Yazıçılığın iki qızıl qaydası

Yazıçılığın iki qızıl qaydası
29 aprel 2014
# 10:54

Hər imza günündə, getdiyim hər ədəbiyyat məclisində qarşıma qəribə bir durum çıxır: Türkiyə gizli ədəbiyyatçılar ölkəsiymiş.

Bura potensial yazarlar, potensial şairlər ölkəsidir.

O qədər çox insandan buna bənzər sözlər eşidirəm ki: “Mənim qızım da hekayə yazır”, “Ərim illərdir şeir yazır, heç cür bu işdən əl çəkə bilmir” ya da “Mən də cavanlığımdan arabir cızma-qara edirəm”.

Tələbələr, evdar qadınlar, sərbəst peşə sahibləri, doktorlar, məmurlar…

İlk baxışda ədəbiyyatla ilgisi olmadığını zənn etdiyimiz bir insan qəfildən eyni şeyləri söyləyir:

“Mən də yazıram”. Nə yazdıqlarını soruşduğumda bir az utancaqlıqla sirr açırmış kimi “esselər, hekayələr, şeirlər… Dəftər dolusu!” deyirlər.

“Nə gözəl” deyirəm, “qələminizə qüvvət”.

Bəs nədən yazdıqlarınızı ədəbiyyat dərgilərində, yaxud saytlarında çap etdirməyə çalışmırsız, çap evlərinə göndərmirsiz?

Niyə yazdıqlarınızı özünüzdə saxlayırsız?” soruşuram.

Yazmağın ilk düsturu fərdin narazılığı və qəzəbi ilə bağlıdır...

Yalqızlıq olmadan, yazarlıq olmaz.

Araya səssizlik çökür. Yazdız, amma onları paylaşmaq çətindi. Bir gənc qız çox açıq şəkildə etiraf edir:

“Yazdıqlarımı qəbul etməyəcəklərindən qorxuram”.

“Qəbul etməyə bilərlər. Kimsə buna qarantiya verə bilməz. Ancaq qəbul edilməyə-edilməyə uğurlu olan o qədər yazar, şair var ki, dünyada”.

“Düzdü, ancaq yazdığım çap edilsə yaxşı olar, yoxsa edilməsə?”, - soruşur asta səslə, - “Yazdıqlarım çap edilsə, məni tanıyan hər kəs oxuyacaq, o zaman hər kəs məni müzakirə edəcək”.

Müzakirə edəcəklər, ancaq sən yenə də özünü qapatma.

Əgər xəyallarını və hekayələrini həmişə qapalı qutuda saxlasan, inan ki, qutunun havası çatmayacaq kəlmələrinə.

Hərf azadlığı sevər. Hərf sonsuzluğu sevər. Qapılar, pəncərələr açıq olsun istər.

Sərin yel əssin, dörd tərəfi yeddi iqlim qədər sonsuzluq olsun istər kəlmələr.

Nə qutu, nə siyirtmə, nə sandıq yetər.

İnan ki, havasız qalar ilham pərisi qapalı saxlandığı yerdə. Qanadları uçmaqdan yadırğayar, bənizi ağarar.

Sən aç ruhunun qapılarını. Paylaş yazdıqlarını bütün məxluqatla.

Aç özünü kainata.

“Müzakirə edilərəm, aman, düz başa düşülmərəm” deyə qorxma.

Müzakirə də edilərsən, yanlış da anlaşılarsan, düzdü. Ancaq başqa cür necə böyüyər ki, insan?

Başqa cür necə tərbiyələnər ki nəfs, mürəkkəbinə necə qovuşar ki, qələm?

Müzakirə edilə biləcəyinizdən çəkindiyiniz üçün yazmağa dair ən təməl, ən insani həvəs və xəyallarınızı belə basdırırsınız.

Zehinlərimiz təxirə salınan kitab projelərilə doludu.

Halbuki çoxumuzun könlündə bir kitab yazmaq var.

Günlərin birində, işlər bir az yerbəyer olan kimi kənara üç-beş manat pul qoyub işləmək məcburiyyətindən azad olan zaman oturub yazılacaq bir kitab…

Kimisi həyat hekayəsini yazmaq istəyir, kimi bir tanıdığının başına gələnləri.

Kimi keçmişin intiqamını kitablarla atmaq istəyir, kimi qalıcı bir əsər yaratmaq.

Fikirlər gözəldi, ancaq yubadılır nədənsə.

Halbuki kitab yazmağın gələcəklə əlaqəsi yoxdu. Yazmağın tək bir zamanı var: “İndi, bu dəqiqə”.

Yazarlığın qəlibi yoxdu. Düsturu da yoxdur. Hər insanın həyatı, şəxsiyyəti, mayası, kimyası necə fərqlidirsə, yazı üslubu da o qədər fərqlidir.

Kimi 40-ından sonra yazmağa başlayar, kimi ən gözəl əsərlərini gəncliyində yazar.

Kimi bir kitabı beş ilə tamamlar, kimi beş aya. Heç bir yol digərindən üstün deyil.

Ən əsası ortaya çıxan əsərin dərinliyidir. Başqalarına baxaraq deyil, öz içimizi görərək yaza bilərik.

Hər işdə olduğu kimi burada da təməl ideya içəridən gəlir insana, kənardan deyil. Ancaq yenə də düstur arayanlara deyə biləcəyim bir şey var:

İki təməl qaynaqdan qidalanır yazı. Bir-birinə zidd, ancaq ikisi də qüdrətli olan iki ana axın yoldaşlıq edir ədəbiyyatçıya.

Birinci düstur:

(Hirs/Qəzəb vur Əmək, üstəgəl İntizam) böl (Yalnızlıq).

Yazmağın ilk düsturu fərdin narazılığı və qəzəbi ilə bağlıdır.

Bəzi yazarlar, şairlər – küskünlükdən, nəyəsə qəzəbli olduğundan, haqqının tapdandığından, ya da qiymətinin yetərincə verilməməsi duyğusundan, hansısa məsələdə heç kimin onun qədər peşəkar olmaması inancından, ya da bir-birlərinə bir şeylər qandırmaq istəyindən, bəzən də davadan, davakarlıqdan qidalanır.

Narazılıq, hirs və qəzəb… Üçü də qüdrətli çarxlardır. Yanında mütləq əmək və intizam lazımdır, bir də təbii ki, yalnız qalmaq.

Yalnızlıq olmadan, yazıçılıq olmaz.

Bu düstur qısa zaman üçün uğurlu görünsə də, uzun zaman üçün keçərli deyil. Hirs tünd sirkədir, qabını sındırar. Qəzəbdən güc alan insan sonda oturduğu budağı kəsməyə başlar.

İkinci düstur:

(Eşq-Vurğunluq vur Əmək, üstəgəl Dəlilik) böl (Yalnızlıq).

Burada əsas söykənəcəyin - eşqdir.

Gördüyün işi sevdiyin üçün və sevərək etmək. Ağıl və məntiqlə açıqlanmayan bir özgə aləmdə gəzişmək.

İnsan niyə aşiq olduğunu bilə bilirmi? Tək bildiyi aşiq olmağıdır. Niyəsi yoxdu.

Yazıya da aşıq olmaq olar. Adam sevərək və vurulub yazar.

Gördüyü işi o qədər mənimsəyər ki, yazmadan yaşamağı düşünə bilməz.

İntizamın da yerini dəlilik tutur. Adam durmadan yazmağa başladımı, dayana bilmədən gecə-gündüz yazar.

İçindən cin çıxarırmış kimi. Saatlar, günlər, aylar və illərcə misqal-misqal toplanan əmək.

Bir də təbii ki, yazarlığın “olmazsa olmaz”ı: yalnızlıq. Yazıçılığın iki qızıl düsturu budur.

Bu ikisindən hansını seçəcəyi insanın özünə, onun ruhunun rənginə qalır.

Azərbaycan dilinə uyğunlaşdırdı: Aygün Muradxanlı

# 3894 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #