“Mən hazıram, təpiyi vur”

“Mən hazıram, təpiyi vur”
12 iyun 2013
# 11:19

Gəncəyə yolum düşəndə orda yaşayan qocaman yazıçı Qərib Mehdi ilə də görüşməyi planlaşdırmışdım. Qərib Mehdi ədəbi mühitdə çox az görünsə də məhsuldar yazıçıdır. İndiyə qədər 40-a yaxın kitabı çıxıb. Uşaqlıq çağlarımda oxuduğum və indi də yaddaşımda qalan “Qərib hey!..” hekayələr silsiləsindən sonra gözüm həmişə Qərib Mehdi imzasını axtarıb. Təxminən 13-14 yaşlarımda onun “Müsabiqə” kitabını oxumuşdum və bu kitaba toplanan hekayə və povestlər mənə canlı həyatın özü kimi maraqlı görünmüşdü.

Onu da bilirdim ki, Qərib müəllim vaxtilə Gəncədə “İlham” Ədəbi Birliyini yaradıb və özü də həmin Birliyə rəhbərlik edib. Bu müddətdə Gəncənin bütün ədəbi qüvvələrini öz ətrafında toplayıb. Mərhum şəhid şair Nizami Aydın bu birliyin yetirməsi olmuşdu. Sonralar Qərib Mehdi onun ömür yolundan bəhs edən “Nizami Aydın şəhidliyi” adlı bir kitab yazdı.

Gəncə Dövlət Universitetində, Qərib Mehdinin iş otağında üzbəüz oturmuşuq. Qərib müəllim 40 ildən çoxdur ki, burada “Yüksəliş” qəzetinin redaktorudur. O, kitablarını masanın üzərinə düzür və hər bir kitabın yazılma tarixçəsini danışır. Bir dəfə qatarla Gəncəyə gedəndə kupe yoldaşım, əməkdar artist Telman Əliyev mənə demişdi ki, Qərib Mehdi “Qəhqəhə” romanını mənə həsr edib. Qərib müəllim Universitetin yeməkxanasında mənə peraşki qonaqlığı verəndə Telman haqqında da bir-iki olmuş hadisəni danışdı, xeyli güldük. Həm də yadıma “sovet peraşkisi” düşdü.

Bir dəfə Telmanı hansısa tədbirə dəvət edirlər, o da bir aktyor dostunu özüylə aparmaq istəyir. Dostu nəm-nüm edəndə Telman deyir ki, yaxşı olacaq, tədbirdən sonra bizə yaxşı qonaqlıq verəcəklər. Gəl, gedək. Birtəhər dostunu razı salır. Tədbirdən sonra baxırlar ki, qonaqlıq məsələsi fıs çıxdı. Bunların da cibində siçanlar oynayır. Qarşılarına çıxan bir restorana girirlər, Telman kabab, araq sifariş edir, dostu həyəcanlanır, deyir ki, sən neynirsən? Bunların pulunu kim verəcək? Telman təmkinini pozmadan deyir ki, narahat olma, özüm həll edəcəm.

Beləcə, iki dost oturub yaxşıca yeyib-içirlər. Hesabı ödəmək məqamı çatanda Telman restoranın müdirinə yaxınlaşıb deyir ki, sizdə heç olubmu ki, müştəri yeyib-içə, hesabı ödəməyə? Müdir deyir hə, olub. Telman qayıdır ki, bəs onda neynirsiz? Müdir də deyir: Neyləyəcəyik? Öldürəsi deyilik ki. Dalına bir təpik vururuq, atırıq çölə.

Bu vaxt Telman arxasını müdirə çevirib deyir:

- Mənim dalım hazırdı, sən təpik tədarükündə ol.

Bir dəfə də Telman aktyor yoldaşlarından kiməsə borc pul verir. Pulu alan adam da deyir ki, uzağı, 15 günə pulunu qaytaracam. 15 gün keçir, Telman görür ki, bundan səs çıxmır. Dostuna deyir ki, bəs pul nooldu? O da buna qayıdır ki, sənin pulun yadımdadı, heç elə şey olar yadımdan çıxsın? Qaytaracam. Üstündən bir müddət keçir, Telman dostuyla rastlaşır, elə ağzını açır ki, pulu istəsin, dostu onu qabaqlayır:

- Telman, pul yadımdadır haaa.

Bu hal bir neçə dəfə təkrarlanır. Axırda Telman dözmür, deyir:

- Dostum, mən o pulu sənə yadında saxlamaq üçün verməmişəm, qaytarmaq üçün vermişəm. Pulu qaytar!

Qərib müəllim duzlu-məzəli adamdır. Peraşki qonaqlığından sonra yazıçı zarafatından da qalmır:

- Sən daha üç gün acımazsan, - deyir. Gülüşürük.

Qərib Mehdi 80 yaşın astanasındadır. Yaşına rəğmən çox qıvraq görünür. Universitetin pillələrini çevik və rahat addımlarla qalxır. Onunla söhbət etmək çox rahatdır. Qərib müəllimin son illər xeyli kitabları çıxıb. Amma bu kitablar Bakıya gəlib çıxmayıb. Səbəbini soruşanda deyir ki, mənim burda kifayət qədər oxucularım var. Bakıya ancaq dost-tanışa kitab yollayıram. İndi yazan çoxdu, amma oxuyan çox azdı.

Qərib müəllimdən soruşdum ki, Bakıdakı ədəbi mühiti izləyə bilirsinizmi? Cavabında dedi ki, izləmək imkanım olmur. Yaş da öz təsirini göstərir. Əvvəlki kimi Bakıya tez-tez gedib-gələ bilmirəm. “Vektor” Nəşrlər Evinin rəhbəri Elçin İsgəndərzadə sağ olsun, kitablarımı təmənnasız nəşr edir və özü də Gəncəyə yollayır. Bakı ədəbi mühitindən əlimə keçən kitabları oxuyuram. “Ədəbiyyat qəzeti” ilə, “Azərbaycan” jurnalı ilə əlaqələrim var.

Professor Elçin İsgəndərzadə Qərib Mehdinin yetirmələrindəndir. O, yazıçının “Qərib, hey!..” əsəri haqqında belə yazır:

“Qərib, hey!..” biz şagirdlərinizin hər birinin bitirdikləri ən Ali Universitet və Akademiyadır”.

Qərib Mehdi Birləşmiş Millətlər Təşkilatının “Şərəf və vicdan” ordeni ilə təltif olunub. Qərib müəllim bütün həyatını şərəf və vicdanla yaşayıb, bu mükafat onun halal haqqıdır.

Qərib müəllimin sonuncu kitabı “Evin küçəyə baxan üzü” adlanır. Həmin kitabın girişində müəllif yazır:

“Arı xislətliyəm. Acıdan da, şirindən də bal çəkmək qabiliyyətim var. Mənim istehsalımda olan balın hamısı şirin dadmır. Hərdən elə məhsulum olur ki, özümdən başqa müştərisi tapılmır.

Mən aşağıda olan söz adamıyam. Məndən çox-çox yuxarıda Söz Ataları... var.

Ataların kəlamı bir-birini kəsib keçən dörd yola bənzəyir. Özünü aqil sayan münasibini seçir. Ataların xəzinəsindən bir incini xatırlatmağı faydalı sandım. O incini ki, həmişə mənim qələmli yoluma işıq salır: “Hər şeyin erkəyi basar, sözün dişisi”.

Qərib Mehdi yaşının bu çağında da yazıb-yaradır. Son illər bir-birinin ardınca bir neçə povest yazıb. Hələ ki, zamana bac vermək fikri yoxdu. Hələ ki, “çəkdiyi balın” şirinindən dadanlar var.

O, Sözün Gəncədə yaşayan əbədi elçisidir.

# 1993 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #