Xəzər öz adından niyə qorxur?

Xəzər öz adından niyə qorxur?
16 dekabr 2016
# 16:18

Onda Bakıya köçməmişdik. 5-ci sinfə keçirdik. Yay tətili idi. Bir də gördük qəsəbənin girəcəyində hay-küy düşdü. Uşaqlara qoşulub qaça-qaça getdim ki, mən də xəbərdar olum, nə baş verib. Ora çatanda məlum oldu ki, cənazə gətiriblər. Bir müəllimənin oğludur. Hamı dünyasını dəyişən gənc haqda xoş sözlər danışırdı. 3 bacının bir qardaşı idi. Çox tərbiyəli, qanacaqlı, savadlı uşaq idi. Atasının o boyda imkanlarına baxmayaraq, öz savadı ilə BDU-nun Hüquq fakültəsinə qəbul olmuşdu. Savadlı olduğuna görə də 2-ci kursdan yaxşı işə götürmüşdülər. Bacılarını eşitməyib. Birinci dəfə imiş dənizə gedirmiş. Elə suya girən kimi batıb.

Rəhmətliyi dəfn edəndən sonra nə vaxt onların məhəlləsindən keçirdik anasının hönkürtüsünü eşidirdik. Artıq onların qapısına yaxınlaşanda uşaqlardan xahiş edirdim ki, səssiz olsunlar. Ucadan danışmasınlar, gülməsinlər. Mən çox narahat idim, heç kəsə izah edə bilməyəcək qədər narahat.

Yay tətili bitdi, dərslər başladı. Yeni sinif rəhbərimiz hələ də bilinmirdi. 2-3 ay keçdi, idman dərsində yaxşıca tərləyəndən sonra qaça-qaça sinfə gəldik. İçəri girən kimi hamımız duruxduq. Müəllim masasında bir qadın əyləşmişdi. Qapqara geyimində gözə çarpan yeganə fərqlilik ağ saçları idi. Hamımız sakitcə yerimizə keçdik. İlk dəfə idi ki, sinfimizə bu qədər səssizlik çökürdü. Elə bir sükut, vahimə var idi ki, kimsə ucadan öskürsə hamımız səksənərdik. Müəllimə başını sağ əlinə dayayıb susurdu. Əlindəki qələmə elə ciddi-ciddi baxırdı ki, bəlkə də, imkanı olsaydı alın yazısını özü təzədən yazardı. Bir neçə dəqiqə də keçdi. Sinfə göz gəzdirib asta səslə bizi salamladı. Sonra özünü təqdim etdi. Adını deyəndə bədənim titrəməyə başladı. Bu, o qadın idi. Oğlu dənizdə batan, hər səhər hönkürtüsü ilə qəsəbəni yuxudan oyadan müəllimə...

Özünü təqdim edəndən sonra bizdən adımızı söyləməyimizi istədi. Bu dəfə daha çox qorxmağa başladım. Əlacım olsa buxarlanardım. Bilmirdim necə edim ki, bu vəziyyətdən çıxım. Öz adımın dərinliklərində boğulurdum. Nəfəsim daralırdı. İlk dəfə idi ki, adıma görə bu cür narahat idim. Narahat da demək olmaz, əməlli-başlı qorxurdum. Gözümü partaya zilləyib, əllərimlə qulaqlarımı tutmuşdum. Əsirdim. Köhnə partada cızma-qara yazıları təkrar-təkrar oxuyurdum, amma elə bir halda idim ki, az qala əzbər bildiyim cümlələri anlamağım üçün kimsə mənə tərcümə etməli idi. Heç nə anlamırdım. Amma dayanmadan oxuyurdum. Eyni zamanda düşünürdüm. Düşünürdüm ki, mən adımı deyəcəm, onun oğlu da dənizdə batıb. Yəqin ki, Xəzərə nifrət edir. Mənə də nifrət edəcək. Bəlkə də qışqıra-qışqıra "oğlumu sən öldürmüsən" deyəcək. Bilmirəm, heç nə bilmirəm. Birdən parta yoldaşımın çiynimdən itələdiyini hiss etdim. İstədim üstünə qışqıram ki, nə var. Sonra başımın üstündə dayanan qara paltarlı, ağ saçlı müəllimənin soyuq baxışlarında dondum.

- Bəs sənin adın nədir?

İstədim yalandan Anar deyim. Çünki çox vaxt qəsəbəmizdən kənarda hardasa qonaq olanda adımın Xəzər olduğunu bilən uşaqlar şit-şit zarafat edirdilər. Biri Baykal deyirdi, biri Göy-göl. Ona görə yeni tanış olduğum həmyaşıdlarıma özümü Anar kimi təqdim edirdim. Amma bu dəfə alınmazdı. Jurnalı yoxlayanda onsuz da biləcəkdi. Odur ki, bir az cəsarət tapıb qorxa-qorxa astadan Xəzər dedim. Yaxşı eşitmədi deyə, yenidən təkrar etməyimi istədi. Bu dəfə bir az ucadan Xəzər dedim. Sonra...

Sonra yay tətili boyu qaçıb gizləndiyim o vahiməli hönkürtüdən bu dəfə qaçıb gizlənə bilmədim. O ağladıqca mən də ağladım. Müəllimlər kömək üçün sinfə axışdı. Çantamı götürüb evə qaçdım. Evə çatana qədər mənə elə gəlirdi ki, arxada suda boğulan, əllərini sudan çölə çıxardıb kömək istəyən adamları qoyub qaçıram...

Bir neçə gün dərsə getmədim. Evdə qaldıqca qəddarlaşmışdım sanki. İndi həmişə AzTv-də gördüyüm, bir gün canlı-canlı görmək istədiyim Bakını da görmək istəmirdim. Soyuqqanlı idim. Bir neçə adam öldürəndən sonra cinayətkarlar necə soyuqqanlı olursa, bax elə soyuqqanlı idim.

Dərslərə başladım. Müəllimənin ağlamağına da öyrəşdim. Hətta ən sevimli şagirdlərindən oldum, məni çox istədi. 9-cu sinfi bitirəndə biz Bakıya köçdük. Müəlliməmlə sağollaşmaq üçün evlərinə getdim. Qucaqladım, öpdüm. Dedim ki, Xəzərə görə sizdən üzr istəyirəm... O da mənə dəfələrlə tapşırdı ki, dənizə gedəndə ehtiyatlı olum. Doğrusu, zatən, onun oğlunun boğulduğu suya bir daha girib əylənə bilməzdim. Dəniz mənim üçün ölmüşdü.

Artıq neçə ildir Bakıdayam. Amma hərdən dənizə uzaqdan baxmaq da qorxudur məni... Elə bilirəm, kimsə batacaq, kömək üçün əlini uzadacaq, mən isə arxama baxmadan qaçacam...

Xəzər Süleymanlı

# 1052 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #