Bizim olan heç nə...

Bizim olan heç nə...
14 iyun 2014
# 08:00

Kulis.Az əməkdaşımız Şəhriyar del Geraninin "Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin qalibi olan “Bizim olan heç nə…” hekayəsini təqdim edir.

SEVGİ - ayağında anadangəlmə qüsur olan arvadından

toy videosuna baxarkən axsadığını görüb -

"həmin gün ayağına nə olmuşdu"? - deyə

soruşmaqdan başqa bir şey deyil...

Kimsə

Onu da deyim ki, mən ta uşaq vaxtlarından xoşbəxtliklə məşğul oluram. Qonşu “balaşkalar” it-pişiklə oynadığı vaxtlarda mən böyük bacımın dikdabanlarını geyinib, dodaqlarımı boyayıb “ərə gedirdim”. Düzdü, boynuma alıram, yaxşı boya çəkə bilmirdim, bir az kənara çıxdığım olurdu. Amma, bunu qətiyyən bacarıqsızlığıma yazmıram, sadəcə, dodaqlarım xırdaydı, nazikdi, cipsidodaqdım, vəssalam!

Aylar ötdü, il dolandı, mən böyüdüm. Çoxları elə bilirdi mən böyüməyəcəm. Sərsəm adamlardı. Ləmana deyəndə ki, “bilirsəən, mən dünən aybaşı oldum, anam da gördü, sevindi, deyir doğruçu aybaşıdı”. O da mənə qayıtdı ki, “pfff, demək istəyirsən yekə qızsan tay”? O bunu elə kinayəli dedi ki... Kaş özünüz görərdiz. Amma, mən böyüdüm. Həm də aylar ötdü, il dolandı axı...

***

İndi deyəcəklərimi yazıçılıq hesab etməyin, xahiş edirəm. Mən yazı-pozudan uzaq biriyəm. İstədim yazım, rahatlaşım, gördüm potensialım var. Açığı, mənim digər uğurlu potensialım da var. Məndən əntiqə model çıxar. Möhtəşəm ayaqlarım var. Düz sözümdü. Etiraf edirəm, məndən xoşu gəlməyən kişiyə zövqsüz impotent maymaq kimi baxıram!

İndi deyəcəklərimi yazıçılığa yozmayın. Bu dəfə tələb edirəm. Bir də görürsən hansısa yazıçı goplayır – mən yazıram, kim oxuyar, özü bilər, oxumursa da vecimə deyil. Lap heç kəs mənə inanmasın – filan-beşməkan kimi sözlər. Amma, mən elə demirəm. İstəyirəm mənə inanasız. Qurban olum, inanın mənə. Heç olmasa bir nəfər inansın. Axı mənə inanmaqla siz heç nə itirmirsiz. O qədər axmaq adamlara inanırsız ki hər gün. Özü də uduza-uduza. Çox ağrıyıram. Elə pisəm ki bu aralar. Bəlkə siz inansaz bu dediklərimə, hansınızsa xilas ola bilərsiz. Və bu hisslərlə yaşamaq mənə kömək edir. Bu ümid mənim əlimdən tutur. Çox ağrıyıram. Təkcə bədənim deyil, lap elə əynimə gəlməyən yeniyetməlik paltarlarım da ağrıyır. Bizim olan nə var ki?..

***

İndi buralarda qış aylarından biridi. Çox güman yanvardı, dəqiq bilmirəm. Mənsə sizə lap əvvəli danışacam. Lap çox əvvəli, yəni. Çox-çox lap əvvəli də deyib fikrinizi daha uzaqlara apara bilərdim, amma, lazım deyil. Elə, lap çox əvvəli düşünün. Keçən ilin, yaxud o biri ilin iyulundan söhbət açıram. İyul olmağı dəqiqdi. O vaxtlardan ki, aylar elə gözəl ötür, illər elə ahəstə dolanırdı ki, adamın yaşamağı gəlirdi, başqa heç nə. Hərdən də yuxusu, işəməyi-filan. Bunlar da təbii şeylərdi. Bircə bu cüzam olmasaydı. Olsaydı da, o da infeksiyadı, nə də olsa yaşamağa haqqı var. Bircə anamda olmasaydı. Kiminsə anasında olsa belə ona da üzülərəm. Ancaq mənim anamda olmağı bir başqaydı, nə gizlədim axı. İrfan əhli deyiləm. Belələrindən də zəhləm gedir.

Əvvəlcə balaca ləkə kimiydi. Bir gün məni çağırdı ki, gəl kürəyimə bax, gör nədi o zəhrimar, elə hey qaşınır. Baxdım, balaca ləkəydi. Bir az çürüyə oxşayırdı. Diksindim. Özünə bildirmədim. Ertəsi gün boğazında göründü həmin ləkədən. Özü də gördü. Bu dəfə hər ikimiz diksindik. Bu dəfəsindəsə bir-birimizə bildirmədik. Çürüyürəm – dedi - bəxtəvər başıma, bircə bu qalmışdı ayaq üstə çürüyüb gedim.

Cüzam nə olan şeydi, hələ də qanmıram, allah haqqı. Guya bu xəstəlik nəyə lazım idi? Özü də inkubasiya dövrü 55 ildi. Dəhşətdi. İnkubasiya yəqin bildiniz nədi. Bilməyənlərçün deyirəm - xəstəliyə yoluxduğu andan ilkin əlamətlərinin görünməsinə qədər çəkən gizli dövr. Yəni, 50 il cüzam ola bilərsən amma bunun fərqində olmazsan. Bu qədər xoşbəxt də ola bilərsən yəni. Ən darıxdırıcı tərəfi sağalmayan olmasıdı. Həm də yoluxucudu. Tfu sənə! Amma, buna görə mən anamı atmaram. Təki elə anamızdan yoluxaq xəstəliklərə. Düz sözümdü. Mən vicdanlı, kübar, ismətli qızam. Beləliyimə baxmayın. Qabaqlar belə xəstələrin boynuna zinqrov-zad asırlarmış fərqlənsin deyə. Eyni növ paltarlar geyindirirmişlər. Faciədi. Onsuz da bunlar eyni cür çürüyürlər, niyə belə eləyirsiz axı? Kövrəldim.Neçə növü var deyirlər, üç min ildi hələ də tibbə məlum deyil çarəsi. Ancaq, bu növ hansı növ idisə çox səbirsiz idi. Anamda olanı deyirəm. Elə sürətlə çürüdürdü ki...

Beləcə, anam çürüyərək gedirdi. Qaşları töküldü. Üzündə şişlər yarandı. Qulağının biri əriyib getdi. Bizimsə getmədiyimiz yer qalmadı, döymədiyimiz qapı olmadı. Allahın evinə kimi getdik. Əlac qılan olmadı ki olmadı. O qədər “olmadılar” oldu ki. Axır o vəziyyətə gəldik, yazıq anam qapıldı otağına, düşdü yatağa. Bu arada balaca bacım qoşulub qaçdı. Kül onun başına. Heç kəsin vecinə də deyildi. Cəhənnəmə getsin. Burda yataqda anası çürüyür, o da orda yatağında oğraşbaşı əriylə mazaqlaşır. Pir mənimdi, kəramətinə bələdəm, bizim qız diftiringinin biriydi. Sözüm o gədəyədi. Ay alçaq, sən ki kişi xeylağısan. Özü də bilirsən bizim evdə hal-qəzya nə yerdədi. Nə isə. Bir az üzdə olan adamdı, qızımız da ada aldanıb qoşulub qaçdı. Hələ 13 yaşı vardı, təzə-təzə oyanırdı. Hey deyirdi – mən də müğənni olacam, mən də aparıcı olacam, nə bilim nəmənə olacam. Gic-gic. Başa sala bilmirdim ki, ay poxluca, sən qadın ol, eləcə qadın. O ictimailəşmiş, siyasiləşmiş, ümumiyyətlə “ləşmiş” qadınların heç biri xoşbəxt-zad deyil. Hamısı qadın kimi uğursuzdular, bədbəxtdilər. Nolsun etiraf eləmirlər. Və ya belə məlum şeyləri niyə də etiraf eləməlidilər? Başa düşmürdü ki düşmürdü. Cəhənnəmə düşsün. Getsin döydürsün nə qədər döydürür.

Ağzım da açıldı. Mən də ağızdan bir az fərsizəm. Üzrlü sayın, siz allah. Elə pis ağrıyıram ki...

***

“Geci-tezi var hər şeyin”. Nənəmin dahi olduğuna məndən savayı heç kəs inanmadı. Düz demişdi bunu. Mən də nə vaxtsa bu həqiqətə gələcəyimi düşünürəm. Ki, bizə olmazın zülmü edənlər elə sevdiklərimizdi. Heç bir hissimiz olmayan adamlardan bizə ziyan gəlmir. Əvəzində dəyərləndirmirik onları. Sevdiklərimizsə bizə divan tuturlar. Lənətə gəlsin onları. Özü də allahın lənətinə. Sevdiyin biriylə bir yatağı bölüşərsən, amma, onun dişləyib axıra qədər öddənmədiyi konfetdən başqa heç nəyini yemək istəməzsən, bacarmazsan. Belə də iş olar? Çaqqal kimi darıxarsan amma o, götünü çevirib yatar. Tfu sənə də!

***

Anam göz-görəti çürüyüb gedirdi. Heç nə eləyə bilmirdik. Bir gün sol döşü çürüdü. Əməlli-başlı çürüyüb düşdü. Hövülümdən bilmirdim neynim. Başıma hava gəlmişdi. Dəqiqəbaşı öz döşlərimi əlləşdirirdim. Elə bilirdim bu dəqiqə mənim də döşüm qopub düşəcək. Lifçiksiz gəzmirdim yayın yay günü. Bişirdim, səpişirdim. Amma çıxartmırdım. Deyirdim adamların içində qəfil qopub düşər ayağımın altına. Təsəvvür edin, yeridiyin yerdə döşün düşür və havadaykən təpiyin ona dəyir. Ətim ürpəndi lap. Anama görə qonaq-qara çox olur, adamlar da görər, ölüb yerə girərəm e, döş cəhənnəm. Nə də olsa lifçik saxlayardı, qoymazdı yerə düşsün. Ona görə heç yatanda da çıxartmırdım. Dəli olmuşdum e, dəli.

İki ay deyildi anam xəstələndiyi atamın gözləri tutuldu. Atam mebel ustasıdı. Həyətdə balaca emalatxanası var. Bir də eşitdik ki, həyətdən qışqırıq gəlir. Düşdük aşağı. Kişinin sir-sifəti asetonun içindəydi. Aseton da yəqin bildiniz nədi. Bilməyənlər üçün izah edirəm – C3 H6 O. Kimyəvi formulu belədi.

Necə olmuşdusa tökülmüşdü üz-gözünə. Gözlərini tutub bağırırdı. Apardılar oftalmoloqa. Oftalmoloq da bilirsiz nədi. Bilməyənlər üçün bunu da izah edirəm – göz həkimi. Daha heç nəyi izah edən deyiləm. Bir az qandığınız qrafa olsun dəə. Mən hekayəmi danışım, yoxsa sizin kimi tupoylara nələrinsə açıqlamasın verim? Təmiz fikrimi dağıdırsız! Nə isə.

Bu oftalmoloq dediyim kişinin əsgərlik yoldaşı olmuşdu, möhkəm dost idilər. Məsləhət görmüşdü gözləri bağlı qalsın, hava dəyməsin, əks halda kor olmaq təhlükəsi var. Bu da belə... Ay allah, niyə məni məhv edirsən? – deyirdim. Həmin vaxtlar asi olmuşdum, itin sözün deyirdim yaradana. İndi yadıma düşəndə it olub ulamağım gəlir. Qurban olum, ay allah, yetim bəndənəm, keç günahımdan. O vaxtlar məni eşitmirdin, heç olmasa indi eşit. Səni çox söydüm, bağışla məni. İndi də belə danışanda gülməyim gəlir lap. Dualarımı eşitmədisə söyüşlərimi hardan eşidəcəkdi axı? Nə bilim e. Heç bilmirəm nə deyim. Atam da belə oldu.

Aylar ötdü, il dolandı. “İl dolandı”nı sözgəlişi deyirəm. Təkcə aylar ötdü. Aprelin axırları idi, anam öldü. Öldü deyəndə ki, canı dincəldi. Elə istəyirdim tez ölsün. Yazığım gəlirdi ona. Çox gözəl olmuşdu mənim anam. Tərif olmasın, mən eynən anama oxşamışam. Boyu-buxunu, yerişi, gözləri. Eynən e, eynən. O təhər gözəl qadının belə çürüyüb getməsi heç bir cümləyə gəlmir. Gözəllik onsuz da fani şeydi, bilirəm. Dostoyevski demiş, “gedər bir gün bu gözəllik sənə də qalmaz”. Nə bilim, “mənəm-mənəm deyən canlar bütün yerin altındadı, torpaq altda qübar olmuş qəmər üzlü canana bax”. Bu sön beyti deyəsən Xaqani deyib. Mən həmişə Dostoyevskiylə Xaqani Şirvanini səhv salıram. Sözüm onda yox. Amma belə də olmazdı axı. Adam belə çürüməzdi!

***

Anamı həkimlər iynə vurub öldürdü. Bizim – qardaşımın, mənim, atamın, bir də dayılarımın imzalı razılığını alandan sonra. Difdiringi bacımı isə heç adam yerinə qoymadıq. Onsuz da onun əli bezini dəyişməyə, bir də götünü yumağa yarayır. İmzası nə gəzir? Rədd olsun! Ancaq, anam öləndə istədim gedib o iynə vuran həkimin üzünə duram. Ki, o imza mənim deyil. Sonra da şoraba bankasın çırpam təpəsinə. Səbəbim də bu idi. Ki, niyə qoymadız anam heç olmasa 5 dəqiqə artıq yaşasın?! Sonra yenə düşünürdüm, yox canım, o, yaşamaq idimi? Heç olmasa basdırılmağa bir az bədəni qalaydı, ya yox?..

Anam ölən günü atam gözlərini açdırdı. Sən demə heç bunun gözlərində problem-filan yox imiş. Belə də iş olar? İlk dəfəydi atama hirsləndim, özümü saxlaya bilməyib bir sillə vurdum. Atam ağladı. Elə ağladı ki... Mən də ağladım, dizlərim yerə gəldi, hönkürtü vurdum. Başım atamın ayaqlarının üstünə düşdü. Başına dönüm, aya ata. Kaş ayaqlarını tapıb öpə biləydim. Heç olmasa dizinin gözündə bir əlçim yerim olaydı, dincələydim. Bu son cümləni ağlaya-ağlaya yazdım. İndi də ağlayıram, əllərim əsir, titrəyirəm. Ya bəlkə otaq soyuqdu, bilmirəm. Amma, elə ağrıyıram ki...

***

Atam anamı sevib almışdı. Elə sevirmiş-elə sevirmiş. Danışsam, özünüzdən utanarsız. Anam həmişə danışardı mənə. Anam da onu sevib. Atam... O, dünyanın ən yaxşı kişisiydi. Atam ona görə 9 ay gözü bağlı, kor kimi gəzib ki, anam rahat çürüsün. Öz dərdi bir yandan, üstəlik atamın da onu gördüyünü bilib əzab çəkməsin. Qoy elə bilsin atam kordu, görmür onu. Utanmasın anam. Anamın atamdan başqa utanası heç kəsi yox idi. Son gününə kimi dilindən düşmədi. Deyirdi “ey kaş qollarım çürüməzdi elə ömrünün sonuna qədər Akifin qolundan tutub gəzdirərdim”. Belə də iş olar?.. Mənsə qınayırdım atamı. Deyirdim – cəsarətin çatmadı bizim kimi ölümün gözünə dik baxmağa. Oysa bütün olanları mənə ölüm ayağında danışdı. Mən ona əl qaldıran günü atamı infarkt vurdu. Əvvəllər bir dəfə də infarkt olmuşdu. Elə ayaqüstə keçirmişdi. Bu dəfəysə 17 gün yerdə yatdı. Təkcə 17-ci günü dili açıldı, öldüyü gün. Dedi, istəmirdim anan mənə görə də zülm çəksin, mənim onu görməyim onun üçün çəkilməz olardı. Həm də, həm də mən baxa bilməzdim ona, dözməzdim. Mən zəif kişiyəm. Başa düşürsənmi? – deyə soruşdu. Mən də başımı yellədim ki, - yox, başa düşə bilmirəm, bağışla məni...

9 ay kor gəzmək, özü də gözlərin salamat ola-ola. Mən o başın sahibi deyiləm. Qana bilmirəm. Amma, ana bətnində olduğu kimi saf oldu atam bunca zamanı. Körpə kimi ana bətninə çəkilib saflaşıb, durulub öldü. Elə istəyirəm mən də. Kaş adamlar ölməmişdən öncə kiçilib ana bətninə qayıdalar. Orda saflaşıb, dincəlib, ağrılarını ovudub o biri dünyaya köçələr...

***

İndi qardaşımla baş-başa qalmışıq evimizdə. Qardaşım dəmiryolçudu. Mən də tez-tez onun iş yerinə gedirəm. Dəmiryol vağzalı çox gözəl yerdi, ümidli yerdi. Vağzalda olanda adam hətta dənizdə boğulan birinin də haçansa qayıdacağına inanır. Özü də qatarla... Ey kaş o diftiringi bacımın bu vağzalda peroşki satdığını görəcək qədər yaşayaydım, başqa heç nə! Elə istəyirəm çantamın son qəpiklərini bacıma verim, peroşkilərisə bu üşüyən bala pişiklərə...

Deyim xəbəriniz olsun, daha ağrımıram. Bəlkə də ağrı bədənimin bir üzvünə çevrilib daha. Daimi duyğu kimi, hiss kimi yaşayıram. Yəni, heç kəsmir deyə öyrəncəli olmuşam. Yəni, heç kəsmir deyə nə vaxt başlamağını da bilmirəm. Yəni, təxminən belə...

# 4566 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #