Anar müəllimə ədəbiyyat sualı

Anar müəllimə ədəbiyyat sualı
12 yanvar 2016
# 13:44

Mən həmişə demişəm ki, Anar müəllimi oxucuya tanıtmaq üçün onunla həmsöhbət olan jurnalistin xüsusi səriştəyə malik olması vacib deyil.

Əsas budur ki, müsahibəyə razılığını alasan. Bundan sonra hər şey asandı. Qoş diktofonu, adam özü-özünü şərh eləsin. Və sən də 60-cı illərin işıqlı, cəsarətli, mütərəqqi və istedadlı Anarını qətlə yetirən bu hikkəli qocaya baxıb istəsən gül, istəsən ağla.

Baxır kəramətinə...

İnanmırsınızsa, gəlin böyük yazıçımızın bu günlərdə APA-ya verdiyi müsahibəsindəki bəzi cümlələrin alt qatına birlikdə enək. Əminəm ki, mənimlə həmfikir olacaqsınız.

Çox şadam ki, birinci sualınız yaradıcılıqla bağlıdır – səmimiyyətini inandım. Çünki son on-on beş ildə Anar deyəndə daha çox AYB sədri yada düşür, nəinki yazıçı. AYB də, maşallah, gülməli qalmaqallarla məşhurdur. Odur ki, baş yazara ulaşan jurnalistin ilk sualı həmişə bu maraqlı, mırt, absurd, Anar müəllimin özünün xoşuna gəlməyən qalmaqallardan olur. Bütün hallarda məmur Anarın içində ədəbiyyat sualları üçün darıxan yazıçı Anarın olması sevindiricidir. Amma müsahibənin sonun qədər diri qala bilsə...

Min səhifəlik “Kərəm kimi” adlı kitabım çıxıb – iki cilddə çap eləmək olardı :)

Son çap olunan əsərlərdən, o cümlədən gənclərin yazılarından heç nə oxumamışam və odur ki, qiymətləndirə də bilməyəcəyəm – məncə qəm eləməsin, Artur Rasizadə də oxumur.

Həqiqi ədəbiyyatı sevənlər üçün, ədəbiyyata səmimi surətdə bağlı olan insanlar üçün bütün dövrlərdə, bütün şəraitlərdə bədii meyarlar əsas şərtdir – yaddaşı pis deyil, başqa adam olsa “Səmimiyyət”, “Ədəbiyyatı sevmək”, “Bədii meyar” ifadələrini çoxdan unudardı. Adam yaşamadıqca unudur. Aradan bir qərinə keçib.

Əgər mənim imzam olan vəsiqəni, fəxrlə gəzdirirlərsə, deməli, hər halda ədəbiyyat üçün itirilmiş adam deyillər – təvazökarlıq sözünü unudub amma. Alçaqkönüllü ifadəsini isə, heç o vaxt da işlətməyib yəqin. Bəlkə heç bilməyib də. Çünki alçaqkönüllülük 30 ilə də bu qədər deformasiyaya uğramazdı.

Amma üzvlərin çox olmasına görə meyar itmir, meyar itdiyinə görə üzvlərin sayı çoxalır – axırıncı dəfə belə söz oyununu Füzulinin qəzəllərində görmüşəm, amma o, vəziyyətdən çıxmaq üçün yox, sənət naminə edirdi bunu.

Birliyin üzvlərinin çoxluğunu bizə irad tutanları haqlı sayıram, amma konkret adlardan ibarət siyahı verə bilərlərmi ki, bax, bu adamlar üzv olmağa layiq deyillər. Yox, əlbəttə, bunu etməzlər. Bəziləri bunu ancaq birlik rəhbərlərinin əli ilə etməyə çalışırlar ki, sonra bunu da onlara qarşı istifadə edə bilsinlər – sizi bilmirəm, mənim bir təklifim var: Gürcüstanın Yazıçılar Birliyinin sədrini çağıraq, burda təmizlik işləri aparsın.

Mənim təşəbbüsümlə latın əlifbasıyla 25 min tirajla nəşr edilmiş kitabların arasında mənim, anamın və atamın də kitabları çap olunub və bu yeddi kitabdan bir qəpik də almamışıq – məncə şərhə ehtiyac yoxdur.

Yəqin söyüb-söyüb yorulublar – “Birliyi tənqid edənlərin sırası seyrəlib, axır vaxtlar sakitlikdir” sualına cavabıdır bu. Bir yazıçının, bir rəhbərin ümidini “Söyüb-söyüb yorulmağa” bağlaması çox faciəvidir.

...Çağdaş yazıçılarımıza ironiyalı atmacaları... - bu yaxınlarda AYB-dən çıxarılan gənc yazar Kəramət Böyükçölün “günahları”ndan biridir. Təsəvvür edirsiniz? İroniyalı atmaca! Adam vahimələnir lap. Kimlərin əhatəsindəyik? Və bu adamlar sıradan, adi adamlar deyil, ədəbiyyatın taleyini həll edənlərdir.

İri həcmli nəsr əsərlərini, pyes və ya ssenariləri yalnız yay aylarında, gündəlik olaylardan, qayğılardan, cari işlərdən tamamilə azad və təcrid olan zaman yazmaq imkanım olur – indi bildiniz Anar müəllimə jurnalistlər niyə ədəbiyyatdan sual vermirlər?

Ay xatakarlar!

# 2004 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #