Xaçla namaz qılan azərbaycanlı qız

Xaçla namaz qılan azərbaycanlı qız
8 oktyabr 2019
# 12:13

Kulis.az yazıçı Pərviz Cəbrayılın yeni çap olunmuş “Məryəm surəsi” romanından bir hissəni təqdim edir.

Axşam keşiş Məryəmin qapısını döyüb addımını içəri qoyanda donub qaldı. Hətta çölə çıxmaq istədi, Məryəm “axşam xeyir, Hrant” deməsə, onu başqası zənn eləyib qayıdacaqdı. Məryəm hicab bağlamışdı! Keşiş öz otağında hicabla oturmasından Məryəmin onu gözlədiyini anladı. Təsirləndi. İndiyə kimi onu hər hansı bir qadın hər hansı səbəbdən gözləməmişdi...

- Bu, yuxu deyil? – Hrant heyrət içində soruşdu.

- Xeyr, Hrant əfəndi, - Məryəmin səmimiləşəndən sonra da “Hrant əfəndi” deməsi ona xoş gəldi. – Gördüyünüz kimi...

- İndi bu geyimdə qarşımda oturan insan dünən mənimlə küfr danışan adam deyilmi?

- Özüdü, Hrant əfəndi... sizin də hicaba nifrətiniz varsa...

- Yox...- Hrant çətin vəziyyətə düşdüyünü anladı, bütün Avropa hicaba, baş örtüyünə həvəslə “yox” dediyi dövrdə bir keşişin bu məqamda necə cavab verəcəyi özü üçün də qaranlıqdı. – Yox, Məryəm, - yenə də düşünmədən dilləndi və işlətdiyi son söz, son ad dadına çatdı. Müqəddəs Məryəmə and olsun, yox.

Hrant “yox” deyəndən sonra yaddaşındakı düşüncələri qurdaladı. İçində, “yox”una haqq qazandıran bir nöqtə axtardı: “Çoxları hicabın Müqəddəs Məryəm Xanımın da qəbul elədiyi bir örtük olduğunu bilmir. Yəni, Həzrət İsanın anası Müqəddəs Məryəm də hicablı olub. Belə olan halda, hicaba necə qadağa qoya bilərik?”

Hrant qabaqlar düşünmədiyi suala verdiyi cavabı ürəyində bir daha götür-qoy eləyib tam doğru cavab verdiyinə əmin oldu, Məryəmin nə deyəcəyini gözlədi. Qız açıq-aşkar sevindi, əlini ona uzadıb təşəkkür elədi. Hrant sanki əlini uzatmağa qərar verə bilmədi, pəncərədən çölə boylandı. Bu vaxt azan səsi yayıldı. Qızın ona uzanmış əlini tutdu.

- Hrant... – Məryəmin sifəti təəssüf ifadə edirdi, səsin gəldiyi pəncərəyə doğru işarə elədi və: - Namaz vaxtıdı, - dedi, - buraya gətirildiyim günün axşamı toxtayanda bu qərara gəlmişdim. Özümlə çox çarpışdım, ancaq bu çarpışmanı səninlə apardım. Çox uzunçuluq elədim. Qüsuruma baxma. O gündən sonra hər fürsətdə namazı öyrənməyə çalışmışam, indi izninlə ilk namazımı qılardım. Lütfən məni mənimlə - Allahımla tək burax... – Məryəm rica elədi.

- İnsanlar həqiqi Allahı qoyub... – Hrant Məryəmin elə dünən dediyi sözü gülümsəyə-gülümsəyə özünə xatırlatdı, küskün görkəm aldığını görüb, - yaxşı, Sizi tək buraxım, - dedi. Qapıdan çıxmaq istəyəndə Məryəm arxadan onu səslədi:

- Bir dəqiqə ayaq saxla, - keşiş çevrilib baxdı. – Mənim yeni görkəmim burada bir çətinlik yaratmaz?

- Yaradacaq. Ama əsl çətinlik başqa yerdədi. O haqda sonra danışarıq, - dedi və cavab gözləmədən çıxdı.

Məryəm həmin gün ilk dəfə səcdəyə qapıldı. İlk dəfə səcdəyə gedəndə alnından əvvəl səccadə əvəzi yerə sərdiyi dörd qatlanmış mələfəyə boynundakı xaç dəydi. Diksindi. Bədənindən gizilti keçdi. Bir an nə edəcəyini bilmədi. Elə bir bu ara nə üçünsə dodağı qaçdı. Sonra üzü tutuldu. Xaçı boynundan çıxarıb bir qədər baxdı, qarışıq fikirlər içində harasa qoydu. Handan-hana yerdə niyə oturduğunu xatırlayıb dolmuş gözlərini mələfəyə yapışdırdı...

# 5339 dəfə oxunub

Oxşar xəbərlər

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

"Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa..." - Orxan Həsəni

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

15:00 12 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər