Evli qadına vurulan pianoçu - Elçin Hüseynbəyli yazır

Evli qadına vurulan pianoçu - Elçin Hüseynbəyli yazır
11 may 2016
# 11:19

Kulis.Az yazıçı Elçin Hüseynbəylinin “Qadın üçün piano” yazısını təqdim edir.

Yuxarı mərtəbədə piano çalınır. Aşağı mərtəbədəki qadın üçün. Hamısı lirik mahnılardı. Qadın bu mahnıların onun üçün çalındığını bilir. Musiqi altında yuxuya getmək istəyir, amma bacarmır.

O üz - bu üzə çevrilir, mahnının sözlərini yadına salmağa çalışır. “Bu dərənin uzunu...” “Pəncərədən daş gəlir...” “Payız gəldi, uçdu getdi quşlar...”

Piano çalan 50-55 yaşlı dul kişidir. Nə gözəldi, nə kifir. Necə deyərlər, ortamənzərəlidir. Abırlıdır. Onun dinləyicisi çox olsa da, ən sədaqətlisi aşağı mərtəbədəki qadındır.

Kişinin arvadı bir neçə il qabaq ölüb. Duldur. Və o, heç zaman öz arvadı üçün mahnı çalmayıb.

Qadın bura təzə köçüb. İki qızıyla. Qadın cavan olsa da, ərə getməli iki qızı var. Əri Rusiyadadır. Qadın ərini gözləyir, amma hər gecə onun üçün çalınan musiqiyə qulaq asır. Xüsusən də “Saçın uzun hörməzlər...” mahnısına sevinir. Qadının uzun, gur saçları, tək qalın hörüyü var.

Kişi mahnı çalmaqla kifayətlənmir. Qadını görmək üçün min bir bəhanə uydurur. Məsələn, paltarlarını qadının balkonuna atır: guya ki, külək salıb. Sonra utana-utana qapını döyür. Qadın bilir ki, balkona gedib, külək atan paltarı sahibinə qaytarmalıdır.

Kişi ağzını açıb danışmaq istəyəndə qadın ona qulaq asmır və balkona qaçır.

Qadın hər gün bir nüçə dəfə güzgünün qarşısına keçib, özünə baxır, əndamını tam görmək üçün dəfələrlə fırlanır və gecə onun üçün çalınan mahnıları züm-zümə edir. Özünə təzə, qırçınlı alt paltyarları alır. Qızları analarının bu qəribə hərəkətlərinə gülümsünürlər, hərdən qonşu otağa keçir, əllərini əllərinə vurur, şaqqanaq çəkirlər. Qadın qızlarının ona güldüyünü bilir, amma əhəmiyyət vermir. Qızları tələbə olsa da, atalatının göndərdiyi cib xərcliyindən qənaət edib, analarına müxtəlif qadın aksessuarları alır, öz ətirlərindən analarına da vururlar. Onsuz da qadın, qızları evdə olmayanda o ətirlərdən xəlvətcə istifadə edir...

Kişi də sakit dayanmır, tez-tez dəlləyə gedib, üz-başını qırxdırır, paltarlarını camaşırxanada yuduzdurur, ütülətdirir.

Kişi hərdən ən absurd xahişlə onların qapısını döyür: “Deməzsiniz, saat neçədir?” Halbuki özünün mobil telefonu var. Ordan da öyrənə bilər. Yaxud onlara su gəlib-gəlmədiyini soruşur.

Qadınla danışa bilmədiyinə, yəni cəsarət edə bilmədiyinə görə onun qızlarıyla təmasa girmək istəyir. O, qızları bu binaya köçəndə görüb və elə bilir ki, qadının əri yoxdur. Əri olsaydı, arvadının yanında olar, ev əşyalarını daşımağa kömək edərdi.

Kişi bilir ki, qadının ürəyini ələ almaq üçün onun ən zəif yerindən vurmaq lazımdır. Çünki “qadın qaladır, onu almaq üçün ən zəif yerdən hücuma keçməlisən” deyimini yaxşı mənimsəyib.

Liftlə qalxarkən o qadının böyük qızına deyir:

- Bağışlayın, mən bir söz demək istəyirəm, amma qorxuram ki, inciyəsiniz, inciməsəydiniz deyərdim.

Qız elə başa düşür ki, söhbət onun anasından gedəcək. Axı o da hiss edib ki, bu dul kişi onun anasına vurulub. Ona görə də susur. Qız qorxur ki, kişi anasından söz salanda onun əri olduğunu biləcək, ancaq qız bunu istəmir. Çünki atasının Rusiyada uzun müddət qalmasını ona bağışlamır. İstəyir ki, kişi anasına olan sevgisini özü qadına desin və qadın da ona razılıq versin.

- Bilirsiniz, fikir vermişəm ki, pəncərənizdə pərdə yoxdur. İstəsəniz, mən sizə pərdə verə bilərəm. Mən pərdə alverçisiyəm, dükanım var.

Bu sözləri də kişi deyir, amma yalan danışır. Çünki, heç bir peşəsi yoxdur. Təsadüfi qazancla yaşayır. Toydan toya nəsə qazanır. Sintezatorla girələnir.

Qız yumşaq şəkildə etiraz edir:

- Yox, sağ olun, pərdəmiz var. Sadəcə indi evi yüngülvari təmir elətdirirk deyə pərdələri asmamışıq.

Kişi pərt olur. Çünki ilk gülləsi boşa çıxır, qala-mala da gedir o güllənin dalınca. Ona görə də daha bir cəhd edir və çəkinə-çəkinə deyir:

- Bəlkə sizə...

Bu zaman lift açılır, qız düşəsi olur. Ona görə də kişinin sözü ağzında qalır.

Bir gün yenə də qapı döyülür.

Qadın saçını hörmək istəyir, amma axıra kimi çatdırmır və eləcə toparlayıb bağlayır. Tələm-tələsik qapını açmağa gedir. Fikirləşir ki, pianoçudur. Yəqin balkona nəsə düşüb.

Qapını açır. Qapıdakı onun əridir. Qadın çaşan kimi olur. Həyacanlanır:

- Bıy, sənsən!? – deyir.

Sonra özünü ələ alır, qapıdan çəkilir. Əri içəri keçir. Əlindəki bağlamaları dəhlizə qoyur və arvadına baxır.

Baxışlarını onun üzündə gəzdirir. Sanki onun qocalıb-qocalmamasını bilmək istəyir.

Arvadının saçı dağınıqdır.

Yuxarıda piano çalınır: “Saçın uzun hörməzlər...”

Əri:

- Saçını niyə yığmamısan?

Qadın cavab vermir, eləcə dilucu “xoş gəlmisən” deyir və mətbəxə adlayır.

Yuxarı mərtəbədə piano çalınır...

Və bu zaman qadın anlayır ki, ötən illər ərzində ərini gözləsə də, onun qayıtmasını heç zaman istəməyib...

...İndi onunçün daha heç kim piano çalmayacaq...

Aprel-may 2016

# 1807 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
#
#
# # #