Akademiya, yoxsa A-komediya

Akademiya, yoxsa A-komediya
11 fevral 2016
# 17:12

Həmişəki kimi səhər tezdən Qədir hamıdan tez yuxudan durub eyvana keçdi. Bir siqaret yandırıb özünə termosdan çay süzdü. Bu onun arvadının yeni kəşfi idi. Qədir onu tezdən bir stəkan çay üçün durquzmasın deyə çayı termosda saxlayırdı.

Çayını içib bir az televizora baxıb işə hazırlaşdı. Həmişəkindən çox həvəslə. Axır vaxtlar Akademiyaya çox həvəssiz gedirdi. Bütün sahələrdə olan həm maddi , həm də mənəvi irəliləyişlər onlardan yan keçirdi. Cild-cild kitablar nəşr olunur, orta əsrlərə aid əlyazmalar üzə çıxarılır, böyük zəhmətin hesabına alimlər onun üzərində tədqiqat aparır, xalqa, tarixə aid yeni faktlar üzə çıxarırlar, amma kimə nə dəxli var. Bu yeniliklər elə akademiyanın içində də qalır, kənara çıxa bilmir. Qulaqları səsdə, gözləri yolda qala-qala durublar ki, onların xidmətləri də nəzərə alınar, bəlkə bir təltifdən, ya təqdimatdan, illərlə akademiyada ev növbəsinə duran bu qocaman alimlərə bir komadan-zaddan verələr. Amma boş yerə. Axır vaxtlar özləri də bunu başa düşür, ona görə də bir çıxış yolu axtarmağın labüd olduğunu, “kreativ” ideyaların həyata keçirilməsi vaxtının gəlib çatdığını bilirdilər.

Elə Qədirin də işə belə həvəslə hazırlaşmasının səbəbi bu idi. Alimlər belə qərara gəldilər ki, peşələrini dəyişsinlər. Bu təklifi ilk olaraq şöbənin təcrübəli işçisi, ağbirçək xanım vermişdi. Tənəffüslərin birində radioda olmayan səsini əsdirə-əsdirə oxuyan müğənniyə qulaq asarkən təbiətinin ağırlığı ilə seçilən, tədqiqat əsərləri bütün Orta Asiyaya körpü salan bu yaşlı xanım yavaş-yavaş zümzümə eləməyə başladı. Şöbədəkilərin ona təəccüblə baxdığını görəndə, “Belə oxumağa nə var, belə elə mən də oxuyaram. Tələbə olanda mən də universitetin özfəaliyyət dərnəyində çıxış edirdim. Səsimin məlahətiylə solistlər içərisində seçilirdim. Hamı məni bəyənirdi” - deyərək, pəsdə oxumağına davam etdi.

Neçə il onunla bir yerdə çalışan, ondan belə hərəkət gözləməyən qocaman alim eynəyinin üstündən xanımı diqqətlə izlədi. Xanım isə cavanlıq xatirələrini bir-bir dilə gətirərək, şöbənin nisbətən orta yaşlı əməkdaşlarına yarızarafat-yarıciddi keçmişdən danışırdı. Sən demə, bu qocaman alimlə bu xanımın tələbəlik illəri bir keçibmiş, o da yaxşı idmançıymış, bütün universitet yarışlarında iştirak edirmiş. Alimə xanım, ömrünü əlyazma oxumaqla çürüdən onun da belə bir istedadı olduğunu yadına saldı. Zarafatla başlayan bu adi söhbət elmi işçiləri çox ciddi bir nəticəyə gətirib çıxartdı. İllərlə əziyyət çəkib, heç bir həvəsləndirici də olsa xeyrini görmədikləri ixtisaslarını dəyişib, oxumaq, yəni mahnı oxumaq və idmanla əvəz eləsinlər. Yer də tutmasalar, heç olmasa çoxdan gəzmədikləri şəhərləri, ölkələri görə bilərlər. Akademiyanın nəzdində özfəaliyyət, veteranlar arasında, yəni elm veteranları. Nə olar, çox gözəl ideyadır. Heç olmasa ömürlərinin axırında da olsa bir işıq saçar bunların həyatlarına. Kəsafət ətri gələn bu divarların arasından çıxarlar. Yarıgerçək, yarızarafat söhbət özü gətirib bu nəticəyə çıxartdı. Heç beləsi bəlkə də heç kimin ağlına gəlməzdi.

Qədir səhər-səhər işə neçə vaxtdı ki, bütün institutu öz ağuşuna almış, ona yeni nəfəs gətirmiş bu təzə ideya haqqında düşünərək gedirdi. Şöbədə bir canlanma əmələ gəlmişdi. Kişilər artıq işə çantalarına köhnə əlyazmalar, qalın lüğətlər, qeyd dəftərləri əvəzinə qantel, idman paltarı, krassovka qoyub, qadınlar isə disk oxutduran pleyer və qulaqcıqlarla gəlirdilər. Qocaman alimlərin hətta yerişləri, duruşları da dəyişmişdi. Artıq kişi alimlər kürəklərini dik tutub addımlarını yerə bərk basaraq, qadın alimələr isə naz-qəmzə ilə, dəbli paltarlarla bu elm ocağına gəlirdirlər. Milçək uçanda səsi gələn şöbədə kimi daş qaldırır, kimi ipdən tullanır, kimi yeni çıxmış mahnılara qulaq asıb sözlərini əzbərləyirdi. Qocaman alim, şöbənin təcrübəli rəhbəri sanki qarşıdan gələn elm karnavalına, festivalına hazırlaşırmış kimi ciddiliklə, məsuliyyətlə yeni yaradılacaq özfəaliyyət dərnəyinin nizamnaməsini yazırdı. Bu gün onların veteran mədəniyyət və idman təşkilatının yığıncağı olacaqdı. Yığıncaqda sədr və iki müavin seçiləcək, onların yaxın bir neçə il ərzində görəcəkləri iş planları təsdiq ediləcəkdi. Veteran alim idmançılar qarşıdan gələn olimpiya yarışlarına, veteran alim yaradıcılar isə müxtəlif beynəlxalq mahnı yarışlarına hazırlaşmalı idilər.

Qədir öz dəyərli fikrini də şöbə müdirinə bildirmişdi. Mütləq bir həkim də təyin etmək lazımdır. Çünki hər necə də olsa alimlərin qan təzyiqləri ölçülməli, ürək kordioqramları çıxarılmalı, UZİ-dən keçməlidirlər. Axı onlar cavan deyillər, onların qiymətli səhhətlərini qorumaq lazımdır. Ən cavanının 60-dan yuxarı yaşı var. Hər necə olursa-olsun bu onların həyatında axırıncı şanslarıdır. Utanmağa dəyməzdi, çünki nəticədə çox qiymətli ödüllər qazanıla bilərdi. Bir də buraya şou proqramlar da salmaq lazım idi. Bu da Qədirin fikri idi. Onlar intellektual yarışlar da fikirləşə bilərdilər. Amma belə yarışlara çətin ödül verən tapılardı. Yox, elə ən yaxşısı onların başladığı işləri sona çatdırmaq idi.

...Avtobus institutun qarşısına dönəndə qarşıdakı təcili yardım maşınları Qədirin diqqətini cəlb etdi. O, dayanacağı gözləmədən, cəld avtobusdan düşüb, institutun ağırlığı çökmüş qalın sal qapıları güclə açaraq, özünü içəri saldı. Ağız deyəni qulaq eşitmirdi. Kiminə elə dəhlizdəcə sarğı qoyulur, gips taxılır, kiminin də qolunda təzyiqölçən aparat. Qədir dəhlizin axırında yerləşən şöbələrinə doğru yönəldi. Uzun illər səliqə-sahmanıyla seçilən, elmi işçilərinin sanılı qoz təki həmişə hərəsini öz masasının arxasında oturmuş görən Qədiri, otağı boş görəndə qəhər boğdu. Elə bil hamı mötəbər bir yarışa getmişdi, bir daha geri qayıtmamaq şərtilə.

# 905 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #