Qızına göz dikən atanın etirafları

Qızına göz dikən atanın etirafları
27 aprel 2013
# 07:00

Frederik Beqbeder-müasir fransız proziakı, publisisti, ədəbi tənqidçisi. 1965-ci ildə Paris ətrafında anadan olub. Paris Araşdırmalar İnstitutunu bitirib, reklam və marketinq sahəsində təhsilini davam etdirib. Beqbederin həyatı ilə bağlı digər məlumatları Google axtarış sistemi vasitəsilə əldə edə bilərsiniz. Təkcə onu qeyd edək ki, 2000-ci ildə reklam dünyasının gerçək üzünü ironik şəkildə açıb ortaya qoyan “99 frank” romanından sonra Beqbeder kopirayter-reklam yazarı işlədiyi “Young and Rubicam” reklam agentliyindən qovuldu. Onun yaratdığı Oktav Paranqo obrazının öz prototipi olduğu iddia edilir.

Beqbederin “99 frank” əsərindən başqa bir çox romanları, hekayələri, esseləri də var. “İslah olunmayan gənc adamın xatirələri”, “Komada tətil”, “Məhəbbət üç il yaşar”, “Windows on the World”, “Romantik eqoist,” “İdeal”, “Fransız romanı”. Sonuncu əsəri avtobioqrafik səciyyə daşıyır. Beqbederi təminatlı ailədən çıxdıb. Beqbederin anası qadın romanları tərcüməsidir, qardaşı isə broker kontoru sahibidir.

Viktor Hüqo dövrü geridə qalıb. Daha əsərlərin baş qəhrəmanları Qavroşlar, Jan-Valjanlar, Rastinyaklar deyil, heç kim cəmiyyətin yoxsul, kimsəsiz kəsiminin acı, miskin həyatından yazmır. İndiki romanlar gecə klublarından, varlıların seksual macəralarından, pulun, zənginliyin norma dərəcəsinə gətirib çıxardığı eybəcərliklərdən, seksdən, narkomaniyadan, pedofiliyadan bəhs edir. Bu mövzular əsərin kommersiya uğurunu da təmin edir. 21-ci əsrdə hələ də gül-bülbüldən, əzrail-ölümdən, saf məhəbbətdən bəhs edən mövzulardan yazan, kitablarının üz qabıqlarına başı qarlı zirvələrin, alp çəmənliklərinin şəkillərini vuraraq kitab bazarına girməyə can atan sadəlövh yazarlarımız bu kimi mövzuları hələ də “iqnor” etməklə məşğuldurlar.

Fransız nümunəsi

Beqbederin dili çox çılpaq, açıq-saçıqdır. Praktik olaraq bu küçə dilidir. Özü də təkcə Beqbeder bu tərzdə yazmır, onun müasiri Mişel Uelbekin dili də eynilə bu cürdür. Mişel Uelbekin “Elementar zərrəciklər” əsəri əvvəldən axıra pornoqrafik səhnələr üzərində qurulub. Beqbederi, Uelbeki və onlarla bu cür yazarları qınamaq olar. Ancaq müasir dövrümüz başdan – başa seksual həzdən ibarət deyilmi, məgər “google”da ən çox axtarılan “sex” kəlməsi deyilmi, məgər telefonlarımızın multimedia bölümünü yerli və xarici pornoqrafik qısametrajlı filmlər süsləmirmi?

O mətnlərdə ədəbsiz, nalayiq ifadələr işlətməkdən çəkinmir. Bu “g” hərfi ilə başlayan kiçicik bir söyüşə görə yazıçını binamus elan edən Azərbaycan oxucusu üçün yad olsa da fransız oxucusu üçün qəbul olunandır. Çünki o, yaşadığı gecə klubları həyatının olduğu kimi yazılmasının tərəfdarıdır, ikiüzlü deyil. Beqbeder urbanistik insanı, təminatlı, lakin bununla belə həyatın mənasının zənginlikdə olmadığını dərk etmiş insanın faciəsini təsvir edir.

İlk baxışda Beqbeder oxucuya populyar kültürün nümayəndəsi təəssüratını bağışlayır. Onun həyat tərzi də bunu deməyə əsas verir; Fransanın qlamur, cəmiyyətin varlı təbəqəsi ilə bir məkanda görünür, telekanallarda verilişlər hazırlayır, narkotik istifadəsinə görə polislər tərəfindən saxlanılır və s. Lakin Beqbederin yaradıcılığına dərindən nüfuz edəndə onun bayağı bulvar yazıçısı olmadığı ortaya çıxır. O sekslə, narkotiklə, hər cür əxlaqsızla dolu əsərlərində müasir cəmiyyətin düşdüyü bataqlığı çılpaqlığı ilə təsvir edir. Onun əsərlərini maraqlı, düşündürücü, aforistik ifadələrlə boldur. O, aforistik üslubda yazmağı xoşlayır. Bu onda alınır, onun aforizmləri bayağı deyil, kəskin və paradoksaldır. Oskar Uayldda olduğu kimi.

“99 frank”

“99 frank” Frederik Beqbederin məşhur əsərlərindəndir. Əsərin motivləri əsasında film də çəkilib. Beqbeder bu filmdə epizodik rol oynayıb. Lakin bu Beqbederin kinoda debütü deyil. Bundan əvvəl “Qayıqçının qızı” adlı bir pornoqrafik filmdə də rol almışdı.

Əsərin baş qəhrəmanı Oktav Paranqo uğurlu kopirayterdir, reklam agentidir. Bizim gördüyümüz əksər reklam məhsullarının mətnini o yazıb, onları istehlak etməyi bizə o təlqin edib. Onun bir insanın arzuladığı hər şeyi var; şəhərin mərkəzində evi, bahalı maşını, zəngin butiklərdən geyimləri, ətrafında gözəl qadınlar və narkotiklər. Lakin bir gün dərk edir ki, sən demə həyatda hər şey satılırmış, sadəcə hər şeyin öz qiyməti var. Və artıq iqtisadiyyatın mal-pul-mal dövrü çoxdan bitib, artıq reklam satılır. Ən keyfiyyətsiz məhsulu belə, hətta poxu belə reklam edib satmaq mümkündür. Əmtəənin keyfiyyəti deyil, reklamı vacib rol oynayır.

Nəyi reklam etsən, onu da satacaqsan. Artıq dünyanın axarını siyasətçilər deyil, kopirayterlər müəyyənləşdirir, onlar bizə nəyi yeməyi, nəyi geyməyi, nəyi sürməyi əmr edirlər. Burda bir haşiyə çıxaq ki, dövrümüzün məşhur solçu yazarı Naomi Klaym da “No Logo” əsərində eynilə bu mövzudan bəhs edir. Onun bu əsərindən bir faktı qeyd etmək yerinə düşər. “Tommy Hilfiger” kimi məşhur tekstil istehsalı firması artıq bir neçə on ildir ki, məhsul istehsalı ilə məşğul deyil, o yalnız reklam sayəsində öz brendini tekstil istehsal edən tanınmamış firmalara satmaqla məşğuldur. Böyük şirkətlər, kompaniyalar gəlirlərinin yarısından çoxunu istehsala deyil, məhz marketinqə, məhsullarının reklamına, brendə çevrilməsinə xərcləyirlər. Bunun sayəsində məhsul bazarda dəyərindən qat-qat baha qiymətə satılır, burada qazanan isə yalnızca istismarçı sinifdir. Yeri gəlmişkən Beqbeder siyasi ideologiyasına görə anarxistdir və qlobalistlərin bir çox tədbirlərinin qalmaqallı boykotçusu “Qara blok” qrupunun üzvüdür.

Beqbederin reklam sektorunu tənqid edən bu əsəri Viktor Pelevinin ““P” nəsli”nə bənzəyir. Mənim fikrimcə Pelevinin əsəri Beqbederinkindən daha güclüdür. Pelevində struktur hadisəsi var, həm də məharətlə reklam sektorunu şərq fəlsəfəsi ilə bağlaya bilib.

“Üç il yaşar eşq”

Adından gördüyünüz kimi bu əsər sevgi mövzusundadır. Amma bir dəqiqə dayanın, heç də bizim zənn etdiyimiz kimi ənənəvi sevgi söhbətləri, nakam məhəbbətdən-filan söhbət getmir bu əsərdə. Bəs necə o, şərqli deyil, avropalıdır, sevgiyə də mücərrəd, metafizik formada deyil, elmi əsaslarla yanaşır.

Elm isə sevgi haqqında bunları deyir: Eşq insan bədənində olan sevgi hormonları androqen və estroqenlərlə bağlıdır. Eşqdə hər şey qaydasına düşəndən sonra bu hormanların ifrazı normallaşır, aşiqlə məşuqun bir-birlərinə olan ehtiraslı baxışları da avazıyır. Belə çıxır ki, bizdə tez-tez işlənən, adətən yeni sevən oğlan-qızlarımızın dediyi “Sən ilk və son sevdiyim olacaqsan!”, “Evlənəndən sonra da səni yenə dərin məhəbbətlə, ehtirasla sevəcəyəm!” kimi pafoslu ifadələrin cavabı bu kiçicik romanda gizlənib.

Əsərin qəhrəmanı Mark Maronye Anna ilə evlidir. Üç ilin tamamında Markın qarşısına Alisiya çıxır. Mark artıq əvvəlki ehtirasla Annanı sevmir. Boşanırlar və Mark Alisiya ilə qovuşur. O qədər xoşbəxtdirlər ki, hətta ixtisası jurnalist olan Mark üç ilin tamamında bu barədə roman da yazır. Onlar bir-birlərini dəli kimi sevirlər, günlərini tropik adada eyş-işrətlə, sevişmələrlə keçirirlər. Növbəti sevişmədən sonra Mark sevinir ki, onların sevgisi bu üç ilin ərzində öz çılğınlığını, hərarətini qoruyub saxlayıb. Deməli qalın eynəkli alimlərin söylədikləri elmi faktlar yalnızca sayıqlamadır. Eşq üç ildən çox da sürərmiş. Lakin qəfildən gözü saata sataşır. Üç ilin tamam olmağına hələ bir dəqiqə var.

“İdeal”

Bu roman haqqında danışmamışdan öncə onu qeyd edək ki, Beqbeder “Ekstazinin təsiri altında hekayələr” kitabında böyük sayğı ilə yanaşdığımız Şahzadə Diananı tamamilə başqa rakursdan təqdim edir. Onun haqqında yaradılmış mələyə xas xüsusiyyətləri darmadağın edir. Doğrudur, Beqbeder ad çəkmir, amma diqqətli oxucu kimdən bəhs edildiyini o dəqiqə hiss edir.

“İdeal”da hadisələr Rusiyada cərəyan edir. Skaut olan Oktav məşhur “”İdeal” firması üçün Rusiyaya qız seçməyə gəlib. 40 yaşlarında Oktav seçdiyi qızlardan birinə - 14 yaşlı Lenaya aşiq olur. Bu süjet çoxlarımıza tanışdır əlbəttə, Lolita mövzusudur,

Nabokovun məşhur əsəri. Lakin bu dəfə bu mövzunu Fransaya mühacirət etmiş rus deyil, fransız yazır. Taleyin ironiyasına bax, bu dəfə hadisələr ABŞ-da deyil, məhz Rusiyada baş verir, Nabokovun vətənində. Hadisələrin inkişaf etdikcə məlum olur ki, Lenoçka uzun illər öncə Oktavın Fransada sevgi macərası yaşadığı bir top-modelin övladıdır. Lenanın atası olduğunu öyrənən Oktav taleyin bu acı oyunu ilə bacara bilmir və İsa Məsihin məbədinə gəlib keşişə tövbə etməyə başlayır. Əsərin strukturu da bu cürdür, Oktav partlamaqda olan bombanı hazır vəziyyətdə tutub keşişi onun tövbəsini dinləməyə məcbur edir. Rus nəşrində adı “İdeal” kimi verilmiş əsərin orijinal adı isə təqribən belədir: “Kömək edin, bağışlayın”.

“99 frank”dan tanıdığımız Oktav təkcə model həyatının eybəcərliklərini, yeniyetmələrin məşhur olmaq naminə ruhlarını şeytana satmaq bahasına apardıqları ölüm-dirim mübarizəsini anlatmaqla kifayətlənmir, Rusiyanın siyasi həyatını da “həzm-rabe”dən keçirir. Misal üçün əsərin bir yerində Oktav Moskva merliyindən uzaqlaşdırılmış Lujkov haqqında deyir; “Sizin bu məbədi lap təzə inşa ediblər, lakin artıq moskvalılar bu məbədə nifrət edirlər, çünki mer Lujkov bu daşlara bütün şəhər büdcəsini əndərib.”

Əsərdə İsa Məsih haqqında da yaxşı bir ifadə var: “İsa qollarını bizə açdı, ancaq biz Nabokov öz kəpənəkərilə davrandığı kimi bundan onu mıxlamaq üçün yararlandıq.” Və ya “Stalin Rusiyada bütün ağıllı insanları öldürdü, ancaq təkcə eşşəklər, əyyaşlar və quldurlar qaldı”.

Rusiya –məntiqlə dərk edilməsi mümkün olmayan bu ölkə hələ bir çox əsərlərə mövzu olacaq. Ona görə ki, bu, təkcə Şərqdən Qərbə, Asiyadan Avropaya uzanan bir ölkə deyil, həm də ədəbiyyat deyəndə yada düşən nəhənglərin, titanların-Turgenev, Dostoyevski, Tolstoy, Bulqakov, Qorki, Şoloxovun ölkəsidir. “İdeal” təkcə bir fransızın Rusiyaya olan sevgisindən doğmayıb (Oktav Lenaya necə deyir “Bilmirəm sənə baxım, ya Peterburqa”). Bu, təkcə gedonist həyat sürmüş birinin keşiş qarşısında öz günahlarına görə tövbəsi deyil.

“İdeal” həm də qadın düşkünü Dantesin böyük Puşkin önündə tövbəsidir.

# 6106 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #