Pol Osterin aforizmləri

Pol Osterin aforizmləri
10 oktyabr 2013
# 10:31

Tam adı Pol Bencamin Osterdir. 1947-ci ildə doğulub. Yaşayan ən görkəmli ABŞ yazarlarından biri hesab olunur. Romançı, ssenarist, esseçi, tərcüməçi və şair kimi tanınır.

1986-90-cı illərdə Prinston Universitetində yazarlıq sənəti barədə mühazirələr oxuyub.

Postmodernist və eksperimental üslubda yazdığı 16 romandan nisbətən məşhurları aşağıdakılardır: “Nyu-York trilogiyası” (“Şüşə şəhər”, “Kabuslar”, “Qapalı otaq” (1985-86)), “Qeybə qarışanlar ölkəsi”(1987), “Ay məbədi” (1989), “Şans musiqisi” (1990), “Leviafan” (1992), “Mister Vertiqo” (1994), “Timbuktu” (1999), “Yanılmalar kitabı” (2002), “Kəhanət gecəsi” (2003), “Zülmətdəki kişi” (2008), “Gözəgörünməz” (2009), “Sanset park” (2010).

İki şeir kitabının, iki esse toplusunun və avtobioqrafik məzmunlu üç kitabın müəllifidir.

Bir neçə dəfə ədəbiyyat üzrə Nobel ödülünə nominant göstərilən P.Oster Fransanın sənət və ədəbiyyat kavaleri tituluna (1993), Mediçi ödülünə (1993), Asturiya şahzadəsinin Ədəbiyyat üzrə mükafatına (2006) və s. layiq görülüb.

1993-2007-ci illərdə Hoollivudda çəkilən altı filmin ssenari müəllifi olub. Bəzi filmlərdə rejissorluq da edib.

Uzun müddət fransızcadan tərcümə ilə məşğul olub, J.Juber, J.Düpen, J.P.Sartr, M.Blanşo, S.Mallarme, A.de Buşe və X.Mironun əsərlərini amerikan ingiliscəsinə, ABŞ yazarlarının əsərlərini isə fransız dilinə çevirib.

1974-cü ildə evləndiyi ilk həyat yoldaşı yazar və çevirmən Lidiya Devis 2013-cü ildə Buker mükafatını qazanıb. 1981-ci ildə Siri Hastvedlə ailə qurub və hazırda Bruklin şəhərində yaşayır.

Kulis.az Pol Osterin aforizmlərini təqdim edir.

Səni bir kərə aldadan kəs yenə bu yolu tuta bilər. Çünki xəyanət – ruhi bir durum deyil, xasiyyətin özünü əməllərdə büruzə vermə şəklidir.

Əgər hər hansı insanın xətrinə öz mənəvi dəyərlərindən imtina edirsənsə, onda o insana bir daha və diqqətlə bax. O, artıq sənin ya hər şeyindir, ya da heç nəyin.

Kimi isə sevməsi insanın xətası sayılmaz. Ən böyük yanlış – sevilməyə layiq olmayan birisindən səni sevməsini ummaqdır.

Adətən deyirlər ki: “Hər kəsə ikinci imkan vermək lazımdır”. Unutma ki, həqiqətən sevən birisi heç ilk imkanı da əldən verməz.

Əminəm ki, büdrəyib, yıxılan insan bunu özünə dərd eləməz. Özünü onun əlindən tutarmış kimi göstərib, əslində onu yıxanlardır insanı həyatdan küsdürənlər.

Özünün də nə vaxtsa tərk ediləcəyinə inanmayanlar adətən başqalarını atıb, gedirlər. Onlara heykəl qoymağa gərək yoxdur, çünki belələri onsuz da daşdandır.

Hər gün bir xəyal uydursan da, heç birisi gerçəkliyə dönməz. Ancaq bir gün elə bir gerçəkliklə rastlaşarsan ki, onun yanında bütün xəyalların ağ yalana bənzəyər.

Birisini hər nə qədər sevsən də, bunu əsla büruzə vermə. Çünki o halda həmin adam sevildiyi qədər də sənə iztirab verməyə can atacaqdır.

Atıldığını bildiyin birisindən heç vaxt: “Canım-gözüm, həyatın yolunda gedirmi?” deyə soruşma. Çünki artıq onun yeganə problemi – həyatının sadəcə axıb, getməsidir.

Ürəyin istəyəndə sən keçmişi unuda bilərsən. Ancaq hər dəfə bunu seçərkən bir daha düşün, çünki gələcək sənə qarşı keçmişin qədər insaflı olmaya bilər.

Birisi bizi sevir, sevmir deyə fal açarkən çobanyastığının ləçəklərini bir-bir qoparırıq. Əslində həyat da bizi bu cür yolur və hər dəfə: “Dayanacaq? Ya dayanmayacaq?” deyə sual verir.

Həyatı göz yaşlarınla mükafatlandırmaqdansa, gülüşünlə cəzalandır.

Bunları unutma:

Bir şeyi ciddi qəbul elə, ancaq ona aludə olma.

Birisiylə məzələn, ancaq qəlbini qırma.

Həyatda bir şeyə sahib ol, ancaq ona məxsus olma, yəni ağası ikən onun quluna çevrilmə.

Bu dünya beş qəpiyə də dəyməz. Özünün dünyalar qədər dəyərli olduğunu düşünənlər sadəcə özlərini mazata mindirməyə can atarlar.

Dilimizə çevirdi – Azad Yaşar

https://www.facebook.com/azadyasharofficial

# 3289 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #