Fahişəxanadakı qadının suçu nə?

Fahişəxanadakı qadının suçu nə?
23 fevral 2015
# 11:27

Mən də Azərbaycan kişisiyəm və çoxunuz kimi mühafizəkaram. Təbii ki, ailə dəyərlərimizi pisləmək, sərt tənqid atəşinə tutmaq fikrim yoxdur. Amma cəmiyyətimizdə stereotipə çevrilən bəzi məqamlar var ki, onlar haqqında danışmasam, həqiqəti deməsəm, millətimə ən böyük düşmənliyi də özüm etmiş olaram.

Bu yaxında tanış bir xanımın mənə anlatdığına görə, keçmiş həyat yoldaşından içki və başqa qadınlarla olan macəralarına görə bezib boşanıb. Bu ailə dağılıb, pis olub, yaxşı olub – mühakimə edə bilmərik.

Amma həmin xanımın həyat yoldaşı onu hələ də təqib edir, tez-tez həyatına müdaxilə edir. “Unutma, hara getsən də adın üstümdədir, mənim adımasan” və sairə kimi söhbətlər.

Bu eşitdiyim ilk belə söhbət deyil. Cəmiyyətimizdə belə hallarla çox qarşılaşmışam. Əgər sən öz ailəni qorumursansa, boşandıqdan sonra yenə də öz həyatını yaşayırsansa, deməli o həyat artıq geridə qalıb. İnanın mənə, “uşaqlarımın anası” söhbətləri də keçərsiz olur.

Təbii ki, qadın boşandıqdan sonra hansısa əxlaqsızlıq edirsə, ya da hər hansı səhvlər edirsə, müəyyən müdaxilədən, sırf uşaqlara görə qarışmaqdan söz gedə bilər (bəlkə də). Cəmiyyət də buna haqq qazandırar. Amma nə üçün azərbaycanlılar hər şeyə bu qədər “fəlsəfi” yanaşır ki, tüpürürsən, uşaqları da götürürsən, məhkəməylə də hüquqlarını bərpa edirsən, vəssalam... Yox, istəyirsiniz ki, sizin başsız qoyduğunuz bir ocaq sizin yoxluğunuzda monastıra çevrilsin? Bu nə romantikadır, bu nə fəlsəfədir?

Bu yaxında Masazırdakı pritonlardan birində kişi öz keçmiş həyat yoldaşını öldürdü. Haqq qazandıranlar da oldu, qınayanlar da... O hadisənin məğzini bilmirəm, amma qadının da pis yola düşməsinə kişi bais olmurmu çox zaman?

Kimsəsiz və təhsilsiz qadınların kafelərdə, pritonlarda “karyera” qurması o kişiləri niyə narahat edir? Əgər narahat edirsə, bu qadınlar niyə taleyin axarına başsız buraxılır?

Amma nəyə görə düşünək ki, bu qadın səndən ayrılandan sonra mütləq pis yola düşəcək? Özün boşandınsa, demək sən onunla maraqlanmamalısan. O boşandısa, deməli, səndən yaxşısını tapmağa və yeni həyat yaşamağa haqqı var. Hər qadın hər kişi kimi sevə bilər, yeni həyat yaşaya bilər. Təbii ki, normal və güvənilən şərtlərlə... Məhz o qadının özü üçün.

Bəlkə, o xanım sabah onu səmimi qəlbdən sevən və qəbul edən birinə gedəcək? Qızı ailəsindən istəyib almaq hələ onun həyatına tam sahiblənmək deyil...

Əlbəttə, başqa məqamlar da var. Boşanmış və ya dul xanımla ailə qurmaq 1 manatı başa çevirib nəzir vermək kimi bir hərəkətə dönüb. Cəmiyyət hələm-hələm qəbul etmir...

Sizinlə razıyam, "nə bilirsən kim nə yuvanın quşudur"... Yaxşı, nəyə görə ancaq pis şeylər düşünürsünüz? Ona da diqqət eləmişəm ki, içki və qadınlar üstündə dağılan ailələrin çoxu “oğlumuz içmir, çəkmir, tərbiyəli və zəhmətkeş oğlandır” sözlərinə inanan valideynlərin səhvlərinin qurbanı olur.

O boyda yalana inanırıqsa, bu qədər səhvlər ediriksə, niyə insanlara ikinci həyat yaşamaq şansını verməyək? İnsanları səhvlərə sürükləyən ən önəmli faktor məhz kənar düşüncədir. Kənardan təsir və təlqin insanın şəxsiyyətini dəyişir... Hörmət edin, əl uzadın, şəxsiyyətlər yaradın. Məhv etməkdən yaxşıdır...

# 1514 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #