Sonuncu ümidi də kədərə xərclədim

Sonuncu ümidi də kədərə xərclədim
1 iyun 2013
# 07:15

Sonuncü gündən sonra...


Sonuncu ümidi də kədərə xərclədim,
içimdəki tənhalıq adasında
ağ bayraq qaldırdı həyat...
indi yola verirəm
ayı, günü, saatı,
günləri yük kimi atıram üstümdən,
yüküm ağır, yol uzaq...
içimdə dayanıb zaman,
baxma ki, ürək döyünür,
sərxoş olub itirmişəm
sabahımı dünənimdə,
hər açılan sabahın axşamı
sonuncu gün kimi qapanır üzümə...
sonuncu gündən sonra
Sən səhər kimi açılırsan
taleyin üfüqlərindən,
mənə həyatı sevdirsən,
içimdəki Vaxtın əqrəbləri
Sənin sevginə işləyəcək!...

Səndən o yana...

Səndən o yana uçurumdu,
bir sevgilik canı qalıb ürəyimin,
qaysaq bağlamış dodaqların
sevginin son sərhədidi...
tək sənə çatır nəfəsim,
sevginin sərhədini
sənədsiz keçsəm,
bilirəm, ürəyin məni saxlayar,
saxlayar köksündə
bir şirin günah kimi,
titrətməm çıxar canımdan
dilimdən çıxan ah kimi...

Səndən o yana uçurumdu,
qoyma keçim o yana,
dodaqlarınla kəs yolumu,
baxışlarınla bağla qolumu,
nəfəsinlə pıçılda qulağıma:
məndən o yana yol yoxdu!...

***

Əvvəl sevgi doğulur,
sonra uşaq,
ümidlər sevincin üzündən heç vaxt öpmür,
ömrümüz balıq kimi çırpınır tərəddüdlərdə...
ümidlər ithaf olunur gecikmiş sevgilərə,
oğlum olsa, adını Ümid qoyardım,
məndən sonra ölən ümidlərin şərəfinə!...

Mənə nəsə olub, sən də duymusan,
çünki bilirsən;
əvvəl sevgi doğulur,
sonra uşaq,
bəlkə o uşağı sən doğacaqsan,
zaman bətnində yubanır bəlkə?!..

Bu gecənin əzabı da halal xoşun,
külqabıda söndürdüyüm yarımçıq fikirlər də,
sinəmdə vaxtı sənin saatına qurmaq istəyim
sənə gülməli gəlməsin,
bütün gecikmələrin heyfini çıxıram
keçib getdiyim yollardan...

Əvvəl sevgi doğulur,
sonra...
sonra deyərəm...

***

Səni gətirən taleyin
insafa gəlməyi varmış,
ömrümə bir gözəl düzəliş etdi
sənin əllərinlə...
gülümsəyən sükuta
bal qatır
süzgün baxışın,
ovcumda tutduğum əlinlə
sinəmi ovxalayıb,
darıxmaq hissimi ovuduram,
elə bil sevgidən qan verdim səhər,
rəngim ayazıyıb, halsızam bu gün,
susma!
darıxmaqdan öləcəm bu gün...
səni gətirən taleyin
yazısını şeirin dilinə çevirdim,
ürəyimdən nisgilləri soyundurdum,
uzaqdasan, amma mənə
sənin qədər yaxın yoxdu,
susma!...
darıxmaqdan öləcəm bu gün...

İkimiz də dəli olaq…

Bizim işimiz üz-üzə oturub

növbəylə köks ötürməkdi,

sənin işin baxışlarımdan

xoşhallanmaqdı,

mənim işim çətin olacaq

səni sevgiyə inandırana qədər...

birimiz dəli olsaq da

birimiz ağıllıyıq,

ikimiz də dəli olsaydıq,

çoxdan yerə dəymişdi kürəklər,

sevginin yaddaşı

ayrılıqlarla doludu,

gəl,

daha bir ayrılıq möhürü vurmayaq

sevginin pasportuna,

ikimiz də dəli olaq!...

***

Sükut rəngi çöküb bütün səslərə,
səs səsə qarışıb axır
qulağımın dibindən,
heç nə eşidə bilmirəm,
bütün səslər soyuyub,
qulaqlarım üşüyür,
səssizliyin üzümə
qapı kimi çırpılır...

Sən yoxsan,
soyuq yelə dönüb nəfəslər,
qəsdimə durub bütün səslər...
külək ağaclara baş çəkib
qayıdanda
səsin üçün darıxdım;
dünyanın ən gözəl səsi üçün!...

***

Sənə gələn yolda
bir yaşıl xəyalın
sərin kölgəsində
illərin yorğunluğu
çıxır canımdan,
yalnızlıq soyuyub
nəmli çarpayıda,
taleyin bu üzlü qonağı
canını tapşırır deyəsən
ürəyimi titrədən sevgiyə...

Sənə gələn yolda
ürəyimi xəritətək açdım,
gördüm
Sevgi adlı Vətəndi hər yer!...

# 2127 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #