Yazarlar kimi oxuyurlar?

Yazarlar kimi oxuyurlar?
19 sentyabr 2013
# 14:34

Kulis.az gənc yazıçı və şairlər arasında “Nə oxuyursunuz?” sualı ilə sorğu keçirib. Sorğunu təqdim edirik.

Şərif Ağayar: “Açığı işlə bağlı son vaxtlar mütaliəyə çox vaxt ayıra bilmirəm… Əlimdə Haruki Murakaminin, Knut Hamsunun və Milan Kunderanın kitabları var. Eyni vaxtda müxtəlif kitablar oxuya bilirəm. Kunderanın "Roman sənəti" kitabını təzədən oxumağa başladım. Bu adamı sonadək başa düşmək istəyirəm. Sınaqdan keçirmişəm, ağır oxuduğum kitablar mənə daha çox şey verir. Yerli müəlliflərin adını sadalamaq istəmirəm. Və gündəlik oxuduğum qısa həcmli əsərlər, elmi-publisistik məqalələrdən danışmıram”.

Nərmin Kamal: “Amerika yazıçısı Amy M. Homesin “Bizi bağışlamaq olarmı” ( "May We Be Forgiven") kitabını oxuyuram”.

Günel Mövlud: “Bir neçə kitabı eyni vaxtda oxuyuram. Hazırda İsrail Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə buraxılmış “İsrail barədə faktlar” kitabını və Andre Jidin “Saxta pulkəsənlər”ini oxuyuram”.

Qismət: “Bu günlərdə paralel olaraq iki kitab oxuyuram, birini bitirmək üzrəyəm, o birini yeni başlamışam. İkisi də kitabla bağlı kitablardır. Birincisi, Umberto Eko ilə Jan Klod Karierin kitabın tarixi, sürətlə dəyişən dünyada kitabın yeri, elektron kitabların kağız kitabları yox edib-etməyəcəyi haqqında söhbətlərindən ibarət “Kitablardan xilas olacağınız zənn etməyin” adlı kitabıdır. Belə deyim ki, papirusdan elektron kitaba qədər olan zamanda fantastik dərəcə gözəl gəzişmələrdi.

Oxumağa yeni başladığım kitab isə Alberto Manguelin “Oxumağın tarixi” adlı kitabdır. Kitabın arxa qapağındakı tanıtım yazısından bir hissə paylaşım, mətləb aydın olsun: “Bir səhifənin üstündəki yazılı hərfləri oxumaq onun büründüyü libaslardan yalnızca biridir. Artıq var olmayan ulduzların xəritəsini “oxuyan” bir astroloq, qələbə gətirəcək kartı ortaya atmamışdan qabaq ortağının əlindəki kartları “oxuyan” qumarbaz, bir tısbağanın çanağında qədim izləri “oxumağa” çalışan çinli falçı, gecənin içində və çarşafların altında sevgilinin bədənini görmədən “oxuyan” aşiq, əlini suya salıb okeanın axıntısını “oxuyan” Havaili balıqçı : hamısı işarələri çözə bilmək və anlaşılır qılmaq aktını bu kitabın oxucusu ilə bölüşəcək.”

Kənan Hacı: “Hazırda Saramaqonun "İsanın İncili"ni oxuyuram”.

Sevinc ElSevər: “Son vaxtlar bir vərdişim yaranıb; bir neçə kitabı eyni vaxtda oxuyuram. Yəni əlimdə bitirmədiyim bir neçə kitab var. Bunlardan biri Selincerin məşhur 9 hekayəsidir. Eyni vaxtda Dino Buzzatinin “Tatar çölü”, Şekspirin “Hamlet”, Filippa Qreqorinin “Boleyn nəslindən daha bir qız” kitablarını oxuyuram. Yerli müəlliflərdənsə Dilqəm Əhmədin “İmtina” romanını yenicə bitirmişəm”.

Mirmehdi Ağaoğlu: “Son iki həftəni yeni mənzilə köçməyimlə əlaqədar demək olar ki, heç nə oxuya bilməmişəm. Amma dünən köçəndən sonra mütaliəmi bərpa elədim. Qan Turalının yeni romanının işçi variantını oxuyuram. Bir də Stendalın yarımçıq qalmış “Qırmızı və qara” romanını oxuyuram. Yayda Rusiyadan mənə Mo Yanın “Böyük döş, yekə dal” kitabını gətiriblər. Ötən ilin Nobel mükafatçısı Mo Yan haqda münasibət birmənalı deyil. Ona görə bunu təcili oxumaq istəyirəm”.

Elnur Astanbəyli: “Hazırda Somerset Moemin “Teatr” romanını oxuyuram. Bundan əvvəl isə onun “Zero” nəşriyyatının hazırladığı “cib kitabı” seriyasından hekayələr kitabını oxumuşdum. Bəzən belə olur: bir yazıçının havası səni vurur və onu bir müddət, ardıcıl oxumaq istəyirsən. Hazırda məndə belədir. Moemin sadə dili və realizmi heyrətamizdir. Son oxuduğum kitablar arasında mənim üçün kristallıq simvolu olan Gertsenin “Kimdir müqəssir?”i ilə Toni Morrisonun “Caz” və “Ən göy gözlər” romanları da var”.

Seymur Baycan: “Herman Hessenin “Yalquzaq” , Rabindranat Taqorun “Fəlakət” romanı, Vitold Qombroviçin “Kosmos” romanı, Eliyas Kannettinin “Korlaşma” romanını və başqa bir-iki memuar və məktublar... Mən bir neçə əsərin 80 faizini oxuyub sonra bitirirəm. Yola və ovqatıma uyğun oxuyuram. Yazmağa başlayanda isə Azərbaycan dilində əsərlər oxumağa çalışıram. Ona görə seçimimdə kəskin dəyişikliklər olur”.

Mövlud Mövlud: “Hazırda Bəhram Çələbinin "Lotu Bəxtiyar" kitabını oxuyuram. Kitabdakı hadisələr çox təsirlidir. Bəxtiyarın rus sevgilisi ilə münasibətləri isə xalis ədəbiyyat materialıdır. Təsəvvür edin ki, sultana-xana bac verməyən bir adam sevgilisi ilə münasibətlərdə necə romantik olur.

Bir yer isə ümumiyyətlə, şahanədir. Bəxtiyar başını anasının dizinə qoyub deyir: "Bu ayaqlar bütün ittifaqı gəzib dalımca!" Bu səhnəni oxuyanda gözlərim doldu. Ananın məhbus oğlunun arxasınca keçmiş SSRİ-nın bütün həbsxanalarını gəzməsi xeyli qəmli hekayətdir...”

Svetlana Turan: “Cek Londonun "Böyük evin kiçik xanımı" əsərini orijinalda oxuyuram. Bitirmək üzrəyəm. Elə əsərlər var ki, insan qəlbində öz izini həmişəlik qoyur. Bu əsər də həmin qəbildəndir”.

Könül Həsənqulu: “Hazırda Antonio Maçadonu, Xulio Kortasarı, Fransuaza Saqanı, İvan Bunini, Boris Pasternakı oxuyuram. Bunları mənim üçün Pelevinlər əvəz etmir. Köhnə adamam mən”.

Aqşin Yenisey: “Mənim ədəbi təcrübəmə görə oxuduqları və yazdıqları ilə qürrələnənlər nə oxuya, nə də yaza bilənlərdir. Ona görə oxuyublar ki, yazmaq istəyiblər, ona görə yazıblar ki, oxuduqlarının şöhrətinə iştahalanıblar. İstedadın tanınmamaq, unudulmaq qorxusu olmamalıdır, mənə görə. Tanınmaq və unudulmamaq üçün yazan və oxuyan intellektuallarla mənimki qalsın sonraya.

İnsanların ən azad olduğu yer incəsənətdir. Qaya üstündə şəkil çəkən insan ən azad və ən intellektual ibtidai insan idi. Mənim söz azadlığı anlayışından zəhləm gedir. Bu, sözlə rəftar edə bilməyənlərin kəşfidir. Onda gərək rəssamlar da rəng azadlığı, bəstəkarlar da səs azadlığı davası etsinlər. Mən, Markes kimi ədəbiyyata gizlənmək üçün əlverişli yer kimi baxan adamlarla razı deyiləm, istər yazar olsun, istərsə də oxucu”.

Alpay Azər: “Hal-hazırda Stendalın "Qırmızı və Qırmızı" romanını oxuyuram, amma zəif tempdə oxuyuram. Və başa düşürəm o əsəri gənclik dövrümdə oxumalıydım. Hər yaşın, təbii ki, öz ovqatı var. Eyni zamanda ədəbi saytlarda, dərgilərdə çıxan hekayələrin çoxunu oxumağa çalışıram. Müasir rus nasirlərindən Roman Sençinin, German Sadullayevin, Yuri Buydanın və digərlərinin hekayə və povestlərini oxuyuram”.

Cavid Zeynallı: “Qan Turalının “Fələk qırmancı” romanının əlyazmasını mənə vermişdi. Son oxuduğum kitab “Fələk qırmancı”dır. Maraqlı, oxunaqlı, strukturu ölçü-biçili, dəqiq cızılmış kitabdır. Sufi həyatı ilə bağlı xeyli maraqlı materiallarla tanış oldum, həmkar kimi qeydlərimi bildirdim. Hazırda heç nə oxumuram. Məsələn, dünən kitab üzü açmamışam. “Leyla” romanımı çapa hazırlayıram deyə, ancaq bu kitabla məşğulam, dönə-dönə oxuyuram. Amma ümumən bu ərəfələrdə Mövlud Süleymanlının “Köç” və “Səs” romanlarını, Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” əsərini, Jorji Amadunun “Qum dəryasının kapitanları”, Mustafa Məsturun “Cüzamlı əllər və donuz sümüyü” romanlarını oxumuşam”.

Sahilə İbrahimova: “Pol Osterin “New-York” trilogiyasindan “Şüşə şəhər” romanını yenicə bitirmişəm, hazırda Simon Bekketin “Ölumun kimyası” əsərini oxuyuram”.

Fərdi Hüseyn: “Hazırda Yukio Misimanın “Məhəbbət yanğısı” , Knut Hamsunun “Oçerklər” kitabını oxuyuram. Bundan başqa, yaxın günlərdə Əl Qəzalinin “İlahi bilik” və “Səadət iksiri” traktatlarını oxuyub bitirmişəm. Paralel olaraq Məsud Əlioğlunun “Darıxan adamlar” kitabının II cildini bitirdim, bu adam Hüseyn Cavidin əsərlərini o dərəcədə gözəl təhlil edib ki, düzü, heyrət elədim. Xüsusən “Eşq və ülviyyət”, “Təkliyin faciəsi” və s məqalələri qiymətlidir. Yadımdan çıxmamış deyim ki, bir də Ayven Sautollun yaxın on günlükdə oxumağa başladığım və dünən gecə bitirdiyim “Bəs, sabah necə?” romanı var.”

Elnarə Akimova: “Oxuyub başa çatdırdığım son əsər Patrik Züskindin “Ətriyyatçı” romanıdır. Bu qədər təqdir olunmasına rəğmən əsərin mütaliəsindən böyük zövq almadım. “Heç nədən hay-küy” imiş. Hal-hazırda Alber Kamyunun “Çöküş” romanını oxuyuram. Bu əsər daxili planı, poetik strukturu baxımından mənə daha maraqlı və mükəmməl görünür.

Yerli ədəbiyyatımızdan oxuduğum son əsər Mübariz Cəfərlinin “Bərpaçı” romanıdır. Mübarizin “Əl” povestini o qədər də bəyənməmişdim, amma bu roman qaldırdığı məsələlərin bədii həlli baxımından seçilir.

Hal-hazırda Eyvaz Zeynallının “Bələdçi” kitabını oxumağa başlamışam. Əsər yaxın günlərdə Ədəbiyyat İnstitutunun Müasir Ədəbiyyat şöbəsində geniş müzakirəyə çıxarılacağından bu haqda heç bir fikir söyləmək istəmirəm.”

Nərgiz Cabbarlı: “Son zamanlar bir az işimlə əlaqədar olduğu üçün daha çox nəzəri kitablar oxumuşam. Məsələn, Xalizevin, Kroşnevanın, Rəhim Əliyevin «Ədəbiyyat nəzəriyyəsi» kitablarının, Mixayleçenkonun «Ədəbiyyatşünaslığın problemləri: ədəbiyyat nəzəriyyəsi» monoqrafiyasının, müasir tənqidçilərdən Tehran Əlişanoğlunun, Əsəd Cahangirin, Elnarə Akimovanın, Rustəm Kamalın, Vaqif Yusiflinin yeni dərc olunmuş kitablarının adlarını çəkə bilərəm. Nəzəriyyədən yorulanda isə maraq üçün «Ətriyyatçı»nın rus dilinə olunmuş tərcüməsinə baxmışam, Boris Akuninin bir neçə əsərini mütaliə etmişəm.

Azərbaycan yazıçılarından indi Eyvaz Zeynallının «Bələdçi»sini oxuyuram. Bizdə - Akademiyada müzakirəsi keçiriləcək deyə. Gənclərdən də Şəhriyar del Geraninin «İntihar hörüyü» əsərini oxuyub haqqında «Oxu zalı»nın müzakirələri çərçivəsində fikrimi bildirmişəm”.

# 4017 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #