Sevgilin ölürsə fahişə qollarında

Sevgilin ölürsə fahişə qollarında
14 iyun 2013
# 10:11

Kulis.Az Könül Həsənqulunun "Sol çiynində qarğa gəzdirən qızcığaz" şeirini təqdim edir.

Sesar Valyexo üçün...

1

Bir addımlığında dayanamışam küçənizin

Küçəniz

Bir addımlığındadır küçəmin

Bir özüm bəs etdim küçəmin

Sizin küçənizə qədər uzanmasına

Bir də kirpiklərindən məzarlıqlar asılan gözlərim

2

Əlindən tutuduğum yanımdakı bu balaca qız

Uşaqlığımdır, senyor Valyexo, tanış olun

Ancaq Siz ona diqqətlə baxmayın...

Utanır

Üst-başı zığ-palçıqdır

Köynəyinin dirsəkləri də

Atasının dağılmış pencəyinin cod parçasıyla yamaqlanıbdır

Hələ Sizə deyim alnındakı çapıqdan o, necə utanır

Çapıq kərpic zərbəsindən qalıb

Kərpicsə

Qonşuluqda uçurtduğu köhnə evin divarından aşıb

Bu qızcığaz evciklərlə deyil, evlərlə oynayıb –

Qurub, tikib və sonra “babaaax!”dağıdıb...

Küçəsini

Sizin küçənizə qədər uzadıb...

Üst-başının kiri və dizlərinin yarası da bu adətindən qalıb

3

Heç kim qalmayıb arxada

Bircə onunla ikimizik əl-ələ tutub baxırıq işıqfora

İşıq qırmızıdır!

Kommunizmdən kapitalizmə keçməyib hələ də...

O da bizim kimi yolayrıcındadır

Bir əlimi bərk-bərk sıxan bu inadkar qızcığaz

Pişik balası kimi sol tərəfimi cırmaqlayır

Deyin

Axı hansı tərəfə addım ata bilərəm mən bu ətalətlə?!

4

Küçəniz

Bircə addımlığımdadır

Küçənizə keçmək

Yanımdakı körpənin bircə anlıq əl boşluğundadır

Senyor Valyexo, çoxdandır ağlımda bir sual dolaşır

Söyləyin

Bakirə və yorğun-bulanıq gözləriylə

Günəşin doğmasına baxan qoca rahib Santyaqo öləndə

Əlindən xaç boşalıb-düşdü, bunu təxmin edirəm

Fəqət sonra yaxasından yapışdımı Tanrının o, həmin əllə?!

Sizi bilmirəm

Ancaq ki, mən

“Ölərkən insanın xasiyyəti də dəyişir” deyə düşünürəm...

5

Burda bir fahişə vardı. Adı nə Donna nə də Viktoriaydı

Onun söyüşlərindən qonşular qulaqlarını tutardı

Qonşular öldü...

Söyüşlər qulaqlardan yetim qaldılar havada

Küləyin ətəyindən yapışıb-dolaşdılar o başa-bu başa

Və onları duyan

Yol kənarı addımlayan sakinlər hərəsi öz ünvanına bir pay götürdü

Sakinlər öldü

Ağaclardan asıldı söyüşlər hopdular yarpaqlara

Yarpaqlar töküldü

Söyüşlər payızın nəm torpağını öpdü

Torpaqla qucaqlaşıb eləcə getdilər torpağın canına

Sonra fahişə öldü

Basdırdılar onu söyüşlərinin qoynundaca

6

Əvvəl

Şən dostlarım vardı uşaq bağçasında.

Sonra hər şey dəyişdi!

Anam gəldi dalımca

Anası gəldi dalınca

Analar gəldi övladlarının dalınca

Uşaqlar öldü...

Sonuncu dəfə mən bağçadan çıxanda

19 uşaq və 2 tərbiyəçi vardı sinif otağında

Anamın əlindən tutub mən qapıdan adlayanda

Qapının arasında 21 nəfər əzilib-öldü!

Biz ordan uzaqlaşdıqca

Onlar get-gedə zəifləyən səslərilə keçinirdilər qulaqlarımda...

Bilmirdim

Haçansa yenidən geri qayıdıb həyat verəcəyəmmi mən onlara?..

Və ya

Cəsədlərindəncə yaranan həşəratlarla

Gəmirilmiş olacaqlarmı mən qayıdana?..

7

Böyüdüm...

Mən böyüdükcə ağaclar kiçildi

Divarlar alçaldı

Damlarda boşluqlar yarandı evlərə yağışlar damdı

Qırmızı bayraqlar üç rəng aldı

Önünə çiçəklər qoyduğum heykəllər aşırıldı

Heykəllər daha çox

Barmağıyla burnunda qurdalanan və kirli dırnaqlarını

Çeynəyib gülən uşaqların gözləri önündə aşmaqdan utanırdı

Sonra

Gözüqıyıq çinlilər əllərindəki texkini oyuncaqlarını ölkəmə dağıtdı

Kağız məktublar sandıqlarda saraldı...

Anlayacağınız qədər mən böyüyənə uşaqlığımdan heç nə qalmadı

Elə bu məktubu da Sizə həmin oyuncaqlardan birində yazıram

Və yazdıqca düşünürəm ki “yazmaq” sözünü başqa məsdərlə əvəz etmək lazımdı

8

Böyüdükcə böyüdüm! Elə böyüdüm ki, qonşular öldü

Qohumlar öldü

Məni böyüdən əllər öldü

Bütün ölülərdən qaçıb-sığındığım kişi – sevgilim öldü...

Sevgilim öldü bir fahişənin qollarında

Elə o andan salındı məzarlıqlar, senyor Valyexo!

Qadınlar öldü!..

Qadınlar öldü yeniyetmə yaşlarında

Qadınlar öldü...

Qadınlar öldü orta yaşlarda

Qadınlar öldü...

Qadınlar öldü qırmızı dodaq boyasıyla...

...zəhərlədilər ürəyimdəki kişini...

Zəhərləndi ürəyim

Ürəyim öldü...

Sinəmdə sol tərəfdəki boşluğa qərənfillər düzürəm indi...

Bir kişinin qollarında

Qucağında

Bir qəbiristanlıq qadın öldü müxtəlif yaşlarda

Müxtəlif saç düzümündə

Müxtəlif çəkidə

Boyda...

Fəqət hamısı eyni ədada öldü!

Məzarlıqlar...

Məzarlıqlar necə də darıxdırıcıdır, senyor Valyexo, məzarlıqlar!..

Məzarlıqlar sinəmdə salınıblar...

Və yenə qarğalar...

Başımın üstündən dağılmır qarğalar...

(Lənətə gəlsin “şizofreniya” termini! Qarğalar ölülərin qoxusuna yığışırlar!)

Nəyimə gərəkdir bu çiçəklər-ağaclar

Xoş niyyətli insanlar nəyimə gərəkdir?..

Nəyimə gərəkdir dostlar?!

Nəyimə gərəkdir payız

Qış

Yaz

Yay?..

Nərdivanın altında

Sarılıb boynuna sığallayıram bu qayğısız qızcığazın daraqsız saçlarını

O isə məni elə hey qınayır

Və dayanmadan sol əlimi bərk-bərk cırmaqlayır...

# 3906 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #