Gənc romançı haqqında düşüncələr

Gənc romançı haqqında düşüncələr
21 dekabr 2012
# 16:56

Təqribən bir ay olar ki, Qan Turalının "Polis qorxusuyla öpüşmək" və "Mustafa" kitablarını oxuyuram. Gizli uşaq ağrıları, insanlara, həyata inam və sevgiylə dolu olan bu yazıların mütaliəsini mümkün qədər uzatmaq istəyim, onlara olan marağımın, Frans Kafkanın yaxın günlərdə nəşr olunmuş "Məhkəmə"sini üstələməsi, səbirsiz Qan Turalının quru, sxematik düşüncəli Kafkanı arxa plana keçirməsi, Mustafanın, kiçik həcmli kitabçaya sığan, sanki 28 dəqiqəlik ömrünün hansı möcüzəyləsə bütün rəngləri və çalarlarıyla gündəlik həyatıma daxil olması, həqiqətən, qəribə idi...

İlk əvvəl onu deyim ki, neçə illərdən bəri dövrü mətbuatda rast gəldiyim sərt yazıları, solaxay ədəbi çıxışlarıyla mənə ədəbi ekstremist təsiri bağışlayan bu gəncin, yaradıcı təfəkkür səmtini qəfildən, qayalara çırpılmaq qəzasından qaçıran gəmi tək, ədəbiyyata sarı dəyişməsi, sükanını azadlıqlara, Sənətə aparan geniş, İşıqlı Yola çevirməsi məni hədsiz sevindirdi. Digər sevindirici məqam – gənc yazarın zahirən ictimai-sosial narazılıqlar təsiri bağışlayan acığının altında közərən İnsan ağrılarının ədəbi sözə çevrildikcə, həlimləşib durulması, ağrı sahibinin gözlərim qarşısında saflaşıb gözəlləşməsi idi.

Qan Turalının yazdıqlarında nə Şekspir fəlsəfəsini, nə Markes magiyasını, nə Hofman mistikasını, nə Dostoyevski psixoanalizini axtarmağın yeri yoxdu. Bu yazıları oxuduqca da, əslində, nə o qəliz fəlsəfəçiliyin, nə mistik magiyanın, nə də psixoanalizin elə bir əhəmiyyət daşımadığının həqiqətini anlayır, vaxtın sürətləndiyi, Axirət əlamətlərinin bir-birini əvəzlədiyi bu qaçhaqov zamanında tək bir Özünə - nə vaxtsa içindən sıçrayıb kənara çıxdığın doğma, ilıq məhrəmliyə, rahatlıq və əmin-amanlıq saçan səmimiliyə ehtiyaclı olduğunu kəşf edirsən.

Qan Turalı bu dünyanın maddiyat kobudluğundan, insan ruhunun gözəgörünməz, ələgəlməz kövrəkliyindən, böyük insan dözümündən və səbrindən, onun hər zaman üzü üstə yıxılıb əziləndən, ağız-burnu qanla dolandan sonra yenidən və yenidən dikələrək, öz İnsan Ləyaqətini təsdiq edə bilmək qüdrətindən yazır. Bu yazıları, onların təsirinə düşmədən, kövrəlmədən, yaxud, gözlərin yaşaranacan gülmədən oxumaq olmur. Burda gülüş ağrılarla, ağrılar gülüşlə müşayiət olunur.

"Şaxta baba" hekayəsi - rejissor olmaq həvəsiylə alışıb yansa da, o səmtə atdığı hər addımı, necəsə, yolun əksinə işləyən, rayon teatrının səhnəsində tamaşa qoymaq arzusu Yeni İl şənliklərində kənd camaatını əyləndirən Şaxta Babalıqla nəticələnən qəhrəmanın gülməli, gülməli olduğu qədər də ağlamalı həyat tarixçəsini təsvir edir. Mənə isə bu, günümüzün acı reallığını – öz nəhəng yaradıcı niyyəti və arzularıyla sosiallığın öldürücü qəzalarına uğrayan istedadlı sənət adamlarının son ucda hüquqları tapdanmış, alçaldılmış və təhqir edilmiş acıqlı Şaxta Baba taleyini xatırladır. Bu aktuallıq, reallığın bütün sərtliyi və çılpaqlığı ilə fəlsəfəçilikdən, iddalılıqdan tam uzaq bir qatda - zahirən sanki səthi, təsadüfi həyati detallar və təsvirlərlə, məişət təfərrüatçılığı və sentimentallıqla çatdırılması ciddi ədəbiyyata aparan ən çətin yollardan biridir ki, bizim Qan Turalı məhz bu yolu seçir.

Qan Turalı bu gün belə yazır və mənə, onun sabah nə yazacağı, bu gün astanasında dayandığı bu çətin yolu necə davam etdirəcəyi, hansı istiqamətdə gedəcəyi, möhtəşəm Ədəbiyyat Küləklərinin onu ha tərəflərə çəkib aparacağı hələ ki, bəlli deyil. Bu, sonu, qurtaracağı görünməyən ilahi ucalıqlar da ola bilər, miskin sözçülük, şöhrət, ad-san, vəzifə qazanmaq həvəsli konyukturçuluq da.

Lakin mən inanıram. Qan Turalının sözünə, üzünə və səsinə inanaraq, onun həqiqi ədəbiyyat adamı olacağına, müqəddəs Sözü bu dünyanın heç nəyinə dəyişməyəcəyinə, Yolun üst tərəfi ilə gedəcəyinə inanıram və bu yolda ona uğurlar arzulayıram.

# 4259 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər