Bu da Əkrəm Əylislinin sonluğu

Bu da Əkrəm Əylislinin sonluğu
4 dekabr 2013
# 13:00

Görkəmli yazıçı Əkrəm Əylisli “Gəlin Çinar” adlı 6-cı sinif şagirdləri üçün dərslik hekayəsi yazaraq Kulis.az-a göndərmiş, hekayənin sonunu dərsliyin tələbinə uyğun şəkildə Kulis yazarlarının tamamlamasını istəmişdi.

Kulis.az yazarların sonluqlarını artıq dərc edib.

İndi isə Əkrəm Əylislinin sonluğu da daxil olmaqla “Gəlin Çinar” hekayəsini bütövlükdə təqdim edirik.

1.

Orxan anasının səsinə yuxudan ayıldı. Anası eyvandakı dibçək güllərini sulaya-sulaya qonşu evin eyvanında dayanmış Süsən xala ilə ucadan söhbət eləyirdi. Bu söhbət Orxangilin kəndində çoxdan başlanmışdı. Son günlərdə isə bir az qızışmışdı.

- Bu quldur yenə hardan tapılıb çıxdı. Belə getsə, bu kənddə salamat ağac qalmayacaq.

Bu sözləri Süsən xala, yanıqlı-yanıqlı, qonşu eyvandan deyirdi. Orxanın anası isə yenə öz sözünün üstündə durmuşdu:

- Hər kəsdisə, yəqin şəhər adamıdır. Kənd adamının yaş ağac kəsməyə heç vaxt əli gəlməz.

- Cibini güdənlərdəndi də, ay bacı. Binesmendi-nədi onnardandı. Bu cür pulgir ha çoxdu kəndlisi də, şəhərlisi də. Qorxma, buna da bir dərs verən tapılacaq. Heç hökumət də razı olmaz ki, birisi özünə pul qazanmaq üçün gəlib bu kəndin ağaclarını kəsib aparıb satsın. O çinar yüz ilin çinarıdı, bütün kəndin yaraşığıdı.

- Bəs o boyda ceviz ağaclarını kəsib aparanda niyə onun qabağına çıxan olmadı. Məgər o ağaclar kəndin yaraşığı deyildi?

- Baxma, bu kənddə ha çoxdu ceviz ağacı. O çinar bir dənədi axı, kəndin gözü öyrəşib ona.

- Nə deyim, kaş sən deyən olsun. – Orxanın anası bunu deyib, yenə gülləri sulamağa başladı.

Orxan həyətə çıxdı. Səhərin ilkin çağıydı. Dağ dalından təzə-təzə çərtməkdə olan günəşin dumduru işığı hələ kəndin hər yerinə yayılmamışdı. Günəş öz al-əlvan xalçasını hələ yalnız qarşıdakı boz dağın döşünə sərmişdi. Və dünyanın o dumduru, al-əlvan işığı o xalçanın ətəyindən süzülüb, yavaş-yavaş kəndin üstünə gəlirdi.

Sentyabr – təbiətin gözəl çağı. Yayın qızmar istisi səngimişdi. Havalar sərinləmişdi. İlin 3 fəslini şəhərdə yaşayan və yalnız yaydan-yaya kəndə istirahətə gələn “şəhər uşaqları” axın-axın axışıb gedəndən sonra elə bil kənd tamam boşalmışdı. Kənddə bir qəribə - həzin və qüssəli – sakitlik əmələ gəlmişdi. Bu sakitlik məktəb açılanacan davam edəcəkdi. Məktəbin açılmasına isə az qalırdı.

Orxangilin kəndində bütün fəsillər gözəl idi. Ancaq ilin bu çağlarının xüsusi gözəlliyi vardı.

Payız meyvələrinin bir qismi artıq yetişmişdi, yeyilirdi: alma, armud, albuxara, zoğal, fındıq, badam... Bağ – baxçanın cevizi, heyvası da bu gün – sabah yetişəcəkdi; qıpqırmızı – yemşan, zirinc, sumax; sapsarı xurma, ağappaq payız nazlısı... Bu kolların, ağacların hər birindən Orxangilin həyətində də vardı və onlara hər dəfə baxanda nənəsinin dilindən eşitdiyi şeirəbənzər qəribə sözlər həmişə Orxanın yadına düşürdü. Bu sözlər hər meyvəni necə yeməyin sanki izahlı lüğətiydi:

“Almanı soy ye.

Alçanı göy ye.

Əriyi say ye.

Heyvanı döy ye.

Şah tutu əy ye.

Ağ tutu hey ye”.

Kəndin hər bir ağacı burada hər kəs üçün öz evinin – ocağının bir üzvü qədər doğmaydı, əziz idi. Kənd adamı hətta ilin fəsillərini də sanki kənddəki ağacların boyuna biçmişdi: “Tut çıxdı - aclıq bitdi. Ərik çıxdı – çörək çıxdı. Kəklik gəldi – bəylik gəldi...”

Orxangilin kəndində hətta eyni ağacların da hərəsinin öz adı vardı, bəzilərinin hətta ləqəbi də. Məsələn: “gülən bədmüşk”, “küsəyən gilas”, “danışan qovaq”, “ağlağan söyüd”. Hələ lap körpəlikdən ağac vurğunu olan Orxan ağacları, öz aləmində, hətta qıza-oğlana da ayırmışdı. Orxana görə, məsələn, gilas, gilənar, bədmüşk, yasəmən qız idi. Ceviz, fındıq, əzgil, dağdağan oğlan idi.

Qonşu Süsən xalanın “kəndin yaraşığı” adlandırdığı – o uca, qədd-qamətli çinara isə Orxanın Bakıda yaşayan və yay aylarında kəndə istirahətə gələn əmisi qızı Aytən “gəlin Çinar” adı qoymuşdu. İndi Aytən şəhərdə idi. O da, Orxan kimi, bu il 6-cı sinfə gedəcəkdi. İndi, kəndi gəzib dolanan söz – söhbətdən belə çıxırdı ki, Aytən gələn yay kəndə gələndə öz “gəlin Çinar”ını kənddə görməyəcəkdi.

2.

Kənddəki ağacların hamısından hündür olduğuna görə o çinar kəndin hər yerindən görünürdü. Bir vaxt onun kolxoz sahəsində olduğunu, azyaşlı uşaqlardan savayı, kənddə hamı bilirdi. O zaman kolxozda işləyən – ot biçən, su suvaran, meyvə dərən, bostan becərən adamlar günün ən isti vaxtları o çinarın kölgəsinə yığışarmış. Nahar vaxtı orada çaydan qaynadıb, süfrə açarmışlar. Yeyib – içərmişlər, deyib – gülərmişlər. Anasının dediyinə görə, Orxanın doğulmağına hələ 10 il qalanda kolxozu ləğv eləmişdilər. Bir vaxt kolxoza məxsus olan torpaqların hamısını bölüb kəndin camaatına paylamışdılar. Və çinarın olduğu o yer bölgüdə Həsən kişinin payına düşmüşdü. İndi o yer də, o çinar da Həsən kişinin şəxsi mülkiyyətiydi. İndi o çinarın ixtiyarı Həsən kişinin əlindəydi və elə indinin özündə də, yayın ən isti günləri o ağacın kölgəsində sərinləmək istəyənlərə Həsən kişi heç vaxt mane olmurdu. O çinarın dibi kəndin uşaqlarının ən sevimli yeriydi. Ancaq məsələ burasındaydı ki, Orxangilin kəndində heç kəsin tanımadığı bir adam son vaxtlar buralara yaman ayaq açmışdı. Yazda gəlib, kəndin ən gözəl ceviz ağaclarından ikisini kəsdirib, maşınlara doldurub, deyilənə görə, aparıb xaricdə böyük mebel fabriki olan bir varlı sahibkara satmışdı. Bir müddət əvvəl isə yenə kəndə gəlib, Həsən kişi ilə sövdələşmişdi, ona böyük məbləğdə pul vəd eləmişdi. Deyilənə görə, o adam lap yaxın günlərdə çinarı kəsib aparmağa gələcəkdi.

Orxangilin həyətindən baxanda o çinarın çətiri – uzaqdan – uzağa bir topa bozumtul – yaşılımtıl buluda bənzəyirdi. Ondan yuxarıda – mapmavi göy üzündə bir dəstə quş uçurdu. O quşlara kənddə “qırğı” deyirdilər. O qırğılar Orxangilin kəndinə hər il avqust ayında gəlirdilər. Gecəni çinarda gecələyib, səhərlər çinarın başı üstündə ləzzətlə uçuşurdular. Sonra bütün günü haradasa ov ovlamağa gedirdilər və bir də qaş qaralanda çinarın ən uca budaqlarının başında yatmağa gəlirdilər. Qışqabağı – havalar soyuyanda qırğılar köçüb gedirdilər. Ancaq o çinarı heç vaxt tərk etməyən başqa quşlar da vardı: göyərçin, alapaxta, ağacdələn, qarğa, sağsağan, sərçə... Gündüzlər haradasa gizlənən İsaq – Musaq quşunun yanıqlı, ahəngdar səsi o qollu – budaqlı çinarın sehrli dünyasından gecələr bütün kəndə yayılırdı. Buna görə, hər şeyə təzə ad qoymağı hamıdan yaxşı bacaran Aytən çinarın bir adını da “Quş oteli” qoymuşdu və bu ad uşaqların dilindən düşmürdü. Yox, o ağac alverçisini çinara yaxın qoymaq olmazdı! Ancaq necə? Hansı yolla?.. Əgər yazda sübh – tezdən kəndə gəlib, o cevizləri oğru kimi xəlvətcə kəsib aparan o adam özünün o quldur dəstəsilə, hələ kənd şirin yuxuda ikən, çinarı kəsməyə gəlsəydi, bundan kim xəbər tutacaqdı?

O gün Orxan Aytənin Gəlin Çinarını qoruyub saxlamağın yollarını axtardı. Və Orxanın birdən yadına düşdü ki...

Və Orxanın birdən yadına düşdü ki, bu gün futbol günüdür. Həftənin hər cümə günü Orxangilin kəndinin uşaqları axşamçağı idman meydançasında toplaşıb, qonşu kəndin uşaqları ilə futbolda yarışırdılar. Orxan bu təsadüfə çox sevindi. Çünki o qədər uşağı bir yerdə tapmaq bir elə də asan məsələ deyildi. Əgər Orxan uşaqların hamısı ilə danışıb, sözü bir yerə qoya bilsəydi, o ağac alverçisinin planlarını asanca pozmaq olardı. Özü də bu iş günü sabahdan başlanmalıydı. Uşaqlar sübh – tezdən yolların kənarında – ağacların, kolların, hasarların arxasında gizlənib, çinarı kəsməyə gələn o quldur dəstəsini gözləməli və onların yad maşınları yolda görünən kimi hay salıb, bütün kəndi ayağa qaldırmalıydılar.

O gün, axşamçağı, məktəbin meydançasına toplaşan uşaqların hamısı Orxanın təklifini bəyəndi. Hələ qonşu kəndin uşaqları da bu işə qoşulacaqlarına bir ağızdan söz verdilər.

3.

Sevincdən – həyəcandan gecəni yata bilməyən Orxan səhərə yaxın yataqdan qalxıb, xəlvətcə həyətə çıxdı.

Kənd – gecəylə gündüzün arasında – yuxu kimi, xəyal kimi görünürdü. Ulduzların axşamkı parıltısı nisbətən azalsa da, hələ heç bir ulduz tam sönməmişdi. Ulduzlar göy üzünün bozumtul maviliyindən aralanıb, yavaş – yavaş göyün dibinə, dərinliyinə çökməkdəydi, göyün tən ortasında dayanmış Ay isə göy üzünün nəhayətsiz bozluğunda həmişə olduğundan daha parlaq, daha böyük və sehrli görünürdü.

Dağlar bozumtul – qaramtıl kölgəyə bənzəyirdi. Evlərin orda – burda işaran soyuq pəncərələri qorxa – qorxa, üşüyə - üşüyə səhərin açılmasını gözləyirdi.

Gövdəsi görünməyən uca – uca ağacların çətiri – damlardan, həyətlərdən yuxarıda – sanki havanın üzündə hərəkətsiz donub qalmışdı. Hər şey yatırdı, hər yan yuxudaydı. Yatanların yuxusunu pozmamaq üçün sanki arxların suyu da həmişəkindən səssiz və sakit axırdı. Və Aytənin Gəlin Çinarı – budaqlarının, yarpaqlarının, quşlarının səsiylə - Orxanı uzaqdan – uzağa öz yanına çağırırdı.

Orxanın dünəndən ürəyinə dammışdı ki, o gizli ağac oğrusu, başının dəstəsiylə, bu gün mütləq o çinarı kəsib aparmağa gələcək.

Bütün şəhər maşınları Orxangilin kəndinə, kəndin qurtaracağındakı magistral yoldan dönüb gəlirdi. Oradan kəndə sarı dönən maşınları görmək üçün, ya dağa – təpəyə dırmaşmaq, ya da ən uca ağaclardan birinin başına çıxmaq lazım idi. Çinarın bir uca budağına çıxıb, oradan yola baxmağı Orxan öz öhdəsinə götürmüşdü. Maşınlar yol ayrımından kəndə dönəndə Orxanı çinarda quş səsiylə səslənəcəkdi və uşaqların hərəsi bir yerdə gizlənib, o maşınlar Həsən kişinin mülkünə yaxınlaşanda qəfildən üzə çıxıb, yolu hər tərəfdən kəsəcəkdilər.

Hələ Ay batmamış Orxan evlərinin həyət qapısını ehmalca açıb, xəlvətcə küçəyə çıxdı. Az keçdi, çox keçdi – qoca dağların arasında bir körpəcə yeni səhər doğuldu.

Hələ gün çıxmamışdı. O qərib qırğılar da çinarın baş budaqlarından hələ göy üzünə qalxmamışdı. Ancaq Orxangilin kəndində bu gün səhərin şirin yuxusundan hamı erkən oyanmışdı. Bu səhər kəndin hər yerində insanlar Orxandan, onun məktəbli dostlarından, bütün kəndin yaraşığı olan o çinardan, bir də bu gün sübh – tezdən 4 – 5 maşınla kəndə gələn ağac alverçilərinin necə bir rüsvayçılıqla kəndi tərk etməyindən danışırdılar. Deyilənə görə, hətta çinarın sahibi səksən yaşlı Həsən kişi də Orxanın bu işindən çox razı qalmışdı. “Düz işi sən gördün, oğul”, - demişdi. – “Sən məni günaha batmağa qoymadın”.

O çinarın xəbəri, bir – iki gündən sonra gedib Bakıya da çatdı və əmisi qızı Aytəndən Orxana sevinc, fərəh dolu məktub gəldi. O məktubda Aytən kənddən, kəndin gözəlliyindən, bu yay kənddə keçirtdiyi biri – birindən gözəl günlərdən yazmışdı. Çinarı yad adamların bəd əməlindən hifz etdiyinə görə Orxanı ürəkdolusu tərifləmişdi. Və o, öz məktubunu belə bir 4 misralıq şeirlə bitirmişdi:

Yaşa, Orxan, min yaşa,

Sən mənim vüqarımsan.

O Gəlin Çinarımdır,

Sənsə Xan Çinarımsan.

Yazarların sonluqları:

Qan Turalının faciəvi sonluğu

Mirmehdinin sonluğu: Quzu verib kredit almaq

“Gəlin çinar”ın deputat sonluğu

"Gəlin çinar"a şəhid sonluğu

Kənan Hacının prokuror sonluğu

Sevinc Elsevərin Pir sonluğu

Cəlil Cavanşirin bayraq sonluğu

Səidə Haqverdiyevanın “Ağ atlı oğlan” sonluğu

Yarla ağac altında görüşmək

# 3673 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #