Varis yazır: Hamısı ÖLÜM barədədir

Varis yazır: Hamısı ÖLÜM barədədir
6 iyun 2014
# 14:40

Kulis.Az Varisin "Hamısı ÖLÜM barədədir" məqaləsini təqdim edir.

Mənə dəyəcək güllənin fotorobotu: Şəhadət barmağımın yarısı boyda. Rəngi qızılımtıl. Korpusu yumru, ucu konusvari.

Bumbuz, ipisti və yenə də bumbuz...

***

İnsan həyatlarını izləməyi çox sevirəm. Hədəfə inadlı yürüş və hədəfsizlik mənasızlığı... Kədər və sevinc, yas və büsat yaşantıları... Zənginlik sərməstliyi və yoxsulluq əzabı... Şipşirin sevgi vüsalı və hicran zəhəri... Bir yanda həyata keçən gözləntilər, çin olmuş arzular, bir yanda aldanış və xəyanətlərdən doğan tam ümidsizlik. Bir sözlə, ən müxtəlif formada triumflar və çökmələr!

Bəzən bir anlıq kimi görünən, bəzən də uzandıqca uzanan bu həyatlar hər kəsdə tam başqa, tam fərqlidir. Oxşar olan isə tək bir şeydir: onların hamısı böyük hərflə başlayır, kiçik nöqtəylə bitir.

***

Kompüterdə mətn yığırıq, hər abzasdan sonra bir «probel» - boş yer məsafəsi qoyuruq. Eynən həyatımız da belədir. Hər gündüzün yaşantısından sonra bir gecəlik boşluq gəlir.

Mətn bitir. Nöqtə və bu dəfə sonsuz «probel». Ömür bitəndə sonsuzadək boşluq olan kimi.

***

Rastlaşdığım ən amansız ölüm yazıçı Tofiq Qəhrəmanovun ölümü olub. Sumqayıtda eyvan qonşumuz vardı, Həcər nənə. Anam işlədiyindən onun qızları Naziləylə Pərvizə mənə əslcə dayəlik eləyiblər. İkincə sinifdə oxuyurdum, Bakıya – Yuxarı Dağlı küçəsinə Naziləni gəlin köçürdülər. İlk görüşdə xatirimdə eynəyi ilə qalan Tofiq əminin həyat yoldaşı oldu Nazilə xanım.

Onlara ara-sıra gedərdik. Dar, günəş işığı düşməyən bir mənzil idi. Kitablarla, vallarla büsbütün doluydu.

Mənə balaca «dostum» deyərdi Tofiq əmi. O dönəmlərdə çəkdirdiyimiz şəklimiz də qalıb. Soruşurdum, bu kitabların hamısını oxumusunuz? Gülümsəyərək «hə» söyləyirdi. Heyrətdən gözlərim böyüyürdü. Soruşurdum, bu valların hamısını dinləmisiniz, eynən həmin təbəssümlə başını tərpədirdi.

APİ-nin «Gənc müəllim» qəzetində işləyirdi. Məni zorən qəzetin şahmat viktorinasına qatmışdı. Şahmata marağım olduğu diqqətindən yayınmamışdı (Doğmalara, yaxınlara qarşı çox diqqətcil idi). Hətta bir neçə tur adlayandan sonra etüdlərin get-gedə çətinləşməsi səbəbiylə viktorinada iştirakdan boyun qaçırdığımı görüb tapşırılan etüdü əvəzimə həll də etmişdi. Sonda bu məşğuliyyətə daha çox vaxt ayıraraq viktorinanın qalibi olanda ona hədsiz minnətdarlıq bildirdim, yenə də o sehrli təbəssümü peyda oldu.

Yorulmadan, usanmadan yazıb yaradırdı. Son dönəmdə gözləri tamam tutuldu, işləyə bilmədi, təqaüd ümidinə qaldı. Əsərlərini diqtə edirdi, cəfakeş Nazilə xanım vərəqə köçürürdü. Amma bu cür zülmlə ərsəyə gələn yazılarını redaksiyalar, nəşriyyatlar dərc etmirdilər, onu get-gələ salırdılar. Dünya işığına həsrət qalması bir yandan, ehtiyac da digər yandan boğmaqdaydı onu. Tanrı bir övlad payı da vermirdi ki, barı təsəlli tapsın.

Bir gün hər şeydən bezib qapını içəridən bağlayaraq damarını doğrayıb intihar etdi.

Ölüm xəbərini eşidib onlara yollananda bizi içəri buraxmadılar. Deməzsənmiş, o xırda otağın döşəməsinə axmış, kitablara, vallara çilənmiş qanını ha silirlərmiş, təmizləyə bilmirlərmiş...

***

Ölümün tərkibi ağrıdan, habelə qan qarışıq ağrıdan ibarətdir. Bunlardan birincilərinə adi, ikincilərinə faciəli ölüm deyirlər.

***

Səksəninci - yeniyetməlik illərimizdə «Bi-ciz» qrupunun ifalarını sevə-sevə dinləmişik. Xüsusən Too Mich Heaven mahnısına valeh idik. Özündə ən yüksək vokal imkanlarını birləşdirən bu sevgi mahnısı ilk sevgi rüşeymləri oyanan qəlblərimizi riqqətə gətirərdi. «We are will never die» (Biz heç vaxt ölməyəcəyik) kəlmələri isə bizə bol stimul, enerji verərdi. Ölüm uzaqda olanda ölümsüzlük fikirləri beyində həmişə möhkəm qərar tutur.

Amma indi – üstündən bu qədər müddət keçəndən sonra bu sözləri dinləyərkən içimdən sadəcə o vaxtkı sadəlövhlüyümüzə acı təəssüf hissləri keçir. İnsan orta yaş həddində artıq ölümü üfüqdə görə, hiss edə, duya bilirmiş... «Biz heç vaxt ölməyəcəyik» inadı ən yaxşı halda onda istehza oyadırmış...

P.S. Və ən əsası. İndi o mahnını oxuyan dördlükdən üçü artıq haqq dünyasına qovuşub.

***

88 yaşlı rus şairə İnna Lisnyanskayanın ömrünün son günlərində – ölümünü duyarkən yazdığı şeirlərini «Litqazeta»dan heyrət qarışıq kədərlə oxudum, bir insanın ölümqabağı dünyanın işıqlarının öləziməsini necə hiss etdiyini açıqca duydum. Heç vaxt tərcüməylə məşğul olmamışam. Heç bunu da tərcümə adlandırmıram. Sadəcə, içimdən gəldi, bu misraları öz dilimizdə vərəqə köçürdüm.

Dekabr ayıdır, işıq yaman azalıb.

Nə məktub gözləyirəm, nə qonaq.

«Tək yaşamaq, gözəl yaşamaq istəyirəm»

sözləriylə

Yaşayıram özümü aldadaraq.

Külək masanın üstündən

qəzetimi qapıb

Burulğana salıbmış kimi

eyvan məhəccərinə,

döşəmə plitələrinə çırpmaqdadır.

Günəş dörddəbir gücüylə yanmaqda.

Gözlərimsə günəşin

bu soyuqluğuna inanmamaqda.

Hər şey yaşla bağlıdırsa,

demək ədalətlidir.

Gedirəm, qəddimi əyərək.

Həyat istədiyi kimi addımlayır,

mən – bacardığım kimi.

Həyat cövlan edir,

mənsə addımbaşı büdrəyərək.

Göz yaşlarımla qızılgülü suladım.

Ağlayıramsa da, demə ki, dərdliyəm.

Xoşlamıram yasa batmağı.

Nəyisə qurudanda duzlamırlarmı?

Göz yaşlarım – bir ovuc duzdur,

Çox sevirəm qızılgülləri qurutmağı.

***

Metro qatarının son dayanacağı – Depo. Ömrün son dayanacağı – Ölüm.

***

Atamı çox erkən itirmişəm. Hələ müstəqil həyata atılmağa macal tapmamış, ata qayğısına ən böyük ehtiyac duyduğum dövrdə itirmişəm onu.

1985-ci ilin fevral ayı idi. İki metrə yaxın boyu, yüz kiloqramdan artıq çəkisi olan bu nəhəng cüssəli insan bir neçə ayın içində arıqlayıb tanınmaz hala düşdü. Mədə xorası diaqnozuyla əmim onu Moskvaya – əməliyyata apardı. Əməliyyatdan sonra anamla mən də Moskvaya getdik.

Otuz dərəcəyə yaxın şaxtaydı, quşbaşı qar yağırdı. Klinika «Sportivnaya» metrostansiyasının yaxınlığında idi. Atamın palatasına girəndə onu nikbin, deyib-gülən gördük. Çoxlu işləri yarımçıq qalmışdı. Fikri Nəriman Həsənzadə, Cabir Novruz, Əzizə Cəfərzadə barədə monoqrafiyalarının, doktorluq işinin yanında idi.

Amma nədənsə mən onun gözlərinin içində sarı rəng gördüm. Həmin gün Senkeviç soyadlı həkim anamla mənə dəhşətli sözlər dedi: «Özündən gizlətmişik, ömrünə az qalıb, xərçəngdir. Kəsdik, heç nə eləmədən də tikdik».

Evə qayıdandan sonra atam daha bir neçə ay yaşadı, yazıb yaratdı. Gözündəki sarılıq da itmişdi.

Amma sentyabrda vəziyyəti qəflətən pisləşdi. Doğulduğu Yuxarı Salahlı kəndinə aparılmasını dilədi. Gedən gün mənim başımı qucaqlayıb hönkürtü ilə ağladı. Ömrümdə ilk dəfə onu ağlayan gördüm. Həmin sarı rəng də yenidən gözünə qayıtmışdı.

Bir həftə sonra qəribə də olsa, yuxuma şeir girdi. Atamın ürəyindən keçən, ancaq qələmə alınmayan misraları yuxumda səsləndi, mən də gecənin bir aləmi ayılıb onları vərəqə düzdüm.

Dünyanın al-əlvan rənglərinə,

Par-par parıldayan günəşə

Qəlbimdə sönmək istəməyən atəşə

baxdıqca.

Uşaqlarımın qəhərli səsini

eşitdikcə.

Xəstəliyimə nifrət bəsləyirəm.

Hey yaşamaq, yaşamaq istəyirəm.

Əllərim yad görünür mənə.

Səsim də başqa səsdir.

Görəsən, hardan gəldi bu dərd-qüssə.

Görəsən, ölüm niyə belə tələsdi.

Səhər ertə kənddən zəng gəldi ki, bəs atan keçindi.

Mən onda bir şeyi başa düşdüm: ölümün rəngi sarı olurmuş.

***

Haruki Murakaminin «Norveç meşəsi» romanını oxuduğum dönəmdə bəlkə də əfsanəvi «Bitls» qrupunun «Norwegian Wood» («Norveç meşəsi») mahnısını yüz dəfə dinləmişəm. Adətən «Bitlz»ın «Yesterday», «Michelle» kimi hitlərini sevirdim, bunu heç dinləməmişdim. Amma «Norveç meşəsi»ni oxuyandan bu mahnı sevimlimə çevrildi. Sanki mən də əsərin qəhrəmanları Naokoyla, Vatanabe ilə birlikdə bu balladanı psixikasında pozğunluq olan pasienitlərin yerləşdirildiyi «Amire» sanatoriyasının sıx və rütubətli meşəsində əli gitaralı Reykonun ifasında dinləyirdim, onların kiçik dünyasına qonaq gedirdim.

O dünyaya ki, orada sən böyük dünyadan, onun yamanlıq və naqisliklərindən, yalan və xəyanətlərindən tam təcrid edilərək rahat yaşayırsan. Amma bir şeyin fərqinə varmırsan ki, sən eyni zamanda, böyük dünyanın ünsiyyət genişliyindən, oradakı doğmalarından və sevimlilərindən də məhrumsan...

Geriyə dönüşü olmayan bir gediş ölümü xatırlatmırmı?!

***

“Nat Geo Wıld” telekanalı. «Döyüşçülər» adlı olduqca maraqlı sənədli film. Proqram canlılar arasında ən döyüşkən 10 heyvanın reytinqini ortaya qoyub. Söhbət öz həmnövləriylə olan mübarizədən gedir.

İnsanlar öz aralarında 3 şey uğrunda vuruşurlar: hakimiyyət, maddiyyat və məhəbbət. Sən demə, heyvanlar da məhz bu 3 nəsnə uğrunda mübarizə aparırlarmış.

10-cu olan pələnglər daha çox maddiyyat (şikar), 9-cular – zürafələr nüfuz (kim birinci olacaq), 8-cilər – Cənubi Amerika dəvələri məhəbbət (ən gözəl dişi dəvə) uğrunda vuruşurlar. Bu mübarizələr intensiv yox, periodik olduğundan bu heyvanlar reytinqdə elə də ön cərgədə yerləşməyiblər.

7-ci olan, hakimiyyət yolunda savaşa girən begemotlar, 6-cı olan, dişilərin sevgisini qazanmaq uğrunda vuruşan fillər, 5-ci olan, öz hərəmxanalarını digər erkəklərdən qoruyan dəniz filləri vaxtlarının daha çoxunu savaşda keçirirmiş.

Müşk öküzü (4-cü) şikar uğrunda, şir (3-cü) ailəsini qorumaq uğrunda, Tasmaniya canavarı (2-ci) isə rəqabət birinciliyi uğrunda demək olar ki, əksər vaxtlarını mübarizələrə sərf edirlərmiş.

Reytinq birincisi, hansı heyvan olsa yaxşıdır?! Şəxsən mən ağlıma belə sığışdırmazdım – şimpanze. Sən demə, erkək şimpanzelər dünyaya gəlişlərindən ta ki, gedişlərinəcən dayanmadan yeni ərazilərə yiyələnmək uğrunda döyüşürlər. Eynən boksçular kimi bir-birini amansızcasına yumruqlayan bu heyvanlar öz cinsinə ən çox nifrət edən heyvan kimi fərqlənməkdədir. Onlarçün döyüş həyat tərzidir. Qalib gələnlər bayram edir, məğlub olanlar ağır zərbələrdən sonra uzağı bir həftə yaşayıb ölürlər.

Və ən qəribəsi odur ki, sadalanan heyvanlar arasında ən çox insana yaxın olanı da məhz şimpanzelər hesab edilir.

Fərqinə varırsınızmı?

***

Bir gün biz olmayacağıq. Amma hər şey eynən indiki kimi olacaq: adamlar yenə harasa tələsəcək, maşınlar şütüyəcək, külək cövlan edəcək, quşlar cikkildəşəcək, yağış pəncərələri döyəcləyəcək...

Ah, necə də qısqandım adamları, maşınları, küləyi, yağışı, quşları...

***

Praqadakı Frans Kafka muzeyində içərinin yarım vahiməli yarıqaranlığı, fonda eşidilən xəfif simfonik musiqi və bir də talesiz yazıçının hər bir şəxsi əşyasından qopan hüzn və iztirab birləşərək mükəmməl bir kədər apofeozu yaratmışdı.

Üç ən böyük sərvətinə – sağlamlığına, sevgisinə və yazmaq həvəsinə tabu qoyulan yazıçının az qala bütün həyatını kino lenti kimi görməyə müvəffəq olduğum bu muzeydə məni ən çox Milenayla münasibətlərinə aid eksponatlar təsirləndirdi. «Sən mənim içimi qazdığım bıçağımsan, bax, sevgi budur» söyləyən yazıçının ən son həyat diləyi, sadəcə, məni dibsiz kədər burulğanına saldı: «Çox yorulmuşam, heç nə bilmirəm, yalnız üzümü dizlərinə söykəyib saçlarımda əllərini hiss etməklə əbədi bu vəziyyətdə qalmaq istəyirəm».

***

Saatın siferblatı əqrəbləri bizim ömrümüzü sona yetirməkçün bəsləyirmiş...

***

Azərbaycan poeziyasında ən kədərli şeir hansıdır? Hərənin bu suala öz cavabı var, təbii ki. Ancaq mənimçün bu şeir Rəsul Rzanın ömrünün son günlərində xəstəxana palatasında yazdığı, mənim də bir məktəbli ikən atamın masasının üstündəki qəzetdən götürüb oxuduğum, bir oxunuşla hafizəmə həkk olunan bu şeiridir:

Ömrün qəmli günlərindəyəm,

Xəstəliyim üzündən,

Qocalığım ucundan.

Həkim deyir ki, yorulub ürək.

Deyirəm,

yorulmusan, ürəyim.

Ötən günlər gözümdə

Bir xəyal dünyasıdır,

Göynədir göyüm-göyüm.

O günlər doğmam idi,

Bu günlərim ögeyim.

Günlər var çeşid-çeşid.

İnciklisi bu yanda,

Fərəhlisi o yanda.

Belə olurmuş demək,

Ömür-günün sonunda

Məncə, insan həyatının sonu barədə bundan dəqiq reportaj hazırlamaq mümkünsüzdür.

***

Bir anda dünyaya gəlir, bir anda ölürsən. Doğum və ölüm anların sonsuzluq qədər uzun olan həyatının çox cüzi, əhəmiyyətsiz bir zaman bölümüdür. Amma səndən sonra başdaşına yazılaraq məhz elə bu iki tarix qalır.

***

Və ən nəhayət, bu da günlərin çox ağır-ağır keçdiyindən, amma ömrünsə uçduğundan öz acı təcrübəsi ilə şikayətçi olan İnna Lisnyanskayanın zaman etibarilə yazdığı ən sonuncu şeiri:

Arzu və istək məkanım daraldıqca

Həyatdan qazana bilmədiklərimi

Gecələr yuxu yatmadan

düşünmək əzabıyla

Düşmüşəm dərdə.

Və qədəhə

yuxu dərmanı damcıladıram ki

Batdığım palçığa

batmayım bir də.

***

Biz yaşadıqca içimizdəki ölüm də böyüyür. Nəhayət, ölüm o qədər böyüyür ki, daha içimizə sığışa bilmir, bizi qabıq kimi sındırıb çölə çıxır.

Biz beləcə ölürük!

***

Cəmi yeddi nöqtə...

Körpəlik embrionun, uşaqlıq körpəliyin, yeniyetməlik uşaqlığın, gənclik yeniyetməliyin, ortayaşlılıq gəncliyin, qocalıq ortayaşlılığın, ölümsə qocalığın nöqtəsidir.

Sənin neçə nöqtən qaldı?!!!

# 3590 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #