Yazıb pəncərədən tullamaq

Yazıb pəncərədən tullamaq
6 may 2015
# 17:20

Otağımda tək oturmuşam. Yazmaq istədiyim çox mövzu var. Eyni anda beynimdə 4-5 mövzu var-gəl edir. Əlimə qələmi alanda qələm çaş-baş qalır.

Gah şeirə, gah da nəsrə çevrilir fikirlərim. Həyəcanlanıram. Ürək döyüntülərim sinəmin sol hissəsini narahat etdikcə alnımdan soyuq tər axmağa başlayır. Divardakı saatın səsi beynimin ən son hüceyrəsinə qədər çatır. Tik-tak, tik-tak, tik-tak. Gözlərimi yumub fikirlərimi cəmləməyə çalışarkən tərim qaşlarımın yanından süzülərək yanağıma qədər gəlir. Əlimin üstü ilə alnımı silib dərindən nəfəs alıram. Tik-tak, tik-tak, tik-tak:

- Yaza bilməyəcəm.

- Yazmalısan!

- Düşündüyün qədər asan deyil, belə həvəslisənsə al qələmi özün yaz !

- Mən sənlə mübahisə etməyə gəlməmişəm, sənə yardım etməyə gəlmişəm. Sakitləşməyə çalış.

- Çox çətindi.

- Bilirəm, amma sən də bilirsən ki, yazmalısan.

- Hə.

Bütün dünya yazacaqlarımı gözləyirmiş kimi hiss edirəm özümü. Heç kəs oxumasa da. Lap bu cızma-qaralarla dolu vərəqi büküb zibil qutusuna atsam da hamı tərəfindən oxunulacağını düşünürəm. Yazacağım hər hərfin məsuliyyətini çiyinlərimdə hiss edirəm. Yazacağım hər səhv söz gecələr yuxuma girib yaxamdan yapışacaq deyə qorxuram.

Tik-tak, tik-tak, tik-tak. Təlaş içində heç nə yazmadığım boş vərəqi sağ əlimlə bükürəm. Bütün gücümlə yumruğumu sıxıram. Sol əlimin barmaqlarını sakitcə açıb qələmi masanın üzərinə buraxıram. Ürəyim normal tempdə döyünməyə başlayır. Gülümsünürəm. Dərindən nəfəs alıram.

Yazı masamdan qalxıb pəncərəyə tərəf yaxınlaşıram. Burdan bütün şəhər ayaqlarımın altındaymış kimi görsənir. Pəncərəni açan kimi külək üzümə vurur. Sürətlə şütüyən maşınlar, tələsən piyadalar, qol-qola gəzişən sevgililər... Hamısı qarışqa kimi bir-birinə dəymədən yoluna davam edir. Həyatın davam etdiyini görüb bir az da rahatlayıram. Ovcumda bükərək saxladığım boş vərəqi var gücümlə pəncərədən çölə tullayıram. Külək onu insanların yanına qədər aparır və vərəq onlardan birinin başına dəyir. Yuxarı baxıb deyindikdən sonra heç nə olmamış kimi yoluna davam edir. Palçıqlı ayaqqabılar altında tapdalandıqdan sonra hündürboy, arıq, şlyapalı bir kişi vərəqi yerdən götürür. Bükülmüş vərəqi açıb diqqətlə baxmağa başlayır. Hərəkəti dayandırdığına görə tələsən adamlar onu itələyir. Şlyapalı kişi boş vərəqin digər üzünü oxumağa başlayır. Daha sonra başqa birinə ötürərək yoluna davam edir. Beləcə tapdalanmış boş vərəqi bütün insanlar oxuyur.

Pəncərəni şiddətlə çırpıb yazı masama qayıdıram.

- İndi anladın?

- Hə, anladım.

- Odur ki , yazmağa başla.

Qələmi əlimə alıb yazmağa başlayıram. Tez yazıb pəncərədən tullamaq üçün tələsirəm.

# 2948 dəfə oxunub

Oxşar xəbərlər

"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər