə soruşdu və səsi xırıldadı.

Əminənin əlində nəsə xışıldadı.

- Onun ilk maaşıdır. Sənin vəziyyətini belə görüb, işə girib… gecələr…

Əminə sözünün dalısını deyə bilmədi. Yatağına girib yorğanı başına çəkdi, yorğan titrədi.

Fərruxun heydən düşmüş bədənini tər basdı. Sağ əlindəki zoqqultu acı, ağır bir düyün olub ürəyinə keçdi. Sevinclə peşmançılığın qarışığından doğan qəhər onu da boğdu.

1964

# 2475 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #