Qürbətdə ölüm havasında

Qürbətdə ölüm havasında
1 sentyabr 2014
# 10:28

Bu gün tanınmış mərhum publisist, şair Tofiq Abdinin doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının “Tofiq Abdin: Yaddaş adamı” yazısını təqdim edir.

...O məşum Ölümdən cəmi bir neçə saat əvvəl mənə zəng eləmişdi: “525-ci qəzet”dəki səhifəsi üçün ortaq dostumuz Xaqani Qayıblının əlliillik yubileyilə bağlı yazı və şeirlərini istəmişdi, sonra Əlibəy Hüseynzadənin yubileyini nəzərə alıb dedi ki, redaktorla danışıb, Xaqani üçün ayrıca səhifə alıb. Bir həftə əvvəl zəhərləndiyini, son günlər evdən çıxmadığını, indi özünü yaxşı hiss elədiyini, sabahdan işə gedəcəyini, şənbə ya bazar günü zəngləşib görüşmək istədiyini də əlavə elədi.

İnandım. Səsində çəkdiyi ağrıların çaları hələ hiss olunsa da gümrahlıq vardı. Təşəkkür-filan eşitmək istəmədi:

- Nə təşəkkür, canım, - dedi, - əlimizdən gəlir, eləyirik. Özünə yaxşı bax. Gözlərindən öpdüm. Görüşərik.

Amma daha bu dünyada görüşə bilmədik...

Səhəri gün işlərimi qurtarın Facebook-a döz gəzdirəndə donub qaldım: “Kulis”dən paylaşılmış xəbərdə şəkil Çingiz Abdulayevin (Allah ömür versin) idi, altındansa yazılmışdı: “Tofiq Abdin vəfat etdi”. Nə baş verdiyini dərk eləməyə çalışa-çalışa keyləşmiş kimi yerimdən tərpənə bilmədim. Sən demə, Kəmfürsət Ölüm doğrudan da qaşla göz arasındaymış, marığa yatıb məqam gözləyirmiş...

Ölüm məni yaxalasaydı, inanardım, onu belə vaxtsız aparmasına isə indi də alışa bilmirəm. Ölümdən qorxduğunu yarızarafat-yarıciddi dönə-dönə danışmışdı, Ölümü unudandasa həyat eşqisə aşıb-daşırdı - bu anlamda mənim yaşıdlarımdan da cavan görünürdü...

Dəfnə gedəndə yolboyu hey yaddaşımda “...və sıralarımızdakıların ölümü” şeirini, bir də başqa bir şeirindən bu misraları təkrarlayırdım:


bu qorxu o tindəymiş,
həmən qarşıma çıxdı...

Bir də yadıma düşdü ki, son şeirlərində, yazılarında “tindəki qorxu”nun təsiri vardı, sadəcə oxuya-oxuya dərk eləməmişəmmiş...

***

Tofiq Abdini şəxsən nə vaxtdan tanıdığım yadımda deyil; bir o yadımdadı ki, səksəninci illərin ortalarında unudulmaz İsa İsmayılzadənin iş otağında rastlaşmışıq. İsa müəllim məni təqdim eləyəndə salamsız-kəlamsız demişdi:

- Qardaşım, biz yazırıq, əlimiz bala batmayıb ki, get özünə iş tap, başını cəncələ salma...

Onda məni tanımaza-bilməzə dediyi xətrimə dəymişdi, amma illah da bu gözəlim məmləkətdə yazmağın doğrudan da “cəncəl iş” olduğunu sonralar dərk elədim: onda artıq geri qayıtmağa nə zamanım qalmışdı, nə də taqətim.

Onda Tofiq Abdin artıq İstanbuldaydı, özü demiş, “birtəhər xanımın hesabına” yaşayır, “Orta Doğu” qəzetində köşə yazarı kimi çörəkpulu qazanırdı. Səkkiz ildən sonra o İstanbuldan qayıdıb gələndəsə mən Bakıya üz tutandan bəri on neçəncisə iş yerimdə - “Ulduz” jurnalında yarmştat çalışırdım. Təntənəsiz-filansız yaxınlaşdıq: o yazılarımı bəyəndiyini dedi, mən də şeirlərini sevdiyimi, publisistikada fenomen saydığımı (povestlərini sonralar oxuyacaqdım) gizlətmədim.

Onda nə vaxtdan bəri jurnalda işləsəm də oturmağa stolum yox idi, səhər tezdən gəlib əməkdaşlar yığışanacan (bu da saat 11-ə, bəzən 12-yə çəkirdi) boş stolların birinin arxasında otururdum. Yazıçılar Birliyinin rəhbərliyini bilmirəm, jurnalın redaktoru rəhmətlik Ələkbər Salahzadə məni tam ştata keçirmək, üstəlik, yazı stolu vermək barədə “tam ciddi şəkildə” düşünürdü. Həmin vaxt artıq “Qobustan” toplusunda məsul katib olan Tofiq Abdinin də səhərlər işə tez gəlmək şakəri vardı; dərhal da çay dəmləyir, Gülnaz xanımın, ya da özünün tədarük elədiyi nemətləri səxavətlə ortaya qoyurdu. Günorta gəlib-gedən artanda, dəhliz qaynayanda, pərdənin arxasında və otaqlarda süfrələr açılanda bizim iş saatımız bitirdi, o qələbəliyin içində darıxa-darıxa qalırdıq. Aradabir də ümumi məclislərə qatılmaq, xudmani şəraitdə “yaradıcılıq problemlərindən danışmaq” məcburiyyətindən qaça bilmirdik. Belə ənənəvi məclislərimizdən birində mənim sağlığıma badə qaldırılanda Tofiq Abdin dilini saxlaya bilmədi:

- Qardaşım, - dedi, - bu adamın sağlığına içməkdənsə, tam ştata keçirin, bir stol da verin oturub işləsin. Bu nə əcaib şeydi, anlamıram...

Neçənci dəfə “tam qəti şəkildə” söz verilirdi, amma bu vədlərin sonu görünmürdü...

Axırıncı qurultayın ilk plenumunda rəhbərlik dəyişdi, mən də ərizəmi yazıb işdən getdim.

Sonra Tofiq Abdin də həyatıyla bağlı olduğu “Qobustan”dan getdi...

O mühitdən mənən mənə yaxın olan, daim ünsiyyət saxladığım iki doğma adam qaldı: Tofiq Abdin və Oqtay Əhmədov...

Mən Azərbaycan Ədəbi Əlaqələr və Tərcümə Mərkəzində də duruş gətirə bilmədim, kitab nəşri məni özünə çəkirdi...

Mənim yerməsə... Tofiq Abdin gəldi, sonra “Xəzər” jurnalı baş redaktorunun müavini oldu..

Ünsiyyətimiz o məşum günəcən davam elədi...

***

Tofiq Abdinin vəfatı günü məni bir neçə məqam təəccübləndirdi: O şair idi, publisist idi, “Əməkdar mədəniyyət işçisi” fəxri adını alnının tərilə qazanmışdı, amma son məqamda jurnalist kimi anılmışdı; ona, ən azı, Rəşid Behbudov adına Mahnı Teatrında vida mərasimi təşkil eləmək olardı, amma dəfnində əksəriyyəti özündən xeyli cavan olan qələm dostlarından başqa kimsə yox idi; bununla belə, Tofiq Abdinin bu qədər populyar olması heç mənim də ağlıma gəlməzdi: demək olar, bütün kütləvi informasiya vasitələri onun vəfatı barədə xəbər vermişdilər – hər halda, mən internetdə yüzə yaxın xəbərə, onlarla məqaləyə rast gəldim - bu ona ana südü kimi halalı olan SEVGİnin təzahürüydü...

Tofiq Abdin YADDAŞ ADAMIydı...

Son 25-30 ildə yazdıqlarını yaddaşımda canlandırıram: Tofiq Abdin kimləri xatırlamayıb, kimlərdən yazmayıb, kimlərin mənəvi haqqını qaytarmağa can atmayıb! İllah da öz ədəbi nəslinə mənsub olanları – İsa İsmayılzadəni, Vidadi Paşayevi, Vidadi Məmmədovu, Aydın Məmmədovu, Abbas Abdullanı, Aslan Qəhrəmanlını, Azər Abdullanı, Tofiq Hüseyni, Tanqonu – Tanrıqulu Əliyevi, Böyükxan Bağırlını... onun təqdimatında tamamilə başqa cür tanımışıq...

Tofiq Abdinin şeirlərini ikicə misrasından tanımaq olur – o şeirlərdə öz nəfəsinin möhürü var...

Tofiq Abdinin nəsri 60-70-ci illər kontekstində son dərəcə maraqlıdı – “Adlerdə bir körpü var” və “Qürbətdə ölüm havasında” əsərlərini Əli Kərimin “Pillələr”, İsa İsmayılzadənin “Mənim qəribə dünyam” povestlərilə yaxınlaşdıran qəribə məqamlar duyulur.

Tofiq Abdin publisistikamıza yeni nəfəs, özünəməxsus formalar, çeviklik, dinamizm gətirib – bunu danmaq olmaz...

Amma mən Tofiq Abdini məhz ölümsüz yaddaşına görə çox istəyirdim. O xatırlamağı və xatırlatmağı sevir, bunu, az qala, özünün mənəvi borcu sayırdı. Gedənlərə borcunu, qalanlara sevgisini vermək, elə bil, onu rahatladır, daha da cavanlaşdırırdı.

Bəlkə də “tində gözləyən qorxu”nun, bəlkə də “unudulmaq qorxusu”nun təsiriydi, mənə deyirdi, başıma bir iş gəlsə, arxivimlə sən məşğul olarsan - bunu dəfn günü ortaq dostumuz Maarif Soltan da dilinə gətirdi. Onda ancaq ürək-dirək verirdim, amma qeyri-şüuri bioqrafiyasıyla bağlı yazılarını, müsahibələrini, haqqında qələmə alınmış yazıları bir elektron qovluğa yığıb səliqəyə salırdım ki, yetmiş beş yaşında sürpriz eləyim.

Əcəlsə aman vermədi. O qovluğa nekroloqlar, ölümündən sonra dostlarının söylədikləri vida sözləri də əlavə olundu...

***

Üç il əvvəl Tofiq Abdini Tiflisə, Qarayazıya - unudulmaz şairimiz İsa İsmayılzadənin 70 illik yubiley tədbirinə apardıq. Abbas Abdulla, Tofiq Abdin, Nurafiz qatarla Böyük-Kəsiyə getdik, orda Tapdıq Yolçu bizi qarşılayıb Rustavidəki evinə apardı, sonra AYB Gürcüstan bölməsinin rəhbəri, “Varlıq” Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümmətin təşkilatçılığıyla A. Qriboyedov adına teatrda mərasim oldu. Onda hər cür rəsmiyyətdən qurtarmaq üçün tədbiri aparmağı Tofiq abinin boynuna qoyduq.

Ömründə belə məclislər aparmadığına görə, xahişimizi çətinliklə qəbul elədi, tədbirsə bəlkə də elə onun orijinal improvizələrilə daha çox yadda qaldı. Sonra Qarayazı qəbiristanlığında İsa İsmayılzadənin məzarına baş çəkdik, adını daşıyan məktəbdə görüş keçirdik. Tədbirin davamısa Hidayət Orucovun köməyilə A.Şərifzadə adına Aktyor Evində oldu.

Onda Tofiq Abdinin çox səmimi, izafi təntənədən uzaq keçən Gürcüstan səfərindən nə qədər böyük təəssüratla qayıtdığının şahidi oldum. Üstəlik, Yubiley, nə yubiley...” başlıqlı heyrət dolu yazı da qələmə almışdı. Hər görüşəndə orda ünsiyyətdə olduğu adamları – Fərhad Xubanlını, Tapdıq Yolçunu, Afiq Muxtaroğlunu, Akif Xansultanlını, Cambul Məmmədlini... xatırlayır, bəzən adlarını qarışdırsa da, hamını yada salır, deyirdi, kaş ömrüm çata, mənim də belə bir yubileyim ola. Üstəlik, çox sevdiyi gürcü çaxırını və sosiskanı unuda bilmirdi, az qala, hər dəfə bu nemətləri peşkəş elədiyinə görə Nurafizə minnətdarlığını çatdırmağımı istəyirdi.

Bu yerdə fikirləşirəm ki, Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Salyan Rayon İcra Hakimiyyəti Tofiq Abdinə sağ vaxtında – 70 illiyində bu sevinci yaşada bilərdilər...

Amma eləmədilər. Yəqin, özlərinə görə arqumentləri var. Tofiq Abdinsə artıq bu fani dünyada yoxdu, zamansız, məkansız, yaddaşsız yerdədi...

Nurafizlə sözləşmişdik ki, bu yay fürsət tapıb yenə hansısa bəhanəylə Tofiq abini bir neçə günlüyə Gürcüstana aparaq...

Bu da baş tutmadı, fələk qoymadı...

***

Tofiq Abdin Bakının ilk hippilərindən – uzun saç saxlayıb, cins geyinənlərindən, xarici musiqiyə, xüsusilə caza meyl göstərənlərindən, üstəlik də qalstuku cins köynək və kostyumla barışdırmağa çalışanlarından idi...

O vaxt eyni həyatı yaşayanların əksəriyyəti yaşlaşdıqca dəyişdilər, başqalaşdılar, Tofiq Abdinsə dəyişmədi, axıracan ömür improvizələrinə sadiq qaldı...

Vidadi Paşayev, Vidadi Məmmədov, Natiq Səfərov, Aydın Məmmədov kimi Tofiq Abdin də ədəbi aləmin uzun müddət xatırlanacaq, cismani yoxluğu çətin qəbul ediləcək, haqqında bundan sonra da yazılacaq fenomenlərindəndi...

Amma məndən ötrü ən böyük itki Tofiq Abdinin simasında əvəzsiz vir YADDAŞ ADAMInı itirməyimizdi...

Mart 2014

# 2448 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #