"Balaca" Vaqifin böyük sənəti-ANARIN YAZISI

"Balaca" Vaqifin böyük sənəti-ANARIN YAZISI
5 iyun 2014
# 12:48

Kulis.az Xalq Yazıçısı Anarın Vaqif Səmədoğlu haqqında yazdığı "Balaca" Vaqifin böyük sənəti" yazısını təqdim edir.


Vaqif Səmədoğlunun 75 yaşı tamam olur. Vaqif haqqında Azərbaycanda, Türkiyədə və Moskvada dərc edilmiş bir neçə məqaləm var. O yazılarımda yaradıcılığını anladığım, duyduğum və bacardığım şəkildə araşdırmağa çalışdım. Bu yazım isə bir az başqa səpgidədir.

Əvvəlcə başlıqda dırnaq arasında "balaca" sözünü izah edim. "Balaca" sözü Rəsul Rzanın misralarından gəlir. Bu yazını Türkiyədə yazmağa başlayıram. Əlimin altında atamın kitabı yoxdur. Odur ki, Rəsul Rzanın misralarını sitat kimi deyil, orada ifadə olunmuş fikir kimi verirəm. Fikir isə dəqiq yadımdadır:

Sevirəm Füzulini, Sabiri

Bir də "balaca" Vaqifi

Vaqif Səmədoğlunun nə boyu balacadır, nə şəxsiyyəti, nə də bu şeir yazılan vaxt yaşı...

"Balaca" sözü Vaqifi böyük Molla Pənahdan fərqləndirmək üçün işlənib. Əlbəttə, Rəsul Rza Molla Pənah Vaqifi də sevirdi, "Sən elə gözəlsən binədən Pəri" misraları dilinin əzbəri idi. Amma "balaca" Vaqifin adının Füzuliylə, Sabirlə bir sırada çəkilməsi gənc şairin istedadına verilən yüksək qiymət idi.

Vaqifin ilk şeirlərini atama mən oxumuşdum. Və elə ilk tanışlıqdan onu şair kimi qəbul etmişdi. Sonrakı, daha mükəmməl şeirləriylə tanış olduqca onun haqqında "Geniş yollara çıx" adlı məqalə yazdı və Vaqifin bir neçə şeiriylə birlikdə "Azərbaycan" jurnalında çap etdirdi.

Hər şeydə bir başqa niyyət axtaranlar, hər şeyi tərs yozanlar, hər hərəkətdən pis nəticələr çıxaran bəzi ağzıgöyçəklər haray-həşir qaldırdılar: "Rəsul Rza Səməd Vurğunun oğlunu öz tərəfinə çəkir, öz üslubuna uyğun yazmağa çağırır" və s. kimi axvayı çərənləmələr. Halbuki elə həmin məqalədə Rəsul Rza Vaqifə müraciətlə deyirdi: "Həm adınla, həm mənsub olduğun ocaqla bağlı şair adını şərəflə daşı, usanma, yorulma, yaz, yarat".

Vaqifin "mənsub olduğu ocaqla", yəni Səməd Vurğun ocağıyla nə qədər bağlı olduğunu zaman özü sübut etdi. Zaman onu da sübut etdi ki, məqsəd Vaqifi kimdənsə ayırmaq, kiminsə tərəfinə çəkmək deyildi. Məqsəd ilk addımlarından böyük istedadı bəlli olan gənc qələm sahibini vaxtında lazımınca dəyərləndirmək, ona yol açmaq, onu yersiz hücumlardan qorumaq idi. Elə ilk şeirlərindən top-tüfənglə qarşılanan gənclərin isə qorunmağa ciddi ehtiyacı vardı. Ədəbi mühitimizin bir qərilbə şakəri var: ilk oxunuşdan qəribə, qeyri-adi görünən hər şeyi dərhal amansız tənələrlə qarşılamaq. Özü də ən yaramaz üsullara əl ataraq: sərt, ölçüsüz-biçisiz tənqidlərdən tutmuş hərzə replikalaracan, "şeir ya tapmaca" səpgili nadan yazılarından tutmuş qəzəbi təşkil olunmuş "oxucu məktublarınacan".

Mühafizəkar ədəbi mühitdə ən çox nifrəti məhz ən çox heyrətləndirən şairlər qazanır. İllər keçdikcə o vaxtlar Vaqifə və bir neçə başqa istedadlı və bənsərsiz şairə hücumlar normal şüura istehza kimi, bədii məntiqə karikatura kimi səslənir indi. Şübhə yoxdur ki, o dövrdəki nadanların müasir mənəvi xələfləri istedadlı adamlara cahilcəsinə atmacalar atarkən, bunlar da haçansa inanılmaz karikatura kimi, ağıl sapıntısı kimi qavranılacaqdır

Amma ən qəribə paradoks odur ki, bir vaxtlar yeni poeziyanın ilk örnəklərinə ağız büzənlər, ədəbiyyatda həmin təmayyüllər təsdiq olunandan sonra əvvəl dediklərini unudaraq dünən inkar etdiklərini bu gün tərifləməyə başladılar. Vaqif poeziyasına münasibətdə də belə sifət və mövqe dəyişənlər az olmadı, Vaqifin poeziyasında sərbəst və heca vəznində şeirlərin haqq-hesabını çəkib onu məhs ənənəvi şeirin təmsilçisi kimi təqdim etməyə çalışdılar.

Vaqifin ilk şeirlərinin birində belə misralar vardı:

Yazıram şeirin neçə dilində

Yazıram bəzən.

qorxuram deməyə də

Rəsul Rza stilində.

Şeiri çapa verərkən Vaqif mənim xahişimlə bu misraları çıxardı - dedi-qodulara qida verməmək üçün.

Amma mən bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Vaqifin poeiyası nə Rəsul Rza stilində, nə Səməd Vurğun səpgisində yazılmış şeirlərlə səciyyələnir. Vaqif sənətinin böyüklüyü onun təkrarsızlığında, bənzərsizliyində və yalnız onun özünəməxsus stilində, səpgisindədir...

Əlbəttə, hər bir böyük şair sələflərinin yaradıcılığından da bəhrələnir. Böyük şair müxtəlif vasitələri, bədii səpgiləri yalnız özünəməxsus şəkildə mənimsəyərək öz orijinal üslubunu yaradır. Bu barədə ən dürüst və dəqiq fikri Vaqif Səmədoğlu Rəsul Rzanın 90 illiyi qeyd edilərkən yubiley gecəsində çıxışında dedi:

"Həyat sübut etdi ki, Səməd Vurğunun ənənəvi formalardakı poeziyası nə qədər novator poeziya idisə, Rəsul Rzanın yeni formada yazdığı seirləri, əsərləri o qədər Azərbaycan poeziyasının ən gözəl, ən qabaqcıl ənənələrinə söykənir".

Bu sözləri bütünlüklə Vaqif Səmədoğlu poeziyasına da şamil etmək olar. Onun şeirlərində ənənəvi şeirimizdən gələn axıcılıq, qulağayatımlılıq yeni şeirə məxsus gözlənilməz, qeyri-adi obrazların və təşbehlərin vəhdətində canlanır.

Vaqifin daha sonrakı mərhələlərdə yazdığı şeirlərlə tanış olarkən atamın dediyi sözlər yaxşı yadımda qalıb: "Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım".

Yəni təcrübəli, tanınmış şair gənc qələm sahibinin uğurlarıyla bağlı yaradıcılıq yarışına girməyə həvəslənirdi. Atamın dilindən heç bir başqa şair haqqında - istər öz nəslinə mənsub olanlar, istər daha sonrakı nəsillərin nümayəndələri - heç biri haqqında - belə söz deməyini eşitməmişdim.

Məncə, Vaqifin ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır,bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır.

İki dəfə iki dörddür. Bu həqiqətdir. Bunu və buna bənzər həqiqətləri şeirlə ifadə etsən heç bir etiraz doğurmaz. Amma bu arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır. Vaqifin belə misraları var:

İndi özündən küs,

Mənim min inamım var dünyada.

Adi şeirdə bu misralardan sonra nə gələ bilərdi? İnamın sadalanması - dünyaya inam, insanlara inam, ədalətə inam və s.

Amma Vaqif bu misraları belə davam edir:

Uzaqda bir külək var,

Küləyin üstdə bayraq.

Şəxsən mənimçün poeziyanın gözlənilməzlik gücü məhz bundadır. Yəni ayrıldığın insana "indi özündən küs" deyəndən sonra nəyə arxalandığını, nəyə dayandığını ifadə etmək üçün belə gözlənilməz, oxşarsız və ona görə də qəlbin ən gizli qatlarına varan bir obraz tapılıb.

Uzaqla, çox uzaqda, çox, çox uzaqda bir külək var və bu uzaq küləyin ( "uzak külək" özü nə qədər qeyri-adi ifadədir) üstündə də bayraq. Yəqin ki, heç bir şərhlə, izahla bu obrazın cazibəsini sübut etmək mümkün deyil, bunu yalnız duymaq olar.

Vaqif poeziyası onlarla, yüzlərlə belə örnəklərlə zəngindir.

Nəhəng bürünc xaç kimi

yırğalanır sinəmdə

Təyyarənin uğultusu,

məsafə

Qəflətən şamları sönmüş

Kilsədir.

Qara dəniz

sənsiz.

Təşbehin əzəmitinə heyran olmaya bilmirsən.

Yaxud:

Batan

gəminin suya atılan

Yükü kimi

Kənara atıram ümidlərimi

Ömrümün divarında

bu gün yenə

kəndir dayanıb

Qapı yerinə.

Yaxud ictimai təhlükələrin xofunu bu misralardan yaxşı necə ifadə etmək olar:

Bilirsənmi, artıq kəsib

Ümid keçən yolları

Tikilməmiş türmələrin

Hörülməmiş hasarı.

Emin Sabitoğlunun yazdığı gözəl mahnının sözləri, Vaqifin sözləri yadıma düşür:

Bir axşam taksidən düşüb payıza

Bilmədik hayana, haraya gedək.

Dərin sularını qatıb dayaza

Dəniz də bağlandı yay kinosu tək.

Adil Bəbirovun bəstələdiyi başqa bir gözəl mahnı - Vaqifin sözləri:

Sevdiyimiz şeirləri

Gördüyümüz şə

hərləri,

Ah çəkdiyin gecələri,

Yox dediyin küçələri,

Payız rəngli baharları,

Kölgən düşən divarları

Ürəyimdən qopar, qopar,

Özünlə apar.

Vaqif hansı janrda yazır yazsın şeir, mahnı mətni, pyes, kinossenari - hər an istedadı görünür. Vaxtiylə qəzetdə çap etdirdiyi qısa yığcam fikirlərini "Müdriklərlə üz-üzə" adlı kitabında topladı. Vaqifin qısa, yığcam, siqlətli kəlamları dünya ədəbiyyatında bu janrın ustaları sayılan XVII əsrin fransız mütəfəkkiri Laroşfukonun, XX əsrin polyak müdriki E.Sj.Letsin məşhur aforizmlərindən geri qalmır.

Kitabın hansı səhifəsini açsan dərindən dərin fikirlərlə rastlaşacaqsan. Təəssüf ki, onların hamısını bura köçürmək mümkün deyil.

Vaqif Səmədoğlunun teatr, kino və televiziya əsərlərinin üstündən sükutla keçmək olmaz, çünki onlar da sənətin bu növlərində tamamilə unikal hadisələrdir. "Bəxt üzüyü"nün iştirakçılarını - ağacları sulamaq üçün çırpınan Tanrı bəyi, "detdom uşaqlarının atasının adı olmaz" deyən yetimi, Hacı Qara, Məşədi İbad, Kərəmov kimi folklor personajına çevrilmiş Moşu Göyəzənlini unutmaqmı olar? Ramiz Əzizbəylinin çəkdiyi film kinomuzun əsl milli koloritə malik olan nadir örnəklərindəndir.

Ramiz Həsənoğlunun tamaşaya qoyduğu "Yaşıl eynəkli adam" telefilmləri haqqında da eyni sözləri söyləmək olar. "Yayda qar topu oyunu" pyesində can verən, amma ölüm ayağında belə hamını incidən cəmiyyətin rəmzi obrazı yaradılmışdır.

Vaqifin ən maraqlı səhnə əsərlərindən biri "Generalın son əmri"dir. Vaxtiylə Gənclər Teatrında rəhmətli Hüseynağa Atakişiyev bu pyesi uğurla tamaşaya qoymuşdu. İndi həmin pyesi Ramiz Həsənoğlu Milli Dram Teatrında qurur. Ramizin rejissor yozumuyla tanışam, məşqlərinə baxmışam. Bu quruluşun teatrımızın tarixində orijinal bir hadisə olacağına əminəm, çünki əsərin dramaturgiyası buna geniş imkan yaradır. "Sabun operaları" estetikasında yaranan səhnə əsərləri arasında "Generalın son əmri" polifonik zənginliyiylə seçilir. Bu pyes həm güclü sarkazma malik olan, həm absurd, həm sürrealist teatrın ünsürlərini daşıyan, həm də sırf realist personajlarla xəyalı iştirakçıların ünsiyyətini əks etdirən, diriykən ölənləri və ölüykən diriləri səhnəyə gətirən unikal əsərdir.

Vaqifin son zamanlar xəstələndiyi məlumdur. Mən də bu haqda ona görə yazıram ki, mətbuat bu barədə dəfələrlə məlumat verib. Amma mən xüsusi qeyd etmək istərdim ki, Vaqif bu çətin sınaqdan da heyratamiz bir kişiliklə, mərdlik və qoçaqlıqla keçir. Vaqifin güclü yumoru əsərlərindən də bəllidir, onu tanıyanlarla ünsiyyətindən də. Amma bu yumor demə həm də çox cəsur yumor imiş və bu cəsarət belə anlarda tam dolğunluğuyla açıldı. Vaqif xəstəliyini də zarafata sala bilən hünər sahibidir. Onunla mütəmadi əlaqə saxlayan adam kimi bunu daima müşahidə edirəm.

Bir neçə vaxt qabaq mənə telefon etdi:

- Məni qınayırsan ki, çoxdan şeir yazmıram, - dedi. - Təzə şeir yazmışam, tapşır internetdən çıxarsınlar, oxu.

Tapşırdım, çıxarıb gətirdilər:

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Oxuyub dərhal Vaqifə zəng elədim:

- Şeirini oxudum - dedim, - amma orda başqa bir yazı da var, görmüsən?

- Nə yazı?

- Allahın sənə cavabı. Allah sənə deyir ki, indi başım yaman qarışıqdır, işim-gücüm çoxdur, məni belə yersiz suallarla narahat eləmə. Bir on-on beş ildən sonra müraciət edərsən, onda baxarıq.

Allahla zarafat etmək olmaz, Vaqif. Allaha dua etmək olar. Mən də hər gün Allaha dua edirəm ki, sənin ömrünü uzatsın. Vaxtiylə mənə bağışladığın ilk kitabında "dünya bir yana, sən bir yana" yazmışdın.

Mən də bu gün eyni sözləri sənə deyirəm: dünya bir yana, sən bir yana Vaqulya. Mümkün qədər çox yaşa. Hamımıza lazımsan. Yaradıcılığını toplayan, layiqincə dəyərləndirən, sənin yolunda hər fədakarlığa qatlanan Nüşabə xanıma lazımsan. Səni çox sevən dostlarına, yaxınlarına lazımsan. Milyonlarla oxucuna, tamaşaçına lazımsan.

Mənə lazımsan,

75 yaşın mübarək qardaşım.

525.az

31 may - 2 iyun, İstanbul, Bakı. 2014

# 2778 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #